Elvin Mirzəyev: “Əli və Nino” mənim həyatımı dəyişdirib”

 Elvin Mirzəyev: “Əli və Nino” mənim həyatımı dəyişdirib”
7 mart 2014
# 15:34

Bu yaxınlarda maraqlı bir televiziya filmi ekranlara çıxacaq. Məşhur “Əli və Nino” romanı əsasında çəkiləcək eyniadlı teleserialın rejissoru və layihə rəhbəri Elvin Mirzəyevdir.

Kulis.Az serialın rejissoru ilə müsahibəni təqdim edir.

- Elvin bəy, bildiyimizə görə hazırda “Əli və Nino” layihəsi üzərində işləyirsiz. Onu da bilirik ki, Azərbaycan səhnəsində Əli obrazının ilk ifaçısı olmusuz. Sizdə bu əsərə belə böyük maraq hardandı?

- Əvvəla, onu deyim ki, bu roman 1935-ci ildə Avstriyada, bu günədək kimliyi müəmmalı qalan Qurban Səid tərəfindən yazılıb. Əsərin müəllifi ilə bağlı 4 versiya mövcuddur. Birinci versiyaya görə, müəllif Lev Nissembaum adlı Bakı yəhudisidir. İkinci versiyaya görə, əsərin müəllifi bizim görkəmli yazıçımız Yusif Vəzir Çəmənzəminlidir. Əsl cəfəngiyat kimi qəbul etdiyim üçüncü versiyaya görə, əsərin müəllifi hansısa avstriyalı boronessa Elfri da fon Ehrenfelsdir. Dördüncü versiyaya görəsə, son zamanlar bu versiya gürcülər tərəfindən irəli sürülür, əsər gürcü mənşəli yazıçı Rıbakidzeyə məxsusdur.

- Alman dilində yazılıb bu əsər?

- Bəli, əsər Avstriya ləhcəli alman dilində yazılıb. İlk dəfə 1937-ci ildə Vyana şəhərində nəşr olunub. Özünü Elfri da fon Ehrenfels kimi təqdim edən bir qadın həmin əsəri Avstriyadakı nəşriyyata gətirib, nəşriyyat əsəri bəyənib və çap etmək qərarına gəlib.

Müharibə illərində bu roman bir müddət unudulub, 60-cı illərdə isə yenidən üzə çıxıb, ingilis dilinə tərcümə olunub və 1 milyonluq tirajla satılıb. Sonradan bu roman ABŞ-da böyük oxucu rəğbəti qazanıb. Bundan sonra artıq 33 dilə tərcümə olunaraq 60-dan çox ölkədə çox böyük tirajla satılıb.

2012-ci ildə biz “Əli və Nino” tamaşası ilə Moskvada keçirilən möhtəşəm “Qızıl maska” festivalında iştirak etdik və orda öyrəndik ki, sən demə 2008-2009-cu illərdə “Əli və Nino” romanı Moskva şəhərin də ən çox satılan romanlar siyahısında yer alıb. “Əli və Nino” romanı bu günədək də sevilir.

Mən bu romanı oxuyan elə bir adam tanımıram ki, özünü Əlixan kimi düşünməsin. Qəribədir ki, həmin adam ingilis də ola bilər, fransız da, türk də, gürcü də, amerikalı da!

“Əli və Nino” qafqazlılar, yaxud ümumi Qafqaz və Birinci Dünya Müharibəsi, ya da dünyanın bölünməsi haqda olsa da, əsas mövzusu azərbaycanlılardır və nə yaxşı ki, azərbaycanlılar haqda belə möhtəşəm roman var.

“Əli və Nino” elə bir məkandır ki, orda bütün münaqişələr, bütün düşmənçiliklər, ədavətlər silinir, bütün sərhədlər aradan qalxır. Orda sən özünü nə şərqli, nə qərbli hesab edirsən. Orda sən kimsənsə, necə varsansa, harda doğulmusansa, hara bağlısansa məhz osan.

Əlixanın belə bir sözü var: “Allah qismət edib, mən bax bu şəhərdə, bu küçədə, bu evdə dünyaya gəlmişəm və Allahdan çox xahiş edirəm ki, elə öz şəhərimdə, öz küçəmdə, öz evimdə dünyadan köçməyi mənə nəsib etsin”. Mənə elə gəlir ki, dünyadakı bütün insanları yalnız bu fikir bir-birinə bağlayır.

Əslində “Əli və Nino” böyük genosid haqqındadır. Belə bir film var: “Şindlerin siyahısı”... “Əli və Nino” belə bir siyahıda olan azərbaycanlıların yer üzündən silinməsi, onların olduğu kimi qəbul edilməməsi haqqındadır. Əlixan indiki İstiqlaliyyət, ovaxtkı Nikolay küçəsinə çıxanda orda Nino adlı bir qız gördü. Əslində Ninonun yerinə Nüşabə də ola bilərdi. Yaxud Ninonun yerinə digər millətdən olan başqa bir qadın da ola bilərdi. Əsas şərt o deyil. Əsas odu ki, Əlixan özünü tapmağa çalışırdı. O zaman Azərbaycan və Bakı şəhəri böyük Rusiya İmperiyasının tərkibində idi və Əlixan Şirvanşir rus gimnaziyasında təhsil alaraq özünü həmin imperiyanın hüdudlarında tapmağa çalışırdı. Amma müəyyən bir mərhələdə Birinci Dünya Müharibəsi başladı... Dünya yenidən bölündü. Dünya bölünəndə insanın özünüdərki başlayır.

O zaman düşünməyə başlayırsan ki, axı nəyə görə mən də bu böyük cəfəngiyatın nümayəndəsinə çevrilməliyəm? Mən o müharibəyə getmək istəmirəm, mənim evimlə müharibə gedən yer arasında dünyanın altıda bir hissəsi qədər məsafə var. Axı mən nə səbəbdən o yerdə gedib ölməliyəm? Allah eləməsin, mənim evimə aid olan bir mübahisə düşsə, bax o zaman mən evimin hərbçisi, qoruyucusu olacağam.

- Ev deyəndə biz təbii ki, öz vətənimizi nəzərdə tuturuq.

- Əlbəttə, doğma torpağımızı, el-obamızı nəzərdə tuturuq. Misal üçün, mən Sovet İttifaqında doğulmuşam. Mən pioner olmuşam. Və mən həqiqətən də Vladimir İliç Leninin böyüklüyünə inanmışam. Mən rus dilində təhsil almışam. Bizim sinfimizdə cəmi 4 azərbaycanlı vardı, qalan uşaqlarsa başqa millətlərin nümayəndələri idi. Mən o mühitdə böyümüşəm, o mühitdə özümü tapmağa çalışmışam. Mən də Əlixan kimi bir insanam. Mənim o zamankı vətənim Vladivostokdan Finlandiya sərhədlərinə qədər idi. Yalnız 14 yaşına çatandan sonra anladım ki, sən demə, mənim vətənim ucu-bucağı bilinməyən SSRİ yox, kiçik Azərbaycandır.

- “Əli və Nino” serialında daha çox hansı məqamlar vurğulanıb tamaşada?

- Qurban Səid adının mənası sevinən qurbandır. Yəni, biz yüksək amallar uğrunda özümüzü qurban verməyə sevinməliyik. Bu bir mərhələdir. Romanda Əlixanın ən yaxın dostu erməni Naxararyandır, amma Naxararyanın satqınlıq, alçaqlıq, çirkin xislət kimi qiymətləndirdiyimiz addımı Əlixanın 5 pillə yüksəyə qaldırdı. İndi yaradacağımız filmin hər bölümünün öz adı var. Naxararyanın ölümündən sonra Əlixanın Dağıstana getdiyi bölümü ayırıb adını “Dağ” qoymuşam. Dağ nə deməkdi?

- Yüksəliş.

- Bəli, biz bunu dərk etməliyik, yüksəlişə getməliyik. Bir tərəfdən belə qəbul etmək olar ki, Əlixan qatildir. Amma axı biz nəyin qatiliyik? Biz özümüzdə, yaxud öz yanımızda nəyi öldürüb daha çox yüksəlməliyik? Mənə elə gəlir ki, burda Naxararyan bir erməni faktoru olaraq əslində iblis qismində çıxış edir və Qurban Səid Naxararyana qalib gəlməklə əslində içindəki iblisə qalib gəlmiş olur. Və onun dağda o yüksəlişə, özünüdərkə gəlib çatdığı andan etibarən Nino onun yanında peyda olur və o, Ninoyla ailə qurmağa müvəffəq olur.

- Bəs Əli xaraktercə necə insandı?

- Əli ilk növbədə xandır. O, əlbəttə həssasdır, xan kimi sevə bilir, xan kimi mərddir, xan olduğuna görə əsgərdir, alicənabdır, bağışlamağı bacarandır. Əlixana romantik demək olmaz. Romantik Romeoydur, o, yalnız Cülyettanı görürdü, qalan şeylərin onunçün əhəmiyyəti yoxuydu. Əlixansa öz evini, vətənini də görürdü. O, Ninonu sevirdi, amma onu yalnız Azərbaycanda, Bakıda sevirdi. Əlixan Ninoya deyir ki, mən səni Parisdə görsəm, bir müddətdən sonra nifrət edəcəyəm. Bu, yalnız Əlixan faktorudur. Ədəbiyyatda ayrı-ayrı personajlara aid edilən müxtəlif psixologiyalar var. Məsələn, Edip komoleksi kimi. Bax, Əlixan da xüsusi bir psixologiyadır ki, onun öyrənilməsi çox vacibdir.

