Pünhan qız imiş – Orxandan yeni hekayə

Pünhan qız imiş – Orxandan yeni hekayə
21 may 2020
# 16:17

Kulis.az Orxan Saffarinin “Pünhan” hekayəsini təqdim edir.

- Mən Counter Strike oynamağa gedirəm, gələn var?!

- Yoxlama gələcək, getmə!

- Əşşi, 11-ci sinifik, birinci sinifdən də deyirlər ki, gələcək. Amma üzünü görən də yoxdu. İmam Mehdidi bu, zühur edəcək?

- Bax da. Qorxuludu, bu dəfə gələrlər birdən. Direktor da məktəbdədir, özü deyib gələcəyini.

- Qələt eliyirlər. Gəlsələr də, deyin, özünü pis hiss edirdi, dayana bilməyib getdi. Öldürməyəcəklər ki! - deyib, qapıya da ağayana bir təpik ilişdirib çıxdım.

Hər gün dərsdən qaçıb, internet kluba verdiyim pulları yığsaydım, indi özümə kompüter də almışdım - öz-özümə deyinib, direktorun pəncərəsinin altından birtəhər sivişib keçdim.

...Mission compilited!

***

- Ooo, kimi görürürəm, necəsən, Pünhan?

- Yaxşıyam, Orxan, sən necəsən?

- Bomba kimi. Gəl, kluba gedək, onsuz boş-bikarsan. İndi bizə hərbi dərsdir, bu xiyar müəllim 10 qəpikdən yığıb, bizə tir atdırır. Guya bizi əsgərliyə hazırlayır. İşdi-şayəddi, müharibə başlasa, birinci onu vuracam, özü də düz qaşqasından - məktəbin ağzında qısa müddətdir tanıdığım Pünhanı da öz avaralığıma şərik etmək istədim.

Heç bilmirəm, onunla necə dostlaşmışdıq. Tarixçəsi, hadisəsi, heç nəyi yox idi yadımda. Ağlımda tək qalan onu həmişə məktəbin qabağında uşaqlarla görməyimdir. Düşündüm, yəqin elə tanışlığımız da ordan yaranıb.

- Yox e, yorğunam, Aybənizi gözləyirəm!

Aybəniz qapqara bir qız idi. Pis çıxmasın, bir müddət mənimlə də fingildəşmişdi. Yaman sevirdi bu qızı.

Əlacsız kluba sarı getdim, oralarda oynamağa kimisə tapacaqdım.

Yeri gəlmişkən, indi Aybənizlə bağlı heç nə hiss etmirəm. Nə darıxmaq hissi, nə də başqa bir şey. Bu sevda mənim üçün bitib. Ondan savayı bütün sevgililərimçün darıxıram. Ömrümdə cəmi üç qıza gül almışam. Birincisi Aybənizə. Əgər sinif yoldaşlarımız bulvara çıxanda utandırmasaydılar, heç onu da almayacaqdım. Beləcə, bu kiçik xatirə də onunla yaşanmayacaqdı. Mən indi ona gül aldığıma görə kədərlənirəm. O, özü də bir az gülə meyllidir. Qadınların gül romantikasını heç cür anlaya bilmədim! Güldü də, solur, gedir. Yerdə qalanı çör-çöp. Nəysə əşi.

Sözüm sizdən pünhan deyil, Pünhan dediyim bayaqkı oğlan nədənsə, həmişə mənə qəribə gəlirdi. Səbəbini dərs ilinin sonunda öyrəndim. Bu, həyatımda rastlaşdığım ən qəribə hadisə idi.

O vaxtlar hazırlığa gedirdim. Seçib-sonalayıb elə qrupların hazırlıqlarına gedirdim ki, heç olmasa, bir-iki qəşəng qız olsun. Həmin gün internet klubdan tələm-tələsik çıxıb riyaziyyat hazırlığına gedirdim. Aybəniz də mənimlə idi. Yolda rastlaşmışdıq. Adı kimi sirli-gizli Pünhan bizə hardan qoşuldu, bilmədim. Zalım balası, iki saat müəllimin qapısının ağzını kəsdirirdi ki, nədi-nədi Aybənizlə bir az vaxt keçirtsin.

Hər gün muğam üçlüyü kimi yol boyu deyişə-deyişə gedib çıxırdıq müəllimgilin qapısına.

Odeee ha, zalım Pifaqor, amansız Pifaqor!

Vallah, bu riyaziyyat da bir matah olub, vəlvələ kimi düşüb canıma. Müəllim həmişə deyirdi, ay Orxan, ay bala, başın var, niyə oxumursan? Mən yazıq neyləyim axı? Əvvəldən riyaziyyatla aram olmayıb. Qandığım qrafa yoxdur.

Qapının ağzına çatanda hələ beş dəqiqə Pünhanla Aybənizin öpüşməsini gözləyirdim. Daha doğrusu, gözləmirdim, hayan olurdum ki, bunları görən olmasın. Hərdən özüm də qıyğacı baxırdım. Pünhan maraqlı öpüşürdü. Qız kimi... Bir az da çəkingən idi. Aybəniz əli ilə onun bədəninə toxunanda çəkinirdi. Deyirdim, yəqin ehtirasdandı.

Onların öpüşməsinə baxdığım üçün xəlvətdə utanırdım. Proses o qədər də uzun çəkmirdi. Arada bunların öpüşməsindən bezib qapını döyürdüm, arxası da məlum; Pifaqor-mifaqor, əbob-əkob. Riyaziyyatın bəlkə də ən mənasız mövzusu bunlardır. Hələ bu əbob-əkob heç çəkiləsi dərd deyil. Müəllim həmişə köməyimizə çatacağını desə də, heç yerdə mənə kömək olmadı. Nə universitet həyatımda, nə də işlədiyim yerlərdə. Burda da müəllimə hörmət olaraq yada saldım. Qoy, əziyyəti boşa getməsin!

***

Günüm beləcə keçirdi. Hər gün dərs, fürsət düşdükcə qaçıb internet kluba getmək, hazırlıqlar, sonra yenə gəzmək, uşaqlarla çayxanaya getmək - bir sözlə, dərsdən başqa hər şey! Atam da bunu deyirdi elə: Hər şeyə fərasətin çatır, dərsə gələndə olursan keybalaxanım!

***

Bir dəfə dərsdən sonra gördüm, uşaqlar "kurilka" yerinə yığışıb. Adətən, dava-dalaş olanda əvvəlcə bura gəlirdik. Sonrası "Domsoyuz", "Avtoşkola”nın həyəti. Nəysə, sözüm şirinliyə. Gördüm, Pünhan da ordadı, sıxışdırırlar. Tez yanlarına gedib, məsələdən agah oldum, necə deyərlər, sonda da söhbəti "mirni" bağlayıb, Pünhanı əllərindən aldım.

Deyəsən, bu avarafason hərəkətim Pünhanın çox xoşuna gəlmişdi. Məktəbin yanındakı "Leylanın kafesi" adı verdiyimiz o balaca, köhnə kafeyə gedib, hərəyə bol sumaxlı 5 qarın qutabı yedik. Üstündən çay içib, onun üstünə düşənlərdən danışdıq. Amma Pünhanın sözü də, özü də bizim qara Aybəniz idi. Özü də, mənim onunla sevgili olduğumu bilirdi. Hər dəfə imkan düşəndə ondan danışırdı. Mən olsam, narahat olardım. Amma bezirdim. Sadəcə, xətrinə dəyməmək üçün candərdi dinləyir, suallarına ötəri cavab da verirdim.

Bu dəfə də bezdim;

- Pünhan, yaxşı da, sən canın! Nə qədər danışırsan bu qızdan! - nida intonasiyası ilə bezginliyimi bildirdim.

- Sevirəm də, Okuş - mənim bezginliyimi zərrə də vecinə almadı. İndiyə qədər heç belə deməmişdi mənə. Səsi titrədi, qəribə oldum bir az.

- Çox sağ ol e, məni o avara oğlanların əlindən aldın. Qorxdular səndən, deyəsən, məni döymək istəyirdilər - titrək səslə əlavə etdi: - Oğlan dediyin gərək qorxmasın, güclü olsun. Amma mən bir az zəifəm. Özün də görürsən, bədənimi - arıqlığını göstərmək üçün əli ilə özünə toxundu. Canı-cəsədi yox idi. Anamın hərdən məni döydüyü yun çubuğuna oxşayırdı. Bir dəfə də şit zarafatla astadan qoluna vurmuşdum, bəlkə yarım saat qız kimi ufuldamışdı.

Gülümsündüm

- Əşşi, onların nəyindən qorxursan? Gördün, çox gəlirlər, vur, qaç, sonra da nə olar- olar. Mən də gələrəm, qələt edirlər” - qarpızları qolumun altına yığdım.

- Nə danışırsan, elə şey olar? Amma bir tərəfdən də xoşum gəlir cəsur oğlanlardan - bunu lap qız kimi dedi.

Güldüm:

- Ayə, qız kimi danışma, ayıbdı. Eşidən olar, adın çıxar!

Həmin gün söhbətimiz elə belə də davam elədi. O gündən sonra onunla tez-tez görüşdük. Bir neçə dəfə davası olanda da əvvəlcədən mənə deyirdi ki, döyülməyə qoymayım. Mən də cırtdan-qozun biri. Ölmürdümmü davadan sarı? Amma indi? "Getdi qollarımdan küçə davası"

***

O, bir az da qəribə böyümüşdü. Özündən bəzi şeyləri soruşmağa utansam da, ordan-burdan qulağım almışdı. Belə məqamlarda qeybətcil arvadlara da oxşayıram. Anası xərçəng xəstəsi idi. İki də gözəl-göyçək bacısı var idi. Elə Pünhanın özü də çox yaraşıqlı idi.

Qız olsa aşiq olardım, qız olsam, vurulardım...

***

Beləcə aradan aylar ötdü. Bir dəfəsində xəbər gəldi ki, Pünhan xəstəxanadadır.

Başqa bir dostumuz xəstəxanaya yanına getmişdi onda. Yadımda deyil, amma nədənsə, mən gedə bilməmişdim. Nədənsə, heç sonra da getmədim. Pünhan buna görə məndən incik də düşdü. Amma sonda qucaqlaşıb barışdıq.

Xəstəxanaya Pünhana dəyməyə gedən həmin dostum gələndən sonra onun haqqında heç nə danışmadı. Qəribə idi. Yanına birinci dəfə gedib gələndən sonra birtəhər oldu. Sanki nələrisə gizlədirdi məndən. Nə ola bilərdi ki? Ağlıma heç nə gəlmirdi. Yəqin, dostumuzu xəstə görmək ona pis təsir etmişdi deyə düşünürdüm. Bəlkə də ağır xəstəliyi vardı, heç kimin bilməyini istəmirdi.

Pünhanla son dəfə son zəngə az qalmış görüşdük. Uzun-uzadı söhbət elədik. Mənə bütün ailəsi, özü haqqında danışdı. Amma yenə nələrisə gizlədirdi.

Atası yox idi, bir müddət küçədə də qalmışdılar. Sonradan bir az düzəlib, güc-bəla ilə kirayə qalırdılar burda.

- İki bacının bir qardaşı olmaq çox çətindir, Orxan, hələ üstəlik, xəstə bir anan da varsa - sözləri yaman tutumuşdu məni.

Biz bir dəfə uşaqlarla ona köməklik də etmək istədik, qürurundan qəbul etmədi.

***

Hazırlığın son günləri idi. Aybənizi də, Pünhanı da götürüb, Allah qoymasa, gedəcəkdim tənlik həll eləməyə. Amma məhləyə çatanda hər şey həll olunmuşdu. Təcili yardım maşının qarşısında ora-bura qaçışan balaca uşaqların dilindən qəribə sözlər eşitsəm də, fikir vermədim. Yaxına gələndə o qara pıs-pısa Aybənizin rəngini meyit rəngi gördüm. Elə bil, o dünyanı görüb gəlmişdi. Ölən Pünhangildənmiş! Dedim, yəqin, anasıdır. Təzəcə pis olmağa başlayırdım. Amma...

Ölən Pünhanmış!

Amma təkcə Pünhan olsa nə vardı?

Bir az Pünhan ölmüşdü, bir az da başqası.

İçəri keçə bilmirdik.

Bacılarının vay-şivəni, anasının naləsi məhəlləni bürümüşdü.

Hamının dilində bir söz var idi;

- Pünhan qız imiş? Vaaay. Necə olub bu? Bu qədər vaxta heç kim duyuq düşməyib? Ailəsi də nətər gizlədib eyy - qonşularının hərəsinin ağzından bir avaz gəlirdi. Aybənizlə onun münasibətini bilənlər də qızı süzürdü.

Birtəhər içəri girə bildim. Bacılarının, anasının üzündə qəribə bir mübhəmlik vardı.

Donub qalmışdım. Nə edim? Nə deyim? Nə demək olar? Müqəvva kimi evin ortasındakı şaxseyə baxırdım.

***

Hadisədən bir neçə gün keçmişdi. Təsirindən çıxa bilmirdim. Axı, bu, necə ola bilərdi? Sən demə, bu qədər zamanda biz bir qız ilə dostluq etmişik. Mən bir qızı oğlan bilib dostluq etmişəm. Günlərlə ağlımdan çıxmadı. Baş verənləri pazl kimi yığmağa başladım. Aybənizlə öpüşəndə etdikləri, özünün qız kimi gözəl olması, titrək, həzin səsi, davadan qız kimi qorxmağı... Nələr-nələr. Hər şey onun qadınlığına işarə imiş... Az qala bütün danışıqları. O, heç vaxt kişi olmadı ki...

Dostum da bunu xəstəxanada öyrənmişdi. Ona görə gələndə qəribə hal olmuşdu.

***

O gün Pünhangilin qapılarının ağzından keçdim. Amma bu dəfə hazırlığa getmirdim. O günləri yadıma salıb qəribə hisslər yaşadım. Aybəniz də yoxdur axı, evlənib çoxdan. Hiss elədim ki, dostum üçün yamanca darıxmışam. Amma heç vaxt onun qız adını da öyrənə bilmədim. Heç yas da vermədilər öləndə. Bir günün içində köçüb getdilər. Hamıya pünhan qaldı o gözəl qız. İndi məzarını tapsaydım, ninni oxuyardım.

Bir də, sevmək istəyərdim onu...

# 3717 dəfə oxunub

Müəllifin son yazıları

# # #