Himnimizin sözlərini kim yazıb: Əhməd Cavad, yoxsa Cəmo bəy?

Himnimizin sözlərini kim yazıb: Əhməd Cavad, yoxsa Cəmo bəy?
21 aprel 2025
# 13:02

Kulis.az Arzu Əsədin yeni yazısını təqdim edir.


"İliada" və "Odisseya"nın müəllifinin bir kor yunan ozanının olmaması haqqında xeyli tədqiqat işi, mütəxəssis rəyləri var.

Şekspir adında bir müəllifə aid edilən əsərləri, ən azı, 80 nəfər başqa müəllifin yazması haqqında ciddi araşdırmalar da mövcuddur.

Bu mütəxəssis rəyləri tarixi ədaləti və obyektivliyi üzə çıxarmaq iddiası və missiyası daşıyırlar. Amma daha yunanlar Homerin, ingilislər isə Şekspirin dünyanı tutan adlarından əl çəkməz və yüz minlərlə mütəxəssis rəyi olsa da, o əsərlərin bir misrasını da başqasının adına çıxmazlar.

Mütəxəssis rəyinin tarixi dəyişməyə gücü çatmır. Çünki tarix ədalət və obyektivlikdən çox mifləşməni, şəxsiyyət yaratmağı, ideyaların bu şəxsiyyətin adı ətrafında ümumiləşdirilməsini sevir. Homer adı yunanla, Yunanıstanla, Şekspir adı ingilislə, İngiltərə ilə özləşib.

Müstəqil Azərbaycan Dövlətinin himninin müəllifi kimi tanınan ilk cümhuriyyətin yarandığı və sonrakı dövrlərdə əfsanələşən azadlıq şairi Əhməd Cavadın adı Azərbaycan türkü və Azərbaycan adı ilə özləşib. İndi mütəxəssis rəy verib ki, himni Əhməd Cavad yox, hansısa Cəmo bəy yazıb. Bu mütəxəssis və digər sahələrdə özünü mütəxəssis sananlar Azərbaycan xalqının, Azərbaycan tarixinin əlindən onu almaq istəyirlər ki, himnin müəllifi kimi böyük Üzeyir bəyin adının yanında böyük istiqlal şairi, repressiya qurbanının adı yox, cümhuriyyətin dağıdılmasından 45 il sonra da Sovet Azərbaycanında müəyyən vəzifələrdə çalışaraq rahat həyat yaşamış bir botanika və zoologiya mütəxəssisinin adı olsun.

Cəmo bəy Cəbrayılbəylinin ruhuna min hörmət!

Əlbəttə ki, söhbət onun kim olmağından getmir. Bu vətən torpağının üstündə o torpağı qoruyan yüzlərlə adlı-sanlı qəhrəman, torpağın altında isə minlərlə kəfənsiz, adsız-sansız qəhrəman uyuyur. Eləcə də tarixin qatlarında. Cəmo bəy də onlardan biri.

Qarşıda daha ağır vəzifələrin, mübarizənin gözləndiyi bir vaxtda Azərbaycan müstəqillik tarixinin bünövrəsinə qoyulan böyük bir idealın adiləşdirilmək istənilməsinin kimə nə faydası?

Həm də bu mütəxəssis rəyinin, həqiqətən, çox da əsaslı olmadığı bir təqdirdə.

# 468 dəfə oxunub

Müəllifin son yazıları

# # #