- “Əli və Nino” neçə bölüm olacaq?

- On iki.

- Əsərə vurğunluğunuzdan hiss olunur ki, maraqlı iş olacaq...

- Əlimizdən gələni edəcəyik. Mən öz həyatımı bu işə həsr etmək istəyirəm. Oğlumun adını da Əlixan qoymuşam. Bu roman mənim həyatımı dəyişdirib, həyata baxışımı dəyişdirib. Bu romanı oxuyandan sonra mən azərbaycanlı olmağa başladım. Yəni, əslində doğuluşdan azərbaycanlıyam, sadəcə bu əsər mənə özümü dərk etməyə kömək etdi. Çox xoşbəxtəm ki, həyatımın hansısa mərhələsində bu roman mənim həyatıma daxil oldu və bu serial mənim “Əli və Nino” mövzusunda bir növ son borcumdu. Bu əsərin iki versiyada tamaşasını hazırlamışam, indisə ekran həllini ərsəyə gətirməyə niyyətliyəm. Bilirəm ki, filmin konsepsiyası yalnız məndədi.

- Bir az da serialın istehsalçısı haqda danışaq...

- Hamıya məlumdu ki, prezidentin serialların inkişafı ilə bağlı fərmanı oldu. Bununla bağlı Milli Teleradio Şurasının xəttiylə bu layihənin icrasına başlanıb. Bizim serial da bu layihə çərçivəsində çəkilir. Ancaq mən arzuladığım səviyyədə serial çəkmək üçün daha çox maddi vəsaitə ehtiyac var. Odur ki, imkanı olan təşkilatlardan bu filmi ərsəyə gətirməkdə bizə yardımçı olmalarını xahiş edirik.

Biz Azərbaycanın vizit kartı olacaq bir məhsul üzə çıxarmaq fikrindəyik.

- Aktyor seçimi bitib?

- Aktyorlar seçilir, hazırda kastinq gedir. Bizim böyük heyətimiz işləyir, mən bütün heyət üzvlərinə minnətdaram. Peşəkar insanlarla işləyirəm, gənclərimiz də çoxdur. Biz bu filmi Gürcüstanla müştərək ekranlaşdırmağa qərar vermişik - artıq onlarla danışıqlar aparılıb.

- Nino gürcü olacaq?

- Nino məsələsinə mən bir az qısqanc yanaşıram. Çünki, Tiflisdə yaşayan gürcü xanımı heç vaxt bakılı ola bilməz. Ninonu Bakıda axtarırıq. Nino gürcü mənşəli olsa da, azərbaycanlıdır. Naxararyanı Gürcüstandan dəvət edəcəyik, bu obrazı gürcü aktyoru ifa edəcək. Filmdəki bütün erməni və gürcü rollarını gürcülər oynayacaq.

İranla da əməkdaşlıq edirik. Şəmran sarayında olan fars mənşəli obrazları ekranda canlandırmaqçün iranlı aktyorları filmə cəlb edəcəyik. Yəni romanda cərəyan edən hadisələri, təsvir olunan personajları olduğu kimi ekranlaşdırmağa çalışacağıq.

- Elvin bəy, özünüz bu filmə çəkiləcəksiz?

- Hələ qərar verməmişəm. Amma bizə həqiqətən Əlixan lazımdır. O, təkcə yaraşıqlı olmamalı, bütün varlığıyla həmin obrazın təfəkkürünə malik olmalıdır.

- İnanıram ki, istədiyinizə nail olacaqsız.

- Mənim Bakıda da yaxşı bir tərəfdaşım var. O, bizim layihənin baş prodüseri Rövşən Nəzərli. Yəni, mən tək deyiləm bu yolda, onunla birgəyəm. Biz bu çətin yolun yolçusuyuq və inanıram ki, bu yolu layiqincə başa vuracağıq.

- Flmi təxminən nə vaxta hazır olar?

- Xəzər televiziyasıyla müqaviləmiz var. Oktyabr ayında efirdəyik.

- Az vaxt qalıb.

- 8 ayımız var.

- Sizə uğurlar diləyirik.

- Təşəkkür edirəm.

Rübabə Səməndər

# 4113 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #