Azərbaycan qrafikasında dostluq şarjı janrında maraqlı əsərlərin müəllifi - Günün tablosu

Azərbaycan qrafikasında dostluq şarjı  janrında maraqlı əsərlərin müəllifi - Günün tablosu
22 avqust 2025
# 14:30

22 avqust tanınmış rəssam Həsən Haqverdiyevin anım günüdür.

Kulis.az bu münasibətlə sənətkarın həyatı, yaradıcılığı ilə bağlı maraqlı faktları və onun müəllifi olduğu "Əzim Əzimzadənin porteti" tablosunu təqdim edir.

Həsən Əli oğlu Haqverdiyev 1917-ci ildə Güney Azərbaycanın Mamağan şəhərində anadan olub.

O, 1931-ci ildə Azərbaycan Dövlət Rəssamlıq məktəbinə daxil olub.

Həsən Haqverdiyev 1933-cü ildə öz məktəb yoldaşları T. Tağıyev, K. Xanlarov və başqaları ilə birlikdə ilk dəfə Azərbaycan rəssamlarının Respublika sərgisində iştirak edib.

O, Respublika rəssamlıq sərgisində "Gitara çalan oğlan", "Qoca portreti" , "İçərişəhər motivləri" adlı etüdlərini nümayiş etdirib.

Həsən Haqverdiyev "Balaca çoban"(1959), "Çoban qız" (1964), "Dağ yolu", "Yaylaqda" (1965) kimi tablo və mənzərələrin müəllifi olmuşdur. Rəssamın sülh mövzusunda işlədiyi əsərlərindən "Sülh üçün" (1965) tablosunu qeyd etmək olar.

Rəssam Azərbaycan qadınına həsr etdiyi "Oyanma" (1970) tablosunu və uşaq aləmi, psixologiyası ilə bağlı "Balaca rəssam" (1966), "İlk söz" (1970) kimi tablolarının müəllifi olub.

Rəssamın rəsmlərinə "A. S. Puşkinin A. S. Qriboyedovun cənazəsi ilə qarşılaşması" (1937), "Əzim Əzimzadənin portreti" (1939), "Zemfiranın portreti", "Xanların dəfni" (1960), "Füzuli oğlunun şerini dinləyərkən" (1958), "Rəssamlarımız yaradıcılıq növbəsində" (1959) kimi əsərləri daxildir.

Həsən Haqverdiyev qrafika sahəsində də fəaliyyət göstərib. O, 1959-cu ildə çəkdiyi "Ölkəyə 600 min ton pambıq verək" adlı plakatına görə Kiyevdə keçirilən Ümumittifaq siyası plakat sərgisində üçüncü dərəcəli diplomla mükafatlandırılıb.

Rəssamı "Kuba deyir: Vətən ya ölüm!" (1961), "Sülh dostluq" (1962), "Qoy daim günəş olsun" (1964), "Amerika zindanlarında" (1971) və s. kimi plakatların müəllifidir.

Həsən Haqverdiyevin tablolarından "1920-ci ilin baharı" (1970) qrafika üçün səciyyəvi olan kontur və cizgilərlə işlənib. O, "Azərbaycan", "Ulduz", "Təşviqatçı", "Azərbaycan qadını", "Pioner" və "Göyərçin" jurnallarının bədii tərtibində yaxından iştirak edib.

Həsən Haqverdiyev Azərbaycan qrafikasında dostluq şarjı janrının əsas nümayəndələrindən olmuşdur. Rəssamın yaratdığı portretlər qalereyasına Qara Qarayev, M. İbrahimov, Niyazi, S. Rüstəm, F. Əbdürrəhmanov, M. Abdullayev, T. Salahov, S. Bəhlulzadənin obrazları daxildir.

Həsən Haqverdiyevin yaradıcılığında teatr-dekorativ sənəti xüsusi yer tutub. O, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında səhnəyə qoyulan bir neçə əsərin bədii tərtibatını verib.

Rəssam "Yevgeni Onegin" və "Qaratoxmaq qız" operaları, C. Məmmədovun "Dan ulduzu" pyesi üçün çəkilmiş dekor eskizlərin müəllifi olub.

Rəssam K. Qoldoninin "İki ağanın bir nökəri" komediyasına, M. Təhmasibin "Rübailər aləmində" tarixi romantik dramına bədii tərtibatını verib.

Həsən Haqverdiyevin fərdi yaradıcılıq sərgisi 1967-ci ilin may ayında Bakıda Azərbaycan Rəssamlar İttifaqının V. Səmədova adına sərgi salonunda keçirilib.

O, 1986-cı ildə Bakı şəhərində vəfat edib.

"Əzim Əzimzadənin portreti"

# 80 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər