Nəsrin Cavadzadə: “Mənə azəri deyəndə sıxılıram”

Nəsrin Cavadzadə: “Mənə azəri deyəndə sıxılıram”
27 noyabr 2014
# 12:47

Çox güman ki, başa çatmaqda olan 2014-cü il Türkiyənin mədəniyyət tarixində öz layiqli yerini tapacaq, 100 yaşını qeyd eləyən türk kinosu təkcə təntənəli yubiley tədbirlərilə yox, həm də ekran sənətində qazanılmış uğurlarla yadda qalacaq. Təkcə məşhur rejissor Nuri Bilgə Ceylanın “Qış yuxusu” filminin nüfuzlu Kann festivalında “Qızıl palma budağı”na layiq görülməsi türk milli ekran sənətinə böyük töhfədir.

Türkiyənin Azərbaycan əsilli yeki kinoulduzu Nəsrin Cavadzadə Antalya şəhərində keçirilən 51-ci Beynəlxalq “Qızıl Portağal” kinofestivalında isə кejissor Kutluğ Atamanın 5 nominasiya üzrə ilin ən yaxşı ekran əsəri seçilmiş “Quzu” filmindəki roluna görə “Ən yaxşı aktrisa” mükafatına layiq görülüb. Onun iki il əvvəl “Gözəl günlər görəcəyik” filmindəki roluna görə eyni mükafatı alandan sonra mətbuata verdiyi müsahibə sənətçinin yaradıcılıq yolunu izləmək baxımından çox maraqlıdır.

- Bakıda doğulmusunuz, Türkiyəyə 11 yaşında gəlmisiniz, Mərmərə Universitetinin kino və televiziya bölümünü bitirmisiniz, Şahika Tekand Studio Oyunçuları studiyasında ifaçılıq təhsili almısınız. İfaçılığa meyllənməyiniz necə baş verdi?

- Bu yaxınlarda bir müzakirədə iştirak elədim, orada da Zişan Uğurlu bütün tələbələrə bu sualı verdi: “Niyə ifaçılığı seçmisiniz?” Müzakirədəki cavabımı vermək istəyirəm. Dünyanın ən gözəl səs sahiblərindən biri olan Nüsrət Fatih Ali Xan on yaşına qədər mahnı oxuya bilmirmiş, səsinin necə olduğundan xəbəri yoxmuş. Sonra atasını itirir, yuxusunda da atasının ona “Oğlum, mahnı oxu” dediyini görür. Yas mərasimində qəfildən ağı deyir, bununla da Nüsrət Fatih Ali Xana çevrilir. Təbii ki, mən bunu iddia eləmirəm. Amma sənətlə məşğul olan, ya da müəyyən formada yaradıcılıq işlərin içində olan adamların bu təkanı çox aydın sözlərlə ifadə etmələri heç də asan deyil. Həmişə bu addımı atmalı olduğumu hiss elədim, bunun da müəyyən bir səbəbi yoxdu. Teatr ifaçılığına orta məktəbdə başladım, imtahan kimi hər il bir tamaşa oynayardıq. Liseydə çox dəyərli bir müəllimim - Boğaziçi Oyunçuları teatrından Cüneyd Yalaz vardı. Onun mənə təsiri həddən artıq oldu. Liseydə ifaçılıqla məşğul olacağımı çox dəqiq bilirdim, amma konservatoriyada oxuyub-oxumamaqla bağlı tərəddüdüm vardı.

- Nəyə görə?

- Haluk Bilginərin bir müsahibəsində dediklərilə tamamilə şərikəm: “Tələbələr soruşurlar ki, “İfaçı olmaq istəyirəm, hansı konservatoriyaya gedim?” Mən də onlara deyirəm: “Konservatoriyaya getməyin, onun əvəzinə tarix, fəlsəfə, sosiologiya elmlərini öyrənin”. Müəllimim Cüneyd Yalaz da bu cür düşünürdü. İfaçının konservatoriyada təhsil almaqla müqayisədə roman mütaliə eləyə-eləyə, filmə və tamaşaya baxa-baxa, tarix oxuya-oxuya, fəlsəfəylə maraqlana-maraqlana ifaçılıq haqqında daha artıq biliyə malik olacağına inanırdı. O vaxt çox təsirlənmişdim. Cüneyd Yalazın həyatımda o qədər əhəmiyyətli yeri var ki, konservatoriyada oxumaq istəmədiyimi bilirdim. Yenə də ona yaxın bir təhsil almaq istədim, ona görə də kinonu seçdim.

- Konservatoriyada oxumamağınızın çatışmazlığa səbəb olduğunu hiss eləmədiniz ki?

- Çox hiss elədim. İnsanın nəzəri bilikləri də möhkəm olmalıdı. Nəzəriyyəni, sonra onu unutmaq üçün öyrənirsiniz, amma başlanğıcda mütləq öyrənməlisiniz. Bunu hiss eləməsəydim, elə məktəbə gedəndə eyni zamanda Şahika Tekand Studiyasında məşğələlərə getməzdim. Mən alternativ təhsil formasını seçdim. Yoxsa “Konservatoriya pisdi, ora getməyin” demək fikrində deyiləm. Konservatoriyada ifaçılıq öyrənə bilərsiniz, amma bu sənəti yalnız orada öyrənmək olmaz. Yenə Haluk Bilginərdən sitat gətirəcəyəm: “İfaçlıqla məşğul olmaq velosipedə minməyə oxşayır. Necə olur-olsun, heç kəs sizə velosiped sürmək öyrədə bilməz. Özünüz öyrənməlisiniz, birtəhər, yıxıla-qalxa müvazinətinizi saxlamalısınız”. Tamamilə razıyam, heç kəs sizə yaxşı rəsm çəkməyi və gözəl mahnı oxumağı öyrədə bilməz, texniki vərdişlərinizi formalaşdıran zaman kömək eləyə bilər. Amma bu yalnız vasitədi. Bunu qidalandıransa sizin qəlbiniz, vicdanınız, həyata baxışınız, şəxsiyyətinizdi. Yaxşı-pis saydığımız ifaçılıq da bundan qaynaqlanır. Hər şeydən əvvəl yaxşı insan olmaqla, insan materialı ilə bağlı şeydir.

- İfaçılığa keçməzdən əvvəl qısa filmlər çəkmisiniz, həmin filmlər Berlin kinofestivalı da daxil olmaqla bir çox festivallarda göstərilib, mükafatlar qazanıb. Kamera arxasına qayıtmaq arzunuz varmı?

- Əgər bir gün heç kəs filminə dəvət eləməsə... Arzuladığım xeyli rollar var, amma Türkiyə kino mənasında çox az inkişaf eləyib, hələ bu sektor formalaşmayıb, Türkiyə kimi əhalisinin xeyli hissəsi gənclərdən ibarət olan ölkə üçün ildə 70 film o qədər də nəhəng rəqəm deyil. Dünyada 2000-3000 film istehsal eləyən ölkələr var, müəyyən bir həddi keçən film sayı da bir o qədər artıqdı. Türkiyənin kino sektoru çox məhduddur, həmin sektorda mənim 70 film arasında özümə yaxın saydığım ən çoxu yeddi film olur. O yeddi filmin arasında da bir, ya da ikisində oynayıram. Rol imkanı çox məhduddu. Oxuduğum ssenarilər arasında məni həqiqətən çox cəlb edəcək, ifaçı kimi çox həyəcanlandıran, məcbur eləyən bir şey gəlməsə, hər halda oturub özüm yazaram.

- Arzuladığınız rollar necə rollardı?

- “Yanğın var” filmində tanış olduğum, yaxından dostlaşdığım, kamera arxası görüntüləri lentə alan Erol Mintaş çəkiliş zamanı “Nəsrin, cəlbedicisən, gözəl də oynayırsan, amma səni limon kimi sıxıb suyunu çıxaracaq rollarda oynatmaq lazımdı” demişdi... Deyəsən, həqiqətən limon kimi sıxılmaq istəyirəm. Bəlkə fiziki cəhətdən çətinlik çəkəcəyim şeyləri arzulayıram. Bu yaxınlarda ən çox həsəd apardığım ifa barədə soruşdular. Natali Portmanın adını çəkdim. Çünki balerinanı oynamaq, buna il yarım ərzində gündə səkkiz saat fiziki güc sərf eləyib hazırlaşmaq ağlasığmaz şeydi. Məni də bu cür yoracaq rol istəyirəm, həmin rolu oynayacaq dövrdə olduğumu düşünürəm. Çünki ifaçı bu yaşlarda o sınaqdan keçsə, gələcəkdə böyük sənətçi ola bilər...

- Azəri əsilli ifaçı kimi karyeranıza ilk başladığınız günlərdə, ya da təhsil aldığınız vaxtlarda çətinliklərlə qarşılaşırdınızmı?

- Assimilyasıya olmuş azəriyəm. Ailəmizdə üç nəsil heç kəs azərbaycanca danışmırdı, hamı rusca danışırdı. Türkiyəyə yeni gələndə dil bilmədiyimə görə çox çətinlik çəkdim… Bir az ağır oldu, amma tez öhdəsindən gəldim. İndi “Azəri əsilli Nəsrin Cavadzadə” adlanmaqdan çox sıxılıram. Adamlara qəribə gəlir, soyadım nadir, yaddaqalandı. Amma bu, yadları aranıza çox asanlıqla buraxmamağınızın əlamətidi. Belə şeyi niyə vurğulayırsınız axı? Mən 11 yaşından bəri bu ölkədə yaşayıram. Türk kimi danışıram, heç bir fərqim yoxdu. Bunu Azəri olmaqdan utandığıma görə demirəm. Azərbaycanda türk ifaçı “türk əsilli” adlandırılsa, onun da xoşuna gəlməz. Bu da o biri kimi narahatlıq doğurur, amma, deyəsən, öhdəsindən gəlməyi öyrəndim.

- “Gözəl günlər görəcəyik” filmi “Altın portağal” kinofestivalında “Ən yaxşı film”, “Ən yaxşı ssenari”, “Ən yaxşı rejissor işi” və sizin aldığınız “İkinci dərəcəli rolun ən yaxşı ifaçısı” mükafatlarıyla tanındı. Amma tənqidçilərin çoxu “Ən yaxşı film” mükafatının “Nar” filminə verilməli olduğunu iddia etdilər. Bu tənqidlərə cavabınız nə oldu?

- “Nar” filminə çox baxmamışam. Amma Ümit Ünalı, onun kinematoqrafını da çox sevirəm. Məsələn, “9” filmi ən sevdiyim ekran əsərlərindəndi. Mən Antalyada ilk dəfə yarışmamışdım, əvvəllər “Dilbərin səkkiz günü” lenti ilə də müsabiqədə iştirak eləmişdim. Onda da müsabiqə çox mübahisəli olmuşdu. Çünki o zaman “Üç meymun” filminə görə Kann kinofestivalında almış Nuri Bilgə Çeylan kimi bir rejissora münsiflər heyəti yalnız “Ən yaxşı xüsusi effektlərə görə” mükafatı vermişdi. Mənə də “İkinci dərəcəli qadın rolunun ən yaxşı ifaçısı” mükafatı verdilər. Amma bu o demək deyil ki, yarışan bütün qadın ifaçıların arasında ən yaxşısı mənəm. Bu o deməkdi ki, münsiflər heyətinin fikrincə, ən yaxşı ifaçı mən idim. Başqa münsiflər heyəti tamamilə fərqli nəticələr çıxarardı...

- Əvvəllər “Dilbərin səkkiz günü” filmindəki ifanıza görə də mükafatlar almışınız. Bu dəfə “Altın portağal” kinofestivalında mükafata layiq görülməyinizin sizdən ötrü ayrı bir mənası varmı?

- Bu daha populyar mükafatdı… Mən altı filmdə oynamış, beş mükafat almışam. Bu mükafatın məşhurluğuna görə birdən-birə “Azəri əsilli Nəsrin Cavadzadədə”dən “Altın portağallı Nəsrin Cavadzadə”yə çevrilmişəm. Əslində, çox gülməlidi. Təbii ki, həyəcanlanırsınız, almaq istəyirsiniz, bu barədəsə düşünmürsünüz. Həyəcanlandıran şeydi, amma gəldi-gedərdi. İndi başqa şeylər eləmək istəyirəm. Əsas təkanverici mükafatlar deyil, “Özümü daha nə qədər çətinliyə sala bilərəm?” sualı olduğuna görə mükafat alanda bircə gecə sevinirəm.

- “Altın portağal” mükafatınızı almaq üçün səhnəyə çıxanda “Mükafatımı Sovetlər Birliyi dağılandan sonra dünyanın hər tərəfinə dağılmış və yaşamaq uğrunda mübarizə aparan bütün fözəl və tənha qadınlara həsr eləmək istəyirəm” dediniz. Mənə elə gəlir, burada xarakterinizə işarə var.

- Filmdə beş əsas xarakterin bir gündə başına gələn əhvalatlardan bəhs edilir. Həmin xarakterlər bir-birlərilə çarpışırlar. Mənim xarakterim Sovetlər Birliyindən gəlmiş Annadı. Orada doğulub, böyük ümidlərlə İstanbula gəlir, az sonra pis adamların əlinə düşür, fahişəlik eləmək məcburiyyətində qalır. Bu çox tanış əhvalatdı, təkcə Türkiyə üçün yox, Sovetlər Birliyi dağılandan sonra dünyanın hər tərəfinə dağılmış bütün sovet qadınları üçün tanışdı... Amma nəzərdən qaçan bir şey var: həmin qadınlar öz ölkələrində sayılıb-seçilən idilər. İthafım birinin xarakterini yaratdığım həmin qadınlara hörmətimdən idi.

Uyğunlaşdırdı: Nəriman Əbdülrəhmanlı

# 4072 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #