Dostumun bağışladığı nar dənələri - Mintac Elsevər yazır…

Dostumun bağışladığı nar dənələri - <span style="color:red;">Mintac Elsevər yazır…
3 avqust 2017
# 21:00

Uşaqlıq dostum rejissor İlqar Nəcəfin “Nar bağı” filminə ithaf

...Yenicə yuxuya getmişdi ki, otağın qapısı həzin bir cırıltıyla açıldı. İçəri kimin girdiyini aydınlaşdırmağa fürsət tapmamış sinəsinə qəribə bir ağırlıq çökdü. Sonra kimsə əlini ürəyinin üstünə basdı. Ürəyini basan əlin kimə aid olduğunu görməyə çalışsa da, macal tapmadı. Baxışlarını ürəyini basan ələ sarı endirəndə bir də gördü ki, ürəyi yarılmış vəziyyətdə açıqda qalıb. Yaralı ürəyinin içi al qırmızı rəngdə kiçicik dənələrlə doluydu. Gecə yarı kimliyini anlamadığı biri onun ürəyini yarıb içinə buz kimi nar dənələri səpələmişdi. Üzünü hələ də görə bilmədiyinin yalnızca səsini eşitdi: “- Hələ ölmə, nar dənələrindən yenə var...”

Dostum, rejissor İlqar Nəcəf A.P.Çexovun “Albalı bağı” pyesindən təsirlənərək “Nar bağı” adında yepyekə bir film çəkib. Mən isə bu filmdən təsirlənərkən məhz yuxarıda yazdığım duyğuları yaşadım. “Nar bağı”ndan yarım-yapalaq, qəzavü-qədərdən rəngi bilinməz ürəyimə beləcə al-qırmızı nar dənələri səpildi.

Böyük jurnalist, yazar iddiasında olmasam da, iyirmi ildir yazıram və bu işi çox sevirəm. Bu illər ərzində yazı sandığıma çox mövzular süzülüb qələmimin mürəkkəbindən. Amma onların arasında janrından asılı olmayaraq hansısa ekran əsəri haqqında təəssürat yazım demək olar ki, yoxdu. Niyə, çünki, mənim bu haqdakı düşüncələrim ənənədən bir az qıraqda qalır.

Mənə görə əsl sənət ruh halıdı. O cümlədən də kino. Ələlxüsus da əgər filmdə süjet xətti insanlıq halıdırsa. Elə bu zəndimlə də belə mövzulara münasibət bildirməkdən çəkinmişəm. Nəyisə yanlış yazıb müəllifin ruhuna xələl gətirərəm deyə. Bu dəfə isə vəziyyət ayrı cür idi...

Bu, mənim qırx iki illik ömrümün cəmi on iki ilini xoş yaşadığım yerlərdən gələn adamın əməyinin bəhrəsi idi. Birgə böyüdüyüm, böyük arzularına hələ kiçiklikdən bələd olduğum adamın - əziz dostumun qəlbindəki hisslərin ekran təzahürü, ürək çırpıntıları idi. Məhz bu çırpıntıları dinləmək üçün onun “Nar bağı”na girməli oldum...

Çexovun “Albalı bağı”nın sakinləri qəlbən kədərliykən özlərini nəşəli göstərməyə cəhd edirlərsə, dostumun “Nar bağı”nın sakinlərininsə elə ilk baxışdanca nə qədər qəmli olduqları hiss olunur. Mənə görə bu səmimiyyətin göstəricisidi. Yəni ifrat kədərdə boğularkən süni nəşə sərgiləməyin nə aləmi var ki?

Image result for nar bağı

Hə, bu artıq ayrı bir məsələ ki, siz də qəbul olunmuş qaydada “ümid sonda ölür” deyəcəksiz. Fəqət son anda gerçək olub gələcək ümidinizin əlindən tutmağa sizin də əllərinizin taqəti olacaqmı? Bir də bunu fikir edəkmi, əzizlər? Nəbadə məni pessimist kimi dəyərləndirəsiniz. Gözlərim açıqdı, gerçək reallığı görürəm. Yenə də razılaşmayıb məni qınasanız da, dostum İlqarı qınaya bilməyəcəksiz. Çünki o, filmin son kadrlarında yenə də yekəcə bir ümid vəd elədi insanlığa. Hissləri təkrar təhqir olunan gənc qadın qaynatasının təzə nar bağı salacağını söylədi...

Əgər insanı yaşadan ümiddirsə, sən bu ümidi öz tamaşaçına aşılaya bildin, əziz dost! Demək sən özün də ümid doluşan və mən buna ancaq sevinə bilərəm. Ömrü boyu nəşəylə yaşamaq kimi qəmli yaşamağın da mənası dərin deyil...

Dostumun saldığı “Nar bağı”nın qəhrəmanlarından hər birimizin çevrəsində var. Bəzən onları görə bəzən də görməyə bilərik. Bu təbiidir. Zamanla şəraitin yaratdığı məcburiyyətdənmi, ya da ki, elə xislətindəki xəbislikdənmi hissləri dəyişən, nadanlaşan, bir vaxt sevdiklərini yeni sevgilərinə qurban verən insan oğlu. Əslində dərinə getdikcə görünən budu ki, insan özü nar dənələri kimidi. Nə qədər damarına dərin bassan qanı bir o qədər qaralar. Üstünə, üstünə basınca da partlayıb ətrafa dağılar. Mənzərə kədərli olduğu qədər də cazibəli və sehrli görünər.

Bir də var insanın tükənməyən nəfsi, ehtirası. Qadınında qadın, kişisində kişi xislətli. Yeni ehtirası naminə yaşlı atasının belini elə nar ağacının budağı kimi sındırmağı gözə alan oğul. “Nar bağı”nın ən ağır yükünü çiynində daşıyan ataya oğlunun vurduğu zərbədən sonra yenidən nar bağı salmaq eşqini verən rejissor əslində bununla hələ də dünyanı qurtarmaq olar mesajını verir.

On bir il onu yiyəsiz qoyan ərinə ucuz bir ehtirasla yenidən təslim olan cahil qadın. Özü də nar damında... Ehtirasdan alışarkən kaş ki, bir də ovcunda sıxdığın qıpqırmızı narın elə ürəyinin içində partlayacağını düşünə bilsəydin, qadın! Demək ki, bəzən insanları bağışlamaq lazım deyil...

Bütün bu ağrılı məqamları ekranlaşdırarkən yəqin sən də bunları demək istəmisən, əziz dost!..

Adəm övladı hər yaşda bir nəsnəni anlayır. Külli aləmin guya daha bir sirrinə vaqif olduğunu zənn edir və əhvalı da o yöndə dəyişir. Amma heyhat, sirr filan yoxdu ki. İnsan ömrü elə nar dənələri kimidi. Sıxarsan, əzilər və qanı axar. Yəni özümüz nə qədər yekə olsaq da ömrümüz bir ovuca sığa biləcək nar boydadı. Bircə himə bənddi ki, qanımız su yerinə axsın...

İlqar Nəcəf, Sən bütün bu hissləri məharətlə ekranda sərgilədin. Uğuruna qəlbən şadam! Həm də ona görə şadam ki, sonda gecə yarı ürəyimi yarıb içinə buz kimi nar dənələri səpələyənin əziz dostum olduğunu anladım...

Bu sadəcə mənə yox, yəqin bütün bəşəriyyətə sənin mesajın olsun: hələ nar dənələri bitməyib və nə qədər ki, var, insanlığı qoruyun...

# 1090 dəfə oxunub

Müəllifin son yazıları

# # #