Sabah Şuşaya gedəcəm – Orxan Fikrətoğlu yazır...

Sabah Şuşaya gedəcəm – Orxan Fikrətoğlu yazır...
24 noyabr 2017
# 13:42

Kulis.az Orxan Fikrətoğlunun yeni yazdığı “Əbədi yol” hekayəsini təqdim edir.

Sabah Şuşaya gedəcəm. Samir “xaşa” çağırıb. Xanımım iki gündür deyinir: “Xaş sənin harana yaraşır? Ağzına bir tikə çörək qoyan kimi başlayırsan toyuq kimi qaqqıldamağa. Sənin fərli mədən var? Xaşı arağnan yeyərlər. Sən də içdin heç nə. Olursan dəli. Özün bil! Xəstələnsən, sənə baxan deyiləm!”

Arvaddır da. İşi-peşəsi deyinməkdir. Qoy nə qədər danışır, danışsın. Danışıb yorulanda pal-paltarımı səliqə ilə yığışdırıb qoyacaq yol çantama. Falçı Pəriyə dua yazdırıb tikəcək göy pencəyimin astarına. Sonra da doqqazda oturub geri dönənə qədər yolumu gözləyəcək.

Gör neçə ildir Şuşanı görmürəm. Xaş bəhanədir. İstəyim ora getməkdir. Dağların təmiz havasını ciyərlərimə çəkməkdir. Meşələrdə səsim çıxdıqca bağırmaqdır. Samir üçün də darıxmışam.

Xaş dadlı alınsın deyə Samir ayaqları mütləq Ağcabədi bazarından alacaq. Aran heyvanı kəklik otu yeyir deyə dadlı olur axı. Samirin işi allaha qalıb, vallah. O qədər vasvasıdır ki. İşi həngamədir. O, biçarə ayaqları Samir əvvəlcə üç dəfə isti su ilə yuyacaq. Sonra torpaqla salavatlayacaq. Ondan sonra öz əlləriylə ocağın üstündə bir dəfə də ütüb atacaq südlə yuduğu qazana. Düz iki gecə uşaqlar yatandan sonra o yazıq ayaqları qaynadacaq. Sonra qaynayan suyu süzgəcdən süzüb yenidən tökəcək qazana. Bir sözlə o ayaqları ayaq olduğuna peşman edib sonra rahatlanacaq. Elə buna görə də Samirin xaşına xaş çatmır da. Onun xaşı adnandı. Mədəm ağrısa da o xaşın dadına baxacam. Üstündən Teymur kişinin Qıraq Müşlanda öz əliylə çəkdiyi tut arağından da doyunca vuracam.

Şuşalıların zarafatından yoxdu. Mən belə zarafatı heç yerdə görməmişəm. Bir də gördün xaş qazanını oğurlayıb apardılar. Qaldın ac. Ya qəfil kim isə lüt soyunub başladı göbək rəqsi oynamağa. Orda adamı söyüş də tutmur. Orda adam ağrı nədir bilmir. Bakıda götürmədiyin söyüşü orda götürürsən. Heç vecinə də olmur. Oranın halı o qədər yumşaqdır ki, adam hirslənmək belə istəmir. Elə istəyirsən o gözəlliyin içində əriyib itəsən. Bir kənarda oturub adamlara baxasan. Arvadın qulağından iraq, hər dəfə Şuşaya gedəndə bir qadına vuruluram.

Allah haqqı düz deyirəm. Elə belə ha. Ağlıma pis fikir gətirmədən. Eləcə uşaq kimi bir gözəl tapıb uzaqdan-uzağa onu sevirəm. Seçib vurulduğum qadın da bunu o dəqiqə hiss edir. Bicliyim yoxdu ha. O dəqiqə ürəyimdəki çıxır üzümə. Sirrimi bildirirəm. Sevgimi gizlədə bilmirəm. Çox keçmir o qadın da başlayır dingildəməyə. Duyuq düşüb tərpəşir. Uzaqdan-uzağa naz qəmzəylə mənə baxır. Onun da ürəyindən pis fikir keçmir ha. Elə belə, “gizildəmədən” başqa heç nə. Nə bilim başlayır qızıl dişləri ilə yaylığının ucunu dişləməyə. Saçlarını açıb kürəyinə tökməyə. Lak tuflilərini təmizləməyə. Bütün bu adi nazlanmalardan hər dəfə bilirsən nə qədər saflanıram. Nə qədər təmizlənirəm .Duruluram? Nə var e bu şəhərdə?

Girmişik it damına. Deyirik ki, evimiz-eşiyimiz var. Nə olsun ki, dam altındayıq. Yaşayırıq bəyəm? Sevgimiz yoxdur e, sevgimiz. Sevgisiz də adam olar? Hanı Bakıda lak ayaqqabı geyinib safcasına saçlarını kürəyinə tökən o çatmaqaş qızlar? Ya rus dilində bilməyə-bilməyə rus dili müəlliməsi işləyən qızıl dişli qadınlar? Burda belə adamlar varmı? Burdakılar nə dilini desən bilirlər. Amma sevgiləri yoxdur, ölüb. Burda sevgini sevgidən danışa-danışa öldürdülər. Sevən danışmaz. Şuşa başqa haldır. Oranın inəkləri də muğam üstə böyüyür. Xaş bəhanədir. Aş da. Lap elə bu başda. Şuşa üçün darıxmışam. Gör bir neçə il olar ora getmirəm.

Səhər arvad arxamca su atanda: “Çatanda mənə zəng eləyərsən ha” - dedi. “Baş üstə” - deyib mühərriki işə saldım.

Bərdəyə qədər maşını birnəfəsə sürdüm. Bərdə qaymağından xoşum gəlir deyə şəhər bazarının qarşısında maşını əylədim. Şüşələri qırıq, toz-torpaqlı çayxanada şirin çayla iki-üç qaşıq qaymaq yeyəndən sonra Şuşaya səmt dəbərdim.

Nəhayət dördə on-on beş dəqiqə işləmiş Şuşaya çatdım. Samir məni şəhərin girəcəyində qarşıladı. Öpüşüb görüşdük. Gözləri doldu. “Hamı yığışıb. Səhərdən xaşla birlikdə səni də “yeyirik”. Nə gec gəldin, ay kişi?! Dilimə bir damcı da olsun araq vurmadım ki, səni evə ayıq ikən çatdırım!”

Samiri görəndən ağlayırdım. Kövrəlmişdim, neynəyim. Gör neçə ildir görüşmürdük.

Hərə öz maşınına əyləşdi. Samirin evinə tərəf sürdük. O, atası ilə bir həyətdə yaşayırdı. Təmiri köhnə olsa da evləri pis deyildi. Əslində bütün şəhər Samirin qohumlarıydı. Hansı evin qarşısında dayanırsan dayan, ya darvazasından içəri keç, səni canla-başla qarşılayacaqdılar.

Gözlərimə inanmadım. Bütün şəhər məni qarşılamağa çıxmışdı. Gör haçandı onları görmürdüm. Bir xeyli ayaq üstü hal-əhval tutduqdan sonra içəri keçdik. Məclisin “baş ayaq” vaxtıydı. Yaşıl çəmənliyin üstündə boş araq şüşələri dəstə-dəstə “çiçəkləmişdi”. Kabab iyi xanlığa qədər yayılmışdı. Daş döşəmə üstə üç cərgə miz düzülmüşdü. Üçünün də arxasında yaxşıca keflənmiş dost aşnam oturmuşdu. Məni görən kimi ayağa qalxıb: “Xaş korlayan gəldi!” - qışqırdılar. Bir-bir hamısı ilə öpüşüb görüşdüm. Daha içmək lazım deyildi. Dostlarımın ağız suyundan keflənmişdim. Məni görməklərinə elə ürəkdən sevinirdilər ki. Hamısı da gözəl, cavan və sap-sağlam idi. Gözləri bulaq kimi qaynayırdı. Sinələri sevdalı, biləkləri gələcəyə gəriliydi.

Bu qonaqlığı bir-iki inəyin ayağı ilə yola vermək olmazdı. Yəqin Samir “bütün aranın” inəklərini ayaqsız qoymuşdu. Diri inəklərin ayaqlarını da Əhəd doxtura kəsdirmişdi. Mizə yaxınlaşıb içi araq dolu çappa stakanı əlimə götürdüm. Dostlarım ayağa qalxıb sözümə tərəf boylandılar.

“Allah bu inək ayaqlarını bizə çox görməsin! Vallah mən sizinlə birlikdə inəyin hər zadını yeyərəm!” - dedim.

Dostlarımın şaqqanağı dağları silkələdi. Doyunca güləndən sonra bir ağızdan “Sən yeyərsən” - deyib arağı başlarına çəkdilər.

Beləcə üç gün, üç gecə o “xaşı” yedik.

Dördüncü gün səhər yarıkefli, yarıyuxulu Bakıya tərəf tərpəndim. Bu sarsaq işim olmasaydı, vallah heç geri dönməyəcəkdim. Bərdəni keçəndə xatırladım ki, üç gün Şuşada olsam da oranı əməlli-başlı görmədim. Başım xaşa qarışdı. Görəsən, Şuşanın havası necəydi? Dağları, dərələri təravətini saxlamışdımı? Xarı bülbülü yenə bitirdimi? Saf gülüşlü qadınları, fidan baxışlı qızları, çatmaqaş oğlanları, iri gözlü nənələri yenə salamlı-kalamlıydılarmı? Geriyə dönməyə vaxtım olmadığı üçün gəzməyi gələn səfərimə saxladım. Samirin hələ o qədər xaş qonaqlığı olacaq ki.

Evə gec çatdım. Qadınım qapının doqqazında durub gözləyirdi. Maşından düşən kimi üstümə cumub boynuma sarıldı.

Pıçıltıyla: “Şükür ki sağ-salamat qayıdıb gəldin!” - dedi.

“Mənə nə olacaqdı ki?” - soruşdum. Sözümü ağzımda qoyub “Sənə deməmişəm, bu halda maşın sürmə! Yol xatadır axı, sənə qurban! Dərmanlarını da içməmisən! Həm də keflisən!” - pıçıldadı. “Mən kefli zad deyiləm” - qışqırdım. Qadınım əl çəkmədi: “Kefli deyilsənsə de görüm neçənci ildir?” - soruşdu.

Fikrə getdim. Qəfil qulaqlarım tutuldu. Kefli olmasam da doğurdan da yaşadığımız ilin neçənci il olduğunu bilmirdim. Zamanı çaşdırmışdım, nədir? Görəsən, haçan Şuşaya xaş yeməyə getmişdim? Samir indi hardadır? Axı bu gün səhər onun evindəydim. Maşınımın mühərriki də hələ soyumayıb!”

# 1420 dəfə oxunub

Müəllifin son yazıları

# # #