Fəsillər - Fuad Əhmədovun hekayəsi

Fəsillər - Fuad Əhmədovun hekayəsi
17 aprel 2024
# 15:00

Kulis.az Fuad Əhmədovun "Fəsillər" hekayəsini təqdim edir.

Həmin günədək oraya nə vaxtsa qayıdacağımı soruşanlara qətiyyətlə ( az qala “Kitaba” and verim) ”qayıtmaram “deyirdim və sözümə sadiq qalacağıma əmin idim. Çünki böyüdüyüm ocağı tərk edəndə məni o yerə bağlayan bütün körpüləri birdəfəlik yandırıb, külünü göyə sovurmuşdum. Darıxmırdım və darıxan insanlardan da xoşum gəlmirdi. Keçmişi varavutlmağın nə mənası vardı? Həm də peşmanlığın sonradan dərk edilməsinin faydasızlığı barədə ataların tövsiyəsinə hörmətlə yanaşırdım. Yaxınlarım məni bivec biri kimi tanıyırdı və açığı, bununla fəxr edirdim. Di gəl, son zamanlar həmin bu keçmişim bədxassəli şiş kimi beynimdə kök salmışdı və mən-Cənab Bivec, nə qədər əlləşdimsə, bu “şişi” əməliyyat edib, götürə bilməmişdim. Uzun-uzadı götür-qoydan sonra yaxınlarımdan xəlvət “tüpürdüyümü yalamaq” qərarını verdim.

Metrodan çıxıb, bel çantamı çiynimə aşırıb, dayanacağa sarı addımladım. Dayanacağa çathaçatda zivəmizə qonan sərçələr kimi səs-səsə verib civildəşən taksi sürücülərinin çağırışları get-gedə daha aydın eşidilməyə başlamışdı. Kimisi boş yerlərin sayını, kimisi ucuz gediş haqqını, kimisi isə adi şosse ilə deyil, “betonka” ilə sürəcəyini reklam edirdi. Buralarda ikiminlərin əvvəlində işləyən RAF sürücüsü yadıma düşdü. Qıvrımbaş sürücü tünd yaşıl rəngli, üstü ağ zolaqlı RAF-ına elə baxırdı, deyərdin ki, bu maşından savayı qayğısına qalmalı olduğu heç nəyi və heç kimi yoxdur. Maşın çöl və içəridən həmişə təmiz, söykənəcəyinə göy Titanik (gəmilə heç əlaqəsi yox idi) yazılı ağ üzlüklər keçirilmiş oturacaqları isə yumşaq idi. Özü də bu qıvrımbaş, qalın qaraqaşlı sürücü yaman sürət sevən idi. Radarsız dövrün “Şumaxeri” !

Seçim etdiyim taksidə məndən savayı digər üç sərnişin qadın olduğundan qabaqda, tək yerdə oturmağım məsləhət görüldü. Çantamı ayaqlarımın arasında rahlayıb kəmərimi taxdım, yol kənar xətləri bizi izləməyə başladı. Arxada əyləşən orta yaşlı qadınlar cavan sürücü ilə zəmanələr fərqinin səbəblərini araşdırmağa başlayanda mən şüşəni bir az salıb çantadan qulaqlıqları çıxartdım. Sürətdən doğan külək sifətimi sığallayır, saçlarımı arxaya darayırdı. Rus repi qulağımdakı kənar səsləri batırdı.

Assai Daça-nı (Accaи- “Дача”) dedikcə mən tez-tez dəyişən yol qırağı binalara, marketlərə baxa-baxa xumarlanırdım, nostaljiyə qapılırdım. Nikanın çilli sifəti gözümün önünə gəldi. Narıncıbaşım mənim. Dənizin qırağındayıq, yetmiş altıncı (mən sayırdım, səksənə çatdıra bilmədim(k)) görüşümüzdür. Sonuncu görüşümüz. Başlanğıc və son bir anda, bir məkanda və bir simada-onun simasında. Əslində, bizim payızımız çoxdan gəlmişdi və bir-iki ay olardı ki, biz qışın çovğunu ilə əlləşirdik. Mən ayrılacağımızı, o isə hər şeyin düzələcəyini, yenidən başlamalı olduğumuzu deməyə gəlmişdi. Zənnimcə, birgə baxdığımız xoşsonluqlu melodramlar onu bu cür ümidləndirmişdi. Narıncıbaşın həyat dolu mavi gözləri həmin gün soyumuş, boz kristala çevrilmişdi. Xəzərin şahidliyi ilə “körpümüzün” dirəklərini növbəylə aşırırdım, “həyatımın mənası” isə dodaqlarını büzüb düz gözümün içinə baxırdı. Yəqin “evyıxanın”, həqiqətən, mən olduğuna əmin olmaq istəyirdi. Ayrılmaq fikrindən daşınacağımdan qorxub əvvəldən hazırladığım monoloqu birnəfəsə, quru,özümü sıxa-sıxa demişdim və həyəcandan gələcək üçün ona uğur arzulamağı unutmuşdum. Sözümü bitirən kimi o başındakı " Real Madrid" yazılı (hər ikimizdə bundan vardı) ağ kepkasını çıxarıb başıma taxdı, özünəxas qayğıkeşliklə "sən günün altında çox qalma" dedi və çönüb getdi.

Kepkanı ordan köç edəndə rəfiqəsiylə geri yollamışdım.

Mürgüdən ayılanda əsas yoldan çıxıb qəsəbə yoluna çıxmışdıq. Köhnə asfaltda silinmiş yol nişanlarını göydəki elektrik xətləri əvəz edirdi. Assai “Yujnıye snı”-nı (Accaи- “Южные сны”) deyirdi. Saat 9:38. Uzağı, on tamamda qəsəbəyə çatacaqdım. Mübahisə bitmişdi, qartalburun sürücümüz gözlərini yoldan ayırmırdı...

Dəniz, balıqçılar, adda-budda balaca evlər, borular, aerasiyanın iyi, Nikayla mənim dənizim, bizim sahilimiz, döngə...

Qəsəbənin girişində xanımlar düşdü. Mən yaşadığım binadan bir dayanacaq qabaqda düşməyi münasib bilib lazımlı yerdə saxlamağı xahiş etdim. Sağollaşdım. Ağ rəngli "Aveo" geriyə dönüb gözdən itdi. Qulaqcıqları səliqəylə çantama qoydum. Qərara aldım ki, aclığımı nə iləsə boğum, dükana girdim. Cavan, əsmər satıcı qız məni tanımırdı; çips, kola, iki ədəd siqaret.

Birbaşa binamızın qarşısına getməkdən çəkinirdim, tanıyanlardan görən olsaydı, sorğu-sual başlayacaqdı, vaxtım göyə gedəcəkdi. Onunçün üzbəüz binalardan birinin damına çıxıb ordan məhləmizə tamaşa etməyi uyğun bildim. Girdiyim ilk üç blokun dama çıxışı bağlı olduğundan ziyanverən uşaq kimi liftlə “oynayası” oldum. Nəhayət, dördüncü cəhdim uğurlu oldu, dama aparan qapı açıq idi. Lift mühərriklərinin yerləşdiyi balaca tikilinin böyründə kölgə bir yer tapıb çantamı yerə atıb üzü məhləmizə tərəf oturdum. Krosslarımı və corablarımı çıxartdım ki, tərləməyə meyilli ayaqlarım nəfəs alsın. Siqaret yandırıb bir qullam aldım. Tarix müəlimimin hər zaman çəkdiyi, buna baxmayaraq, “zibil” adlandırdığı "Vikeroy" (Viceroy) içimə yağ kimi yayıldı. Çəkən olmadığım üçün siqaretləri köhnə günlərdən xatir hiss kimi almışdım və bir anlıq cavanlıq səhvinin yalnız sevgili seçimində deyil, siqaret seçimində də ola biləcəyini ağlımdan keçirdim. Kolanın ağzını açıb boğazdan qurtuldatdım.

Məhləmizdə yeniliklərin olması, qəribə görünsə də, xətrimə dəydi, sanki dəyişikliklər zamanı məndən icazə alınmalıydı. Artıq meydançadan, bağlardan, rəngbərəng aynabəndlərdən və qonum-qonşulardan əsər əlamət qalmamışdı. Həyat öz axarında idi və birinci dəfə məhləyə ayaq basan buranın həmişə bu cür olduğunu sanardı. Vaxtıykən şəxsi məhləm kimi qəbul etdiyim üç bina arasındakı düzbucaqlı sahə artıq, sadəcə, məhlə olmuşdu. Dəyişməz qalan və güman ki, heç vaxt dəyişilməyəcək şey isə divarının dibinə daş qoyub yaşıdlarımla on iki tuş oynadığım transformator qovşağının iki mərtəbə hündürlüyündə binası idi.

Siqareti atıb çipslərə keçdim, ”əsl” səhər yeməyi.

Başqasına qismət olan eyvanımızı yayda daima kölgə və sərinlikdə saxlayan, blokumuzun düz ağzındakı, atamın özündən sonra burda yadigar qoyduğu çinar qurumuşdu. Atam onu əkəndə “Balası, həyat, insanla təbiətin vəhdətidir” demişdi. Uzun illər boyu, ta ki, “Kon Tiki”-ni oxuyanacan, bu qəribə “vəsiyyət”, şifrəsinin tapılması mənə həvalə edilən bir sirr idi. Heyerdal da vəhdət axtarışında idi. Və tapmışdı. Həyat onu qəbul etmişdi, çünki o insan olaraq təbiəti dəyişmək yox, onu doğal qəbul etməyi üstün tutmuşdu.

Çinar əhvalatı zamanı Zidan Avropa çempionuluğunun dadını çıxarırdı, indi Zidan məşqçidir...

Kolanın qapağını və çipsin ağzını bağlayıb çantama yığdım.

Görəsən, həmin yaşantılar gözəl idi, yoxsa indi onlar haqda xatirələr...Cavab tapmaq müşkül məsələdir...Hər halda bura qayıtdığım üçün özümü xöşbəxt hiss edirdim...

Böyük ehtimalla, yalnız hündürdə hiss edilən xəfif meh əsirdi və mən xatirələr dənizinə kəllə vurdum.

Üç otaqlı evimizin balaca, kvadrat bir mətbəxi və ona bitişik məhləmizin qarşısına açılan eyvanımız vardı. Ailəlikcə mətbəxdə yığışmışdıq, menyuda makaronlu sıyıq idi. Atam ayaq üstə, mənsə masa arxasında “əladı” deyib qarnımızı doldururduq ki, eyvanımızın ( o vaxt çinarsız ) qapısı açıq olduğundan bayırdan eşidilən “YAĞIŞ YAĞIR” sevinc hayqırtısı ani olaraq diqqətimi küçəyə çəkmişdi. Yağırdı. Heç kəsə və heç nəyə məhəl qoymadan yağırdı-binalarımızı yuyur, ağaclarımızı sulayıb, küləkdən bordyurların kənarlarına dolan qumu yatdırırdı. Yayın ortası, nə dərs var, nə dərd. Saat da ki, on birə işləyərdi, bundan gözəl nə ola bilərdi axı! Torpaqla qarışmış yağışın iyi burnuma çatınca həyətə düşmə həvəsim oyandı. Üzümü qarşımdakı sıyığa çevirdim, yağ səthdə, xırda gölməçəsində donmuşdu. Şəkər tozu əlavə edib yağı məhlulun dərinliyinə basıb, qarışdırdım. Daha sonra dolu mədə, dostlarla binanın tinində boşboğazlıq və sonda tut yeməyə getmək təklifi günboyu bir-birini əvəzləmişdi. Elə həmin “TUT” əhvalatı zamanı birinci dəfə mən, şirin bədənin necə tükürpərdici olduğunu hiss etmişdim. Yağış əzik tut dənələrinin şirəsini canına çəkib meyvə üçün yuxarı qalxmış əllərimizin üstüylə, içiylə yol tapıb ta ki, qollarımızın içinəcən bizi “şipşirin” uşaqlar edirdi. Yağış yavaşıyanda biz artıq “it” kökündə evə gedən yolda idik. Məhz həmin gün eyvanda dayanıb yağışa tamaşa edən Nikaya münasibətimiz olmasa da, uzaqdan əl eləyib, qarşılıqlı cavabını almışdım; biz baharımıza beləcə qədəm qoymuşduq.

Amma indi... İndi yağışı bu cür xatirələrlə qarşılamıram. Bu xatirələri ürəyimin ən dərin qatında ülvi hiss kimi gizlətmişəm. Həm də keşməkeşli həyat dolanbaclarında ruhumun bərkiməsi üçün bu cür hissləri daha dərinə basıb, onları geriqayıtmaz etmək məcburiyyətində idim. Və hazırda yalnız gecə yağışlarını sevən mən, bacardıqca yuxudan oyanıb,əyin-başım nazik açıq pəncərə önündə dayanır, ya da eyvana çıxıram. Soyuq hava bədənimi qucan kimi nəfəsimi içəri çəkib saxlayır, gözlərimi yumur, var gücümü qulaqlarımı köməyə səsləyirəm ki, bu şırhaşırda sakitliyi duyum. Beləcə dözənəcən donuq qalıram. Qınıma girib tənhalığıma qərq oluram. Yaşadığım bütün fəsillərin sirrini qəlbimdə açmağa çalışıram. Sonra nəfəsimi buraxıb gözlərimi açıb uzaq bir nöqtəyə baxıram. Ovurdlarımı şişirib ağzımdan dairəvi buğ buraxmağa çalışıram; özümlə məzələnirəm. Ağzımdan çıxan və havada həll olan nəfəsimə baxa-baxa həyatın soyuq, insanlarınsa isti olması barədə düşünürəm. Görəsən, eyni anda milyonlarla insan ağzından buğ buraxsa, heç olmazsa, göz önündə nəsə qalacaq, yoxsa həyat isti nəfəsi də, nəfəs verənləri də yox edəcək? Çünki həyat soyuqqanlıqla qarşısındakı (tərkibindəki, tabeliyindəki desəm, daha dəqiq olar) aciz insanı həmişə lap qədimdən indiyənədək yox edir və gələcəkdə də işinə davam edəcək. Axı vəhdət yoxdur !

Mən də acizliyimi dərk edincə özümə qayıdıram, ürəyim rahatlayır, çarəsizliyimlə barışıram.

Məhləmdən mən köçmüşdüm və indiki vəziyyətdə özümün küsdürdüyüm yerin mən haqda xatirələri darmadağın etməsini, mənlə bağlı hər bir şeyi zamanla ovub yoxa çıxarmasını olqu kimi qarşılamalı idim. Mən anladım... Mən qarşıladım...

Məni reallığa qaytaran dayıya tanış gəlməsəm də, bağından əkişdirdiyim hər günəbaxana görə ürəyimdə ondan üzr istədim.

İkinci siqareti dodağıma almadan qırıb atdım.

Deyirlər, hər fəslin öz gözəlliyi, rəngi, ətri və ən əsası, özünü büruzə çağı olur. Bəzən bu harmoniyaya insanlar müdaxilə etməyə çalışır (hər halda etdiyini düşünür).Və bu zaman insan yaşamın ahənginə üstün gəlmək istəyilə özünü uçuruma yuvarlayır. Həyatsa səhvləri bağışlamır.

Saat 12:45-də mən dayanacaqda çiynimdə çantam, içimdə yeni bir xatirə ilə taksi gözləməyimdə, keçmiş məhləm isə yeni yazını yaşamağında idi.

# 925 dəfə oxunub

Müəllifin son yazıları

# # #