Noyabrın 23-də dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin vəfatının 71 illiyi münasibətilə onun Serbiyanın Novi Sad şəhərində ucaldılmış büstü önündə anım mərasimi keçirilib.
Tədbirdə Serbiya ictimaiyyətinin, Novi Sad şəhər meriyasının nümayəndələri, Serbiya Parlamentində fəaliyyət göstərən dostluq qrupunun, Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin və Serbiya-Azərbaycan ticarət-iqtisadi Palatasının üzvləri, bu ölkədə yaşayan Azərbaycan icmasının təmsilçiləri, tələbələr və səfirliyin əməkdaşları iştirak ediblər.
Tədbirdə əvvəlcə dahi bəstəkarın xatirəsi bir dəqiqəlik sükutla yad olunub, büstü önünə əklil qoyulub.
Mərasimdə Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı barədə geniş məlumat verilib, onun mədəniyyət tariximizdə dahi bəstəkar, peşəkar musiqi sənətimizin və milli operamızın banisi, musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim kimi xüsusi xidmətləri barədə danışılıb. //azertag//