Adil Kərimli Rusiyanın mədəniyyət naziri ilə görüşdü

Adil Kərimli Rusiyanın mədəniyyət naziri ilə görüşdü
13 noyabr 2024
# 10:20

Noyabrın 12-də Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin COP29-la bağlı ölkəmizdə səfərdə olan Rusiyanın mədəniyyət naziri Olqa Lyubimova ilə ikitərəfli görüşü keçirilib.

Kulis.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Xanım naziri salamlayan Adil Kərimli ölkəmizdə keçirilən bu mötəbər tədbirdə iştirak etdiyinə görə həmkarına təşəkkürünü bildirib.

Azərbaycanla Rusiya arasında mədəni əlaqələrin səviyyəsini yüksək qiymətləndirən nazir xüsusilə son illərdə bu sahədə əməkdaşlığın daha da möhkəmləndiyini diqqətə çatdırıb. Qeyd olunub ki, iki ölkənin bədii kollektivlərinin qarşılıqlı qastrol səfərlərinin təşkili, incəsənət təhsili sahəsində təcrübə mübadiləsi, sərgi, müsabiqə və festivallarda mütəmadi iştirak əlaqələrimizin dolğun mənzərəsini yaradır.

Rusiyanın mədəniyyət naziri Olqa Lyubimova Azərbaycanın COP29 kimi mötəbər bir tədbirə yüksək səviyyədə ev sahibliyi etdiyini deyib, bu münasibətlə Bakıda olmasından məmnunluğunu dilə gətirib. Qonaq nazir də iki ölkənin mədəni əlaqələrinin perspektivlərini yüksək dəyərləndirib.

Adil Kərimli COP29-un mədəniyyət və ətraf mühit məsələləri ilə bağlı gündəmi barədə məlumat verib. Qeyd edib ki, tədbir çərçivəsində mədəniyyətə əsaslanan iqlim fəaliyyəti üzrə Mədəniyyət Nazirlərinin 2-ci Yüksək Səviyyəli Görüşü keçiriləcək. Görüşün məqsədi incəsənət və mədəni irsin iqlim fəaliyyəti gündəliyinə daxil edilməsi üçün beynəlxalq konsensusa nail olunmasıdır.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası (UNFCCC) çərçivəsində Mədəniyyətə Əsaslanan İqlim Fəaliyyəti üzrə Dostlar Qrupu və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ölkəmizin irəli sürdüyü “İqlim üçün mədəniyyət” (C4C) təşəbbüsünə həsr olunan sessiya və bu təşəbbüsün təqdimatı da keçiriləcək.

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

# 263 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #