Yanvarın 8-də İranın kino həyatı bir faciəyə qucaq açdı: Tehranla Qum şəhəri arasında yerləşən şəhərcikdə Məsud Dehnəməkinin “Meraca yüksələnlər” filminin çəkilişi zamanı baş verən partlayışda 6 nəfər canını tapşırdı.
Film İran-İraq müharibəsi haqqında olacaqmış və taleyin amansız üzü növbəti dəfə özünü göstərdi: yüzlərlə adam “oğurlayan” gerçək müharibə, illər sonra iştahasını boğa bilməyib, bir filmin əli ilə İran kinematoqrafiyasının qəsdinə durdu.
Kədərli giriş, ayaqları kəsilən polkovnik...
Əslində bu faciəvi hadisə dünya kino tarixində nə birincidir, nə də, sözümü qəribçiliyə salmayın, sonuncu olacaq. Bilmirəm, misal nə dərəcədə uyğundur, amma belə demirlərmi: incəsənət qurban tələb edir! Bu qəbildən olan faciəvi, kuryoz hadisələr Azərbaycan kinosunun tarixində də olub. Könül istər olmasın, di gəl...
Əslində belə faktlar təkcə faciə ilə bitməyib. Vaxtında xoşagəlməz təsiri bağışlasa da, illər keçəndən sonra hadisə şahidləri, lap elə ağızdan-ağıza eşidənlər də xoş xatirə kimi danışıblar, yazıblar. Fikir vermisinizsə, tamaşaçılar da bu hadisələrə qulaq verməkdə maraqlı olublar, diqqət kəsiliblər. Qonşu ölkədən gələn bəd xəbər sual doğurur: görəsən, bizim kinoda rast gəlinən bu cür faktlar çox olubmu? Və bu kimi hadisələrə səbəb nə olub?
Kinorejissor Şeyx Əbdül deyir ki, kinoda bəzən hadisələrin gedişatına proqnoz vermək olmur, hər şey nəzarətdən çıxır. Şeyxin təbirincə desək, belə “ÇP”lərdən sığortalanmaq müşkül məsələdir: “Bizim kino tarixində çəkilişi faciə ilə bitən bir film olub. “Mən ki gözəl deyildim” filminin çəkilişində mən ikinci rejissor, Rasim Ocaqov operator idi. Çəkilişlər Lənkəranda gedirdi. Filmdə Dneprin alınması səhnəsi lentə alınanda, çaya iki qayıq buraxıldı. Birində aktyorlar idi, digərində çəkilişin texniki heyəti. Partlayış səhnəsində zabitin səhlənkarlığındanmı, yoxsa ehtiyatsızlığındanmı deyim, bilmirəm, partlayış baş verdi. Faciə çox böyük idi, o hadisənin təsirindən uzun müddət çıxa bilmədik. Çox istedadlı cavan rejissorumuzu - Ramiz Əliyevi, Arif adlı operatoru və iki əlavə kino işçisini itirdik. Bizə döyüş səhnələrində kömək edən rus əsilli polkovnikin ayaqlarını kəsdilər. Ümumən dörd nəfər xəsarət aldı. Rasim Ocaqov operator kimi filmdən imtina etdi, sonradan başqa tərkib cəlb olundu və filmi rəhmətlik Tofiq Tağızadə başa çatdırdı”.
“Şofer Əhməd”lə Şeyx Əbdülün yumurta əhvalatı...
Rejissor Elxan Qasımovun da xatırladığı ilk hadisə “Mən ki gözəl deyildim” filmi oldu. O əlavə edir ki, filmin çəkilişində xalq artisti Ələddin Abbasov əlindən, Rasim Ocaqov ayağından xəsarət alıb: “Sizi inandırıram, o hadisə bütün heyətə o qədər böyük psixoloji təsir etdi ki, uzun illər özümüzə gələ bilmədik. Xatırlayıram, “Yeddi oğul istərəm” filminin çəkilişlərində məni də sınaq üçün dəvət etmişdilər. Şeyx Əbdül çəkiliş vaxtı atdan yıxıldı. Mən həyatımda ilk və sonuncu dəfə həkimlik elədim. Subay oğlanlar idik, Əbdüllə bir yerdə qalırdıq. Nə isə, onu gətirdik evə. Eşitmişdim, yumurtanı kətan parçanın üstünə yaxıb sınığı sarıyırlar. Dedim, qorxma, eşitmişəm, yumurta sınığı sağaldır. Bir də gördüm, gecə yarısı zarıltı səsi gəlir. Əbdül inildədi ki, Elxan, sənə qurban olum, ölürəm. Yuxu da gözümü çıxarır, deyirəm, Əbdül, döz də, vallah, belə olmalıdır. Demə, sarğını möhkəm sıxmışam, yumurta quruyub, Əbdülün salamat qabırğalarını da sıxıb, ağrıdırmış (Gülür). Həmin filmin çəkilişlərində Həsən Məmmədov atdan düşəndə, ayağı burxulub sınmışdı. Yaxud “Əhməd haradadır” filmində Nərgiz xala maşını saxlayır, mən arxadan ona çatıram. Birdən maşın qabağa yox, arxaya getməyə başladı. Nərgiz xalanı oynayan Nəcibə Məlikova tormozu basa bilmədi, özümü birtəhər çatdırıb maşını saxladım. Birdən Nəcibə xanım üstümə qışqırdı ki, “yekə adamsan, bu nə hərəkətdir, ayağımı qırdın”. Truppa tökülüşüb gəldi, Nəcibə xanımı başa saldılar ki, maşın bir az da arxaya getsəydi, yolun kənarına aşacaqdı. Onda 18 yaşım vardı, əməlli-başlı qəhrəmanlıq elədim (Gülür). Belə hadisələr çox olub, amma hamısını xatırlamaq olmur, yaddan çıxan o qədər şey var ki...”
“Təhminə”nin yoxa çıxmaqlığı...
Əməkdar incəsənət xadimi, “Azərbaycanfilm” kinostudiyasının baş operatoru Kənan Məmmədov xatirələrini saf-çürük etməkdən ötrü düz bir gün vaxt istəyir. Səhər işə çatar-çatmaz telefonda görkəmli operatorun səsini eşidirəm və sevindirici xəbər: “Saat ikini gözləyə bilmədim, diktofonu qoş, danışaq”. Qulaq verin, görün, nələr olub: “Deməli, “Atları yəhərləyin” filmini çəkirik. Xatırlayırsınızsa, orda Qaçaq Nəbinin kənd camaatı ilə görüşdüyü səhnə var. Bax, həmin səhnəni Şamaxının Göylər kəndində çəkmişik. Şahmar Ələkbərovla Həsən Turabovun “arvad məsələsi” dialoquna hazırlaşırdıq. Projektorları dağın başına daşıyanda, sürücü bir az lotuluq eləməyə başladı. Dedim, lazım deyil, sözümə baxmadı. Bir də gördük, maşın üzü dərəyə tərəf götürüldü. Sürücü canını birtəhər qurtarsa da, maşının hər təkəri bir tərəfə yuvarlandı. Bu hadisə Şahmar Ələkbərova çox pis təsir elədi. Üstəlik, dağ yeri olduğuna görə təzyiq üzündən rəhmətliyin səhhəti də qaydasında deyildi. Təsəvvür edin, kənd camaatını yığmışıq, Həsənağa Turabov çəkilişə hazırdır, birdən Şahmar özündən getdi. Aləm dəydi bir-birinə. Turabovla düşdük kəndə, həkim çağırdıq, Şahmara bir iynə vurandan sonra özünə gəldi. Bu dəfə həkim iki ayağını bir başmağa dirədi: çəkilişi dayandırın, xəstəni mehmanxanaya yerləşdirmək lazımdır, yoxsa peşmançılıq ola bilər. Şahmar dedi, elə şey yoxdu, kəndin camaatını işindən-gücündən etmişik, bir az özümə gəlim, çıxıb rolumu oynayacağam. Yarım saat çəkmədi, Şahmar meydançaya çıxdı ki, mən hazır. Filmə baxanlar təsdiq edə bilərlər: Şahmar öz rolunun öhdəsindən necə peşəkarlıqla gəldisə, heç elə bil, yarım saat əvvəl huşunu itirən adam bu deyildi”.
Tamaşaçının hələ də maraqla baxdığı, bəzi dialoqları az qala zərb-məsələ çevrilən (sənə zərb-məsəl deyirəm e: “tələsmə, Zaur, tələsmə”) “Təhminə” filminin başı bəlalı olub. Lap az aşın duzu olmayan “zavallı” Təhminənin özü kimi. Meral Konratın qarnından pambıq topası tapılmasından, Fəxrəddin Manafovun qəza keçirməyinə qədər. Kənan Məmmədov deyir ki, çəkdiyim 26 filmin içində belə bəlalısı olmayıb. Qoy, özü danışsın: “Bu film Azərbaycan kinosunun son iyirmi illik tarixində ən gözəl filmlərdən biridir və fəxr edirəm ki, ekran əsərinin operatoru məhz mən olmuşam. Çəkilişlər gedəndə, rejissor Rasim Ocaqov bərk xəstələndi, sonra infarkt keçirdi. Həkimlər demişdilər, istirahət lazımdır. Ona görə işlər iki-üç ay təxirə salındı. Deməli, çəkilişlərin qızğın vaxtıdır, dekorasiyalar qurulub ki, Zaurun “ütü düzəltmə” səhnəsi çəkiləcək. Hamı gəlib çıxdı, Meral Konratdan başqa. Meral o vaxt köhnə “İnturist”də qalırdı, ona xüsusi otaq ayrılmışdı. Dalınca maşın göndərdik, gəlib dedi, otağında yoxdu. Rasim Ocaqov bərk əsəbiləşdi: necə yəni yoxdu, biz onu gözləyirik, harda olsa, tapın gətirin. Sürücü bir də getdi, əli ətəyindən uzun qayıtdı ki, yoxdur da, neynim? Düşdük əl-ayağa. Birdən xəbər gəldi ki, Təhminə xəstəxanadadır. Fəxrəddinlə Ocaqov getdilər tibbi komissiyanın yerləşdiyi binaya. Görüblər, Meralı uzadıblar çarpayıya, professor da deyir: bu saat əməliyyat lazımdır. “Təhminə” də ayağını yerə dirəyib ki, məni bu saat İstanbula göndərin. Sən demə, bir il əvvəl Meral Konratı İstanbulda əməliyyat ediblər, pambıq topası yaddan çıxıb qalıb bunun qarnında. Bir ilə pambıq qarında çürüyüb, irin verib, bu da bizim bəxtimizdən, düşüb çəkiliş vaxtına. Həkim dedi ki, hökmən əməliyyat olunmasa, bu saat öləcək. Nə isə, o vaxt “Zaman” qəzetinin türk redaktoru vardı, Meralı başa salıb ki, başqa əlacımız yoxdur, əməliyyata hazır olmalısan. Pambığı “Təhminə”nin qarnından çıxardılar, təmizlədilər, sonra göndərdilər İstanbula. 20 gündən sonra qayıdıb gəldi, çəkilişi davam etdirdik. Tərslikdən filmin sonuncu səhnələrindən birində yenə başımız bəla çəkdi. Zaur “Volqa” ilə gedəndə bir maşın keçir, şübhələnir ki, Təhminə həmin maşında idi. Mərdəkan yolunda biz gözləyirik ki, Fəxrəddin qabaqdan dönüb gəlsin, birdən möhkəm səs eşidildi. Fəxrəddinin maşınını vurmuşdular, ayağı möhkəm əzilmişdi. Xəstəxana, iynə-dərman - film yenə təxirə salındı. Növbəti çəkilişdə mənim oturduğum maşınla Fəxrəddinin maşınının arasında 10-12 metr məsafə vardı. Qəfildən bir su maşını ortadan keçdi. Bir az tez olsaydı, “Zaur”un maşınını, gec olsaydı, mənim olduğum maşını əzib keçəcəkdi”.
Kənan müəllim Goranboyda lentə alınan “Fəryad” filmindən də yadda qalan bir hadisəni bizimlə bölüşdü. Bunu onun dilindən yazmıram, özüm nəql eləyim, operatorla sağollaşaq. “Fəryad” filmini xatırlayın: Ceyhun Mirzəyev kolluqların, ağacların arası ilə qaçır, az qala qorxudan, həyəcandan ürəyi ayağının altına düşəcək. Operator görür, Ceyhun qəfil yerə yıxıldı. Özünü çatdıranda, onu qan içində görür. Məlum olur, iki kolun arası ilə nazik polad məftil çəkib, aktyor sonralar deyirmiş ki, bir göz qırpımı gec görsəydim, məftil başımı üzəcəkdi. Və son: “O məftili bizim heyət icazəsiz ora çəkə bilməzdi. Bunu kənar adamlardan kimsə qəsdən eləmişdi”.
“Dolu”da qanqaralıq, ucuz market kartonları...
Azərbaycanda istehsal olunan “Qara Volqa”, “Cavad xan”, Rusiya istehsallı “Tələbə”, “Qraf Krestofski”, İran kinematoqraflarının çəkdikləri “Məleykələr” filmlərində iştirak edən kaskadyor Əli Məmmədov hesab edir ki, kino çəkilişləri zamanı rast gəlinən bütün faciələrin əsas səbəbkarı peşəkar olmayan insanların işə cəlb olunmasıdır: “Həmişə rejissorlara, operatorlara deyirəm ki, işini bilməyən adamı meydançaya buraxmayın. Kimsə pul qazanmaqdan ötrü başqasının həyatına faciə gətirir. Öz təcrübəmdən deyə bilərəm: əzilmişəm, zədə almışam, amma böyük peşmançılıq olmayıb. Məsələn, “Dolu” filminin çəkilişində ayağımı sındırdım. Təsəvvür edin, 25 ildir bu sənətdəyəm, heç vaxt belə halla qarşılaşmamışdım. Bu hadisə də tələskənlik üzündən oldu. Küçədə döyüş gedirdi, silahlar atılırdı, adamlar ora-bura qaçırdı və mən tullananda köməkçi vasitənin birinin ayağı açılmadı. Yerə möhkəm dəydim. Sonradan rejissor Elxan Cəfərov o səhnəni filmə salmadı ki, sənin ayağın sındı, biz dostuq, o kadrı çıxardım. Hətta sizə deyim, o səhnə ssenaridə yox idi, istədim keyfiyyətli iş alınsın, o da tələskənlik üzündən belə oldu”.
Əli Məmmədov əlavə edir ki, film çəkilişləri zamanı baş verən faciələrin səbəbi çox vaxt büdcəyə qənaət üzündən olur. Hətta İranda rastlaşdığı bir faktı da bölüşür: “İrana dəvət etmişdilər. İşlə tanış oldum və dedim ki, eyni ölçüdə olan karton qutular lazımdır. Məlum oldu ki, onlar bir az artıq pul xərcləməyin dərdindən mağazalardan müxtəlif ölçülü qutular alıblar. Çəkilişdən qəti imtina etdim: qutular gəlməsə, mən layihədə iştirak etməyəcəyəm. Yaxud bir filmin çəkilişində gəmidə partlayış olmalı idi, yaradıcı heyət peşəkar xilasedicilər çağırmaq istəmirdi. Onları inandırdım ki, bu onlarsız mümkün deyil. Bu hala bizim yeni filmlərdə də rast gəlinir. Əgər büdcə imkan vermirsə, filmin keyfiyyəti aşağı olur. Kaskadyorun Hollivud və Azərbaycan səviyyəsi olmur. Fərq yalnız texniki təchizatın səviyyəsində ola bilər”.
Gedin, kinonuza baxın...
Və nəhayət, növbə çatdı sonuncu həmsöhbətə. Şamil Süleymanov aldı görək, nə dedi: “Papaq” filminin hamam səhnəsini lentə alanda, kinostudiyanın təhlükəsizlik şöbəsi aləmi qatdı bir-birinə. Dedilər ki, elektrik xəttinə gör, orda nizamnaməyə uyğun nəzarət olunacaq. Rejissor Cahangir Mehdiyev fikrə gedəndə, ikinci rejissor - Əbdürrəhim bəy Haqverdiyevin bacısı oğlu Əşrəf Mamayev dedi ki, qoy nə istəyirlər, eləsinlər. Doğrudan da, o səhnə ciddi nəzarət altında çəkildi. Sonradan Əşrəf müəllim “Mən ki gözəl deyildim” filminin tarixçəsini mənə danışdı. Sən demə, uzun illər sonra o partlayışda yerində olan bir aktyor yenə həmin məkanda başqa filmə çəkiləndə, öz saatını tapıb. Təsəvvür edirsinizmi, bu nə deməkdi, insan həmin an nə hisslər keçirə bilər? Nə isə, qanqaraldıcı şeylərdən danışmayaq. Məmmədrza Şeyxzamanov həmişə deyərdi ki, “Bəxtiyar” filminin qonaqlıq səhnəsini çəkəndə, qara kürünü çörəyin üstünə yaxmışdım, məcbur olub kadrı yeddi-səkkiz dəfə çəkdilər. O biri aktyor da əlinə turp götürmüşdü. Onun turpdan zəhləsi gedirdi, mənim də qara kürüdən. Amma əlacımız nədir, yeddi-səkkiz dəfə yedik. Yaxud “O olmasın, bu olsun” filminin qonaqlıq səhnəsində dava düşür, boşqabları keçəlin başına vururlar. Həmin qabları xüsusi hazırlayıbmışlar, amma sən demə, boşqabın biri saf çıxıb, yazıq keçəlin başını yarmışdı”.
P.S. Sağ olsun, yazıda xatirəsini bölüşən iki sənətkarı bizə xalq artisti Oqtay Mirqasımov nişan verdi. Ki: “Bilirsiniz, mən belə hadisələri yadımda saxlamıram. Məclisdə, çəkilişdə az danışıram, daha çox fəlsəfi, dünyəvi əhvalatlara özümü kökləyirəm. Siz Şamillə Kənanı danışdırın, onlar dəryadırlar, nə istəsəniz, danışacaqlar”. Yorulan oxucu haqqını halal eləsin, biz ancaq onunla fəlsəfi və dünyəvi sağollaşa bilərik: bu kino ki var... Ardını özünüz bilirsiniz. Di, xoş seyrlər, gedin, bu kinolara bir də baxın...
APA. Cavid Zeynallı.