Yazıçılarımızın heyvanları və onların kədərli hekayələri SORĞU

Yazıçılarımızın heyvanları və onların kədərli hekayələri SORĞU
1 noyabr 2013
# 14:00

Yazıçılarla təkcə kitab, ədəbiyyat, nə yazmaları, nə oxumaları barədə deyil, həm də həyatın başqa sahələri ilə bağlı sorğu keçirmək istədik. Görəsən bizim yazıçı, şair boş vaxtını necə keçirir? O da evində pişikmi, itmi, balıqmı, quşmu, xamyakmı, kirpimi, lap elə ilan saxlayırmı?

Hansısa misranın qafiyəsinin əlində əsir olanda, bir cümlənin tamamlığında ilişəndə bir anlıq mətndən ayrılıb klaviaturanı taqqıldadan barmaqları ilə tutuquşusunun dimdiyini oxşayırmı, akvariumun şüşəsini taqqıldadırmı, pişiyinin başını sığallayrımı?

Axı, bizim yazıçının həyatı nə zamana qədər kafe – ev, içmək –yazmaq amplitudasında rəqs edəcək?

Ehtiyatla, onların həssaslığını nəzərə alaraq heyvan saxladığını təxmin etdiyimiz yazarlara belə bir sual verdik: “Ev heyvanları saxlayırsızmı və ya nə vaxtsa saxlamısızmı?”

Aqşin Yenisey: Nərmin Kamalın pişiyi balalamışdı. O Sevinc Elsevərə, Günel Mövluda, Seymur Baycana, mənə zəng vurub balalarını vermək istədiyini dedi. Mən birini götürüb saxladım. Mənə çox öyrəşmişdi. Biz elə bir yerdə yatırdıq. Başım, ya mədəm ağrıyan kimi o dəqiqə hiss edirdi, gəlib ya başımın üstündə otururdu, ya qarnımın üstünə uzanırdı, ağrılarım keçirdi. Pişik mənim ağrılarımı insanlardan daha yaxşı hiss edirdi.

Mən onu çox istəyirdim. Bir dəfə guya hava alması üçün çıxartdım həyətə çəməndə dincəlsin. Evə qalxıb düşəndə gördüm ki, futbol oynayan uşaqlar oğurlayıblar. Pişiyi tapa bilmədim.

Bütün xilaskarlar axırda yox olurlar. Vaxtım olsa o pişik haqqında hekayə yazaram.

Sevinc Elsevər: Albinoslar, quramilər, apistoqrammalar, quppilər, qırmızı neon, çöpçü balıq, zolaqlı barbüs, qırmızı papaq, tısbağa, hətta su ilbizi saxlayıram. Balıq saxlamaq zəhmət tələb eləyən işdir. Akvariumun suyunu həftədə bir dəfə dəyişməlisən... Kompressorla su daim hava ilə təmin edilir. İşıq sönsə fəlakətdi. Düzdür batareyadan istifadə edib hava vermək olar, amma uzun müddət havasız qalsalar məhv olarlar. Bir neçə dəfə balıqlarımız ölüb, yenilərini almışıq. Bütün bunlar elektrikin kəsilməsinə görə olub.

Suyu marketdən alırıq. Krant suyu dərmanlı olduğuna görə akvariuma tökmək risklidi. Akvariumun içində yosunlar vardı, onlara da xüsusi qulluq lazım idi... Biz baxa bilmədik, yandılar.

Balıq saxlamaq zövqverici işdi. İllah da onların suyunu dəyişəndə... Biz onları balaca torla tuturuq, bunun üstündə hətta kim daha çox tutacaq deyə yarış gedir. Uşaqlar da bizə qoşulur, üst-başımız, döşəmə su olur. Hətta akvariumun qumu da dağılır. İndi qumu ləğv eləmişik, parlaq rəngli daşlar tökmüşük. Qışda qızdırıcıdan istifadə eləyirik, balıqların suyu 20 dərəcə olmalıdı.

Akvarium elə bir şeydir ki, xəzinə kimidi. Hər gün yeni bir şey öyrənirsən. Elsevər (həyat yoldaşı-red.) bir dəfə suyu dəyişəndə qızdırıcını söndürməyi unutmuşdu. Soyuq su tökəndə qızdırıcı partladı. Bir dəfə də akvariuma buz kimi su tökmüşdük, balıqlar şoka düşmüşdülər.

Alpay Azər: Mən də daxil olmaqla ailəmiz bir vaxtlar pişik saxlayırdıq, bu pişik bir müddət evdən çölə çıxmırdı, çimizdirirdik, necə lazımdı yedizdirirdik. Onun ayrıca tualeti varıydı. Günlərin bir günü erkək pişiyimizi çölə buraxdıq, o özünə sevgili tapdı və cinsəl həyatın nə olduğunu başa düşdü. Bundan sonra o ancaq yeməkdən yeməyə evə gəlirdi. Yeməyini yeyən kimi götürülürdü çölə. Və günlərin bir günü pişiyimiz xəstələndi, iki günün içində əriyib çöpə döndü. Həkimi isə gec çağırdıq, pişik hamımızın gözü qarşısında çabalaya-çabalaya can verib öldü. O pişiyi aparıb çöllükdə basdırdıq. Bununla bağlı "Pişiklərin bərələn gözləri" adlı hekayə yazmışam, ədəbi saytların birində durur.

O vaxtdan pişik saxlamırıq, yəqin ki, kompleks, qorxu var, birdən eyni tale yaşayar evimizin yeni sakini. Bir də pişik saxlayası olsaq, gərək cütlük olsun, pişiyi evdə tək saxlayıb onu tayından məhrum etmək günahdır. Nə bilim, bəlkə də gələcəkdə bir cüt pişik saxladım.

Sevinc Çılğın: Heyvanlarla çox da yola gedirəm deyə bilmirəm. Bir az qorxuram, bəzən iyrənirəm. Amma sevimli olduqlarını etiraf edirəm. Başqalarında xoşuma gəlir. İtdən dəhşətli dərəcədə qorxurdum. Aygün Səmədzadənin sayəsində bu qorxunu yendim. Onun sevimli Mişkası ilə dostlaşandan sonra inandım ki, heyvanlar yaxşıdırlar, həmişə qorxulu olmurlar.

Bircə dəfə pişik saxlamışam, o da elə Aygün Səmədzadənin sayəsində. Onun çox gözəl pişikləri vardı. Balalayandan sonra birini özümə götürdüm. Çox yaraşıqlı və şirin idi. Xüsusi qulluq edirdim, ancaq pişiklər üçün olan məhsullarla qidalandırırdım. Məni çox sevirdi. Haram ağrısaydı, gəlib orda oturardı Adını Murka qoymuşdum. Piano çalırdım ona. Sevgi doluydu. Mən də sevgiyə həssas adam...

Əla tuturdu bizimki. O da bütün sevənlər, əzizlənənlər kimi getdi... Günün biri sadəcə getdi. Axtardıq, aradıq, görən olmadı. Sonra dedilər ki, pişiklər öləndə, xəstələnəndə sevdiklərini üzməmək üçün gedirlərmiş... Görünür o məni bəzi doğmalarımdan da çox sevirmiş... Nə isə... Kövrəldim...

Cəlil Cavanşir: Saxladığım ilk ev heyvanı çoban köpəyi olub. Köpəklə paralel pişik də saxlamışam. İtləri çox sevirəm. Toplan adlı bir köpəyim vardı, təsadüfən güllə dəymişdi. Bir neçə gün sağaltmağa çalışsaq da, mümkün olmadı. O öləndə ağlamağım indiki kimi yadımdadır. Anam məni sakitləşdirə bilmirdi. Pişik saxlasam da, əvvəllər pişiklərə marağım olmayıb.

Tələbə vaxtı bir müddət tutuquşu saxladım. Sonra onu nişanlıma hədiyyə etdim. O tutuquşuların da bəxti gətirmədi. Evləndikdən sonra balaca bir it almışdıq. Onu da uşağa xəstəlik yoluxa bilər qorxusu ilə başqasına hədiyyə etdim.

Uzun müddət tək yaşadığım üçün dostların məsləhəti ilə yenə tutuquşu aldım. Bir neçə gün saxladım, sonra o da təkliyə dözməyib öldü. Ya da görünür xəstə imiş.

Gələcəkdə öz evim olsa hökmən çoxlu pişik və bir neçə it saxlayacağam. Tutuquşu sevdam hələ də qalır, ona görə də yəqin bu yaxınlarda alacağam.

Könül Həsənqulu: Həyatda anası üçün ağlayan körpə pişiyin səsi qədər heç nə ürəyimə toxunmayıb. Bunu tam səmimiyyətimlə deyirəm. O səsdə qəribə mistika var. O səs – kədərin öz səsidir. Kədər öz səsilə ağlayır onların dilindən. Dəfələrlə olub ki, atılmış bala pişikləri, hətta gecə, əlimdə fənər axtarıb-tapıb gətirmişəm evə. Gözləri hələ açılmamış pişikləri saxlamaq daha çətindir, amma mümkünsüz deyil. Təxminən üç aya qədər saxlayandan sonra pişiklərin anadan ayrılma müddəti çatdıqda, buraxmışam onları həyətə. Ordaca yeni, ikinci həyata başlayıblar.

Daimi pişiklərimdən isə ən əziz birisini deyim – Vaska. Bütöv adı Vasiliy Xvostov idi. Türk pişiyi cinsindən idi, qapqara, uzun-uzun tükləri, sarı gözləri vardı. Ecazkar quyruğu vardı. Quyruğunun tükləri çox uzun olduğundan Xvostov kimi soyadı vermişdim ona. Çox ağıllı pişik idi, həm də həssas. Bəzən ev pişiklərinə qadağa qoyanda onlar fikir vermir, çöl pişiyi kimi elə istədiyini edirlər. Vasiliy belə deyildi, o ilk növbədə özünə hörmət edirdi, qürurluydu. Ondakı bu qüruru, xasiyyəti sevirdim. Pişiklərin ən sevimlisiydi.

2011-ci il, fevral ayında, gecəyarı, küçədən it boğuşması səsi gəlirdi. Bir də bir pişik səsi. Mənə elə gəlirdi ki, Vaska həyətdə öz yerində yatır. Düşünməzdim ki, onu o an itlər parçalayır. Ertəsi gün Vaskanı tapmadım...

Etimad Başkeçid: Şişirtmə kimi çıxmasın, hərdən mənə elə gəlir ki, Ovçu Pirim kimi hevanların dilini bilirəm. İstərsəniz sınayın, bir müddət diqqətlə hər hansı heyvanın üzünə baxın, axırda onun nə barədə düşündüyü sizə əyan olacaq.

Dağ yerlərində yaşayanlar qurdların qoyun sürüsünə necə hücum çəkdiyini yaxşı bilir. Qurdlar əməlli-başlı əməliyyat planı qururlar – iki yerə bölünür və sürüdən bir-birinə əks istiqamətlərdə mövqe tuturlar. Onların bir hissəsi səs-küylə sürüyə yaxınlaşır, duyuq düşən çoban itləri ilə qarşılaşan kimi qaçmağa üz qoyurlar. İtlər də onların arxasınca. Bu zaman sürü qorumasız qalır və pusquda duran digər qurdlar rahatca öz işlərini görürlər…

Bizim kənd heyvanlarının həyatı barədə kitab yaza bilərəm. Onların cəmiyyətləri bizimkindən heç də az maraqlı deyil. İndinin özündə də Binədəki həyətimizdə bir sürü qaz, toyuq, ördək saxlayıram. Bu günlərdə qazlarda əvvəllər heç fərq etmədiyim ağıl nişanələrinin olduğunu fərq etdim. Onların qabağına, məsələn, quru çörək atırsan, aparıb xeyli aralıdakı təknədə isladıb yeyirlər...

Nərmin Kamal: İki cür heyvan saxlayan var. Birincilər heyvanı hobbi, əyləncə kimi saxlayır. Cins itlər, nə bilim, quyruğunun ucunda gül olan pişiklər, belə özəl heyvanları xoşlayıb saxlayırlar, ona çox xərc çəkirlər. İkincilər heyvanı yazığı gəldiyinə görə, o heyvan küçələrdə yemək tapmadığına görə, maşınların altında əlini-ayağını itirdiyinə görə saxlayırlar.

Hər ikisi gözəldir. Amma mən ikincilərdənəm. 30 ilə yaxın evimiz bədbəxt pişiklərin, şikəst itlərin sığınacağı olub. Bir dəfə çox yekə küçə iti çarpayımın yanında yatıb dururdu. Onu Bülbülədə poliklinikanın yanında maşın vurub ayağını sındırmış vəziyyətdə tapmışdıq. Altı ay qaldı, yarası bitişdi, həmin yerə buraxdıq, sonra həmin yerdə çox axtardıq, tapmadıq.

Bu işlərin başında anam dayanıb. Hətta mən evdə hansısa həşərat görüb qışqıranda, ayaqqabımı onun üstünə çırpmaq istəyəndə o deyirdi: "Həə, neynəyək, özünə kupçalı ev ala bilmir". Öldürməyə qoymurdu, bir qabla götürüb bayıra atırdı. Ət yemirdi. Deyirdi, gözü gözümə baxanı necə yeyim.

Mənə də bu ekoloji həssaslıq keçib. Heyvanların vəziyyəti normal olsa, mən heç vaxt pulla it, pişik alıb saxlamaram. Əksinə, mən ona görə heyvanlara baxıram ki, ən yoxsul insan da sözlə, hərəkətlə, qapı döyməklə dilənə bilər, özünə yol edə bilər, heyvanın isə bu imkanı yoxdur. O miyoltunun, o mələrtinin səbəbi haqqında düşünmək sənin ağlına gəlməlidir.

İngiltərədə pişiklər küçədə yaşamır, küçədə yalnız sahibli bahalı itlər, pişiklər görürsən. Ona görə də burda mənim evimdə heyvan yoxdur, ancaq Bakıdakı evimizdə indi bir kor pişik yaşayır.

Kənan Hacı: Mən pişik saxlamağı çox sevirəm. Əvvəllər kənddəki evimizdə də siam pişiyi saxlayırdıq. Sonra şəhərə köçdüm. Daha pişiyim olmadı. Amma bir gün iki pişik balasını həyətdə görüb evə gətirdim, yenicə doğulmuşdular. Təəssüf ki, onlar da çox qalmadı.

İndi pişiyim yoxdu...

Azad Yaşar: Təxminən beş il qabaq tutuquşu saxlayan dostumuz onların balalarından bir cütünü himayəmizə götürməyi təklif elədi. Biri sarı, digəri göy olan bu tutuquşuları eyni qəfəsdə saxlamağa başladıq. Sarı quşda qəribə bir mistik hiss var idi: türkcə ilahilər, ney təqsimləri dinlədiyim zaman gedib, musiqi mərkəzinin üzərinə qonar, gözlərini yumaraq, durmadan bir dua pıçıldayırmış kimi dimdiyini xəfifcə tərpədərdi. Onun bu meditasiyası musiqi səsləndikcə davam edərdi və bir neçə dəqiqə sonra təkrar fani dünyaya dönən quş gözlərini açardı.

Bir neçə ay sonra sarı tutuquşu öldü və məni hədsiz məyus elədi, o biri quş onunla müqayisədə qarnına hədsiz düşkün, dünyaya bağlı biri olduğundan onu bir tanışımıza bağışladıq. Beləcə, qəfəs boş qaldı.

Bir neçə ay sonra əvvəlki dostumuz bir partiya da bala tutuquşunun dünyaya gəldiyini müjdələməklə, bunlardan xaki rəngdə olanını bizə pay verdi. Onu “Yaşıl” adlandırdıq. Kiçik vaxtlarından bizə yamanca yovuşdu, adamın çiyninə, dizinin üstünə, başına qonmaqla özünü hamıya, hətta qonaqlara da sevdirirdi. Bir az ərköyünləşdiyi üçün artıq onu gecələr qəfəsə salmaq müşkülə dönmüşdü. Hətta bundan ötrü onu cuna ilə tutmağa məcbur olurduq.

Bir gün belə “yaxalama əməliyyatı” zamanı var gücüylə dartındığı vaxt bilmədən zavallının sağ qanadını zədələdik və o vaxtdan o, bir daha uça bilmədi. Eləcə masanın, divanın, rəflərin üstündə özü üçün ora-bura gəzişir, çox vaxt hərəkətsiz oturan adamlara əsl alpinist fəth edəcəyi zirvəyə yanaşan kimi yanaşırdı: eynilə o məşhur “Hörümçək adam” sayağı adamın ayaq pəncəsindən dizinə, oradan çiyninə, daha sonra isə başına dırmaşırdı və bunu görünməmiş peşəkarlıqla, sürətlə edirdi. Yatmaq saatı gələndə özü qəfəsinə girirdi. Görünür, amansız taleyi ilə barışmışdı.

Bu halına evdə hamımızın canı yandığından onu xüsusilə əzizləyirdik və bəlkə də bunun ardında onu uçmağa həsrət qoyduğumuz üçün bir təqsirlilik kompleksi də dayanırdı. Zədəli sağ qanadı daim böyründən salxdığı üçün ona “Çapayev” ayaması da taxmışdım. Daha çox masanın və stulların altında, döşəmədə, xalının üstə gəzməyi sevən bu quş bir neçə dəfə ayağımızın altda qalmaq təhlükəsiylə də üzləşmişdi.

Adamdan heç hürkmədiyi üçün ən son anda bir kənara çəkilirdi və dəfələrlə əzilmək qorxusu yaşamışdı. Özümüz də bundan hədsiz ehtiyatlanırdıq. Onun həzin sonu məhz elə belə də oldu: bir gün bilgisayarda işləyərkən televizorda verilən zəhlətökən reklamın səsini kəsmək və pultu götürmək üçün qəfil yerimdən duranda ayağımın altda yumaq kimi nə isə yumşaq bir şey qaldığını sezdim və “İnşallah, Yaşıl deyildir” - deyə içimdən keçdi. Ancaq bu… Yaşıl idi.

Bir dəqiqə sonra o, keçindi. Aparıb onu həyətimizdəki yaşıl çəmənlikdə torpağa tapşırdıq. Evdə hamımız günlərcə məyus dolaşdıq. Buna son qoymaq üçün bir gün zoomağazaya gedib, mərməri (metallik) mavi rəng bir tutuquşu aldım. Adı “Papuş” və ya ”Papu”dur. Popuqaylar üçün Ukraynada buraxılan yemlərin üstündə yazılan “papujka” sözünün qısaltmasıdır bu.

Həmin gün dükanda bir cüt al-əlvan, ekzotik, mini quş da var idi. Cinslərini soruşanda “amadina” dedilər. Afrika sərçəsi sayılırmış. Tutuquşu ilə amadinaların eyni qəfəsdə saxlanmasını imkansız saydığımdan, üstəlik, onsuz da darısqal evimizdə ikinci qəfəsə yer qalmadığından onları almağa bir elə təşəbbüs göstərmədim.

Təzə quş, aydın məsələdir ki, “Yaşıl”ın yerini verməyəcəkdi, çünki hətta eyni növdən olsalar belə, hər bir quşun özünə xas, təkrarsız bir xasiyyəti olduğunu artıq təcrübəmdən bilirdim. Bu tutuquşunun ən üstün cəhəti isə o idi ki, evdə, işdə bir qanqaraçılıq olacaqsa, durmadan quqquldamaqla onu bizə yarım saat, bir saat əvvəl xəbər verir və hələ də bu “münəccim”liyini davam etdirir.

Beş-on gün sonra yenə həmin dükandan yolumu salanda amadinaların birinin - erkəyinin qaldığını gördüm. Səbəbini soruşanda dişisinin öldüyünü və erkəyin yaman xiffət etdiyini dedilər. Bütün quşlar kimi, bunların da erkəkləri dişilərə nisbətən daha yaraşıqlı, gözoxşayan olur. Onu alıb, evə gətirdim. İlk saatlardan evdə danışarkən “mən” və ya ”mə” hecalarına reaksiya verməyə başladı, sanki bütün dünyada onun üçün sadəcə “mə” hecası vardı. Beləcə, onun adını “Mənuş” qoyduq. Hərdən zarafatla onun tam adının «”Mənuçöhr” olduğunu da deyirəm qonaqlara.

Hərəsi tamamilə fərqli növ quş olsalar da, tutuquşu ilə amadina yamanca dostlaşdılar. Hətta onlardan hər hansı birini ovcumuza alanda digəri gəlib, onun başına fırlanır, sanki dostunu əsirlikdən qurtarmağa çalışır. Evdə birgə dövrə vurur, oynayır, yatmaq vaxtı gələndə isə üzüyola şəkildə ayrı-ayrılıqda qəfəslərinə girirlər.

Tez-tez televiziyada və ya internetdə ev şəraitində heyvan saxlamağın zərərləri barədə verilişlərə, yazılara rast gəlirəm. Məlumat üçün onlara diqqət yetirsəm də, çox da ciddiyə almıram. Belə götürəndə, guya ki, həmnövümüz sayılan insanların hamısı bizim üçün zərərsizdir ki?!

Ötən illər ərzində quşların davranışlarına diqqət edərkən fərqinə varmışam ki, bəlkə də onlar bizdən daha xoşbəxtdirlər, Allah-təala onları daha xoş saatda yaradıb, çünki ən azından uçmağı bacarırlar. Bir də, əlləri olmadığı halda, onların nələrə qadir olduğunu görəndə, Yaradanın möcüzəsinə heyran qalmaya bilmirsən. Həm də quşlar bir çox insanlardan daha təmizkar və sahib olduqları azacıq nemətə daha şükürlüdürlər.

# 5775 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #