Ləman Ələşrəfqızı kəndlərindəki lal qızdan yazdı: "Ona deyin ki..."

Ləman Ələşrəfqızı kəndlərindəki lal qızdan yazdı: "Ona deyin ki..."
22 aprel 2020
# 17:42

Kulis.az tanınmış telejurnalist Ləman Ələşrəfqızının uşaqlığında kəndlərində gördüyü lal qız haqqında yazdığı “Böblüş” hekayətini təqdim edir.

Kəndimizin yeganə lalı idi, o. Şux qamətli, ucaboy. Qıpqırmızı yanaqları vardı. Bir də dümağ göyərçini. Həmişə yanında olardı, uçurdardı, uçmazdı. Eləcə, ətrafında dövrə vurar, uzağa getməz, dərhal yerə qonub cəld hərəkətlərlə sağına-soluna dimdik atardı. Mən də uzaqdan onlara tamaşa edərdim. Sanki ikisi bir yerdə əlifbanı öyrənirdilər. Göyərçin ” g” və “q” -dan, mənim lal qəhrəmanım “ə” və “b” -dən başqa səs tanımazdı. Əslində, hardan tanıyacaqdı ki? Lal doğulmuşdu, danışmaq imkanları Allah tərəfindən tanınmamışdı. Ona görə də sanki Tanrı qarışıq, hamıya qəzəbliydi. Üzü nadir hallarda gülürdü. Ya da heç gülmürdü. Və bu kədərli çöhrənin sahibinə hamı “Böblüş” deyirdi. Uşaqlar onu görəndə “Əəəbəbəbə” , – deyib qaçırdı. Böblüşün danışıb-danışacaqları, sadəcə bundan ibarət idi.

Böblüş çoxuşaqlı Hacı dayı və Eminəxatın nənənin övladları arasında yeganə danışmayanı idi. Hacı dayı çobandı və Böblüşü də hər qış özüylə Malay stansiyası yaxınlığındakı qışlağa aparardı. Bizimkilər qışlağa “yatax” deyirdilər. Mənim uşaqlığımın iki ili də o yataxda-qışlaqda keçib. Babam Əzizbəyov kolxozunun qoyunçuluq briqadiri idi. Yadımdadır, 7 yaşımın içindəydim, hazırlıqda oxuyurdum, məni təhsildən ayırdılar və sübh tezdən hava hələ qaranlıqkən “QAZ-69”-un kabinəsində nənəmin qucağında yatağa göndərdilər. Anamın qucağı, öz isti yatağım üçün tökdüyüm göz yaşlarına kimsə əhəmiyyət vermədi.

Yataxda bütün çoban ailələri qarğıdan və digər materiallardan düzəldilmiş balaca komacıqlarda-dəyələrdə qalırdılar. Babam briqadir olduğu üçün bizə ev vermişdilər. İki otaqlı, səkili-tikili idi. Divarları beton suvaqdı, əl vuranda ovulub tökülürdü. Biz bu otaqlardan sadəcə birinə yığışmışdıq. O biri otaq həmişə boş olurdu.

Bu evdə mənim ən çox bəyəndiyim yer tikilinin çardağı idi. Orada sanki göyərçinlərin möhtəşəm səs yarışması keçirilirdi, səhərdən axşama qədər oxuyurdular. “G” və “q” səslərinin birləşməsindən yaranan bu gurultulu-qurultulu melodiya bizim televizorsuz evimizə bir nəşə gətirirdi. Nənəm haqlı olaraq deyirdi: “Oxusunlar, qarınları tox, qayğıları yox”. Göyərçinlər yemdən bol idilər. Çünki evimizin arxasında kolxozun minlərlə qoyununun yemlənməsi üçün böyük bir ərazidə “kolot”lar qoyulmuşdu. Göyərçinlər də daxil, hər gün yüzlərlə quş, o cümlədən balaca, qara sığırçınlar o taxta süfrənin daimi qonaqları olurdular. Ayda bir neçə dəfə qonşu kənddən Həbilağa adında bir kişi gələrdi. Əlində tüfəngi, çiynində heybəsi. Deyirdi ki, bir çətən külfətim var, bu quşlar olmasa, acından ölərik. Həbilağa, xüsusilə sığırçın vurardı, bir-ikisini də nənəmə verərdi ki, bişirib mənə versin. Sərçə boyda sığırçınları nənəm cəmi bircə dəfə bişirdi, mən bunu yeməkdən qəti imtina etdikdə isə Həbilağanın sığırçınlarına ortaq olmadı. Qəribə görkəmi vardı Həbilağanın. Balaca, qapqara, qupquru, sığırçın yeməkdən sanki elə özü də sığırçına bənzəyən bir kişi idi. Bəzən mən yüz metr aralıda ağ göyərçinini şəstlə gəzdirən gövdəli lalla-Böblüşlə sığırçın qənimi sısqa Həbilağa arasında paralellər aparırdım və bu zaman yalnız bir şeyə sevinirdim ki, nə yaxşı, Həbilağa göyərçinləri nişan almır?! Çünki bir belə quş bolluğunda mənim heç cür reallaşmayan bir arzum vardı: Özümün göyərçinim olsun, “kolot”a yox, əlimə qonsun, başını sığallıyım, narıncı gözlərinə doyunca baxım.

Və günlərin bir günü Böblüş, həmişə kədərli gözlərindən, acıqlı sifətindən qorxduğum qız mənə dünyaları bağışladı. Özünün sevimli ağ göyərçinini mənə verdi. Mənmi istədim, omu təşəbbüs göstərdi, xatırlamıram. Amma yadımdadır ki, anası Eminəxatın nənə göyərçini Böblüşdən alıb mənə verəndə, Böblüş yenə də “əəəbəbəbə” deyə, uzun bir nitq irad elədi. “Lalın dilindən anası anlar”, – deyiblər. Eminəxatın nənə də qızının arzusunu mənə belə çatdırdı: Deyir ki, göyərçini pişiyə-zada yedizdirməsin. Ona yaxşı baxsın.” Əlbəttə, başqa cür ola da bilməz!” , – deyib sanki dünyaları mənə veriblərmiş kimi, evə tələsdim.

Nənəm də Böblüşün bu səxavətinə mat qalmışdı. Elə hey ” Nə əcəb bu qız göyərçinini sənə verdi?”- deyirdi. Nə o vaxt nənəmin sualına cavab tapmışdım, nə də illər sonra məni narahat edən başqa bir suala: Böblüş göyərçini yaşadıqları dəyədə görəsən, harada saxlayırdı? Qəfəsdə saxlayırdısa, bəs onu niyə mənə vermədi? Hər halda, mən göyərçinimi cəmi bir gün əzizləyə bildim. Təzə qonağımı həmişə boş olan qonşu otağa buraxdım. Ertəsi günü babam ona qəfəs düzəldəcəkdi. Tez-tez başımı otağa salır, sevimli göyərçinimə baxırdım. Növbəti dəfə qapını açmalı olmadım, qapı aralı idi, göyərçinimin otaq boyu səpilmiş tüklərini-qanadlarını görəndə, dəhşətli bir səslə çığırdım. Nənəm pişiyi maşa ilə necə vurmuşdusa, yazıq heyvan Malay stansiyasına qədər qaçmışdı.

O gündən sonra Böblüşün gözünə görünməməyə çalışdım. Heç o mehriban, mələk kimi qadının-Eminəxatın nənənin də. Yeri behişt olsun, Eminəxatın nənə uzun illərdir rəhmətə gedib. Böblüş isə hələ də sağdır. Yəqin yaşı 70-i haqlamış olar. Bəlkə də kimsə mənim bu yazımı ona oxuyacaq, daha doğrusu, oxuyub başa salacaq. Bilmirəm, Eminəxatın nənədən sonra lalın dilini bilən varmı? Amma varsa, lütfən Böblüşə desin ki, mən onun ağ göyərçinini heç vaxt unutmadım. Böblüşün heç vaxt gülməyən kədərli üzünü də.

Ak bir yaban güvercini gibiydin aşk

Vişnelere bulaştın kirlendi beyazın

Takılamayan telli duvak verilemeyen mendil

Düşlerde kaldın (“Karasevda” Ebruli, Şeir: Behçet Aslan)

/gununsesiaz.info/

# 3036 dəfə oxunub

Müəllifin son yazıları

# # #