Donan vicdan - Yeni hekayə

Donan vicdan - Yeni hekayə
15 avqust 2026
# 13:45

Kulis.az Nəcəf Nəcəfovun "Donan vicdan" hekayəsini təqdim edir.

Şaxtalı qış gecəsi idi. Böyük şəhər zülmətə qərq olmuşdu. Arabir əsən külək yanan fənərlərin işığını titrədirdi. Ağır addımlarla evinə tərəf irəliləyən Fürqan gecənin dərin səssizliyini yarıb qəlbə toxunan bir səs eşitdi. Küçənin kənarında qırıq bir skamyada yaşlı bir qadın əyləşmişdi. Çiyninə köhnə bir şərf atmış qadının soyuqdan əlləri keyisə də, mizrabla toxunduğu hər bir tel insanın ruhunu oyadırdı. Musiqidə illərin yorğunluğu, zəhməti, kədəri duyulurdu.

Fürqan soyuq qış gecəsində skamyada əyləşən o yaşlı qadına laqeyd qala bilmədi. Elə bu vaxt skamyanın altında uzanmış it ayağa qalxıb hürməyə başladı. Qadın əlindəki kamançanı kənara qoyub itini sığallamağa başladı. Sonra köhnə torbasının içindən bir tikə çörək çıxardıb itin qabağına qoydu və ifasına davam etdi. Bu mənzərə qarşısında Fürqan fikrə daldı. Qadının xarici görünüşü, küçədə gecələməsi onda yanlış təsəvvür yaratdı. O cibindən pul çıxarıb nəzakətlə qadına yaxınlaşdı.

— Salam. Çox təsirli bir ifa idi. Xahiş edirəm, az da olsa bunu qəbul edin.

Qadın cavab vermədi. Bir anlığına pula baxıb donub qaldı. Sonra sakitcə torbasını açıb çörəyin qalan tikəsini çıxardaraq Fürqana uzatdı.

— Buyur oğlum. Yəqin ac olarsan. Götür, ye.

Fürqan məəttəl qalmışdı. Pul uzatdığı əlini yavaş-yavaş aşağı endirdi. Ac olmasa da düşündü ki, əgər çörəyi götürməsə, qadının xətrinə dəyər. Çörəyi ehtiramla götürüb təşəkkür etdi və əlindəki pulu yenidən ona uzatdı. Bu dəfə qadın qətiyyətli səslə dedi:

— Oğlum mən dilənçi deyiləm. Çox sağol, amma bunu götürə bilmərəm, yox qətiyyən... Gəl əyləş.

Fürqan əllərində illərin zəhmətinin izlərini daşıyan ağsaçlı qadının məğrur duruşuna heyranlıqla baxdı. Qadının səsində nə inciklik, nə də qürur nümayişi vardı. Sadəcə ondan ləyaqəti qoruyan bir qətiyyət duyulurdu. O, sakitcə qadının yanında əyləşdi və bir müddət ikisi də heçnə danışmadı. Yaşlı qadın yenidən kamançasını çaldı. Bir qədər sonra asta-asta, kədərli bir səslə danışmağa başladı:

— Oğlum mən də bir zamanlar isti evdə yaşamışam. Həyat yoldaşımla hər bir şeyi zəhmətlə qurmuşduq. Böyük bir malikanəmiz vardı. Orada iki övlad böyütdük... qız və oğlan.

Qadın cümlələrini bitirə bilmədən bir anlıq susub dərindən köks ötürərək sözlərinə davam etdi:

— Oğlumdan uzun illərdir xəbər ala bilirəm. Xaricə iş üçün getmişdi. Hələ də onu gözləyirəm...

Fürqan qadının ümidini itirmədiyini hiss etdi. Bir həftə bundan öncəyə qədər qızı ilə yaşadığını bildirdi.

— Bir gecə eşitdim ki, kürəkənim mənim evdə olmağımı, onlarla yaşamağımı istəmir.

Bu sözləri deyərkən qadın başını aşağı saldı. Sanki bir anlığına həmin gecəni yenidən yaşayırdı.

— Oğlum mənə heç kim "get" demədi. Amma bəzən bu söz deyilməsə belə, insan bunu hiss edir. Doğma bir ocağa yadlaşmalı olduğunu anlayır. Mən də elə o gecə isti yuvamı kimsədən xəbərsiz tərk etdim... Bilirsən məni nə incitdi? Qızımın mənə "qal" deməməsi və məni bir dəfə belə olsun axtarmaması...Eh...

Səmanı uzun bir sükut buludu örtdü. Fürqan ilk dəfə idi ki, deməyə söz tapa bilmirdi. Dilində kəlmə, qəlbində təsəlli tapılmırdı. Düşünürdü ki, ömrünü övladlarına həsr edən, bütün varlığını onların yolunda fəda edən bir anaya həyatın bu çağında verilən mükafat bu olmalıdır ? Görəsən, insanın ən ağır xəstəliyi unutmaqdır yoxsa nankorluq etməkdir ? Fürqan qadına qocalar evinə getməyi təklif etdi. Lakin qadın bu təklifi sakit, amma qəti bir şəkildə rədd etdi. Sonra yanındakı iti sığalladı və asta səslə dedi:

— Bax, bu iti evi tərk etdiyim gün küçədə gördüm. Aclıqdan, susuzluqdan can verirdi. Bir dəri, bir sümük qalmışdı. Üstümdə satılmalı olan bircə şey kürküm vardı. Onu dəyər-dəyməzinə satdım, pulunu da bu iti baytara aparmağa xərclədim. Şükür, indi sağdır. O gündən bəri də bir an olsun yanımdan ayrılmır. Fürqan itin sədaqətlə qadının dizlərinə qısılmasına baxdı və köks ötürdü.

— Məgər bu itin göstərdiyi vəfa qızınızda yoxdurmu? Sizin kimi nur üzlü bir ananın küçələrdə qalmasına necə razı ola bildi? Bu qədər pis insan ola bilərmi ?

Yaşlı qadının gözlərində qəribə bir işıq yarandı. O, sanki bütün kədərini, nisgilini unutdurmaq istəyən bir ana məhəbbəti ilə gülümsəyərək dedi:

— Elə demə, oğlum... Mənim qızım pis deyil... O, məni çox sevir. Niyə mənim ardımdan gəlmədi, niyə məni axtarmadı — bunu bilmirəm. Bəlkə də indi məni axtarır. Hə, inanıram ki, elədir. Oğlum, məncə həyatda pis insan yoxdur !

Bu sözlərdən sonra Fürqan susdu. Çünki bəzən cavab vermək, kiminsə ümidini, xəyalını qırmaq deməkdir. Bəzən isə susmaq, insanın hayqıra biləcəyi ən ağır həqiqətdir. Bir qədər sonra sakit səslə soruşdu :

— Anacan, qızınız harada yaşayır?

Qadın sakitcə ünvanı dedi. Fürqan bunu öyrəndikdən sonra əynindəki paltosunu çıxarıb nəzakətlə qadının çiyinlərinə örtdü.

— Buyurun, anacan. Hava soyuyur, üşüyərsiniz. Mən gedirəm... Amma söz verirəm, qayıdacağam.

Fürqan uzaqlaşarkən özü ilə yalnız bir ümid aparırdı: bəlkə də hələ tənha qadın üçün gec deyildi. Bəzən bir insanın qapısını döyən həqiqət, illərlə susmuş vicdanı, mərhəməti oyatmağa qadirdir. Qadının dediklərini xatırlamağa başladı: “Həyatda pis insan yoxdur...” Bəlkə də düz deyirdi. Pis insan yoxdur, amma İblisin çəkdiyi yanlış yol ilə irəliləyən zəif iradəli insanlar vardır. Fürqan düşüncələr dəryasına yelkən açaraq nəhayətində qadının dediyi ünvana çatıb qapını döydü. Bir qədər sonra qapını uzunboylu kişi açdı:

— Buyurun.

Elə bu an arxadan zahiri görkəmindən kübarlıq yağan bir xanım göründü. Fürqan onun yaşlı qadının qızı olduğunu dərhal hiss etdi.

— Bağışlayın, narahat edirəm. Mən yaşlı bir xanımla təsadüfən tanış oldum. Deyəsən, o, sizin ananızdır.

Kişinin baxışları dəyişdi. Qəribə bir səslə soruşdu :

— Buyurun, eşidirik... Siz onu haradan tanıyırsınız? Yoxsa...?

Qız isə tələsik anasının necə olduğunu soruşdu.

— Öz dediyinə görə yaxşıdır, xanım. Amma məsələ başqadır. Ananız küçədə yaşayır. Bu şaxtalı günlərdə nə qocalar evinə getməyə razı olur, nə də kimsədən pul qəbul edir. Hər gecə şəhərin buz kimi küçələrində, sınıq bir skamyada təkbaşına gecələyir. Siz onu evə qaytarmalısınız...

Qız bir anlıq susdu. Sonra dodaqlarında soyuq bir təbəssüm yarandı.

— Ah... mənim anam... O artıq qocalıb, ağlını itirib. Siz ona fikir verməyin. Biz onu evə qaytarmaq üçün çox cəhd etmişik... Anama soyuq olmaz. Evdən çıxanda ən bahalı, qalın kürkünü geyinibmiş.

— Axı, xanım, ananız...

Qız qapını Fürqanın üzünə çırpdı. İnsan necə olur ki, bir vaxtlar əlindən tutub yeriməyi öyrədən əli unudur ?! Deyəsən, Fürqan sualının cavabını tapmışdı : “İnsanın ən böyük faciəsi unutqanlıq deyil, təkəbbür və vicdansızlıqdan doğan nankorluqdur.” O, bu düşüncələrlə qapıdan uzaqlaşırdı ki, açıq pəncərədən gələn bir kişi səsi onu yerindəcə saxladı. Lakin kişinin bir cümləsi Fürqanın ruhunda zəlzələ yaratdı:

— Ah... Oğlunu var-dövlət üçün öldürtdüm, indi də anası qalıb... Görəsən, bu qarı nə vaxt öləcək?..

Yaşlı qadın oğlunun xaricdə işlədiyinə inanırdı. Məgər illərdir yolunu gözlədiyi övladı çoxdan yox imiş. Onu sevimli nəvələrinin atası öldürübmüş. Görəsən, qadın bu həqiqəti bilsəydi, onun saf ürəyi belə bir yükü daşıya bilərdimi? Fürqan susdu. Çünki bəzən sükut elə bir hayqırtıdır ki, sözlərin və səsin gücü ona çatmır.

O, qarşısına yalnız bir məqsəd qoydu: pak sevgiyə layiq o nur üzlü qadını evinə gətirmək. Onu tanımadan ac olduğunu sanıb bir tikə çörəyini ona verən həmin qadın mərhəmət və vicdan müəssəməsi idi. Fürqan tələsik evə qayıdıb onun üçün bir otaq hazırladı. Bayırda hava sərtləşirdi. Külək ulayır, buludlar səmada bir-birini qovur, şimşəklər qaranlığı yarırdı. İşıqlar sönmüşdü. O, yatağa uzanıb yuxuya daldı. Sabah onun həyatının ən əhəmiyyətli günü olacaqdı. Həmin gecə Fürqan uzun müddət yata bilmədi. Yaşlı qadının dediyi hər bir söz onun ağlında təkrarlanırdı. O, səhər açılan kimi qadını nə olursa olsun evinə gətirəcəkdi.

Onu yalqız və tənha qoymayacaqdı. Səhər saatları idi. Fürqan oyanıb pəncərədən ətrafa baxanda hər tərəfin bəyaza büründüyünü gördü. Yollar buz bağlamış, küçələr bomboş qalmışdı. Tələsik qadının əyləşdiyi skamyaya tərəf yola düşdü. Uzaqdan qəribə bir mənzərəyə şahid oldu. Onlarla qarğa şaxtaya məhəl qoymadan eyni yerin başına yığılmışdı. Heç biri uçmurdu və susmadan qarıldayırdılar. Sanki qoruduqları bir əmanət, gizli bir sirr vardı. Fürqan addımlarını sürətləndirdi. Qar onun dizinə qədər qalxırdı. Ağac budaqlarından tökülən qar skamyanı kiçik bir təpə kimi örtmüşdü.

Qarğalar Fürqanı sanki müşahidə edirdi. Skamyaya çatanda diz çöküb əlləri ilə qarı təmizləməyə başladı. Əvvəl kamançanın donmuş gövdəsi göründü. Kəsici şaxtada qəribə bir hiss onun qəlbini atəşə qərq etdi. Qarı təmizləməyə davam etdi və sonra...Gördüyü mənzərə qarşısında nəfəsi kəsildi. İti sinəsinə sıxmış, şaxtadan ağ telləri şüşə kimi sərtləşmiş, çöhrəsində qəribə bir rahatlıq və paklıq donub qalmış yaşlı bir qadın...Gözləri yumulu idi.

Sanki uzun bir yuxuya dalmışdı. O, artıq bu dünyanın sakini deyildi. Fürqanın gözləri bərələ qaldı. Nə küləyin uğultusunu eşidirdi, nə də öz nəfəsini. Əllərini qadının və itin donmuş bədənindən çəkə bilmirdi, hayqırmaq istəsə də bacarmırdı , sanki lal olmuşdu. Qulaqlarında yalnız qarğaların qarıltısı vardı. Elə bil hər tərəfi bəyaza bürüyən bu qar gecənin bütün zülmətini öz qoynunda gizlətmişdi. Fürqan göz yaşlarını saxlaya bilmədi. Başını qaldırıb onları dövriyyə almış, insanların tərk etdiyi qadını tərk etməyib qarıldayan qarğalara baxdı. O, ayağa qalxdı və əynindəki bəyaz şərfi çıxarıb qadının üzünə örtdü...Asta-asta addımlamağa başladı...

Son dəfə arxaya dönüb baxdı... Qar yağmağa davam edirdi. Qarğalar isə hələ də skamyanın başında durmuşdular və onların gözləri önündə insanlığın donmuş vicdanının acı təzahürü dayanmışdı...

# 215 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər