Nəsrəddin Tusi Ordubadlıymış?

Nəsrəddin Tusi Ordubadlıymış?
14 fevral 2015
# 12:23

Dahi riyaziyyatçı, astronom, filosof, fizik, mineraloq, iqtisadçı, musiqişünas, şair, hüquqşünas, tarixçi Məhəmməd İbn Həsən Nəsirəddin Tusi 1201-ci il fevralın 17-də anadan olmuşdur. Nəsirəddin Tusinin harada anadan olması barədə müxtəlif fərziyyələr mövcuddur. Bir sıra mənbələrdə onun Tus şəhərində, yaxud da Qumda anadan olduğu qeyd edilir. Əksər mənbələr isə onun məhz Ordubadda anadan olduğunu təsdiq edir. Çünki Şah Abbas Tusiyə görə Ordubad əhalisini vergilərdən azad etmişdi.

Tarix elmləri doktoru Seyidağa Onullahi XVII əsr coğrafiyaşünası və təzkirəçisi Məhəmməd Müfid Yəzdidən belə bir fikir gətirir ki, Ordubad sakinlərinin bir hissəsi ustad əl-bəşər Xacə Nəsirəddin Tusinin nəslindəndir. Həmçinin, Tusi Hülakü xanın vəziri olduğu dövrdə Tusda və başqa yerlərdə yaşayan qohumlarının dədə-baba yurdlarına, yəni Ordubada köçməsi üçün pul vəsaiti ayırmışdı.

1981-ci ildə N.Tusinin 780 illik yubileyi keçirilmiş və onun Ordubadda abidəsinin qoyulması qərara alınmışdı, çox təəssüf ki, bu qərar hələ də icra olunmayıb. «Tusi» ləqəbi təhsil aldığı Tus şəhərinin adındandır.

Nəsirəddin Tusi orta əsr Şərqində həm böyük ensiklopediyaçı alim, həm də görkəmli filosof kimi şöhrət qazanmışdır. O, riyaziyyata, astronomiyaya, mineralogiyaya və digər elm sahələrinə dair qiymətli əsərlərlə yanaşı, məntiqə, fəlsəfəyə və etikaya dair orijinal traktatlar da yazmışdır. İlk təhsilini atasından alan Nəsirəddin İbn Sina fəlsəfi məktəbinə mənsub olub, Əbulhəsən Bəhmənyarın şagirdi Əbu Abbas Logərinin şagirdi Sədrəddin Sərəxsinin, Qütbəddin Misrinin, habelə tanınmış filosoflardan İbn Yunisin, Əsirəddin Əbhərinin, Şəmsəddin Xosrovşahinin və dövrünün ən şöhrətli müəllimi hesab edilən Fəridəddin Damadın yanında mükəmməl təhsil almışdır.

N.Tusi «İbn Sinanın fəlsəfəsi və məntiqinə şərhlər», «Şərh ul-işarət», «Teologiya və metafizikaya dair risalə» («Təcrid əl-kəlan»), «Əxlaqi-Nasiri», «Alicənab insanların xarakterləri və keyfiyyətləri» («Ausaf ul-Əşrəf») və b. əsərlərində İbn Sinanın fəlsəfi görüşlərini şərh etmiş, onun baxışlarını hücumlardan qorumuşdur.

Aldığı hərtərəfli və dərin biliklər Tusini az bir vaxtda elmi mühitdə məşhurlaşdırır. Otuz yaşında ikən Kuhistan ismaililərinin başçısı Nasiraddın Möhtəşəm onu sarayına qonaq çağırır və gənc alimdən əxlaq barədə kitab yazmasını xahiş edir. 1235-ci ildə Nəsirəddin Tusi ona dünya şöhrəti gətirən və bir çox dillərə tərcümə olunan məşhur «Əxlaqi Nasiri» əsərini tamamlayır.

Lakin bir müddət sonra müəyyən narazılığa görə Tusi həbs olunaraq, ismaililərin əlçatmaz dağ zirvələrində yerləşən «Ələmut» («Qartal yuvası») qalasına aparılmışdır. O, həbsdə olduğu vaxtlarda da yaradıcılıq və axtarışlarını davam etdirmişdir. Bu dövrdə Evklidin, Ptolomeyin, Arximedin əsərlərinə şərhlər yazmış, «Əxlaqi-Nasiri», «Şərh əl-işarat», «Təhriri-Öqlidis» və s. kimi misilsiz əsərlər yaratmışdır.

Çingiz xanın nəvəsi Hülakü xanın Yaxın Şərqə yürüşü nəticəsində 1256-cı ildə «Ələmut» qalasında saxlanılan Nəsirəddin Tusi və b. alimlər azad olunurlar. Tusi Hülakü xanın şəxsi məsləhətçisi təyin olunur. Hülakü xanın Bağdadı fəth etməsində Tusinin məsləhəti böyük rol oynayır və beləliklə, 500 illik hökm sürmüş Abbasilər hakimiyyətinə son qoyulur.

Bağdad yürüşünün uğurla nəticələnməsi Hülakü xanın yanında N.Tusinin nüfuzunu daha da artırdı. Bu vaxt o, Azərbaycanda böyük bir elmi mərkəz-rəsədxana yaratmaq kimi özünün çoxdankı arzusunu həyata keçirməyə başladı.

Bir ildən də az bir müddətdə o, rəsədxananın tikiləcəyi yeri müəyyənləşdirdi, eyni zamanda astronomik cihazlar hazırladı, müxtəlif şəhərlərdən burada yaradılacaq kitabxana üçün qiymətli kitablar əldə etdi və rəsədxanada araşdırmalar aparmaq üçün dünyanın bir çox ölkəsindən alimlər dəvət etdi.

1259-cu ildə Marağa şəhərində rəsədxananın tikintisi başlanır. Beləliklə, Nəsirəddin Tusi həm özünə, həm də bütün Şərq və dünya mədəniyyətinə əzəmətli bir abidə olan həmin rəsədxananı qurub başa çatdırır və dövrünün ən görkəmli astronom alimlərini başına toplayıb Nizamülmülkün Bağdadda yarada bildiyi Nizamiyyə akademiyasından heç də geri qalmayan Marağa Akademiyasını yaratmağa nail olur.

N.Tusi Marağa rəsədxanasına rəhbərlik etdiyi 15 il müddətində bu elm məbədində çoxlu alimlər yetişmiş, astronomiya elminin inkişafına təkan verən mühüm kəşflər edilmiş, əsərlər yaradılmışdır. Marağa rəsədxanası fəaliyyətini dayandırdıqdan sonra burada çalışan alimlər dünyanın müxtəlif yerlərində rəsədxanalar yaratmış və onlara rəhbərlik etmişlər. Bunlara misal olaraq Təbriz, Pekin, Dəməşq, Səmərqənd rəsədxanalarını göstərmək olar.

Q.P.Matviyevskaya və B.A.Rozenfeld öz əsərlərində N.Tusinin riyaziyyat sahəsində 27, astronomiyaya aid 21, fizikaya aid 4, fəlsəfə və məntiqə aid 5, iqtisadiyyata aid 1, ədəbiyyata aid 1, ensiklopedik məzmunlu 1, mineralogiyaya aid 1 əsəri olduğunu göstərirlər. Aydındır ki, bu siyahıya N.Tusinin əsərlərinin hamısı daxil edilməyib.

Güman edilir ki, o, 150-dən artıq əsərin müəllifidir. N.Tusi həm də istedadlı şair olmuşdur. Onun üç min beytdən artıq şeiri bizə gəlib çatmışdır. Təkcə riyaziyyatın hesab, cəbr, həndəsə, məntiq sahələrində 30-dan artıq ərəb və fars dillərində yazdığı əsəri elmə məlumdur. Ümumiyyətlə, N.Tusinin riyaziyyata gətirdiyi yenilikləri avropalılar 300-400 il sonra yenidən «kəşf» etmişlər.

N.Tusinin zəngin yaradıcılığında bizə gəlib çatmış əsərləri içərisində «Əxlaqi Nasiri», «İqtibasın əsası», «Mövcudatın bölgüsü və onun qisimləri», «Məntiqdə təcrid etmə» və s. fəlsəfi əsərlər mühüm yer tutur. «Əxlaqi Nasiri» yeddi yüz il ərzində Orta və Yaxın Şərq məktəblərində əxlaq dərsliyi kimi şöhrət tapmışdır.

N.Tusi «maddənin itməməsi qanunu»nu hələ Lomonosovdan 600 il əvvəl kəşf etmiş və bildirmişdi: «Əgər bir adam təbiətşünaslıq elmi ilə tanış olsa və əgər cisimlərin halına, onların ziddiyyətinə diqqət yetirsə, o dərk edər ki, heç bir cisim yaranmır və məhv olmur. O ancaq öz həcmini, tərkibini, sürətini, şəklini və keyfiyyətini dəyişir, bir maddədən başqasına keçir, lakin qalır və dövr edir».

Marağada yaranmış «Zic Elxani» əsərində irəli sürülən müddəalar bir neçə əsr həm Şərqdə, həm də Qərbdə astronom və dənizçilər tərəfindən işlədilirdi. Otto Neyğebauer «Qədimdə dəqiq elmlər» kitabında qeyd edir ki, Kopernik Tusinin bir sıra nəticələrindən istifadə etmişdir.

Tusinin rəhbərliyi ilə Yerin fırlanma oxunun illik presessiyası tapılmışdır. «Zic Elxani» əsərində çoxlu riyazi, astronomik və coğrafi cədvəllər də verilmişdir. Ən mühümləri sinus və tangensin 60-lıq say sistemində üçrəqəmli triqonometriya cədvəlləri və XIII əsrdə məşhur olan 256 şəhərin coğrafi koordinatlar cədvəlidir.

Tusi «Cəvahirnamə» əsərində qiymətli minerallar haqqında geniş məlumat vermiş, onların xüsusiyyətlərini, təsvirini və hətta müalicəvi əhəmiyyətlərini göstərmişdir. Tusi «Təhriri-Öqlidis» əsərində həndəsənin əsasları və nisbətlər nəzəriyyəsinə də bir çox yeniliklər gətirmişdir.

Nəsirəddin Tusinin riyazi kitablarından biri də «Tam dördtərəfli haqqında traktat» («Şəklül-qita») əsəridir. Bu əsərdə o, riyaziyyatın ən əsas anlayışlarından biri olan həqiqi ədədə tərif vermişdir. Ədədlər nəzəriyyəsi və riyaziyyat tarixi üzrə görkəmli mütəxəssis V.N.Molodşiy yazır ki, XIII əsrdə Azərbaycanın astronom və riyaziyyatçısı N.Tusi müsbət həqiqi ədədi Nyuton kimi təyin etmişdir. Deməli, ədədin XIX əsrin sonuna qədər riyaziyyatçıların qəbul etdikləri tərifini Nyutondan 450 il əvvəl N.Tusi vermişdir.

N.Tusinin mühüm əsərlərindən biri də «Tozlu lövhənin köməyi ilə hesab toplusu» əsəridir. Qeyd edək ki, riyaziyyat tarixində vurma cədvəlinə ilk dəfə N.Tusinin bu əsərində rast gəlinir.

Təəssüflə qeyd etmək lazımdır ki, dahi alim və mütəfəkkirin Azərbaycan və başqa Avropa dillərinə tərcümə edilmiş əsərləri onun yaradıcılığının heç 10 faizini də təşkil etmir. Ümid edirik ki, N.Tusinin bütün əsərləri tərcümə və nəşr olunacaq.

N.Tusi 1274-cü ildə Bağdada gedərkən xəstələnmiş, həmin ilin iyun ayının 25-də vəfat etmiş və Bağdadın məşhur «Came məscid»ində yeddinci imam Museyi-Kazımın qəbrinin yanında dəfn olunmuşdur. Sonradan onun qəbri ziyarətgaha çevrilmişdir. Tusinin qəbrinin üstündə ərəbcə bu sözlər yazılmışdır: «Elm aləminin şahı, alimlərin sultanı, dinin, haqqın, millətin köməkçisi; hələ analar belə oğul doğmayıb».

Təyyibə Mehdiyeva

# 6253 dəfə oxunub

Müəllifin son yazıları

# # #