Ədəbiyyatda atalar və oğullar konflikti: Nəsillərin mənəvi varisliyi və müharibə yaddaşı

Ədəbiyyatda atalar və oğullar konflikti: Nəsillərin mənəvi varisliyi və müharibə yaddaşı
26 noyabr 2026
# 13:00

Kulis.az Yusif Məmmədlinin Rüstəm Dastanoğlunun "Atalar və oğullar" hekayəsi haqqında yazısını təqdim edir.

Ata və oğul münasibəti ədəbiyyatınən qədim mövzularından biridir. Hətta bu mövzunun kökləri yazılı ədəbiyyatdan da əvvələ – mifoloji təfəkkürə gedib çıxır. Çünki insanın dünyanı anlamağa başladığı ilk dövrlərdən biri də özündən əvvəlkinin hakimiyyətini, hökmranlığını və yaratdığı nizamı sorğulamaq dövrüdür.

Qədim yunan mifologiyasında Kronos öz övladlarını hakimiyyətini itirmək qorxusundan udur. O, bilir ki, övladlarından biri gələcəkdə onu taxtdan salacaq. Ancaq Reya Zevsi xilas edir və Zevs böyüyərək atasını məğlub edir. Beləliklə, yeni nəsil köhnə nəslin hakimiyyətinə son qoyur. Bu mifdə ata ilə oğul arasındakı münasibət sevgi və qayğıdan daha çox hakimiyyət, qorxu və əvəzlənmə üzərində qurulub.

Burada diqqətçəkən məqam odur ki, ata öz övladını gələcəyin davamı kimi deyil, öz hakimiyyətinə təhlükə kimi görür. Oğul isə yaşamaq üçün atasının qurduğu dünyanı dağıtmalıdır.

Lakin ata-oğul münasibətinin mifoloji modelində başqa bir faciə də var. Oidipus mifində ata ilə oğul bir-birinin kim olduğunu bilmədən qarşılaşır və ata oğlunun əli ilə öldürülür. Laiosun taleyi oğlundan qaçmaq cəhdinin nəticəsində yenə oğlunun əli ilə tamamlanır. Bu mifdə insanın öz taleyindən qaçmaq istəyi həmin taleyin gerçəkləşməsinə xidmət edir.

Bu iki mif arasında mühüm fərq var: Kronosla Zevs arasında şüurlu hakimiyyət mübarizəsi, Laiosla Oidipus arasında isə bilmədən həyata keçirilən faciəvi qarşıdurma mövcuddur. Amma hər ikisində ata ilə oğulun münasibəti fərdi ailə münasibətlərini aşaraq nəsillərin əvəzlənməsi, zamanın dəyişməsi və insanın taleyi məsələsinə çevrilir.

Rüstəm Dastanoğlunun "Atalar və oğullar" hekayəsində isə bu mifoloji qarşıdurmanın tamamilə əksini görürük. Bəhram atasını devirmək, onun dünyasını dağıtmaq, özünü ondan ayırmaq istəmir. Əksinə, atasının dağılmış dünyasını qorumağa çalışır. O, atasının hakimiyyətinə qarşı çıxan oğul deyil, atasının həyatını öz həyatının bir hissəsinə çevirən oğuldur.

Burada oğul atasını əvəz etmir, onun yerinə yaşayır.

Bu hekayəni oxuyanda ilk ağla gələn əsər Turgenevin "Atalar və oğullar" romanı olsa da, məncə, hekayənin əsas ideyasını yalnız nəsillərarası münasibətlərin müstəvisində araşdırmaq kifayət deyil. Burada daha mürəkkəb, daha ağrılı bir məsələ var: ata ilə oğulun bir-birinə olan mənəvi borcu, övladın öz həyatını yaşamaq haqqı və insanın özündən əvvəlki nəslin yarımçıq qoyduğu taleyi davam etdirmək məcburiyyəti.

Bu hekayədə ata ilə oğul arasında adi ailə münasibəti yoxdur. Onların hər ikisi eyni müharibənin içində yaşayır, amma fərqli zamanlarda, fərqli cəbhələrdə. Abbas müharibədən qayıdıb, Bəhram isə müharibənin ona gəlib çatmasını gözləyir. Birinin müharibəsi otuz il əvvəl bitib, digərinin müharibəsi hələ başlamayıb. Ancaq qəribədir ki, onların heç biri müharibədən kənarda deyil.

Əslində, hekayənin ən mühüm sualı budur:

Ata oğluna həyat verməlidir, yoxsa oğul atasına həsr etdiyi həyatın hesabına öz həyatından imtina etməlidir?

Bu sualın cavabı asan deyil. Çünki Abbasın yaşamaq haqqı uğrunda mübarizəsi artıq başa çatıb, amma onun yaşamaq yükü hələ də davam edir. Bəhram isə hələ öz həyatına başlamamış atasının həyatını yaşamağa məhkum olub.

Yuxarıda qeyd etdiyim kimi, dünya ədəbiyyatında bu mövzuya ən məşhur yanaşmalardan biri İvan Turgenevin "Atalar və oğullar" romanıdır. Turgenev ata və oğul münasibətini fərdi ailə müstəvisindən çıxararaq bütöv bir dövrün ideoloji qarşıdurmasına çevirir. Romanın mərkəzində dayanan Bazarov nihilistdir. O, əvvəlki nəslin dəyərlərini, romantik dünyagörüşünü, ənənələrini qəbul etmir. Atalar üçün müqəddəs olan bir çox şey oğullar üçün artıq mübahisə predmetidir.

Turgenevdə nəsillər bir-birini anlamaqda çətinlik çəkirlər, çünki eyni dünyaya fərqli baxırlar. Ata keçmişin təcrübəsinə söykənir, oğul isə gələcəyin imkanlarını axtarır. Bu qarşıdurma təkcə ailədə deyil, ictimai düşüncədə də özünü göstərir.

Ancaq bu hekayədə vəziyyət başqadır. Bəhram atasının dünyagörüşünü inkar etmir, onunla mübahisə aparmır, atasının keçmişini rədd etmir. Əksinə, onun keçmişini öz mənəvi kimliyinin əsasına çevirir. Abbasın yarımçıq qalmış müəllimliyi, müharibəyə getmək qərarı, vətən qarşısındakı borc hissi Bəhramın düşüncələrində davam edir.

Turgenevin romanında oğul atasından ayrılaraq özünü təsdiq etməyə çalışırsa, bu hekayədə oğul atasından ayrılmamaqla özünü təsdiq edir. Birində müstəqillik arzusu, digərində sədaqət hissi əsas hərəkətverici qüvvədir.

Bu baxımdan hekayənin Turgenevin romanı ilə dialoqu maraqlıdır:

Oğul atasına bənzəməmək üçünmü böyüyür, yoxsa bəzən onun yarımçıq qalmış ömrünü tamamlamaq üçünmü?

Frans Kafka da ata və oğul münasibətinin ədəbiyyatda ən ağır psixoloji modellərindən birini yaradıb. Onun "Atama məktub" əsərində ata obrazı oğulun mənəvi dünyasını sıxan, onun özünüqiymətləndirməsinə təsir göstərən böyük bir hakimiyyət fiqurudur. Kafka atasının qarşısında özünü daim kiçilmiş, qorxmuş, müdafiəsiz hiss edən insanın daxili dünyasını açır.

Abbasla Bəhramın münasibətində isə bu hakimiyyət yoxdur. Abbas oğlunun üzərində hökmranlıq edən ata deyil. Əksinə, onun qayğıya ehtiyacı var. Bəhram atasının qarşısında qorxu və günahkarlıqdan yox, sevgi və məsuliyyətdən əyilir.

Bu iki münasibətin müqayisəsi ata obrazının ədəbiyyatda nə qədər müxtəlif mənalar daşıya bildiyini göstərir. Ata bəzən övladın azadlığını məhdudlaşdıran hakimiyyət, bəzən onun mənəvi dayağı, bəzən də qorunmağa ehtiyacı olan bir insandır.

Hekayədə məhz sonuncu vəziyyətlə qarşılaşırıq. Ata artıq oğlunu böyüdən, ona yol göstərən, onu qoruyan insan deyil. İndi oğul atasının əlindən tutur, onu çimizdirir, yedizdirir, gəzdirir. Zamanın təbii axarı dəyişib: övlad valideynin valideyninə çevrilib.

Bu hekayənin ən maraqlı ədəbi paralelini isə, məncə, antik mifologiyada yox, Vergilinin "Eneida" poemasında tapmaq mümkündür. Troya yandırılanda Eney qoca atasını – Anxisi çiyinlərinə alaraq şəhərdən çıxarır, bir əli ilə də kiçik oğlu Askaniyə yol göstərir. Bu səhnə antik dünyada övladın valideynə sədaqətinin, ailə borcunun, nəsillər arasındakı bağlılığın simvollarından birinə çevrilib. Roma mədəniyyətində bu mənəvi borc "pietas" anlayışı ilə ifadə olunurdu.

Eneyin çiynində daşıdığı ata yalnız qocalmış bir insan deyil, həm də dağılmış Troya şəhərinin yaddaşı, keçmişi, bir xalqın tarixidir. Oğul atasını xilas etməklə öz ailəsinin və xalqının davamlılığını da qoruyur.

Abbasla Bəhramın münasibətində bu motivin müasir, müharibə ilə zədələnmiş bir variantını görürük. Bəhram atasını fiziki olaraq çiynində daşımır, amma onun bütün həyatını öz üzərində daşıyır. Atasının dərmanları, yeməyi, gündəlik ehtiyacları, xəstə bədəni, yarımçıq qalmış arzuları, hətta müharibədən sonra da bitməyən psixoloji əzabları oğulun gündəlik həyatına çevrilib.

Eney atasını yanan şəhərdən çıxarırdı. Bəhram isə atasını müharibənin içində qalmış bir ömürdən çıxarmağa çalışır.

Ancaq burada mühüm bir fərq var: Eney atasını xilas etdikdən sonra öz yoluna davam edə bilir. Bəhram isə atasını xilas etməyi öz həyatının əsas mənasına çevirib. Onun üçün atasından ayrılmaq, demək olar ki, öz varlığının bir hissəsini itirmək deməkdir.

Hekayənin ən ağrılı məqamlarından biri, Bəhramın atasına olan sevgisinin onun həyatını zənginləşdirməklə yanaşı, seçim imkanlarını da məhdudlaşdırmağıdır. Oğul atasının qayğısına qalmaqla mənəvi rahatlıq tapır, anasının ruhunun ondan razı qaldığını hiss edir. Amma eyni zamanda öz təhsilindən, arzularından, gələcəyindən uzaq düşür.

Beləliklə, müəllif çox həssas bir sual ortaya qoyur: valideynə sədaqət insanın özünə qarşı məsuliyyətini nə qədər məhdudlaşdıra bilər?

Bu sualın sadə cavabı yoxdur. Çünki Bəhram atasına qulluq etməyi məcburiyyət kimi yaşamır. O, bunu özünün ən böyük mənəvi vəzifəsi hesab edir. Onun üçün xoşbəxtlik anlayışı da başqalarından fərqlidir. Universitetə qəbul olmaq, karyera qurmaq, pul qazanmaq, ev tikmək kimi arzuların qarşısında atasının rahatlığı və anasının razılığı dayanır.

Bəhramın dünyasında insan öz xoşbəxtliyini başqasının rahatlığında tapa bilər. Amma bu, eyni zamanda, insanın öz həyatından nə qədər imtina edə biləcəyi sualını da doğurur.

Ədəbiyyatda ata ilə oğul münasibətinin başqa bir mühüm istiqaməti də miras məsələsidir. Burada söhbət yalnız maddi mirasdan getmir. Ata övladına adını, yaddaşını, dünyagörüşünü, qorxularını, arzularını, bəzən də özünün həll edə bilmədiyi problemləri ötürür.

Dostoyevskinin "Karamazov qardaşları" romanında ata Fyodor Pavloviç oğullarına sağlam mənəvi irs ötürə bilməyən, onların həyatında öz məsuliyyətini yerinə yetirməyən bir fiqurdur. Onun övladları ilə münasibəti laqeydlik, eqoizm və mənəvi dağınıqlıq üzərində qurulub. Dostoyevski burada ata məsuliyyətinin yoxluğunun övladların həyatında necə dərin izlər buraxdığını göstərir.

Abbas isə bunun əksidir. O, oğlunu atıb getməyib, ailəsinə biganə qalmayıb. Əksinə, Bəhramın xatirələrində arzuları olan, onunla fəxr edən, oğlunu özünün ən böyük əsəri hesab edən bir ata kimi yaşayır.

Ancaq müharibə onun övladına ötürə biləcəyi ən mühüm mirası - öz təcrübəsini, müəllimliyini, arzularını normal şəkildə davam etdirmək imkanını əlindən alıb.

Abbasın yarımçıq qalmış müəllimliyinin burada təsadüfi detal kimi yazıldığını düşünmürəm. O, tarix müəllimi olmalı idi, amma tarix dərsi keçdiyi uşaqların üzünə baxa bilmədiyi üçün müharibəyə yollanmışdı. Onun "Əsl tarix torpağımızda yazılır" düşüncəsi ilə müharibəyə getməsi də bir müəllimin öz vətəndaşlıq borcunu peşəsindən üstün tutmasıdır.

Lakin müharibə başa çatandan sonra o, tarix müəllimi kimi sinif otağına qayıda bilmir. Tarixin içində iştirak edən adam özü tarixin qurbanına çevrilir.

Bəhram ilə atasından yalnız bu yarımçıq qalmış peşəni və arzuları deyil, onun müharibə ilə bağlı mənəvi yükünü də miras alır. Abbasın dilə gətirdiyi "biz bacarmadıq, oğul, amma gərək siz bacarasınız" fikri Bəhramın üzərinə qoyulan görünməz vəsiyyətdir.

Burada müharibə bir nəsildən digərinə yalnız xatirə kimi ötürülmür, həm də məsuliyyətə, gözləntiyə, hətta taleyə çevrilir.

Bir tərəfdən ata oğlunun müharibəyə getməsini istəyir, digər tərəfdən oğul atasını tək qoyub gedə bilmir. Ata oğluna öz yarımçıq qalmış mübarizəsini davam etdirməyi tapşırır, oğul isə atasının yanında qalmaqla onun yarımçıq qalmış həyatını davam etdirir.

Hər ikisi özünü haqlı hesab etməkdə haqlıdır.

Müharibə haqqında yazılmış əsərlərin əksəriyyətində diqqət döyüş meydanına, insanın fiziki və psixoloji sınaqlarına, ölümə, itkilərə, qələbəyə yönəlir. Ancaq müharibənin ən uzun ömrü döyüş meydanında yox, müharibəni görməyən, amma onun nəticələri ilə yaşamağa məcbur olan insanların həyatındadır.

Abbasın müharibəsi otuz il əvvəl başa çatıb. Amma Bəhram üçün həmin müharibə heç vaxt bitməyib. O, atası ilə birgə yaşayaraq müharibənin nəticələrini hər gün yenidən yaşayır. Atasının sayıqlamaları, bədənindəki qəlpələr, yarımçıq qalan arzuları, anasının ölümü – bütün bunlar Bəhramın uşaqlığından başlayaraq həyatının ayrılmaz hissəsinə çevrilib.

Bu mənada hekayə təkcə müharibə veteranı haqqında deyil. Müharibənin iştirakçısı olmayan, amma müharibənin qurbanına çevrilən ikinci nəsil haqqındadır.

Bəhramın müharibə ilə münasibəti hələ döyüş meydanına getməmişdən əvvəl başlayıb. O, atasının bədənində müharibəni görüb, anasının ölümündə müharibənin izlərini hiss edib, atasının susqunluğunda, sayıqlamalarında, baxışlarında müharibənin davam etdiyini anlayıb.

Yəni müharibə onun üçün tarixi hadisə yox, ailə daxilində yaşayan bir varlıqdır.

Burada başqa bir ədəbi paralel də yada düşür. Şekspirin Hamlet faciəsində atasının ruhu oğlunun qarşısına çıxaraq ondan intiqam tələb edir. Hamlet atasının ölümündən sonra öz həyatını yaşamaq imkanını itirir; atanın keçmişdə başına gələnlər oğulun gələcəyini müəyyənləşdirir. Oğul atasının yarımçıq qalmış hesabını bağlamaq üçün öz həyatını təhlükəyə atır.

Abbasın vəziyyətində də həlak olmuş cəbhə yoldaşlarının ruhları sanki onunla danışır. O, onların əvəzinə yaşadığını düşünür, onların deyə bilmədiklərini deməyə çalışır. Bəhram isə atasının ruhunda daşıdığı bu yükü öz üzərinə götürür.

Amma Şekspirin qəhrəmanından fərqli olaraq, Bəhramın qarşısında intiqam vəzifəsi yoxdur. Onun qarşısında daha mürəkkəb bir məsuliyyət dayanır: həm atasının yanında qalmaq, həm də atasının arzuladığı gələcəyi həyata keçirmək.

Müharibənin nəsillər arasında yaratdığı ən böyük faciə bir nəslin yaşaya bilmədiyi həyatın məsuliyyətinin digər nəslin üzərinə düşməyidir.

Hekayənin ən maraqlı ideya qatlarından biri isə Bəhramın atasına Vətən kimi baxmasıdır. Bu, ilk baxışdan emosional bir bənzətmə təsiri bağışlasa da, əslində, mətnin fəlsəfi mərkəzini müəyyənləşdirən fikirlərdəndir.

Bəhram düşünür ki, atasına sahib çıxa bilməyən oğul Vətəninə də sahib çıxa bilməz.

Burada iki anlayış - ailə və Vətən - eyni mənəvi məsuliyyət müstəvisində birləşir. Oğul üçün Vətən abstrakt anlayış deyil. O, atasının bədənindəki qəlpələrdə, anasının məzarında, evlərinin divarlarında, atasının yarımçıq qalmış arzularında mövcuddur.

Bəhram Vətəni sevməyi atasına qulluq etməklə öyrənib. Onun üçün Vətənə sahib çıxmaq əvvəlcə öz evində, öz ailəsində məsuliyyət daşımaqdan başlayır.

Ancaq müəllif burada bir paradoks yaradır. Bəhram atasına sahib çıxmaqla Vətənə sahib çıxmaq istəyir, Vətən uğrunda müharibəyə getmək üçünsə atasını geridə qoymalıdır.

Bu iki vəzifə bir-birini inkar etmir, amma eyni anda yerinə yetirilməsi mümkün olmayan iki mənəvi tələbə çevrilir.

Məhz bu məqamda hekayənin adı çəkilməyən əsas qəhrəmanı - müharibənin özü - yenidən meydana çıxır. O, bir dəfə Abbasın həyatını əlindən alıb, indi isə Bəhramın həyatından pay istəyir.

Mənə elə gəlir ki, bu hekayənin ən təsirli obrazlarından biri Abbas yox, Bəhramdır. Çünki Abbasın faciəsi artıq baş verib. Onun həyatı müharibədən sonra başqa bir istiqamət alıb. Bəhramın faciəsi isə hələ seçim qarşısında qaldığı anda başlayır.

O, atasına qulluq etdiyi illər ərzində böyüyüb, amma müstəqil həyata keçə bilməyib. Atasının yanında qalmaqla mənəvi cəhətdən yetkinləşib, eyni zamanda ondan ayrıla bilmədiyi üçün öz həyatının başlanğıcını gecikdirib.

Burada analıq obrazının da xüsusi yeri var. Bəhramın anası fiziki olaraq həyatda yoxdur, amma oğulun mənəvi dünyasında yaşayır. O, atasına qulluq edəndə anasının ruhunun ondan razı qaldığını hiss edir. Hətta anasının özünün atasına qulluq etmək istəyini də duyur.

Bu detal hekayənin ata-oğul münasibətini üçnəsilli bir mənəvi əlaqəyə çevirməsinə imkan verir. Ana artıq həyatda olmasa da, ata ilə oğul arasındakı münasibətdə iştirak edir. Bəhramın ataya göstərdiyi qayğı həm də ananın xatirəsinə sədaqətdir.

Hekayənin sonrakı hissəsində Abdulla obrazının meydana çıxması süjetin istiqamətini dəyişir. Bu obrazı yalnız Bəhramın problemini həll edən köməkçi personaj kimi qəbul etmək düzgün olmazdı.

Abdulla özü də müharibənin adamıdır. O da Abbas kimi əlildir, o da keçmişin ağrılarını daşıyır. Amma Abbasdan fərqli olaraq, ailəsi və sosial dayağı var. O, dostunu öz evinə aparmağı, onun qayğısına qalmağı təklif edir. Abbasın oğlunun atasına göstərdiyi qayğını indi başqa bir ailə öz üzərinə götürür. Abdulla yalnız Abbası evinə aparmır, Bəhramın da qarşısındakı çıxılmaz vəziyyəti aradan qaldırır.

Bir vaxtlar döyüş meydanında bir-birinə dayaq olmuş iki dost indi müharibədən sonrakı həyatda da bir-birinə dayaq olurlar.

Bu, hekayədə atalıq anlayışının qan qohumluğundan daha geniş məna qazandığı yerdir. İnsan bəzən öz doğma atasına göstərə bilmədiyi qayğını başqa bir insana göstərərək onun həyatına sahib çıxır.

Abdullanın öz oğluna Abbas adını verməsi də təsadüfi detal deyil. Bu ad vasitəsilə bir insanın xatirəsi başqa bir ailənin içində yaşamağa davam edir. Abbasın adı artıq yalnız onun özünə məxsus deyil, Abdullanın ailəsində də mənəvi bir yaddaşa çevrilib.

İki dostun bu münasibəti atalar və oğullar mövzusunu bir qədər də genişləndirir. İnsanın mənəvi övladları, qardaşları, dostları da ola bilər. Atalıq bəzən bioloji münasibətdən çıxaraq məsuliyyət və qayğı anlayışına çevrilir.

Abdullanın gəlişi ilə Bəhramın qarşısında yeni bir imkan açılır. O, atasını etibarlı əllərə tapşırıb öz həyatına, atasının arzuladığı mübarizəyə davam edə bilər. Bu mənada Abdulla hekayədə sadəcə dost yox, bir nəslin digər nəslə yol açan nümayəndəsidir.

Hekayənin sonluğunda Abbasın xoşbəxtliyinin səbəbi də maraqlıdır. O, nəhayət, sağ qalmasının mənasını tapdığını düşünür. Artıq həlak olmuş cəbhə yoldaşlarına Böyük Qələbə xəbərini çatdıra biləcəyinə inanır.

Bu, zahirən sadə görünən, əslində isə çox ağır bir psixoloji məqamdır. Abbas otuz il ərzində öz sağ qalmasını bir növ günah kimi yaşayıb. Ondan daha çox yaşamağa haqqı olduğunu düşündüyü insanlar ölüb, o isə sağ qalıb. İndi qələbə xəbəri onun sağ qalmasına mənəvi məna verir.

Albert Kamyunun "Taun" romanından belə bir fikir yadımda qalıb. "İnsanın fəlakət qarşısında əsas vəzifəsi öz imkanları daxilində həyatın tərəfində dayanmaqdır". Kamyunun qəhrəmanları da dünyadakı bütün ağrıları aradan qaldıra bilmirlər, amma buna baxmayaraq, mübarizədən əl çəkmirlər.

Abbas da öz sağ qalmasını bir növ məsuliyyətə çevirir. O, ölmüş dostlarının əvəzinə yaşadığını düşünür və onların ruhuna borclu olduğunu hiss edir.

Qələbə müharibənin vurduğu yaraları sağalda bilərmi?

Bəhramın anası geri qayıdacaqmı?

Abbas yenidən tarix müəllimi ola biləcəkmi?

Onun bədənindəki qəlpələr yox olacaqmı?

Otuz il ərzində yaşamadığı həyat geri veriləcəkmi?

Bu sualların cavabı bəllidir. Əlbəttə, yox.

Deməli, qələbə müharibənin bütün nəticələrini aradan qaldırmır. O, yalnız gələcək üçün yeni imkan yaradır. Abbasın sevincinin arxasında isə hələ də sağalmamış bir ömür dayanır.

Məncə, hekayənin sonluğunu mənalandıran da qələbə sevinci deyil. Burada bir az da təsəlli var. Abbas nəhayət öz sağ qalmasına haqq qazandırmaq üçün bir səbəb tapır. Amma oxucu bilir ki, bu səbəb onun itirdiklərini geri qaytarmayacaq.

# 62 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər