Mirmehdi Ağaoğlu: “Bu axmaqlığı hamı edir”

Mirmehdi Ağaoğlu: “Bu axmaqlığı hamı edir”
1 dekabr 2015
# 15:43

Kulis Mirmehdi Ağaoğlu ilə müsahibəni təqdim edir.

- Umberto Eko deyir ki, yazıçının romana verdiyi şərh onun adıdır. “Bu gün səbr elə” adıyla hansı şərhi vermisən?

- Əvvəla, onu deyim ki, əsərin ilkin adının səbrlə heç bir əlaqəsi yox idi. Əsər tam hazır olanda ad barədə düşünməyə başladım. Onda Dilbər adı mənə Nəsiminin məşhur beytini xatırlatdı. Qərara aldım ki, əsərin adı məhz “Bu gün səbr elə” olsun. Üstəlik, həmin beyti də epiqraf seçdim. İnsan həmişə belədir, səbr edir, gözləyir ki, həyatında bir gün mütləq o böyük dəyişiklik olacaq. Yazıçı düşünür ki, nə vaxtsa böyük mükafat alıb məşhur olacaq, lotereya həvəskarı düşünür ki, nə vaxtsa Cek Pot udacaq, bütün elçilərinə rədd cavabı verən qız ömrünü ağ atlı oğlanı gözləməklə keçirir. Biz beləcə gözləyə-gözləyə həyatımızı başa vururuq. Heç bir yenilik də baş vermir. Bu barədə Dino Buzzati “Tatar çölü” romanında çox gözəl yazıb. Nəsimi ilə Dilbər də nə vaxtsa ağ günə çıxacaqlarını düşünə-düşünə səbr edirlər, lakin bir gün Dilbərin qarşısına bir şans çıxır və o, bu şansı dəyərləndirmək qərarına gəlir. Onun sayəsində də bu əsər doğulur.

- Yazmaq istədiyin hadisəni nə qədər ümumiləşdirə bilmisən?

- “Bu gün səbr elə”ni ilk cümləsindən son cümləsinə qədər necə yazacağım mənə məlum idi. Bilirdim ki, böyük həcmi olmayan, fəsillərə bölünməyən, qaçaraq ritmi olan, hadisələrin bir anda baş verib bir anda da yekunlaşacağı bir əsər yazacam. “Bu gün səbr elə”ni kamera tamaşasına bənzədirəm. Əvvəldən də məqsədim bu olub. Əlavə izahlara getmədən, uzatmadan, yazmaq istədiyim mövzudan sapmadan qələmə almaq... Hələ deyim ki, bəzi yerlərdə bu qaydalara xilaf çıxmışam, haşiyələr eləmişəm. Bu hissələri də sadəcə xoşuma gəldiyi üçün saxladım.

Bir şeyi də əlavə edim. “Bu gün səbr elə” Nəsimi ilə Dilbərin əhvalatı olduğu üçün digər obrazlar əsərin mərkəzindən çox uzaqda dayanır, onların xarakterini, xasiyyətini bilmək vacib deyil. “Bu gün səbr elə”də kamera mərkəzdə deyil, Səfərovlar ailəsinin evində quraşdırılıb, buna görə də Məlahət, Nailə və başqa obrazlarının xarakterinin açılmasına gərək yoxdur.

- İstəyirəm suala qısa cavab verəsən. Mövlud Süleymanlı yoxsa, Yusif Səmədoğlu?

- Əlbəttə, Yusif Səmədoğlu. Bilirəm, deyəcəksən ki, bəs niyə Mövlud kimi yazırsan? Hazır bu suala da cavab verim. Məşhur bir fikir var, insan arzuladığı kimi deyil, bacardığı kimi yaşayır. Bax, mən də Yusif kimi yazmağı arzulayıb, Mövlud kimi alındıra bilirəm. Onu da əgər bilirəmsə...

- “Bu gün səbr elə” səncə roman üçün həm qısa süjetə, həm də məhdud həcmə malik deyilmi?

- Dünyada bu cür qısa süjetli və kiçik həcmli romanlar çoxdur. Elə ötən il Nobel mükafatı almış Padrik Modianonun əsərlərini götürək və ya təqribən bizim yaşda olan Çili yazıçısı Alexandro Zambranın əsərləri olsun. Ona görə heç bir tərəddüd yaşamıram. Qələmə almaq istədiyim mövzunu, əvvəldən nəyi nəzərdə tutmuşdumsa hamısını yazmışam. Məni bircə əsərin sonluğu narahat edirdi. Yazacağım sonluqla qane olmurdum. İstəyirdim nəsə qeyri-adi, fərqli strukturda bir şey yazım. Amma qorxurdum ki, bununla əsərin emosional gücünə xələl gətirərəm, Əli aşından da olaram, Vəli aşından da. Onda əsərə hazırkı epiloqu əlavə etmək qərarına gəldim. Məncə yaxşı tapıntı idi, həm əsərin sentimental ruhuna xələl gəlmədi, həm də istədiyim qurğu alındı.

- Kitabın hansı ədəbi məktəbə aid hesab edirsən?

- Açığı, bu suala cavab verməkdə çətinlik çəkirəm. Əvvəldən qarşıma belə bir məqsəd qoymuram. Mövzu ağlıma gəlir, onu necəsə yazmaq istəyirəm və bu zaman bildiyim, əlimin altında olan metodları düşünürəm, fikirləşirəm ki, burda hansı texnikadan yararlana bilərəm, uyğun gələn varsa çəkinmədən istifadə edirəm. Məsələn, “Bu gün səbr elə”də modernist texnika da – şüur axını da var, detektiv əsərlərə məxsus gərginlik də, postmodernist ironiya da - Azərbaycan ailə dəyərlərinə ironiya -, qara yumor da, qrotesk də, absurd da.

- Səncə bu romanın süjetindəki tragikomik əhvalatla əsərin ideyası arasında uyğunsuzluq yoxdur ki?

- Uyğunsuz hesab etsəydim yazmazdım.

- Qadın çox sevdiyi ərini pulla satır və sonra əzab çəkir. Axı onlar çıxılmaz durumda deyildilər ki, buna gedələr. İnsanlar buna inanarmı?

- Kirayədə yaşamaq, sutkanın yarıdan çoxunu işləmək, amma heç bir irəliləyiş əldə etməmək, borc içində boğulmaq - bunlar ağır maddi durumdan xəbər vermirmi? Bəs ərlərinin gedib Rusiyaya işləməsinə, illərlə vətənə qayıtmamasına razı olan qadınlar real Dilbərlər deyilmi? O qadınlar niyə ərlərini Rusiyaya göndərirlər? Üzə vurmasalar da, ürəklərinin dərinliyində bilirlər ki, ərləri orda başqa qadınla da görüşür, üstəlik ailə də saxlayır. Bununla belə bu məhrumiyyətə dözürlər, təki kişi ayda 200 dollar göndərsin, uşaqlar burda ac qalmasın. Dilbər də bu qadınların biridir, sadəcə digərlərində bu istər-istəməz baş verir, Dilbər isə bunu planlı şəkildə həyata keçirib. Sənə onu deyim ki, Dilbərin başına gələnlərə inanmayanları da nəzərə almışam. Epiloq da məhz buna görədir. Əsərin vahid sonluğu yoxdur, oxucuya iki cür sonluq təqdim olunub. İnananlar üçün epiloqa qədər, inanmayanlar üçün isə epiloqdan sonrakı sonluq var. Kim hansı sonluğu istəyirsə onu da seçsin.

- Əsərin sonundakı çat söhbəti oxucunu mətbəxə buraxmaq deyilmi?

- Bayaq da dediyim ki, epiloqa qədər hər şey beynimdə hazır idi. Əsərin əsas materialı həyatdan götürüldüyü üçün sanki buna heç bir əlavə edə bilmirdim. Əsərin strukturu barədə çox fikirləşmişdim. Axı necə edim ki, əsər həm birxətli olmasın, həm o sentimental ovqata xələl gəlməsin. Çox çətin idi. Bir-iki cəhdim uğursuz alındı. Əsər hazır olsa da hələ istədiyim o “hoqqa”nı çıxara bilməmişdim. Bax, onda ağlıma gəldi ki, Dilbərin Facebooka girməyini yazmışkən müəllifin qəhrəmanla çat söhbətini də əsərə salım. Beləcə epiloq yarandı. Həm əsərə yeni ovqat, yeni təəssürat, yeni qənaət qazandırdı, həm də arzuladığım o “hoqqa” alındı. Bəzi oxucuların Dilbərin ərini satdığına inanmayacağını bilirdim, ona görə də çat söhbətinə, Əkrəm Əylisli demiş, “əşhədü-ehtiyac” var idi. Yaxşı ki, ağlıma gəldi, yazdım.

- Nəsimi obrazını insanı tanrı səviyyəsinə qaldıran şair Nəsimi ilə niyə daha çox bağlamadın? Sənin əsərin Nəsimi təfəkkürünün polyar qütbündə dayanmaqla maraqlı konflikt yaradardı.

- Əsər tamamlanana qədər bizim qəhrəmanın adı Nəsimi deyildi. Romanın adını da hələ müəyyənləşdirməmişdim. Ad barədə fikirləşəndə İmaməddin Nəsiminin “Dilbər aydır...” beyti yadıma düşdü. Qərara aldım ki, hazır qəhrəmanın adı Dilbərkən qoy bu beyti epiqraf verim. Romanın adını da bu beytdən çıxardım. Sonra da şeytan beynimə girdi, Dilbərin ərinin adını dəyişib Nəsimi qoydum. Amma artıq sən dediyin o bağları qura bilməzdim, əsərin ideya qatında dəyişiklik edə bilməzdim. Bu əsəri təzədən işləmək demək idi. Bax, indi bunları sənə dedikcə ağlımda yeni ideyalar yaranır. Misal üçün, İmaməddin Nəsimi ilə bağ yaratsaydım, paralel fəsillər yazardım. Bir fəsildə Səfərovlardan söhbət açardım, digər fəsildə Nəsimi ilə şərti sevgilisi Dilbərdən. Bu zarafat deyil e, ikinci bir “Məşhər” yazmaq deməkdir. Onda gərək mən Nəsimi yaradıcılığını oxuyaydım, hürufiliyi öyrənəydim, Nəiminin “Cavidannamə”sini oxuyaydım, orta əsrlər dövrü ilə tanış olaydım. Mən Tural deyiləm ki, Füzulini oxumadan “Füzulinin qayıdışı” adlı pyes yazım (gülür). Zarafat bir yana, siz deyən böyük əsər üçün mənim “Bu gün səbr elə”də qaldırdığım problem çox bəsit görünərdi. Bu kimi səbəblərə görə bizim Nəsimi ilə İmaməddin Nəsimi arasındakı bağları elə ad səviyyəsindəcə saxlamaq qərarına gəldim. Qoy oxucu bu kiçik “Nəsimi - İmaməddin Nəsimi” əlaqəsi ilə kifayətlənsin.

- Sənin əsərinin mövzusu anekdotvaridir. Bu cür əhvalatların böyüdülüb əsər halına salınmasına necə baxırsan?

- Guya “Küləyi dişləyən”də anekdot yoxdu? Orda əsgərin silahla sevişmə səhnəsi məşhur anekdotdan götürülüb. Amma bunu yaxşı dedin. “Bu gün səbr elə”nin ideyası adi bir zarafatdan yaranıb. Epiloqda əsərin yaranma səbəbinə toxunmuşam.

- Özün bank işçisi olmusan deyə orda kredit şərtlərinin ağırlığını, insanları asılı vəziyyətə salma tendensiyalarını yaxından bilirsən. Buna görə əsərdə onlara qarşı qəzəbin qədərindən artıq görünmürmü?

- Kimsə deyib ki, yazıçı gərək bildiyi şeydən yazsın. Mən də beş il bank sektorunda işləmişəm. Açığını deyim ki, əsərdə kredit inspektoru obrazını ürəyimdən tikan çıxara-çıxara yaratmışam. Bəzi əməkdaşlar mənə həqiqətən gərəyindən artıq quru görünürdülər. Elə bil gerçək həyatla əlaqələri yox idi, bank stolu arxasında yatıb-dururdular. Bu da mənim kimi bank işindən başqa hər şeyi düşünən bir adamda qıcıq yaradırdı.

- Niyə görə Nəsimi o qədər kredit götürür?

- Birinci səbəb: ehtiyacları var idi. Tutalım onların evində kondisionersiz yaşamaq olmazdı, balaca, dar otaqlar idi, yayı dəhşətli bürkü olurdu. Və ya iki işdə işləyən Nəsimi hər gecə toydan qayıdanda ağır gitarası qucağında taksilərə pul vermək əvəzinə maşın almaq qərarına gəlmişdi. İkinci, bir vacib səbəb - insan nəfsinin quludur. Bu barədə müqəddəs kitablarda da, Şərq ibrətamiz əsərlərində də kifayət qədər yazılıb. Kapitalizm isə insanların bu zəif tərəflərini çox yaxşı anlayır, elə ona görə də istehlak cəmiyyəti bu qədər sürətlə inkişaf edə bilir. Yoxsa, ayda 300 manat maaş alan adamın 600 manatlıq smartfon almağını hansı məntiqlə izah etmək olar? Mənə görə axmaqlıqdır. Amma gəl görək ətrafımızda neçə nəfər bu axmaqlığı eləmir? Saymağa başlasaq heç bir əlin barmaqları dolmaz. Amma bu o demək deyil ki, belə insanların halına acımalı deyilik. Nəsimi də, onun ailəsi də ətrafımızda gördüyümüz insanlardan, istehlak cəmiyyətinin quluna çevrilmiş milyonlardan biridir.

- “Bu gün səbr elə” nəsrimiz üçün hansı yeni tendensiyalara malikdir.

- Bu barədə tənqidçilər danışsalar yaxşı olar. Məni qəti bir şey deyə bilmərəm. Bircə onu nəzərə çatdırım ki, sosial şəbəkələrin bədii priyoma çevrilməsi bizim nəsrdə rast gəlinmir. Ola bilsin ki, səhv edirəm, ya da bu heç o qədər də böyük məziyyət deyil.

# 953 dəfə oxunub

Müəllifin son yazıları

# # #