44 günlük müharibə ilə bağlı film təklifi: 44+1

44 günlük müharibə ilə bağlı film təklifi: 44+1
15 dekabr 2020
# 17:56

Tanınmış yazar Orxan Bahadırsoy və rejissoru Asif Abramov İkinci Qarabağ Müharibəsi haqqında 44+1 bölümlük serial çəkilişləri üçün ictimaiyyətə müraciət edib.

Yaradıcı gənclərin Kulis.az-a verdiyi məlumata görə, ssenarinin annotasiyası, sinopsisi və “teaser”i (tanıtım ssenarisi) hazırdır. Əsərin ekranlaşdırılması üçün maliyyə dəstəyinə, texniki dəstəyə, sponsor dəstəyinə ehtiyac duyulur.

Müraciətdə deyilir:

“İlkin və ümumi məlumatları Azərbaycan ictimaiyyəti ilə bölüşür, layihəyə dəstək olmaq istəyən şəxs və qurumlarla tərəfdaşlıq edib əsəri ekranlaşdırmaq niyyətindəyik.

Əsər 44 gün davam edən İkinci Qarabağ Müharibəsi haqqında yazılmış və 44-günü təmsil edən 44 bölümdən, üstəlik, qələbəni təmsil edən 1 final bölümündən ibarətdir. 44+1 bölümlük ssenaridə müharibənin həm hərb meydanındakı, həm də sivil vətəndaşların məişət həyatındakı dəhşətləri, insanların müharibə ilə bağlı iztirabları, ağrıları, itkiləri, eyni zamanda, toplumun bir amal uğrunda birləşməsi, mübarizəsi, əzmi, ləyaqəti təsvir olunur.

Süjet Şuşada doğulan, ömrü boyunca üç qanlı müharibə görən, bu müharibələrin hamısında qurbanlar verən, əzizlərini itirən, 81 yaşlı müdrik ahılın – Vaqif babanın ağrılı həyat hekayəsi üzərində qurulur. O, İkinci Dünya Müharibəsində atasını itirib, Birinci Qarabağ müharibəsində isə oğlunu və həyat yoldaşını itirib, ona qalan tək doğmasını – qızını götürərək, çox sevdiyi, doğulub boya-başa çatdığı Şuşadan məcburi köçkün düşüb. Daha sonra 2016-cı ilin aprel döyüşlərində kürəkənini itirən Vaqif baba qızını və iki nəvəsini özü ilə saxlayır.

İndi isə yaşı etibarı ilə cəbhədə döyüşə bilməyən Vaqif baba, heç bir şey etməməyi də mənəvi dünyasına sığdıra bilmir. O, düşmənə qarşı öz cəbhəsini yaradır və bütün varlığı ilə öz haqq savaşına atılır. Bu yolda Vaqif baba ağır sınaqlardan keçir. O, uzun illər boyunca düşmən münasibətində olduğu ailə ilə dostlaşır – çünki onun üçün indi sadəcə bir düşmən var. Eyni zamanda, o, özünü terrora məruz qalan mülki ərazilərdə, dağıntıların içindəki sivillərin arasında tapır. Və nəhayət, Vaqif baba gələcəyə miras qoyduğu xəzinə kimi dəyərləndirdiyi tək varisini – 18 yaşlı nəvəsi Amini cəbhəyə yola salır.

Bu yolda Vaqif baba öz naməlum dostu ilə dərdləşir, iztirablarını yalnız onunla bölüşür. Gənc bir Yazıçı ilə tez-tez məktublaşan və ara-sıra görüşən Vaqif baba öz mənəvi ağrılarını yalnız Yazıçıya izah edə bilir. Bir-birindən fikirlərinə görə kəskin fərqlənən bu iki ayrı nəslin nümayəndəsini mənəvi ağrılar, həyata və insana əxlaqi münasibət, ruhi saflıq birləşdirir.

Bununla yanaşı, əsərdə Poladın, İlqarın, Aminin timsalında cəbhədə döyüşən hərbçiləri və əsgərləri, qaziləri və şəhidləri, Muradın timsalında müharibə boyunca erməni terrouna məruz qalan və yuvalarını, əzizlərini itirən sivilləri, Nurayın, Harunun timsalında müharibənin məsum uşaqlarını, Simarənin, Şərəfin, Validənin timsalında müharibənin nigaran və pərişan analarını, Günayın, İlahənin timsalında sevgililərinə həsrət qalan və intizar çəkən qadınları, Vüqarın, Humayın, Seymurun timsalında televiziya və internet dünyasının informasiya müharibəsini və texnologiya əsrinin fikir müharibəsini, nəhayət, Yazıçının timsalında müharibənin sənətsəl incəliklərini, ictimai-mədəni tarixdəki rolunu görürük.

Əsər həm də müharibənin hər günündə baş verən brifinqləri, ölkə başçısının çıxışlarını, xəbər və reportajları, dünya mediasındakı təhlilləri, işğaldan azad edilən ərazilərin azad edildiyi tarixə müvafiq siyahılarını, Türkiyənin, İsrailin, Pakistanın informasiya müharibəsindəki və mənəvi dəstəyini, Türkiyə müxbirlərinin, operatorlarının cəbhə bölgəsindəki informasiya müharibəsi naminə əməklərini, Türkiyənin məşhur sənət adamlarının Azərbaycan xalqının yanında olması ilə bağlı dəstək mesajlarını özündə ehtiva etdiyi üçün sənədlilik əhəmiyyəti daşıyır və bu, müharibə həqiqətlərinin tarixi əbədilik qazanması üçün əhəmiyyətli məsələdir.

Nəticədə, 44+1 bölümlü ssenari ilə sentyabr ayının 27-dən noyabr ayının 10-a qədər davam edən müharibə haqqında Azərbaycan dövlətinin mövqey və maraqlarına uyğun formada, tariximiz üçün əhəmiyyətli olan və hərbi sirrə zidd olmayan hadisələri, məlumatları bədii və sənədli üslubda əbədiləşdirmək, müxtəlif insanların həyatında müharibənin təsirlərini dolğun və aydın göstərmək, bunu hadisənin baş verdiyi zamandan gələcək nəsillərə tarixi və mədəni miras kimi saxlamaq niyyətindəyik.

Bu işdə bizə dəstək olmaq istəyən şəxs və qurumlar öz təkliflərini [email protected] ünvanına göndərə, dəyərləndirmək üçün ssenarinin annotasiya və sinopsisini tələb edə bilərlər. Layihənin həyata keçirilməsi üçün maliyyə dəstəyi və texniki dəstək göstərmək istəyənlərlə və sponsorluq təklifi edənlərlə şərtlər müəyyənləşdikdən dərhal sonra ekran əsərinin çəkilişlərinə başlanılacaqdır.

Qeyd edək ki, ekran əsərinin ssenari müəllifi Orxan Bahadırsoy, rejissoru Asif Abramovdur. Əsər bu qanlı müharibədə həyatını itirən bütün şəhidlərə, sağlamlığını itirən qazilərə, bu məşəqqətli günlərdə cəbhədə olan bütün döyüş iştirakçılarına, terrora məruz qalmış və həyatını itirmiş günahsız qurbanlara, onların doğmalarına, müharibənin ağır fəsadlarından əziyyət çəkən hər kəsə və Azərbaycanın qələbəsinə həsr olunur.”

# 3548 dəfə oxunub

Müəllifin son yazıları

# # #