Bu romanda Şah İsmayılın həyat yoldaşı Sultan Səlimə əsir düşmür

Bu romanda Şah İsmayılın həyat yoldaşı Sultan Səlimə əsir düşmür
13 iyun 2018
# 12:01

Kulis.az şair-publisit Tapdıq Yolçunun “Mənfi 2-dən 1-i çıxaran əsər” yazını təqdim edir.

Azərbaycan dövlətçiliyi tarixində çox önəmli yerə malik olan Şah İsmayıl Xətainin həyatı və xüsusilə, ümumtürk tarixində ən böyük qara ləkələrdən biri olan Çaldıran savaşı barədə onlarla tarixi roman və povest, məqalə və esselər yazılıb, bundan belə də, Yer üzündə türk qövmü var olduqca bu mövzuya dönə-dönə qayıdanlar olacaq. Düzdür, tarixdə qardaşın qardaşa, yəni, eyni kökdən olan bir millətin digər həmkökündən olanların ölkəsinə çoxlu sayda hücumu olub, lakin Çaldıran döyüşü bu cür yanlışlıqlar, əsl faciələr sırasında oxşar hadisələrin ən dəhşətlilərindən biri olduğundan, Anadolu türkləri və bizlər – Azərbaycan türkləri arasında bu günədək kimin haqlı, kimin haqsız olduğu və bu iki qardaş millətin nədən bir-birinə qılınc qaldırması barədə mükalimələr və fərziyyələr beş yüz ildən artıqdır nə bitir, nə bitmək bilir.

Xüsusilə, Çaldıran faciəsi bizlər – Azərbaycan türkləri üçün daha çox ağrılıdır, ona görə ki, şanlı tariximizdə dövlət quruculuğu yönümündə ölçüyəgəlməz xidməti olan, girdiyi çoxsaylı döyüşlərdən həmişə qalib çıxmış Şah İsmayıl Xətai kimi ulu sərkərdənin Çaldıranda Sultan Səlim Yavuza yeganə məğlubiyyətini nə zamanında onun özü, nə aradan əsrlər ötsə də, millətimiz sinirə bilib. Çünki hər birimizin şüurunda və yaddaşında bir həqiqət özünə möhkəm yer eləyib: bu faciə adi sərkərdə olmayan Şah İsmayılın başına gəlməməli idi. Haqqında məşhur Karl Marksın da söylədiyi – “Şah İsmayıl qəsbkardır, hakimiyyətdə olduğu 14 il ərzində 14 əyalət zəbt eləmişdi” – sözlər onun dünya miqyasında hansı sanballı yükə malik olduğundan xəbər verir.

Yeri gəlmişkən, burada bir xatirə-haşiyə də çıxmaq istərdim. İndiki BDU-nun jurnalistika fakültəsinin birinci kursunda oxuyanda Azərbaycan tarixi dərsində Abdulla (çox təəssüf ki, soyadını nə özüm xatırladım, nə də əlaqə yaratdığım bir neçə tələbə yoldaşımdan öyrənə bildim) müəllimimiz, belə bir fikir söylədi: Karl Marks qələt eləyir, bəyəm, öz əyalətlərini vahid, möhkəm dövlət ətrafında birləşdirmək qəsbkarlıqdır?! Təsəvvür edin ki, Abdulla müəllim (Allah onun ruhunu hər zaman şad eləsin!) bu sözləri 1981-ci ildə, sovet hökumətinin hələ ayaqda möhkəm dayandığı bir zamanda ali məktəb auditoriyasında söyləməyə cəsarət eləmişdi...

Tanınmış yazıçı Nəriman Əbdülrəhmanlı da “Taclı” (“Taclı. Şah, Şah(Bəyim), Şah(zadə)”) romanında Şah İsmayıl Xətainin xanımı Taclı Bəyimin taleyinə və Çaldıran döyüşünün yaddaşımızda açdığı açdığı yaraya müraciət edib.

Bu günədək Çaldıran döyüşü və Taclı Bəyimlə əlaqədar oxuduğum əsərlər arasında ən çox önəm verdiyim əsər məşhur türk yazıçısı İsgəndər Palanın “Şah&Sultan” romanı idi. Çünki həmin romanda da yazıçı, belə deyək ki, “tarixi həqiqət naminə” Çaldıran savaşının hansı səbəblərdən meydana çıxdığını araşdırmağa cəhd göstərir və əsasən iki məqam (əsərdə Sultan Səlimin hələ şahzadə olanda dərviş paltarında Təbrizə gəlib Şah İsmayılı şahmatda məğlub eləməsi, Şahın öz anası Asləmşah Bəyimi öldürtməsi, Sultan Səlimin Taclı Bəyimi sevməsi, onu eybəcər əyanına verməsi, Hasan Canın Taclı Bəyimə vurulması, uşaqlıqdan sevdiyi Səlimin Taclı Bəyimin arxasınca İstanbula getməsi, Taclı Bəyimin İstanbulda vəfat eləməsi, Hasan Canın Hüseyn adlı qardaşının olması və s. kimi salnaməçilərin dolaşıqlıq yaratdıqları və yazıçının öz təxəyyülünün məhsulu olan yanlış versiyalar da var) üzərində daha çox fikir yürüdür: birincisi, Sultan Səlimlə Şah İsmayılın bir-birinə yazmış olduqları təhqirlə dolu məktublaşmaları və ikincisi, Şah İsmayılın ikinci arvadı, oğlu Təhmasibin anası Taclı təxəllüslü Gülüzar xanımın məlum savaşın gedişində Sultan Səlimə əsir düşməsi. Ünlü bir sərkərdənin arvadının (yəni, namusunun!) döyüş əsnasında rəqib tərəfindən əsir götürülməsinin onun üçün nə dərəcədə alçaldıcı hal olduğunu, bəlkə də Azərbaycan türkü kimi heysiyyətinə sığışdıra bilməyən Nəriman Əbdülrəhmanlı bu olayı oxucuya, o döyüşün “canlı şahidi” olan bir neçə adamın dilindən nəql etməklə, “Şah&Sultan”a tam əks olan mövqeyini ortaya atır – yəni, həqiqətdə əsir düşən qadının Şah İsmayılın arvadı deyil, ona oxşar olan Gülsənəmdir. Zənnimcə, N.Əbdülrəhmanlının “Taclı” romanında oxucuya təlqin eləmək istədiyi (elə çoxsaylı salnamələrdən də məlum olan) başlıca fikir məhz bundan ibarətdir. Təkrar edirəm, Çaldıran savaşı Şah İsmayıl Xətainin hökmdarlıq dövrünün bir böyük qara ləkəsidirsə, həmin döyüşdə guya onun arvadının və eyni zamanda, vəliəhdi Təhmasibin anasının rəqibə əsir düşməsi daha böyük qara ləkə hesab edilirdi və əgər bu, doğrudan, tarixi həqiqət idisə, Səfəvi hökmdarının sonrakı ömrü boyu Qüstantiniyyə sultanı qarşısında gözükölgəli qaldığı, bu faktın əvvəlki möhtəşəm qələbələrinin üstündən qalın qara xətt çəkdiyini söyləmək olardı. N. Əbdülrəhmanlı, sanki, böyük sərkərdə və hökmdarımızın bioqrafiyasını, heç olmasa, bir qara ləkədən təmizləməyi qarşıya məqsəd qoyur və Şahın “namusunun” heç də əldən getmədiyinə o dövrün salnamə müəlliflərini, eyni zamanda şahidlərini Çaldıran savaşı və Taclının əsir düşüb-düşməməsi ilə bağlı “öz dillərilə” danışdırır, özünün əmin olduğu həqiqətə oxucunu da inandıra bilir.

Qeyd etdim ki, N.Əbdülrəhmanlının “Taclı” romanı Çaldıran savaşına həsr edilsə də, əsərin ana xətti Taclı ləqəbli Şahbikə xanımın (diqqət edin – İ. Palanın əsərində Gülüzar xanım!) Sultan Səlim ordusuna əsir düşüb-düşməməsidir və bu vaqeənin məhz, onun irəli sürdüyü versiyaya nə dərəcədə uyğun gəldiyini əsaslandırmaq üçün müəllif böyük yaradıcılıq ustalığı nümayiş etdirərək, eyni hadisəni o dövrün yeddi tarixi şəxsinin – Hasan Can Çələbi, Şahbikə Bəyim (Şahın Taclı ləqəbi verdiyi), Aləmşah Bəyim, dövrün böyük rəssamları Sultan Məhəmməd və Kəmaləddin Behzad, şair Şeyx İbrahim Gülşəni və salnaməçi Əbdi bəy Şirazinin - dilindən adından nəql eləyir və bununla yanaşı, bir-birini təkrarlamayan fərqli mətnlər ortaya qoyur.

N.Əbdülrəhmanlının bütün əsərlərini diqqətlə oxumuş adam kimi (hətta onun “Yolçu” romanının redaktoru olaraq da!), bir fikrimi də inamla söyləyirəm ki, “Taclı” romanı ilə o, yaradıcılığının TAC nöqtəsinə yetişdiyini nümayiş etdirdi. Bu faktdır ki, yazıçı digər romanlarında da (“Könül elçisi”, “Yolçu”, “Qurban”) tarixi mövzuya müraciət edib və bu zaman müvafiq dövrlə bağlı çoxlu sayda tarixi sənədli əsərlərlə tanış olub, onları böyük hövsələ və diqqətlə araşdırıb saf-çürük etməklə yanaşı, öz inandırıcı yazıçı mövqeyini də elə ustalıqla ortaya qoyub ki, oxucuda söhbət açılan hadisələrin, həqiqətən, Nərimanın təsvir elədiyi kimi baş vermədiyinə şübhə yaranmır.

N.Əbdülrəhmanlının “Taclı” romanını sadaladığım digər tarixi əsərlərindən fərqləndirən cəhət isə odur ki, əvvəlki əsərlərində nəql edilən hadisələr müxtəlif zaman və məkanda baş verənlərin nəqlindən ibarət olduğu halda, “Taclı”da yazıçı çox mürəkkəb yazı üsuluna əl ataraq, əslində, hər hansı bir obıvatel üçün adi görünə biləcək eyni faktın nəqlini müxtəlif rakurslardan oxucuya elə təlqin eləyir ki, adam eyni məqam haqqında bir neçə səhifə əvvəl oxuduqlarını unudur və ona elə gəlir ki, yeni hadisə ilə tanış olur. Odur ki, oxucu həcmcə kifayət qədər iri olan (596 səhifə) əsəri yorulmadan, yazıçının təhkiyə üslubundan həzz ala-ala oxuyur.

N.Əbdülrəhmanlının “Yolçu” romanında da rastlaşdığımız bir özəlliyi də qeyd etmək istərdim. Əsərdə yazıçı nəql elədiyi tarixi dövrün bu qədər çoxlu sayda adamının ismi ilə yanaşı, onların kimliyi, hansı peşə və sənətin sahibi olduqları, hətta bəzən qəhrəmanlarının məhrəm ailə-məişət təfərrüatları barədə də ən xırda detalları nəzərə almaqla çox inandırıcı söhbət açılır. Bütün bunlar müəllifin müraciət elədiyi mövzunu bədii əsərə çevirmək, təkcə qəhrəmanın obrazını yaratmaq, müəyyən bir hadisəni təsvir eləmək üçün deyil, bütövlükdə dövrün tutumlu mənzərəsini yaratmaq üçün ondan qat-qat artıq sənədli tarixi materiallarla çox diqqətlə tanış olduğundan xəbər verir.

Əlbəttə, N.Əbdülrəhmanlının “Taclı” romanı haqqında bütün bu söylədiklərim yalnız bir qələm adamının və uzaqbaşı, peşəkar oxucunun şəxsi mülahizələrindən ibarətdir. Bu əsərin akademik ədəbi tənqidçinin təhlilinə ehtiyacı olduğu göz qabağındadır. Ancaq yenə inamla qeyd etmək istərdim ki, “Taclı” artıq Azərbaycan romançılığında yüksək yerlərdən birini tutmağa layiqdir...

P. S. Bir subyektiv fikrimi də söyləmək istəyirəm. “Taclı” romanının sətiraltı qayəsi türk kökənli millətləri Çaldıran savaşından dərs götürməklə, bizləri hamılıqla birliyə səsləməkdir.

# 4214 dəfə oxunub

Müəllifin son yazıları

# # #