Rüstəm İbrahimbəyov: "Azərbaycan Ordusu ilə fəxr edirəm"

Rüstəm İbrahimbəyov: "Azərbaycan Ordusu ilə fəxr edirəm"
12 dekabr 2020
# 14:15

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq yazıçısı Rüstəm İbrahimbəyov sentyabrın 27-dən noyabrın 9-dək davam edən Dağlıq Qarabağdakı müharibə və əldə edilmiş sülh razılaşması haqqında vestikavkaza.ru saytının müxbiri Giya Saralidzenin “Qonşular” analitik-informasiya proqramı çərçivəsində hazırladığı müsahibənin sullarını cavablandırıb.

Kulis.az AKİ.az-a istinadən xəbər verir ki, görkəmli yazıçı hər bir normal düşüncəli insanın baş verənləri məhz bu cür səciyyələndirməli olduğunu, yəni artıq Azərbaycanın digər ərazilərinə təcavüz edən ermənilərlə hərb dilində “danışandan” və 27 ildən bəri işğal altında olan ərazilərimizi geri alandan sonra danışıqların nəticə verdiyini deyib.

R.İbrahimbəyov: 30 ilə yaxın müddətdə Azərbaycanın tarixi ərazilərinin işğaldan azad edilməsinə dair BMT-nin qətnamələri kağız üzərində qalmışdı. Bu illər ərzində hər bir azərbaycanlı kimi mən də məğlub tərəfin bütün məyusluğunu yaşadım. “Azərbaycan əsgəri döyüşə bilmir, biz bu torpaqları vuruşub almışıq, sülh yolu ulə qaytaran deyilik, bacarırsınızsa siz də vuruşub geri alın…” Ermənilərin bu cür atmacaları bu illər ərzində bizim səbrimizi çox sınağa çəkdi. Doğrudur, mənim erməni tanışlarım arasında sağlam düşüncəli insanlar var. Amma onlar heç vaxt mənimlə bu mövzunu açmayıblar…”

R.İbrahimbəyov 44 günlük müharibədə hər iki tərəfin (ermənilərin daha çox) çoxlu itkilər verdiyini, xeyli yaralanan, ömürlük əlil qalan hərbçilərin, bundan başqa mülki əhali arasında həlak olan və yaralananların olduğunu təəssüflə qeyd edərək deyir: “Bu məqamda qürur hissi ilə qeyd etməliyəm ki, Azərbaycan hərbi qüvvələri Ermənistanın yalnız hərbi qüvvələrilə mübarizə aparırdı. Ermənistan isə Gəncə, Bərdə kimi cəbhə bölgəsinə aidiyyatı olmayan şəhərlərimizi raket atəşinə tutub dinc əhaliyə dəhşətlər yaşatdı. Mən Dağlıq Qarabağı bir kənara qoyub ona bitişik 7 rayonumuz haqqında danışmaq istəyirəm. Ermənilər o rayonlarda heç vaxt sıx şəkildə yaşamayıblar. Sadəcə 1990-cı illərdə oraları “bufer zonası” kimi bədnam adla adlandıraraq işğal ediblər. Və noyabrın 9-dan sonra həmin rayonları tərk etmək məqamı yetişəndə özlərini yumşaq desək, çox qəribə aparmağa başladılar; özlərindən sonra xarabalıq qoyub getdilər, hər yeri minaladılar… Bu günlərdə baxdığım bir verilişdə əcnəbi reportyor Kəlbəcəri tərk etməsini dramatikləşdirən ermənidən soruşur ki, çoxda yaşayırsız burda? Erməni qadın da cavab verir ki, bəli, çoxdan, 10 ildi. Reportyor isə maraqlanıb açıqlamır ki, daha öncə o ərazidə, həmin evdə kimlər yaşayıblar və indi o adamlar hardadırlar… Ümumiyyətlə, Ermənistandan, Dağlıq Qarabağdan və ətraf 7 rayondan qovulan azərbaycanlılardan demək olar ki, bəhs edən yoxdur. Hamı yalnız işğal etdiyi əraziləri tərk edən ermənilərin “sarsıntılarından” danışır…”

Söhbət əsnasında R.ibrahimbəyov vaxtilə Ağdam Dram Teatrı ilə olan əməkdaşlığını xatırlayır, bu teatrın 1904-cü ildə yaradıldığını, 1923-cü ildə Dövlət statusu aldığını, bu yaxınlarda Moskva qəzetlərinin birində yer alan müsahibəsində Ağdam teatrının işğaldan əvvəlki və indiki fotolarının da yerləşdirildiyini qeyd edir.

R.İbrahimbəyov: “Ağdam teatrı işğal illərində deyil, məhz Azərbaycanın Vətən Müharibəsi günlərində o kökə salındı; teatrın binasının yalnız skeleti qalıb. Ermənilərin niyə belə etdiklərini anlamaq mümkün deyil. Danışanda deyirlər ki, qədim xalqlardan biridirlər. Amma özlərini vəhşi barbarlar kimi aparırlar… Əlbəttə, mən Azərbaycan Ordusu ilə fəxr edirəm. Bizim hərbçilər sübut etdilər ki, çoxsaylı itkilərə baxmayaraq, ölkəsini, xalqını qorumağa qadirdirlər”. R.İbrahimbəyov qələbə sevincinin göz yaşlarının canlarını fəda etmiş insanlarımıza görə kədər göz yaşları ilə növbələşdiyini, itkilər vermiş ailələrdə indi hansı ürəkdağlayan əhvalın hökm sürdüyünü yaxşı təsəvvür etdiyini qeyd edir və vurğulayır ki, Ordumuza münasibətdə keçirdiyi qürur hissini Azərbaycan diplomatiyasına aid də keçirir.

R.İbrahimbəyov: “Məhz Azərbaycan diplomatiyasının qələbəsi sayəsində Ağdam, Laçın və Kəlbəcər döyüşsüz və deməli canlı qüvvə sarıdan itkisiz azad edildi. Bu məsələlərdə heç bir birbaşa iştirakı olmayan, evindəki divanda oturub “mən olsaydım belə yox, elə edərdim” ruhlu mülahizələr səsləndirən şəxslər anlasınlar ki, diplomatiya düşünülüb-daşınılmış güzəştlər nəzərdə tutur. Azərbaycan diplomatiyası böyük qələbə qazanaraq 30 ilə yaxın müddətdə beynəlxalq qurumların, böyük dövlətlərin danışıqlar masasından kənara çıxmayan prinsipləri bir neçə günə gerçəkləşdirdi. Məhz bu bacarıq sayəsində itkilərimiz də daha az oldu və ərazi bütövlüyümüz təmin edildi”.

# 2341 dəfə oxunub

Müəllifin son yazıları

# # #