Kimlər sevişəcək bu çarpayıda – YENİ HEKAYƏ

Kimlər sevişəcək bu çarpayıda – YENİ HEKAYƏ
1 avqust 2016
# 14:03

Kulis.Az Aysel Xəlilbəylinin “Ayın hekayəsi” hekayəsini təqdim edir.

Bilmirəm nə qədər vaxt keçib, dodaqlarımı boynuna toxundurub dayanmışdım. Ətrini hələ uzun illər xatırlamaq istəyirdim. Onu belə asanlıqla unuda bilməzdim. Üzünü bəlkə unudardım. Amma ətrini bəlkə üzümüzə gələn bir neçə qərinə yadda saxlamaq fikrim varıydı. Sanki o da unutmaq istəmirmiş kimi bilə-bilə buna şərait yaradırdı.

Özünü yerini rahatlayırmış kimi aşağı sürüşdürdü. Alnını alnıma dayadı. Nəfəsinin istisi üzümü yandırdı. Burnunun ucunu üzümdə gəzdirdi. Baş barmağıyla üzümü incələyirmiş kimi sığalladı. Nəfəs almağı unutmuş kimi birdən təngnəfəs olmağa başladım. Üzümü ovuclarının arasına aldı. Biixtiyar nəfəsim tənzimləndi, sakitləşdim, gözlərimi yumdum. Əslində ikimiz də nə istədiyimizi çox yaxşı bilirdik.

Aradan dəqiqələr keçmişdi. Başımı sinəsinə qoyub aram-aram nəfəs alıb sinəsinin cod tükləriylə oynayırdım. O da saçlarımı barmağına dolayıb fırladırdı. Bütün dünyadan təcrid olunmuş kimi bir halımız varıydı. Ayağa durmaq istədi, ağırlığımı üstünə salıb “5 dəqiqə daha” deyib , yalvarırmış kimi gözlərinin içinə baxdım. Dərindən nəfəs alıb yerinə çökdü. Əlimin birini üzümə dayadım, o biriylə üzünə düşən tellərini yana itələdim. Saçlarını avropalı oğlanlar kimi kəsdirmişdi. Arxası qısa, qabağı gözlərinin üstünə düşəcək qədər uzun idi. Əsəbləşdirmək istəyəndə ilk sataşdığım saçları olurdu. Cibimdən xüsusi bir ədayla saç yığdığım sancaqlardan birini çıxardıb ona uzadırdım: "Baxma da lazım olar" deyib qəhqəhə çəkirdim.

Növbəti həyatımda bu evin bir əşyası olmaq keçir ürəyimdən. Bu evdə kimlər yaşayacaq , kimlər gəlib gedəcək, düzünü deyim çox maraqlı gəlirdi mənə.

Kimlər sevişəcək bu çarpayıda, kim mənim kimi yarı çılpaq pəncərənin kandarında oturub qonşu arvadın heç boşalmaq bilməyən asmasına baxacaq. Görəsən kim ayaqları batmasın deyə barmaqlarının ucunda eyvana çıxacaq. Kim sevgilisindən küsən kimi divanda bardaş qurub oturacaq. Kim sevgilisinin yemək bişirməyinə zövqlə tamaşa edəcək. Bunların hamısı o qədər maraqlı gəlirdi ki, mənə... Amma hansı ev əşyası olmaq qərarını verə bilmirdim. Televizor ?! O zaman ancaq qonaq otağında olacaq, maraqlı olan nə varsa hər şeyi qaçırdacaqdım. Bəlkə yataq otağında çarpayı ola bilərəm. İki sevgilinin ehtiraslı sevişmələrini görmək imkanım olardı. Bəs birdən bu evdə çox bədbəxt bir ər-arvad yaşasa? Bəs onda necə? Gecələri kürəklərini bir-birinə çevirib yatan, ər-arvad olmağın sadəcə bir vəzifə olduğunu düşünənlər yaşasa? Onda mən bütün bunlara şahid olmalı olacam.

Ən yaxşısı soyuducu olmaqdı. Mətbəxdə yemək bişirərək əylənən iki sevgilinin gülüşlərini eşidərdim. Ya da yemək bişirən oğlanın əli yananda sevgilisi qızın necə təlaşlandığını görərdim. Bəs birdən bu evdə hər gün dava edən bir ər-arvad yaşasa? Uşaqları onların davalarını görməsin deyə hər mübahisədə mətbəxə qaçsalar? Mən bütün bunların izləyicisi olmaq istəmirəm axı...

- Gül... Gülllll. Hazırdı hər şey. Gəl.

Mızıldandım. Məni yataqda qoyub qalxdığı üçün özümü incimiş kimi göstərdim. Camal otağa girdi. Üstündə önlük, əlində qaşıq... İlahi o necə də gülməli görünürdü.

- Sənə demirəm gəl.

- Gəlmirəm.

– Dəlisən sən? Bir həftədir “türk kahvaltısı” deyə-deyə başımın olmayan ətini yedin.

“Qəşş” eləyib gülməyim onu bir az daha əsəbləşdirmişdi. Arxasını döndərib getmək istəyəndəsə "indi hamısını zibil vedrəsinə atacam" dodaqaltı mızıldandı. Yerimdən dik atılıb arxasınca mətbəxə girdim. Arxadan qucaqladım. Donub qalmışdı eləcə. Üstündə önlük, əlində bıçaq. Bəlkə bir gün onun üzünü unudacam. Ancaq o önlüyü və qaşığı əsla unutmayacam yəqin ki. Qırmızı ipləri , üstündə parabüzən şəkilləri olan önlüyü indi də xatırlayıram. Taxta saplı qaşıq əlinə çox yaraşırdı. Başımı kürəyinə yasladım. Olduğu yerdən qımıldamağa icazə vermədim.

- Camal.

- Eşidir.

– Çox darıxmışammış.

- Məni buraxmasan yanmış yumurta yeyəssən, bəri başdan deyim.

Onun adətiydi. Mənim "Səni çox istəyirəm", "Darıxıram" mesajlarıma cavab yazmaz, ağzımı əyə-əyə qırıq türkcə dediyim "seni çok özledim"ə ötəri qulaq verərdi.

Süfrəyə oturmazdan əvvəl son dəfə əl gəzdirdi. Boşqabın kənarına yayılmış salfetin ucuyla silib çörəkləri yanakı yığdı:

- Buyurun, Gül xanım. Bu da səhər yeməyiniz.

Əyilib yanağından öpdüm. Sanki alman əsir düşərgələrində illərdir ac qalmış kimi süfrəyə əl gəzdirdim. Bir tərəfdən çəngəllə pomidorları ağzıma ötürür, bir tərəfdən də çörəyi yumurtaya batırırdım. Başımı qaldıranda Camalın mənə necə baxdığını gördüm. Udqundum. Gözlərimi “Nolub?” tərzində böyütdüm. Gülümsəyib başını aşağı saldı.

İllər sonra bu günü xatırlayanda ağlıma ilk gələn şey bir də ömrüm boyu belə dadlı səhər yeməyi yemədiyim oldu. Həmin gün pomidorların da, zeytunun da, pendirin də, azca yanmış yumurta qayğanağının da dadı fərqli idi.

- Camal .

- Hə.

- Camal.

- Ay can.

Üzümdə qəribə bir məmnunluq təbəssümü yarandı. Mənə "Ay can" deməmiş sözümün ardını gətirməzdim. Onun bir tək “ay can”nı bütün dərdlərimin dərman idi. Yeməkdən sonra, gündə 3 dəfə... Və bir ömür.

- Bu həftə uçuşun var?

- Aha, var. İraqa 1 uçuş, İstanbula 2 uçuş, bir də Moskvaya 1 uçuş. Niyə soruşdun?

- Heç, elə belə.

- Sənin biletin nə vaxtadır?

- 24-ü. Gecə 4-də. Məni yola salmağa gələcəksən ?

– Bilmirəm.

Acıq eləyib süfrədən qalxdım. İncinmiş halda otağa keçib divanda bardaş qurub oturdum. Camal da gəlib yanımda oturdu.

- Ay dəli , niyə belə eləyirsən? Bilirsən axı, imkan olsa gələcəm. Bu ay 3 pilotumuz məzuniyyətdədir. Hamını yola verməliyik.

- Camal, axı sən bilirsən ki, mən 24-ü gedirəm. Birdə nə vaxt gələcəyim bəlli deyil.

Məni özünə tərəf döndərib gözlərimin içinə baxdı:

- Gül, mən istəmirəm ki, sən mənim üstümə həyatını qurasan. Mən pis insanam. Mən səni incitməkdən çox qorxuram. Mən heç kimi sevə bilmirəm. Ona görə yox ki, ürəyim daşdandı. Ona görə ki, mənim getdiyim yerdən bəlkə bir gün dönmədim.

Camal danışdıqca gözlərimdən yaş axırdı. Başqa vaxt dil-dil ötən, onu israrla nəyəsə inandırmağa çalışan məndən heç bir əsər-əlamət qalmamışdı. Özümdən asılı olmadan onu qucaqlayıb hönkür-hönkür ağlamağa başladım.

Başımı sinəsinə çəkib “off” elədi:

- Mən sənnən neynəyəcəm bilmirəm, başımın bəlası. Mənim ucbatımdan evdə qalacaqsan.

- Vecimə deyil.

- Sənin vecinə deyil. Mənim amma vecimədi. Dostumun evdə qalıb "qarımış qız" statusunu almağını istəmirəm.

Çiyinlərimi çəkdim.

- Gəl sənə bir hekayə danışım. Ayın necə yarandığını bilirsən ?

Yox anlamında başımı tərpətdim.

- Onda qulaq as. Hələ milyard il əvvəl Yer öz oxu ətrafında fırlananda Tea adlı başqa bir planet də onunla bərabər fırlanırmış. Rəvayət olunur ki, Tea Yeri çox sevirmiş. Ona bircə dəfə olsun toxunmaq üçün hər şeyi etməyə hazırmış. Amma Günəş ona xəbərdarlıq etmişdi. Tea Yerə nəinki toxunmağa, hətta yaxınlaşmağa çalışsa belə məhv ola bilərdi. Amma Teanın Yerə olan sevgisi onun gözlərini kor etmişdi. Günlərin bir günü Tea Yerə toxunmaq qərarına gəlir. Amma Yerə yaxınlaşmaq istəyən Tea öz cazibəsindən çıxıb sürətlə Yerə dəyir. Və parçalara bölünür. Deyilənə görə, Ay da Teanın toxunarkən parçalanan və ətrafa saçılan qırıntılarından əmələ gəlib.

Rəvayətini bitirib əllərini saçımda gəzdirdi. Qəflətən ayağa qalxıb otağa keçdi. Köynəklərindən birini əyninə keçirtmək istəyəndə qırış-qırış olduğunu gördüm.

- Of Camal. Belə də köynək geyinərlər ? Qırış-qırışdı. Sənə baxan deməyəcəkmi bunun evdə...

Cümləmin ardını gətirmədim. Anamın atama həmişə dediyi “Demiyəcəklərmi bunun arvadı hara baxır” cümləsi özümdən asılı olmadan dilimə gəldi. Amma tamamlaya bilmədim. Axı biz heç sevgili deyildik.

Köynəyini ütüləyib səliqəynən geyindirdim. Yaxasını düymələdim. Qollarını çırmalayıb qatladım. Otaqdan ətrini gətirib verdim. Ətri vurarkən mən də sanki son dəfə içimə çəkirmişəm kimi qoxuladım. Bel çantasına bir-iki əşya qoyub ağzını bağladı. Qapıya söykənib ona baxırdım:

- Camal.

- Hə.

- Mənə kiçik bir şey ver. Səndən xatirə.

Üzümə uzun-uzun baxıb şalvarının cibini axtardı. Açarlıqdan açarların birini çıxardıb ovcuma qoydu:

- Bu evə mən olmasam belə gələ bilərsən.

- Mən bu evə sən olmadan addım ata bilmərəm.

Üzümdən öpüb “Qazı, işıqları yoxlayarsan. Eyvanın qapısını bağlamağı yadından çıxartma”. Tələm-tələsik qapıya tərəf getdi.

- Gül, qapı bir az çətin bağlanır. Bağlaya bilməsən üzbəüzdəki Sənəm xalaya deyərsən kömək eləsin. Qapıya qaçıb boynuna sarıldım. Burnumun suyu gözümün yaşına qarışmışdı.

- Ay qız... Çənəmdən tutub başımı yuxarı qaldırdı. Burnumun ucundan öpdü. - Salamat qal.

Camal gedəndən sonra sanki bütün enerjim tükənmişdi. Elə ordaca yerə çöküb hönkür-hönkür ağlamışdım. Dörd il ərzində Camal üçün darıxıb ağladığım çox olmuşdu. Amma bu gün...

Camal Türkiyə Hərbi Hava Qüvvətləri Məktəbində oxuyurdu. Pilot idi. İldə cəmi bir neçə dəfə Bakıya gəlirdi. O da bir neçə günlük. Yerdə qalan günlərimizi isə mesajlara, zənglərə sığdırmağa çalışırdıq. Məktəbi bitirib gələndən sonra da doyunca görüşmək qismət olmadı. Bakıya gəldiyi ilk günlərdən ona iş təklifi gəlmişdi. Ümidimi bu 15 günlük məzuniyyətə bağlamışdım. Camaldan başqa 3 nəfər də məzuniyyətdə olduğu üçün bugünkü uçuşa onu çağırmışdılar. Bu gün saat 18.00-da İraqa uçurdu. Yenə bilmədiyim, daha doğrusu mənə demədiyi hansısa bir hərbi səbəbdən.

Toparlanıb çayın altını yandırdım. Onun üçün aldığım ballı tortun yerdə qalan dilimini çayla içib otağa əl gəzdirdim. Əynimi geyinib otaqdan çıxmağa çalışanda güzgüyə dodaq boyamla "Səni sevirəm" yazdım.

Evə gəlib əynimi dəyişmədən çarpayıda uzandım. Gecə yatmamışdım demək olar ki... Göz qapaqlarım bağlanırdı. Qəfil yuxudan oyandım.

Camalın mənə verdiyi açarı ovcumda sıxmışdım. Yerimdən qalxıb boyunbağılarımdan birinin ipini çıxardım. Açarı ipə bərkidib boynuma asdım. Güzgüdə dəfələrlə açarın boynumda necə göründüyünə baxdım. Gözüm divardakı saata sataşdı. Saat 7-ni keçirdi. Ac olduğumu hiss elədim. Mətbəxə keçərkən anamın "Xəbərlər"i izlədiyini gördüm. ANS-in isterik aparıcısı yenə hansısa xəbəri canfəşanlıqla oxuyurdu: “Bu gün İraqa yola düşən MI-809 hərbi təyyarəsi qəzaya uğramışdır. Təyyarənin pilotu Camal Zeynallı və ikinci pilot...” Xəbərin ardını xatırlamıram. Tək xatırladığım aparıcının vurğulayaraq dediyi Camalın adıydı..

Bu gün Camalın yoxluğundan tam 40 gün keçir. Təyyarənin qalıqları tapılsa da Camalın axtarışları nəticəsiz qalmışdı. Hamı onun həyatda olmasından əlini üzmüşdü. Hətta anası Gülsüm xala da... Qohum-əqrəbanının israrıyla Camal üçün yas mərasimi təşkil etmişdi. Yas mərasimində onun yanında oturmuşdum.

Mərasimin yarısından artıq taqətimin qalmadığını hiss eləmişdim. Boğulurdum. Hansısa yaxınından baş sağlığı eşitmək, insanların dönə-dönə onun necə yaxşı insan olduğunu dilə gətirməkləri məni məhv edirdi.

Camalın mənə danışdığı hekayəni xatırladım. Tea Yeri sevdiyi üçün məhv olmuşdu. Bütün bunları düşünə-düşünə saatlarla Camalla birgə gəzdiyimiz küçələrdən keçdim. Özüm də hiss etmədən Camalın yaşadığı evin qarşısına gəlib çıxdım. Açarım olmağına baxmayaraq, bura gəlməyə ürək eləməmişdim. Boynuma taxdığım açarı ovuclarımın arasına aldım. Qapıya keçirdib fırlatdım.

Qapının açılmasıyla elə bil xatirələrin içinə addımladım. Hər şey olduğu kimi qalmışdı. Camalgilin ailəsindən heç kim bura gəlməmişdi. Divardakı şəklimiz... 4 ildə cəmi-cümlətanı 3-4 şəklimiz varıydı. Bir araya gələndə o qədər bir-birimizə qapılırdıq ki, şəkil çəkmək yadımıza düşmürdü. Bu şəkili də israrla mən çəkmişdim. "Eybəcər düşmüşəm" deyib şəkli silmək istəsə də icazə verməmişdim. Sonra çıxardıb divara yara bandıynan yapışdırmışdım.

Camalın gülüşləri gəldi qulağıma. LP-nin “Lost on you” mahnısını qoyub boynuna sarılıb oynamağım, arxadan məni qucaqlayıb özünə çəkməyi, başına çənəmi dayayıb dəqiqələrlə o cür qalmağımız... Bir neçə razmer böyük köynəklərini əynimə keçirtməkdən yana ürəyim gedirdi. “Mənə sənnən çox yaraşır” deyib otağın tam mərkəzində atlanıb-düşüb oynamağımı xatırladım bir anlıq... Sinəmə bir ağırlıq çökmüşdü. Özümü toparlayıb yataq otağına keçdim. İşığı yandırıb otağa göz gəzdirdim. Səhərə qədər sevişməkdən doymadığımız, tüklü sinəsinə başımı qoyub ağır-ağır nəfəs aldığım, barmaqlarının kürəyimdə gəzdiyi gecələr , üstündə oyandığım, yemək qoxusuna, dəmlədiyi çayın ətrinə gözlərimi açdığım səhərlər... Sanki bir daha heç günəş çıxmayacaq kimi bir qaranlıq çökmüşdü həyatıma. Otaqda daha çox qalmağa gücüm yetmədi. Arxamı dönüb işıqları söndürmək istəyəndə gözümü güzgüyə dodaq boyasıyla yazdığım "Səni sevirəm" sözlərinə sataşdı. Altına qırmızı flamasterlə yazılmışdı: "Mən də səni sevirəm”

P.S.: Dispetçer dostunun dediyinə görə, xarici pasportu evdə qaldığı üçün Camal evə qayıtmalı olur. Və uçuş 1 saat gecikir.

# 3052 dəfə oxunub

Müəllifin son yazıları

# # #