İşdən çıxıb kabusa çevrildim – Elnurun HEKAYƏSİ

İşdən çıxıb kabusa çevrildim – <span style="color:red;">Elnurun HEKAYƏSİ
20 dekabr 2016
# 15:21

Kulis.az Elnurun “Kabus” hekayəsini təqdim edir.

Kabus olduğumu anlamaq uzun çəkdi. Başqaları üçünsə rahat və asan oldu. Mənim varlığımı bir anda ayaqqabılarını sildilər, cındır kimi kənara tulladılar. Əslində, özüm də belə həyata öyrəşməyə başladım. Belə yaşamaq daha yaxşıdı, deyərdim ki, əladı. İnsanların arasından, küçələrdən, yollardan bir ruh kimi axıb keçirsən, hara istəyirsən gedirsən, heç kim səni diqqətə almır, heç kim səni narahat eləmir. Heç kim səndən heç nə soruşmur, ən asası borc belə istəmir. Təkcə dükan sahibləri, harda olsam, görürlər. Onlara qeyri-adi istedad, vergi verilib. Onlar bütün borclu kabusları görə bilir. Ona görə mən həmişə borclu olduğum dükanlardan, banklardan daha uzaqda şəhərin dar qaranlıq küçələrində gəzişirəm. Mən canlıyam. Mənim də sizin kimi skelet quruluşum, sinir sistemim, əzələlərim var, hətta qan qrupu da müsbət ikidi. Əynimdə şalvarım, ayaqqabılarım, pencəyim belə var. Bununla belə, görünməz olmuşam, filmlərdəki qorxulu, yırtıcı kabuslardan deyiləm, sadəcə yazıq, qorxaq bir kabusam. Əvvəllər hamıdan, hər şeydən qorxurdum. Küçəyə çıxanda, insanların təhqiramiz baxışlarından, avtobusa minəndə tanış birinə rast gələcəyimdən, dostlarım məni kafeyə dəvət edəcəyindən, toy dəvətnamələrindən, evə gələndə belə qorxmağa başladım.

Hər şey üç il əvvəl başladı. O, gün məni sorğusuz-sualsız işdən azad elədilər. İdarədə 10 il işləməyimə baxmayaraq “sağ ol” belə demədilər. Baxışları ilə “rədd ol” dedilər, artıq sən bizə lazım deyilsən.

- Allahına şükür elə ki, indiyə qədər sənə bir qarın çörək verdik səni yaşaddıq. İndi isə rədd ol!... Biz sənin varlığına dözməyə məcbur deyilik. Axı sən kimsən? Arxanda duran dayın, pulun, evin, “zaparojin” belə yox. Özün də kirayədə, ay bədbəxt, sən kimə lazımsan???... (Bütün bədən dilləriylə bunu deyirdilər).


Mən onları qınamıram, heç küsmürəm də. Haqlıdırlar. Mənim arvadım da uşaqlarım da haqlıdır, bircə haqsız varsa, o da ,məlum ki, mənəm. Əvvəllər hamı məni arayardı, indi isə... heç kim.


İşdən çıxandan sonra arvadım qapını üzümə açmamağa, uşaqlarım qabağıma qaçmamağa başladı.

Evə hamı yatandan sonra gəlirdim. Yeməyim mətbəxdə hər zaman nimçədə çəkilmiş, hazır olurdu. Getdikcə mənə çəkilən yeməyin miqdarı azalmağa başladı, daha sonra balaca boşqabda bir küncə qoyulurdu. Onsuz da arıqlamışdım, iştaham kəsilmişdi. Əvvəllər yediyim kimi yeyə bilmirdim. Xəlvətcə, ehmalca qapını açırdım, qapıdan səssiz oğru kimi öz evimə girməyi də öyrənmişdim. Heç kimin oyanmasını istəmirdim. Xüsusilə də uşaqların. İşığı yandırmadan, ayaqlarımın ucunda mətbəxə daxil olur, siçovul kimi nimçədə olan soyuq yeməyi bir nəfəsə içəri ötürürdüm. Mətbəxdə qazın üzərində yemək olurdu. Amma mən ona toxunmurdum. Qazanda qalan yemək uşaqlarımın, arvadımın səhər yeməyi idi. O yeməyə toxunmağa haqqım çatmırdı. İşığı, qazı da yandırmırdım. Qaranlıq dəhlizdən mətbəxə düşən kiçik gecə lampasının mavi işığında yeməymi yeyirdim. İşığı, qazı yandırmaq olmazdı, pul yazırdı. Bir tərəfdən baxanda sevinirdim də, uşaqlarımın toxluğu məni doydurdu. İşdən çıxdığım ilk günlərdə evə erkən gəlsəm də, sonralar gecəni üzümə tutub gəlirdim. Boş küçələrdə sərgərdan küləklər kimi gəzirdim. Yay olanda sevinirdim, yayda küçədə gəzmək əladır. Qışda isə axşamlar çox soyuq olurdu. Ayaqlarım daha çox üşüyürdü. Evə gələndə çox zaman arvadımın balaca pəncərənin qarşısında əyləşib, qaranlıq düşənə qədər yolboyu şütüyən maşınlara baxdığını görürdüm. Mənə verdiyi, “Biz necə yaşıyacıq? Axırımız nə olacaq?” kimi suallar getdikcə azalmağa, daha sonra dərin bir sükuta döndü. O, musiqi müəlliməsi idi. İşdən sonra dərzi sexində işə düzəldi. Mən ona heç nə deyə bilməzdim. O, hər mənada haqlı idi. Müəllim maaşı ilə uşaq saxlamaq olar?


Daha məndən heç nə soruşmurdu. Sual vermir, heç nəyi müzakirə etmirdi. Bir yerdə yaşamağa məhkum olmuş insanlar kimi.


Bu gün atam rayondan gəlmişdi. Özüylə kənddən pay-puş gətirmişdi. Atam artıq qocalmışdı. Saçı-saqqalı ağarmışdı. Kənddə uzun illər müəllim işləmişdi. Hər zaman kişi kimi yaşamışdı. Özünü heç kimin qabağında sındırmayan, öz zəhməti ilə yarıac, yarıtox yaşayan köhnə kişilərdən idi. Gün ağır idi, vaxt yerimirdi. Bütün ailə süfrə başında oturmuşdu. Bu gün arvadım səxavətli idi. Süfrəyə balıq belə qızardıb qoymuşdu. Arvadımın böyük boşqabda qarşıma qoyduğu yağlı balıq tikələrinə baxırdım. Amma onlara toxunmaq istəmirdim. Bu yemək atamın kənddən gətirdiyi balıqlardan olsa da nəsə yad, tulanın qabağına atılan pay kimi görünürdü, ürəkbulandırıcı bir hiss oyatdı. Bir az çay içdim. Bazar günü idi. Atamın gəlişi ilə elə bil evdə günəş doğmuşdu. Hamının üzü gülürdü. Uşaqlarım babalarının başına dolanır, qucağında otururdu. Hamı xoşbəxt idi.


Yemək qurtardı. Uşaqlar öz otaqlarına getdilər. Arvadım da mətbəxə. Atam məndən gözlərini çəkmirdi. Baxışlarının ağırlığına dözə bilmirdim. Titrəyən əllərimi stolun altında gizlədim. Günahkar kimi başımı aşağı salmışdım. Onun üzünə baxa bilmirdim. Anlaya bilmirdim ki, necə olmuşdu ki, atam məni görmüşdü. Axı mən kabus idim. Fiziki qanunlara görə mən gözəgörünməz olmalıydım. Amma atam məni görürdü. Uzun, ağır sükutdan sonra atam:

- Nə fikirləşirsən? - soruşdu.

Mən susurdum. Elə bil kabus olmağı mən seçmişdim. Özüm-özümü kabusa çevirmişdim. Mən bütün günahların baiskarı, cənnətdən qovulmuş iblis idim. Bəli, mən günahkar idim hər şeyə görə, səbəbkar da, günahkar da mən idim.

İdarədə məmur işləyəndə rüşvət ala bilmədiyimə görə, arvadıma sadiq olub, idarədəki qəhbələrlə yatmadığıma görə, hər zaman haqqı tələb etdiyimə görə, sözündə düz, əməlimdə düz olduğuma görə, qohum-əqrəbaya əl tutub səxavətli olduğuma görə, yığdığım pulla maşın almayıb, anamı Həc ziyarətinə göndərdiyimə görə, ailəmin bir dediyini iki eləmədiyimə görə... Axı sən özün mənə kişi kimi yaşamağı öyrətdin. İndi isə soruşursan ki, nə düşünürsən? Bilmək istəyirsən nə düşünürəm? Heç nə düşünmək istəmirəm. Bunu necə edəcəyim haqda düşünürəm. Amma hamınızdan çox hər şey barədə düşünürəm. Dünənə kimi yaxşı oğul, yaxşı ər, yaxşı ata idim, hər şeyin yaxşısı idim. İndi kabus olduğum üçün ən böyük günahkaram? Mən seçmişəm kabusluğu? Bəli, mən başqa cür yaşaya bilmirəm. Heç kimdən heç nə xahiş edə bilmirəm. Hamıdan, hər kəsdən utanıram. Başa düşmürsən ki, mənə yaşamaq nə qədər çətindir. Hələ anlaya bilmirsən ki, mən kabusam. Mən yoxam. İndiyə kimi var idim, indi yoxam. Əl çək də, nə qır-saqqız olmusan? Arvadım, uşaqlarım çoxdan bilib ki, mən kabusam. Onlar altı ayda başa düşdülər, dost-tanışlarım daha tez. Bilirəm, atamsan. Mənim üçün çox əziyyət çəkmisən. Amma indi anla ki, bütün dünya bilsin ki, mən yoxam. Neyləyirsən məni, sənin nəyinə lazımam, ata? Yaşın yetmişi haqlayıb, anam da, sən də pensiya alırsız, qapıda toyuq-cücəniz, inəyiniz var. Axı mən sizin nəyinizə lazımam?

Əlimdən gələn, gücüm yetən və yetməyən hər şeyi eləmişəm. Qul kimi gecə-gündüz işləmişəm. Özün də bunu bilirsən. İki ildir işsizəm, evə qara qəpik köməyim də yox. Balalarım da arvadımın, onun qardaşlarının köməyi ilə yaşayır.

Bütün bədənim titrəyirdi. Hönkür-hönkür ağlamaq, it kimi ulamaq istəyirdim. Bağışlayın məni, sizin üçün heç nəyin yaxşısı ola bilmədim. Artıq dözmədim.
Ayağa durdum, “Mən getməliyəm”, - dedim. Atamın qəzəbli və təəccüblü baxışları altında asılqanda məni gözləyən, qara plaşımı götürüb özümü çölə atdım. Çöldə üzümü şaxtalı hava dalasa da artıq heç nə hiss etmirdim. İnsanı nə qədər qovarlar? Niyə başa düşmək istəmirsiz ki, mən kabusam və heç kimə lazım deyiləm. Yeyin addımlarla irəliləyirdim, yol boyu məni müşayiət edən dekabr küləyi ilə birgə qara insan kütləsinin içində gözdən itdim.

# 1082 dəfə oxunub

Müəllifin son yazıları

# # #