Əgər kəndlər bombalanmırsa... - Humay Quliyevanın Ukrayna gündəliyi

Humay Quliyeva

Humay Quliyeva

8 mart 2022
# 10:00

Kulis.az dünyasını vaxtsız dəyişmiş Humay Quliyevanın "Ukrayna: qəribə gözəl" adlı yazısını təqdim edir.

Qeyd edək ki, Humay Quliyeva 2014-2015 və 2018-2019-cu illərdə Beynəlxalq Qırmızı Xaç Komitəsinin Ukraynadakı missiyasında, Mariupol və Slavyansk şəhərlərində çalışıb. Onun günümüzdəki Ukrayna hadisələri ilə səsləşən Mariupol gündəliyəndin bir parçanı təqdim edirik. Humay ingiliscə yazırdı. Gündəliyindən parçanı Azərbaycan dilinə gənc bəstəkar Türkər Qasımzadə çevirib.

Humayın Ukrayna gündəliyindən (fevral, 2015-ci il)

UKRAYNA: QƏRİBƏ VƏ GÖZƏL

Bu son günlər çox qəribə keçdi. Möhtəşəm, sakit və melanxolik tərzdə. Qəribə və gözəl.

Dünən Kuraxovaya uzun bir səfərə yollanmışdıq. Səhər saat 8-də iki maşınla çıxdıq yola. Duster maşınına dördümüz güclə sığmışdıq. Land Cruiser isə xəstəxana üçün apardığımız dava-dərman və cərrahiyyə alətləri ilə dolu idi.

Şərqi Ukraynada ağ yorğan kimi hər tərəfə sərilmiş qarın içindən maşınla keçəndə adam özünü dünyanın sanki lap qurtaracağındakı kimi hiss edir. Mariupol Azov dənizi sahilindədir. İqlim rütubətli olduğundan ağaclar şaxtada çox qəribə şəkildə donur. Hər kiçik budaq, hər çubuq ayrıca buz salxımına bənzəyir.

Nəzarət-buraxılış məntəqəsini keçirik. Ucsuz-bucaqsız ərazilərdəki belə tənha məntəqələr məni valeh edir. Maşının sürətini azaldır, radionun səsini alır, pəncərələrin şüşəsini endiririk. Maska altından əsgərlərin üz cizgilərini müşahidə etməyə çalışıram. Əksəriyyəti gəncdir. Bəziləri dişləri arasında kibrit çöpü çeynəyir, digərləri siqaret çəkir. Yerlilər rusca danışır. Ukrayna dilində kobud şivə ilə danışanlar ölkənin ən qərbi regionundan- Zakarpatiyadan olanlardır. Əlləri ilə dayanmamağa, keçib gedə biləcəyimizə işarə edirlər. Maşınlarımız sanki yenidən ağ yorğanın içinə baş vurur. Volnovaxaya çatanda isə parlaq sosialist günəşi altında əl-ələ tutmuş gənc qız və oğlanlardan ibarət mozaik bir mənzərə ilə üzləşirik. Günəşin dadlı yumşaqlığı və sarımtıllığını qar daha aydın nəzərə çarpdırır.

Uqledar yaxınlığında növbəti səyyar nəzarət-buraxılış məntəqəsinə yaxınlaşanda maşını yenidən yavaşıdırıq. Mühafizə əsgəri parolu bilib-bilmədiyimizi soruşur. Deyirik ki, yox, bilmirik. Heç nə demir, bizi buraxır, keçirik. Yol boyu səkidə dayanan adamlar maşınlarımıza baxıb gülümsəyir, əl eləyirlər. Qırmızı Xaçı hər yerdə tanıyırlar.

Kuraxovaya çatırıq.

Burada yerli dövlət rəsmiləri ilə uzun-uzadı müzakirəmiz oldu. Cəbhəyanı bölgələrdə vəziyyət ağırdır. Heç nə yoxdur oralarda. Nə qaz, nə elektrik, nə kömür, nə odun –heç nə! Artıq sanki hamı bir ucdan “nə qaz, nə su, nə elektrik” nəqaratını birnəfəsə ötür. Bu da çox təbiidir, təəccüblü bir şey yoxdur. Əgər kəndlər bombalanmırsa, humanitar vəziyyət özlüyündə çox da pis sayılmır. Ukraynanın qışı amansız olduğu kimi, soyuğun adamı quduzcasına dalamağı da bir ayrı təhlükədir. Hər yer minalandığından camaat meşəyə gedib odun da gətirə bilmir.

Gecəni pəncərələri mərmidən parça-parça olmuş mənzildə keçirməyi düşünün. O şəraitdə uşaqlarınıza yeməyə bir şey bişirməyi düşünün. Balacalara mərmi partlayanda nə etməli olduqlarını öyrətməyinizi düşünün. Müharibə qəddar, çirkin, iyrənc bir şeydir. Nə azad Avropa sevdası, nə vətənpərvərlik, nə də günəşli taxıl zəmiləri üzərindəki intəhasız mavi səmanı simvolizə edən bayraq müharibəyə haqq qazandıra bilməz. Bu həqiqəti mən burada, Ukraynada sanki əla cilalanmış almaz aydınlığı və itiliyi ilə görür, anlayıram. Post-sovet Azərbaycanında böyümüşəm. Qarabağ uğrunda Ermənistanla Azərbaycan arasındakı savaş erkən uşaqlıq illərimə təsadüf edib. O illərdə 20 Yanvar (Bakıda mülki əhaliyə qarşı rus qətliamı) və 26 Fevralla (Xocalıda ermənilərin törətdiyi soyqırımı) bağlı çoxlu məktəb inşaları yazmışam. O üzdən nənəm deyəndə ki, “Əgər nəvəm (yəni mənim qardaşım) Qarabağ torpağında sağ-salamat gəzə bilməyəcəksə savaşa niyə getsin?” - onun arqumentini ən yaxşı halda qeyri-vətənpərvərlik, ən pis halda isə xəyanət kimi qəbul etmişdim. Amma yalnız burada nənəmin nə qədər müdrik olduğunun fərqinə varıram. Və istəyirəm gedib məzarına baş çəkim, bunu ona pıçıldayım.

Şəhər meriyasındakı görüşdən sonra Kuraxovodakı mərkəzi hospitala bəzi tibb avadanlıqları hədiyyə etməyə getdik. Baş həkimin yaramaz adam reputasiyası var buralarda. Amma əslində elə deyil. Bir az yorğundur bu adam, baxışlarından isə dərrakə və istehza yağır. Əldən düşmüş kimi dəyir gözümə. Cəbhə xəttindəki daim mərmi atəşləri altında qalan Krasnoqorovka hospitalı Kuraxovaya köçürülüb. Kuraxovadakı hospital indidən tamam dolub- 200 adama cəmisi 130 çarpayı var. Yeni gələn xəstələri, yaralıları həkimlər hara yerləşdirsin bəs? Bu məntiq krossvordundan özünü yayındıran baş həkim bizi salamlayır. Məndən haradan gəldiyimi soruşur. “Günəşli Azərbaycan”dan (ölkəmizi keçmiş SSRİ dönəmində adətən belə adlandırırdılar) olduğumu eşidən kimi Bakıya 1980-lərdəki səyahəti ilə bağlı çox da inadırıcı görünməyən, amma ləzzətli hekayəsini nəql etməyə başlayır. Deyir ki, Bakı dəmiryol vağzalında vaqondan düşən kimi Xəzərətrafı kəndlərin birinə gedən elektrik qatarına minməli imiş. Səsgücləndiricidə gediş cədvəli tək Azərbaycan dilində elan olunduğundan heç nə başa düşməyib. Özünü verib dispetçer otağına ki, bir cavab alsın. Amma heç nə öyrənə bilməyib. Xeyli ora-bura qaçıb vağzalı dörd dolaşandan sonra qərara alıb ki, maşinistdən qatarın hara getdiyini soruşsun. Hekayənin cövhəri də elə ondadır ki, maşinist də bilmirmiş...

Baxıram bu həkimə, onu otuz il qabaqkı gənc, sarışın, arıq, vağzalda azıb özünü tamam itirmiş tələbə kimi təsəvvür edirəm. Sualın cavabında çiyinlərini çəkən lopabığ, xeyrxah və qarayanız maşinisti də göz önünə gətirirəm. Stansiyanın tünlüyünü hiss edirəm – bağ evlərinə qovun, qarpız, kabablıq təzə ət aparan adamları canlandırıram xəyalımda... Söhbəti dəyişib “elə gözəl yerlərdən” hansı küləklərin məni bura gətirməsi mövzusuna keçirik.

Ona deyirəm ki, anamla xalam da həkimdir və “həkim tayfası”na böyük hörmətim var. Həkimdən bol ailəmin Ukraynanın “vəhşi qərbi”nə gəlməyə necə icazə verdiyini soruşur məndən. “Əminəm ki, ciddi bir dava-dalaşsız ötüşməyib bu məsələ”- deyir. Mən isə burada özümü tam təhlükəsiz hiss etdiyimi bildirirəm. “Yaxşı görək, ciddi ol” - deyir ukraynalı baş həkim. Ani pauzasından bu sözlərin yerinə əslində mənə “Cəfəngiyyat danışma!”- demək istədiyini də anlayıram. “Hər tərəfə bomba atıldığı yerdə özünü necə təhlükəsiz hiss edə bilərsən?” - deyə soruşur. Cavab verirəm ki, Mariupol buradan uzaqdadır, bombaların səsini çox da eşitmirik. Yuxum da yaxşıdır, rahat yatıram. Yenə inanmır mənə. “Bura Kuraxovadan da uzaqdadır, amma mən özümü təhlükəsiz yerdə hiss etmirəm” - deyir. Sonra məni həyat tapmacasının cavabından agah edir – əvvəl 5-6 il Liviyada işləyib. Qəddafi devriləndən sonra qarışıqlıq, hərc-mərclik başlayanda ölkəni tərk edib. Deyir həmişə bilirdim ki, ora həqiqi vətənim deyil, istədiyim vaxt çıxıb gedə bilərəm. Amma Ukrayna başqa məsələ! Özününküdür. Ukraynanı qoyub heç yerə gedə bilməz. Mən isə gedə bilərəm. Ona görə mən özümü təhlükəsiz şəraitdə hiss edirəm, o yox! Mənim seçimim var, onunsa yoxudur.

Arqumenti inkaredilməzdir, razılaşıram onunla.

İngilis dilindən tərcümə: Türkər Qasımzadə

# 3053 dəfə oxunub

Müəllifin son yazıları

# # #