Taksimdə quşlara dən səp – YENİ ŞEİRLƏR

Taksimdə quşlara dən səp – <span style="color:red;">YENİ ŞEİRLƏR
5 iyul 2016
# 12:16

Kulis.Az şair İlham Qəhrəmanın yeni şeirlərini təqdim edir.

Zəhranın şeiri

Dimdiyə alıb gətirir

Beşiklərdə evə payı, -

Bütün paylardan şirindi

Leyləklərin nəvə payı.

Ürəyimin özəyidi,

Sevgimizin də lalası.

Qanadın bərk olsun, leylək,

Kimin var belə balası?!

Cincilimim, quşəppəyim,

Quzuqulağım, kişnişim.

Noğulum, şəkərim, nabatım,

Qax qurusu, kişmişim.

Dədəsinin ürək qutu,

“Ciççi!” desəm gülüb gedər.

İki dədəsi evinə

Sevgisini bölüb gedər.

“Ağlasam” könlümü alır,

Bilir hər “əməli” balam.

Dədə sənə şeir yazır,

Şeiri yeməli balam.

Arxa gələn siftə sutək

Əvvəli iməyə getdi,

Dalınca “datde” eylədi

Nənəyə “köməyə” getdi.

Əlini ovcumda tutsam,

Ruhum tez qaçar ovcuma.

Süzülər süd şirinliyi

Körpə əlindən canıma.

Cincilimim, quşəppəyim,

Quzuqulağım, kişnişim.

Noğulum, şəkərim, nabatım,

Qax qurusu, kişmişim.

25.05.2016

Səni düşünmək

Səni düşünürəm, səni haçandır...

Bir acı söz söylə xətrimə dəysin,

Bir acı söz söylə qəlbimi sındır.

Mən səni sevdimsə, əl çəkməyəcəm

Mən sənə vurulsam, vermərəm məhəl

Zəhləni tökəcəm hər axşam, səhər.

Bir sevən gördünmü heç yanılmaya,

Bir ürək gördünmü qapısı olsun,

Kimsə gəlib döyə açan olmaya?!

Ağlına da gəlməz, xəbərin yoxdu,-

Sənin işləklərin öldürür məni,

Gözümün altında göl durur mənim.

Ağlına da gəlməz hansı ürəkdə

Axşamı salmısan, gecələmisən,

Bir tanrı bəndəsin gic eləmisən.

Bir Allah şahiddir bu yer üzündə

Sevginin ən bədbəxt girinci mənəm,

Sevgidən dərd gəlsə, birinci mənəm.

Sən elə qəddarsan, elə zalımsan,

Yiyəli bir mülkə köç eləmisən,

Tövbəli ürəyə güc eləmisən.

Məni nə günlərə qoyubdu canın...

Mənə nə etmisən – barmağım azdı,

Deyərəm... demərəm... hayıfdı canın.

Mənim vurulmağım çox ağır olur,-

Ağır keçirirəm qızılca kimi,

Məni sevən qadın qan-bağır olur.

Səni düşünürəm, səni haçandır...

Bir acı söz söylə xətrimə dəysin,

Bir acı söz söylə qəlbimi sındır.

Bir acı söz denən qırılım gedim,

İlan qabığından, qılınc qınından

Sıyrılıb çıxantək sıyrılım gedim.

07.06.2016

Mənzərə janrında

Telli balam, məhəllədə

İtlərin sananan qabırğası

güzəranımızın bəyanı,

Pişiklərin çıxan donqarında

üz qaramız dolanır.

Bilən bilir - məmləkətdə

toxun acdan xəbəri yoxdu.

Gülzada qarıdı cehiz ucundan,

Qasım evlənmir ki, ev yeri yoxdu.

Harda zalımlıq var, telli balam,

orda nə ayparası var,

nə də ki, xaç var.

Su maşınları duran yerdə

suya tamarzı ölən ağac var.

Telli balam, İlahi ədalət

tək Əzrayıl sağolmuşdadı –

heç kəs umsuq olmayacaq,

Şərbətindən hamıya pay düşür.

İlahi ədalət də kimə lazımdı?!

O gələn kimi kəndə vay düşür.

10.06.2016

Sevgisi dəniz

Günəş səndən doğur,

ay səndən yanır.

Səndən yağış yağır,

səndən qar tökür.

Həyətdə gilənarım var,

o da səndən çiçəkləyir,

səndən bar tökür.

Çəpərdəki qaratoyuğun

avazında havalanarsan,

Bu yaz bir sirrini də açdım -

pəncərəmdə tənəklə

qol-boyun olarsan.

Anamın köynəyimə tikdiyi

dua kimi gözün üstündədi hər an,

Ürəyim gəlməz,

bu sevgiyə qıymaram.

Saçıma çəkdiyim daraqda,

Qürurla baxdığım bayraqda

görünürsən.

Bütün gözəlliklərdə

yer eləmisən,

Şairə nə lazımdı –

hər yeri, hər şeyi şeir eləmisən.

Sən olan yerdə nə dərd olar?!

Sən sevgisi dənizimsən,

Mən səndə qərq olmuşam

Kim belə bəxtəvər qərq olar?!

11.06.2016

***

Könlüm evi mömindi,

sevgidi qibləsi

Sən bir gülsən,

ürəyim gül ərbəsi.

11.06.2016

Bilməsin

Bu günlər ölmək istəmirəm, -

Ona bir söz dedim cavab vermədi,

Mənim dilimdə “gəlsin” bitdi,

onun dilindən qıfıl götürülmədi

yolumu kəsdi “gəlməsin”.

Birdən ürəyinə salar,

dərdindən öldüyümü bilməsin.

12.06.2016

İkimiz üçün yer

Duraq bu yerlərdən ayaq götürək,

Gedək gözlərimiz tutan bir yerə,

Gedək könlümüzə yatan bir yerə.

Bütün idmiləri buraxaq qalsın,-

Getməsin bir qanun, bir tabu biznən,

Bir bəndə çəkməsin hesabı biznən.

Doğmadan ayrılaq, yaddan ayrılaq,

Gilizdən ayrılan güllələr kimi -

Bu bizə qoyulan addan ayrılaq.

Mən orda adını Həvva çağırım,

Sən mənim adıma Adam deyərsən,

Bütün tabulara “qadam!” deyərsən.

Ataq əynimizin paltarını da,

Təzə paltar geyək yarpaqdan, otdan,

Bir adam baxmasın bizə gözaltdan.

Bir qaya altını bəyənək ev tək,

Adəmlə Həvvanın evidi deyib, -

Səliqə-sahman et, o evə əl çək.

Bir çayın ləpəsi döyən yer olsun,

Səhərlər o çaya qarmaq sallayaq,

Axşamlar əyləşib ayaq sallayaq.

Dolanaq quşumuz qonan yer tapaq

Ora bizdən başqa kimsə getməsin

Elə yer olsun ki, alma bitməsin.

Ayrı haramız var, hara üz tutaq?!

Duraq bu yerlərdən ayaq götürək,

Bir ayaq dəyməyən yerə üz tutaq.

18.06.2016

Qudurub çiyninə ağız atasan

(“Acının şəkli” filmi)

Kömür nəmi çəkən kimi

Canın çəkdiyindən acıyar bir gün.

Çəkdiyin canında yuva eyləyib,

Dişini üstünə qıcıyar bir gün.

Hava bağlayarsan, havan çatışmaz

Yediyin-içdiyin dönər zəhərə...

Günlərin bir günü

ya dəli, ya havalı kimi

durub girərsən şəhərə.

Bir cındırlı pir misallı,

cır-cındır geyib əyninə,

Hərdən qudurmuş vəhşitək

ağız atarsan çiyninə...

Başlayar şəhərin hoydu-hoydusu -

Kim ağaca əl atar, kim basar daşa,

Haşa söyləyərlər - səndən min haşa!

Hər kəs barmağıyla tuşudub səni -

Qısqırdar üstünə bütün itləri.

İtlər yer-yerdən cumar üstünə,

Bir adam deməz ki, tutun itləri.

Bu it bəs kimin itidi,

dişləri belə itidi -

çənəsində gör bir neçə “xəncəri” var?!

Görərsən dalınca düşən itlərin

hamısının boynunda zənciri var.

Qaranəfəs qaçan yerdə

Eşidilməz - kim nə dedi, nə danışdı.

İtlər səmtinə çatanda

görərsən hamısı tanışdı, -

Bu dişin qıcırdan qanığınacan,

Bu zəncir gəmirən əniyinəcən.

Bir dalanda bərk qorxarsan,

Sonra sevinərsən – sən durdun,

şükür, itlər də yavaşıdı!

Görərsən bu itlərin zəncirini

tutan düzmə düzənlər başıdı.

...Yaxında biri dayana,

əlində də kamerası...

“Nə baş verir?” - deyənlərə

deyə ki, “film çəkilir.”

Bir başqası da qayıda –

film yox, zülüm çəkilir.

28.06.2016

Quşların gündüz küçəsi

“Ata, Taksimdə quşlara dən səp”.

Oğlum Nicat

1.

Dəyirmana gedən dəni,

Taksimə göndərən oğlum.

Dən səpmişəm dənlənirlər,

Quşlardı yan-yörəm, oğlum!

Mərhəmət sevgi çətridi,

Ondan gələn gül ətridi.

Sən göndərdin mən gətirdim,

Allahdı dən verən, oğlum!

Sığınarlar koğuşlara,

Bala girər ağuşlara.

Hardan gəldi dən quşlara,

Bildilərmi görən, oğul?!

2.

Taksim bir görüş yeridi,

Quşların “kənd ortası”dı.

İstanbulun bu meydanı

Onlara Haqq butasıdı.

Gecə düşməmiş uçarlar,

Səhərlər yenə gələrlər.

Yenərlər adam içinə,

Taksimdə dənə gələrlər.

O papıllı, bu kəkilli,

Bu cücə də beçəsidi.

Nazlanıb gəzən quşların

Taksim gündüz küçəsidi.

Oğlum göndərən sovqatı

Səpib yemlədim quşları.

Bir ovuc dənin başına

Yığıb cəmlədim quşları.

18.09.2015

Təbriz

Telli balam, Təbriz boyu

dolanbaclar, döngələr...

Təbriz desəm, xəyalıma

bir naçar bağban gələr.

Telli balam, o bağban

bağında yolu tutar,

unudar yolağı tutmaz.

İllərdi körpə zoğlardan

bir ağaca calaq vurar,

calağı tutmaz.

2.

Təbriz bizə nə çəkdirdi

bir Allah bilir, telli balam.

Təbriz dilimə gələndə

əlim dizimə gəlir, telli balam.

Təbriz dərdimiz bir oddu -

çox şair canı yaxdı, telli balam,

Qırağı qat kəsmiş xalça kimidi -

açanı yoxdu, telli balam.

Qolubağlılar ağzıbirdə

şərqisini deyər, oxuyar duasın,

Təbriz dərdimizin ən gözəlidi -

bəzək yerinə divardan asın.

Telli balam,

Təbriz üçün biz kişilər

həm ölüdü, həm də sağdı,

Təbrizdən məktub alarsan

oxuyub görərsən ağdı.

Telli balam,

Fələk oğlu Fələk olsam,

mən yağmaram, daş tökərəm.

Təbriz yadıma düşəndə

bir yumaram, beş tökərəm.

18.11.2015

# 1159 dəfə oxunub

Müəllifin son yazıları

# # #