Minlərlə qadının zorlandığı müqəddəs şəhər: Yerusəlim

Minlərlə qadının zorlandığı müqəddəs şəhər: <span style="color:red;">Yerusəlim
17 may 2018
# 17:42

“Yerusəlimin tarixi dünyanın tarixi deməkdir”. Məşhur araşdırmaçı yazar Saymon Sebaq Montefiorenin “Yerusəlim” kitabı bu cümləylə başlayır və belə davam edir:

“Bir vaxtlar bu şəhər dünyanın mərkəzi hesab edilirdi. Amma bu gün bu şəhərin hər zaman olduğundan daha çox dünyanın mərkəzi olması həqiqətə uyğundur”.

Gerçəkdən də elədir, müəllif çox düzgün təsbit edib.

Artıq neçə min ildir ki, Yerusəlim bəşər sivilizasiyasının ən qədim yaşayış məskəni olmaqla yanaşı, dünyanın ən mübahisəli şəhəri statusu ilə tanınır.

Şəhərin ətrafında ehtirasları qızışdıran son hadisə isə ABŞ-ın yeni prezidenti Donald Trampın Yerusəlimi İsrailin paytaxtı kimi tanıması oldu.

Trampın bu qərarı onsuz da közü heç vaxt qorlanmayan ocağın üstünə neft tökdü. Monrefiorenin “Yerusəlim” kitabı isə şəhərin keçmişi, milli-dini icmaları, əldən-ələ keçməsi, burada hökmranlıq etmiş tarixi şəxsiyyətlərə dair mühüm və təfərrüatlı bilgilərin məcmusudur.

“Bu şəhər səmavi dinlər arasındakı mübarizənin mərkəzi, getdikcə məşhurlaşan xristianlıq üçün məbədgah, yəhudi və islam fundamentalizminin, toqquşan sivilizasiyaların strateji döyüş meydanı, ateizm və inanc arasındakı cəbhə xətti, dünyəvi cazibənin maraq mərkəzi, .... həmçinin dünyanın 24 saat davam edən xəbər vaxtı kameraları üçün işıqlandırılmış səhnədir”, - kitabda oxuyuruq.

Yəqin ki, Yerusəlimi bu qədər əsrarəngiz və mübahisəli, eləcə də müqəddəs edən tarixən dünyəvi dinlərin mərkəzi olmasıdır. Ən azı dörd dinin baş məbədgahı bu şəhərdə yerləşir. Bir zamanlar bura bütpərəstliyin də beşiyi olub. Hazırda isə Yerusəlim öz bağrında iudaizm, xristianlıq, islam kimi dinlərə mənsub icmaları, eləcə də bu dinlərə daxil olan xeyli sektaya aid konfessiyaları barındırır.

Bu baxımdan Yerusəlimdən söz gedərkən “bu şəhərin əzəli sahibi kim olub” və “bu şəhər əslində kimə məxsus olmalıdır” kimi suallara dürüst, hamını qane edən cavab yoxdur. Yerusəlim orada yaşayan bütün insanların – dinindən, dilindən, rəngindən, milliyyətindən asılı olmayaraq hər bir bəşər övladının şəhəridir.

Əslində Montefiorenin bu kitabı insanlara deyir ki, eramızdan min illərlə əvvəl mövcud olan Yerusəlim bu zaman ərzində dəfələrlə əldən-ələ keçibsə də, yüz dəfələrlə sahibi dəyişilibsə də, heç kəsə qalmayıb – nə bir imperiyaya, nə bir firona, nə bir diktatora, nə də hansısa sülaləyə.

Kitab bu şəhər haqqında dünya və region ölkələrinin arxivlərində, kitabxanalarında mövcud olan yüzlərlə yazını, tarixi oçerki əhatə edir və bir çox sirləri açığa çıxarır, gizli mətləblərə işıq tutur.

Oxucu bu əsəri ayıq başla oxuduqca tarixi şəxsiyyətləri bütləşdirməyi, müqəddəsləşdirməyi sevən və bacaran qədim insanların faciəsini, çarəsizliyini aydın şəkildə dərk edir.

Yerusəlimin də tarixi qanla yazılıb. Bu şəhərin torpağının hər bir qarışına insan qanı hopub. İnsan oğluna edilən zülmlər bu şəhərdə öz apogeyinə çatıb. Məsələn, kitabda oxuyuruq: “Şəhər həmin vaxt bir-biri ilə mübarizə aparan üç sərkərdə arasında bölünmüşdü. Yəhudi sərkərdələri əvvəlcə Məbəd sarayında mübarizə apardılar və bu mübarizə sonradan qanlı savaşa çevrildi. Nəticədə şəhər talan edildi. Onların döyüşçüləri də sahiblərinin yolunu davam etdirirdilər. Onlar varlı qonşu məhəllələrdəki evlərə basqın edir, kişiləri öldürür, qadınlara təcavüz edirdilər. Bu onlar üçün əyləncə vasitəsi idi... Yerusəlim “dözülməz murdarlıq”, “fahişəxana” və “işgəncə yuvası”na çevrilmişdi. Bununla belə, o, müqəddəs şəhər olaraq qalırdı”.

Təsəvvür edin, minlərlə günahsız insanın vəhşicəsinə öldürüldüyü, minlərlə qadının zorlandığı şəhər yenə də müqəddəs sayılırmış.

“Yerusəlim” kitabının ana fəsillərinə diqqət edək: “Yəhudilik”, “Bütpərəstlik”, “Xristianlıq”, “İslam”, “Səlib yürüşləri”, “Məmlüklər”, “Osmanlılar”, “İmperiya”, “Sionizm”...

Şəhər, hərəsi bir neçə əsr, bəzən isə daha çox çəkən bu dövrlərdən keçib. Müəllif bütün bu dövrlərdə Yerusəlimdə baş verən bütün hadisələri əhatə etməyə çalışıb və ortaya dolğun, sırf həqiqətə söykənən əsər qoyub.

Kitabın ən maraqlı yerlərindən biri də bizim “müqəddəs peyğəmbərlər” hesab etdiyimiz adamların gerçək tarixi şəxsiyyətlər, adi, öləri bəndələr, dünyəvi həzlərdən imtina etməyən, əksinə, onları elə bu dünyadaca bolhabol dadan insanlar olduğunu ortaya qoymasıdır. O peyğəmbərlər sadəcə uzun müddət Yerusəlimdə hökmranlıq edən padşahlar olublar və hüdudsuz səlahiyyətlərinin nəticəsində öz ətraflarında toxunulmazlıq, müqəddəslik haləsi yarada biliblər.

Məsələn, İsraildə indinin özündə də məşhur peyğəmbərlərdən sayılan Davud əvvəlcə qoçaq döyüşçü olub, savaşlardan birində o, Qolyat adlı nəhəng və məğlubedilməz düşmən döyüşçüsünü öldürüb, şöhrəti ərşə qalxıb. Bundan sonra onun rütbəsi və vəzifəsi artırılıb, dövrün padşahının oğlu ilə dost olub, padşah qızını ona verib, sərkərdə edib və axırda Davud dövlətin başına keçib.

Ancaq sonradan bu “müqəddəs insan”ın yol verdiyi əmələ baxın: “Bir axşam Davud öz sarayının damında dincəlirdi. O, yuyunan bir qadın gördü və qadın çox gözəl idi”.

Məlum olur ki, Batşeba adlı bu qadının əri Uriya adlı sərkərdədir və hazırda uzaqlarda savaşır. “Müqəddəs Davud” qadını yanına çağırtdırır və onunla yatır. Qadın hamilə qalır. Davud bu işi ört-basdır etmək üçün onun ərini yürüşdən gətirdib evinə göndərmək istəyir ki, uşağın əsl atası bilinməsin. Uriya evinə getmir, Davud isə onu qızğın müharibə gedən yerə göndərir və Uriya orada öldürülür. Batşeba da Davud peyğəmbərə qalır.

Yaxud Davudun oğlu, tarixdə “quş dili bilən Süleyman”, “uzun ömürlü Süleyman” (“Süleymana qalmayan dünya kimə qalacaq” zərb-məsələnin qəhrəmanı) kimi qalan peyğəmbər haqqında oxuyuruq: “Onun hərəmxanasında 700 arvadı, 300 kənizi vardı”.

İşə baxın, bu “müqəddəs peyğəmbər” də min qadının sahibi olub. Bu cür müqəddəslərin əmri ilə minlərlə gənc kişi döyüş meydanında öldürülür, bacıları, qızları, arvadları isə hökmdara qalırmış.

“Yerusəlim” kitabında bu cür yüzlərlə əsl, çılpaq həqiqətlərin təsviri yer alıb. Hərəsi haqqında bir abzas yazası olsaq, çox uzun alınar.

Belə kitabları oxumaq ona görə faydalıdır ki, oxucu həqiqətləri bilir, “müqəddəs” hesab edilən şəxsiyyətlər haqqında gerçəkləri öyrənir və “şanlı keçmiş” haqqında illüziyalara qapılmır. “Dünyanın düz vaxtı” deyilən epoxa heç vaxt olmayıb.

Müqəddəs şəhər uğrunda qırğın davam edir.

Tuncay Yusifoğlu

P.S. Kitab “TEAS-Press” nəşriyyatında Azərbaycan dilində çap olunub.

# 1349 dəfə oxunub

Müəllifin son yazıları

# # #