Dilimizdə ilk dəfə: “İtmiş zamanın axtarışında” – MƏTN

<span style="color:red;">Dilimizdə ilk dəfə:  “İtmiş zamanın axtarışında” – <span style="color:red;">MƏTN
7 may 2018
# 13:30

Əvvəli burda

Kulis.az dahi fransız yazıçısı Marsel Prustun 6 cildlik “İtmiş zamanın axtarışında” romanının “Svana doğru” bölümünün birinci hissəsini hər birinci gün təqdim edəcək. Məqsəd azərbaycandilli oxucuda əsər haqqında ümumi təsəvvür yaratmaqdan ibarətdir. Mətn yazıçı-tərcüməçi Zahid Sarıtorpaq tərəfindən rus dilindən çevirilib və "Xəzər" jurnalında çap edilib.

Əgər şam yeməyindən sonra nənəm bağda gəzib dolaşırdısa, onu evə ancaq bir şey çəkib sala bilərdi: onu, kiçik qonaq otağının işıqlı pəncərəsi hünü kimi cəlb edirdi, orada üstü mahud örtüklü stolun üstündə tünd içkilər vardı, o, növbəti dəfə dövrə vurub pəncərənin ağzına çatanda böyük xalamın səsi eşidildi: "Batilda! Ərinə konyak içməyi qadağan et, barı!" Əslində isə nənəmi hirsləndirməkdən ötrü (o, atamın ailə üzvlərindən kəskin fərqlənirdi, onu hamılıqla dolayır, təngə gətirirdilər) bacısı tünd içkilər içmək qadağan olunmuş babamı azacıq da olsa içməyə özü təhrik etmişdi. Yazıq nənəm otağa girincə ərinə yalvardı ki, konyak içməsin; o, acığından bir qədəh də olsa içdi və nənəm kədərlənərək dalğın halda otaqdan çıxdı, amma üzündə təbəssüm vardı, çünki o qədər həlim və mülayim idi ki, yaxınlarına sevgisi, qəlbinə toxunanları və özünü unutmaq bacarığı üzündə ancaq təbəssümlə ifadə olunurdu, bir çoxlarının təbəssümlərinin tərs üzündəki istehza onun özünə aid idi, bizə isə gözləriylə öpüş göndərirdi, onda zərif hisslər oyadanları baxışlarıyla aramsız olaraq oxşayırdı.

Böyük xalamın ona verdiyi işgəncə, onun bihudə yalvarışları və zəif xarakterli olduğuna görə indi məğlubiyyətə düçar olması və boş yerə babamdan qədəhi almağa cəhd göstərməsi baş verən elə təzahürlərə aid idi ki, sən onlara vərdiş edirsən, əvvəl-axır onları gülüşlə izləyirsən, burada, xüsusilə heç bir təqib olmadığına özünü inandırmaqdan ötrü, hətta sevinc dolu bir ovqat içində onu gözümçıxdıya salanın qətiyyətlə tərəfində də durursan; amma o zaman bütün bunlar məndə elə güclü ikrah hissi yaratmışdı ki, mən məmnuniyyətlə böyük xalamı döyərdim. Bununla belə, biz böyüklər hamılıqla ədalətsizlik və haqsızlıq görəndə özümüzü necə aparırıqsa, "Batilda! Ərinə konyak içməyi qadağan et, barı!" sözlərini eşidəndə, mən də artıq ağciyər bir kişi kimi hərəkət etdim: onlardan üz çevirdim; ağlamaqdan ötrü yuxarı, lap tavanın altındakı, süsənlərin qoxusuna bürünmüş, hasar daşlarının arasında bitən qara qarağatların açıq pəncərəyə doğru uzanan çiçəkləmiş budaqlarının ətriylə dolmuş kiçik otağa çıxdım. Daha çox maraqsız şeylərçün xüsusi nəzərdə tutulmuş, içindən baxanda gündüz hətta Rusenvil-le-Pen qəsrinin qülləsi görünən bu otaq, mənə uzun müddət sığınacaq kimi xidmət göstərdi, təbii, mənim içəridən qapını bağlamaq hüququm vardı, sarsılmaz tənhalığın tələbinə tabe olurdum: yəni orada oxuya, arzulaya, həzz ala və ağlaya bilirdim. Heyhat! Bilməmişdim ki, mənim gələcəyimi düşünərkən nənəmi daha çox ürəyinə saldığı iradəsizliyim və zəif sağlamlığım kədərləndirir, nəinki ərinin yol verdiyi əhəmiyyətsiz dərəcədə rejiminin pozulduğu; o, başını yana əyərək və yuxarılara baxa-baxa gündüz də, axşam da aramsız olaraq bağda gəzişir və indi, qocalığında bənövşə rənginə çalan, payız şumuna bənzəyən qırışlı qəhvəyi yanaqları, soyuqdan, ya qəmli düşüncələrdən ixtiyarsız göz yaşları axan, axıb da dərhal quruyan gözəl üzü havada oynayan duvağı altında gah görünür, gah da yox olurdu.

Yatmağa gedərkən özümə təsəlli verirdim ki, yerimə girəndən sonra anam məni öpməyə gələcək. O isə, mənimlə vidalaşmağa elə qısa müddətə gəlirdi və elə tez gedirdi ki, öncə onun pilləkənlərdən eşidilən addım səsləri, sonra da mavi muslindən olan, həsirdən hörülü qısa ipləri sallanan yay donunun iki qapı arxasındakı dəhliz boyunca həzin xışıltısı qəlbimdə ağrılı əks-səda verirdi. Məndən aralanıb gedəndə, pilləkənlərlə enəndə, onları bir daha eşidim deyə bu xışıltı və addım səsləri sanki bir az da artıb-çoxalırdı. Mən, çox sevdiyim bu vida anımızın bir qədər uzun sürməsinə üstünlük verirdim, anamın belə gec gəlməsini istəmirdim. Bəzən o məni öpərək artıq qapını açmağa yönələndə, istəyirdim onu çağırım və "məni bir də öp" deyim, amma bilirdim ki, inciyəcək; çünki kədərimə və həvəsimə güzəşt edib məni öpməyə gələrkən və mənə dinclik gətirən öpüşlər bağışlarkən, bunu mənasız bir ayin hesab edən atamda qıcıq oyadırdı, bu üzdən anam çalışırdı ki, mən bu istəyimdən, bu vərdişimdən əl götürüm, hər ehtimala qarşı, qapıdan çıxmağa hazırlaşarkən onu geri qaytararaq özümü bir daha öpdürmək kimi aludə olmaq istədiyim vərdişimə artıq rəvac vermək istəmirdi. Bir sözlə, yuxu ayini oxuduğum zaman gəlişini duyaraq yatmağa qüvvə toplayım deyə, bir neçə saniyə öncə sevgiylə çarpayıma əyilib sanki ruhumu müqəddəs bir rahatlığa qovuşdurmaq üçün üzünü mənə yaxınlaşdırmasyla gətirdiyi dincliyi belədə incik görkəmiylə pozurdu. Bununla belə, şam yeməyinə qonaq gözlədikləri vaxt otağıma qalxa bilmədiyi ilə müqayisədə, anamın bir dəqiqəliyə yanıma gəldiyi axşamlarda xoşbəxt olurduq. Ötəri gələnləri nəzərə almasaq, adətən qonağımız Svan olardı; demək olar ki, Kombredə o, yeganə qonağımız idi, hərdən bir qonşu kimi şam yeməyinə gələrdi (bu, onun uğursuz evliliyindən sonra tez-tez baş verirdi, belə ki, mənim doğmalarım onun arvadını qəbul etmirdilər), bəzən də təsadüfən şam yeməyindən sonra təşrif buyurardı. Biz axşam çağı evin yanındakı hündür şabalıd ağacının altında, dəmir masanın ətrafında oturarkən, bağın o başından zınqırovun asta və cingiltili səsi gəldi, onları bir dəfə hərəkətə gətirdikdə öz aramsız, cansız səslənişiylə ev adamlarının qulağını dəng edərdi, odur ki, ailə üzvlərimiz içəriyə zəngsiz girərdi, amma qonaqlar üçün qoyulan zəngin ürkək, qızıl ahəngli səslənişi ikiqat eşidilincə, özümüzə: "Qonaqdı! Kim ola bilər axı?" sualını verdik, əslində bunun ancaq Svan ola biləcəyi hamıya məlum idi: böyük xalam bizə örnək olmaq istəyilə, bəlkə də gərək olmayan bir tərzdə bərkdən danışırdı ki, biz pıçıldaşmağımızı kəsək, çünki bu, qonağa münasibətdə böyük nəzakətsizlik idi, çünki onun barəsində xısınlaşdığımızı düşünüb özünü təhqir olunmuş sayardı, nənəmi isə, gələnin kimliyilə bağlı soraq gətirməyə göndərdilər, o isə, bir daha bağdan keçəcəyinin sevinci içində bu təklifdən xoşlandı və yolüstü bundan istifadə edərək, ana öz balasının bərbər sığal vermiş saçlarını qarışdırıb təbii görkəm verdiyi kimi, qızılgül kollarına öz görünüşlərini qaytarmaq üçün diblərindən üsulluca dayaqları çıxarıb onları qaydaya saldı.

Biz gələnin kimliyi haqda nənəmizin gətirəcəyi xəbərdən, yəni dodaqlarından qopacağı sözlərdən asılı qalmışdıq, sanki üstümüzə bütöv bir işğalçı qoşunun hücumu vardı, bir az sonra babam: "Mən Svanın səsini duyuram" dedi. Doğrudan da, Svanı ancaq səsindən tanıdıq; onun donqa burnu, yaşıl gözləri, böyük alnı, Bressan kimi daradığı[1] kürənə çalan sarışın saçları – bütün bunlar çətin görünürdü, çünki biz hünüləri cəlb etməyək deyə zəif işıqda, alaqaranlıqda oturmuşduq və o an mən fikirləşmədən süfrəyə meyvə şərbətləri verilməsini bildirmək üçün getdim, nənəm süfrəyə meyvə şərbətlərinin müstəsna hallarda – yalnız qonaqlar gələndə, onlara görə verildiyi barədə təəssürat yaranacağından qorxurdu, ona elə gəlirdi ki, qonaq meyvə şərbətini masanın üstündə görsə daha münasib olar. Aralarındakı böyük yaş fərqinə baxmayaraq, Svan babamla – atasının ən məhrəm adamıyla dostluq edirdi, atası həm misilsiz, amma həm də qəribə bir insan idi: ürəyinin çırpıntısı boş bir şey üstündə hər an dayana bilərdi, düşüncələri yarımçıq qalardı. Babam süfrə arxasında, mənim yanımda bir ilin içində bir neçə dəfə ata-Svan haqda eyni şeyi danışmışdı, onun ölməkdə olan arvadından gecə-gündüz ayrılmadığını, öləndə özünü necə apardığını söyləmişdi. Babam çoxdan onu görmürmüş, odur ki, Svanların Kombre yaxınlığındakı malikanələrinə tələsir, orada ölmüş qadının tabuta qoyulması məqamında göz yaşlarını tökən dostunu ölümün hakim kəsildiyi otaqdan dilə tutaraq çıxarmağa müyəssər olur. Onlar günəşin zəif işıqlandırdığı park boyunca gəzişirmişlər. Birdən Svan babamın əlindən yapışaraq ucadan səslənir: "Ah! Mənim köhnə dostum! Bu ecazkar gündə birlikdə gəzməyimiz necə də xoşdu! Doğrudanmı siz bu gözəlliyi – ağacları, yemişanı, hətta mənim qazdığım və gözünüzün ucuyla da baxmadığınız axmazı görmürsüz? Siz gecə kimi tutqun və qaşqabaqlısız. Necə gözəl meh əsdiyini hiss edirsizmi? Nə deyirsən de, həyatda yaxşı şeylər çoxdu, mənim mehriban Amedeyim!" Bu zaman arvadının öldüyü yadına düşdü, görünür, bu məqamda sevinməyin necə mümkün olduğu barədə düşüncələrində dərinə getməmək barədə qərara gəldi, hər dəfə çətin bir məsələylə üzləşəndə etdiyi hərəkətlə kifayətləndi, yəni əlini alnına çəkdi, gözlərini sildi və gözlüyünü təmizlədi. O, arvadına iki il dözmüşdü və bütün bu dövrdə çarəsiz qalmışdı, bununla belə babama: "Qəribədi! Bədbəxt arvadım haqda tez-tez fikirləşirəm, amma uzun müddət fikirləşə bilmirəm" deyə etiraf etmişdi. "Bədbəxt qoca Svan kimi tez-tez – amma uzun müddətə yox" ifadəsi babamın sevimli məsəlinə çevrilmişdi, o, bu deyimi cürbəcür məqamlarda işlədirdi. Mən qoca Svanın müdhiş olduğu qənaətinə meyilliydim, amma dünyada ən ədalətli hakim bildiyim, mühakimələrinə görə gözlərimə qəbahətli görünənləri bağışladığm və hökümləri mənim üçün qanun olan babam mənə etiraz etdi: "Nə danışırsan! Onun qızıl kimi ürəyi vardı!"

Uzun illər boyunca, xüsusilə də, evlənənə qədər, mərhum Svanın oğlu Kombredə tez-tez olurdu, nənəmin, babamın, xalamın ağlına da gəlməzdi ki, o, öz ailəsinin çevrəsindəki tanışlarla əlaqələrini kəsib, məşhur qulduru öz yanlarına buraxmış bu sadəlövh mehmanxana sahibləri heç nəyə şübhə etmədən özünü bizə qondarma soyadla təqdim etmiş birisinə qonaqpərvərlik göstərirdilər, belə ki, Svan Jokey-Klubun ən munis üzvlərindən biriydi, Paris qrafının[2] və Uels şahzadəsinin[3] yaxın dostuydu, Sen Jerminski məhəlləsinin[4] arzu olunan qonağıydı.

Svanın parlaq kübar həyatı barədə xəbərsiz qalmağımız, əlbəttə, bir qədər onun təvazökarlığı və qapalı olmasıyla, həm də o zamankı meşşanların özləri üçün hindli cəmiyyəti örnəyi təsvir etməsiylə izah olunurdu: yəni onlara elə gəlirdi ki, cəmiyyətləri qapalı silklərə bölünür, bu cəmiyyətin hər üzvü lap doğuluşlarından orada valideynləriylə eyni yeri tuturlar və həmin yerdən onları başgicəlləndirici mənsəbə çatmaq kimi nadir təsadüf olunan bir hal və ya gözlənilməz bir nikah deyilsə, daha yüksək silkə qaldırmağa heç nə qadir ola bilməz. Ata Svan birja dəllalıydı; törəmələri ölən günlərinəcən qazanclarına görə, vergi cədvəllərindəki kimi, eyni rəqəmlər arasında vurnuxmağa məhkum olan bir silkə mənsub idi. Atasının tanışlıqları bəlliydi, buna uyğun onun da mövcud tanışlıqları məlum idi; "münasib" olaraq kiminlə dostluq etməsi də bilinirdi. Əgər onun başqa cür əlaqələri olurdusa da, ailəsinin köhnə dostları, məsələn, mənim doğmalarım buna daha çox matahla, həm də barmaqarası baxırdılar, çünki o, yetim qalandan sonra daim bizdə olurdu, bir sözlə, mərc gəlmək olardı ki, həmin naməlum şəxslərə bizim yanımızda baş əyməyə cəsarət etməzdi.

Davamı var


[1] Bressan kimi daradığı... – "Fransız komediyası"nın aktyoru Jan Bressan saçı dibdən vurdurub başın qabaq tərəfində pırpız tüklər saxlamağı dəbə salmışdı.

[2] Paris qrafı – Lüdovik-Filipp-Albert Orleanski; o, taxta iddialı olduğu üçün 1866-cı ildə Fransadan sürgün edilmişdi.

[3] Uels şahzadəsi – ingilis taxt-tac varisinin titulu; söhbət kraliça Viktoriyanın ölümündən sonra 1901-ci ildə taxta çıxmış oğlu VII Eduarddan (1861-1910) gedir.

[4] Sen Jerminski məhəlləsi – Parisin aristokrat məhəlləsi

# 1529 dəfə oxunub

Müəllifin son yazıları

# # #