“Zəhər qətrələri” - Əmin Abidin hekayəsi

“Zəhər qətrələri” - <span style="color:red;">Əmin Abidin hekayəsi
19 iyun 2017
# 21:00

XX əsrin əvvəlləri Azərbaycan ədəbi-mədəni həyatının parlaq simalarından şair- publisist, ədəbiyyatşünas Əmin Abid Gültəkinin (Zeynalabdin Mütəllib oğlu Əhmədov- 1898-1937) zəngin elmi- bədii irsi bu gün də, həm ideya-məzmun, həm də sənətkarlıq nöqteyi-nəzərindən diqqəti çəkir, aktual və əhəmiyyətlidir. İstiqlal mücahidi Mirzə Bala onun haqqında yazırdı ki, Azərbaycan türkünün milliyət, hürriyyət və istiqlal uğrunda qızıl rus imperializminə qarşı qanlı savaşını şeir vadisində təmsil edən mücahidlərdən mühacirətdə yetişənlərin başında Gültəkin gəlir. Çar Rusiyası dövründə əsərləri “Dirilik”, “Məktəb”, “Ovraqi-nəfisə” “Babayi-əmir” və s., daha sonra mühacir nəşrlərdə- "Yeni Qafqaz", "Azəri-türk", "Odlu yurd" kimi mətbu orqanlarda, eləcə də sovet mətbuatında müxtəlif imzalarla dərc olunan 1937-ci il repressiya qurbanı Gültəkinin həyat, yaradıcılığının daha dərindən, bu günün tələbləri ilə araşdırılması və dəyərləndirilməsi mühüm əhəmiyyət kəsb edir.

Ədibin 100 il əvvəl “Sovqat” qəzetində dərc olunmuş “Zəhər qətrələri” adlı hekayəsi (Sovqat qəzeti, № 118-119-120, 23-24-25 yanvar 1917) Gültəkin yaradıcılığının ilk dövrü haqqında müəyyən fikir və mülahizələr söyləmək baxımından maraq doğurur. 1916-cı ildə Bakıda Ağa Həsən Mirzəzadənin müdir və imtiyaz sahibi kimi “Siyasi, ədəbi, ictimai və iqtisadi gündəlik Türk qəzetəsi” kimi nəşrə başlayan “Sovqat”ın ömrü qısa olsa da, Azərbaycan mətbuat tarixində müəyyən iz buraxmışdır. İlk nömrǝsi 1916-cı il sentyabrın 1-dǝ, sonuncu 1917-ci il mayın 27-dǝ (cǝmi 210 nömrǝ) çıxmışdır. Qǝzetdǝ Abbas Sǝhhǝt, M. Hadi, M. Sidqi və digər maarifpərvər ziyalılarımızın maarif vǝ mǝdǝniyyǝt mǝsǝlǝlǝrinǝ dair yazıları da verilmişdir.

Zəhər qətrələri

Milli məişətimizdən

Tam beş il olardı ki, Fatma xalanın əri Məşhədi Zaman vəfat etmiş, qızı Nurcahanla arvadını, bir otağın aylıq gəliri olan on beş manata möhtac buraxmışdı. Rəhmətlik Məşhədi Zaman, iqtiza-yı zaman mucibincə [zamanə şərtlərinə görə ] qızını, rüşdi məktəbini qurtarana qədər oxuda bilmişdi. Müşarileyh [adı keçən şəxs] mərhum olalı bəri Fatma xala evində arşın malı satmağa, Nurcahan dəxi corab, saçaq, hırmı toxumağa əl qatmışdı. Hasil olan para ilə orta qaidədə keçinirlərdi.

Məhəllə çavanlarından olan Səməd, (ata-anası çoxdan vəfat etmişdi) dəfələrlə Nurcahana nişanlanmaq istəmişdisə də, Fatmadan rədd cavab almış, yerində oturmuşdu. Bir gün yenə elçisini göndərmiş, böyük nəvazişlə qızını istəmişdi. Bu kərə Fatma rədd etməyib vaqe olan təklifi qəbul eyləmiş və Səmədin cümə axşamı onlara gəlməsini tövsiyə etmişdi. Elçi dəxi gətirdiyi xəbərin cavabını almış, aparmışdı.

Bu dəvətdən Fatmanın məqsədi, Səmədə bir neçə söz tapşırmaq və ondan iqrarı iman almaqdı. Çünki “işinin qabağını yoxlamayan, axırda peşman olar”- atalar sözünü gözəlcə anlamışdı. Bundan başqa gözünün bəbəyi məsafəsində olan bir qızının xatirini artıq dərəcədə istərdi; onu dəxi bir səfilə, bir başı soyuğa rəfiq etməyin geyriqabil olduğunu əla bir surətdə düşünmüşdü.

Cümə axşamı Səməd Fatmanın dəvəti üzərinə onlara gəlmişdi. Yemək yeyildikdən və böyük tanrıya həmdüsənalar edildikdən sonra Fatma sözə başladı:

- Səməd, oğlum, səni nə üçün çağırdığımı bilirsənmi?

- Bəli, layiq olmadığım halda, bəni məsud etmək istəyirsən…

- Allah eləməsin, layiqsən və qızımı istəyirsən, çox gözəl. Hətta inkar etməzsən ki, bunun üçün də tələsirsən.

- Bəli.

- Bir az aydın danışaq. Bir çavanın ən böyük haqqı sevmək olduğu gibi, bir cavane qızın da ən böyük haqqı yenə sevməkdir. Hələ evlənməyin də ən böyük şərti budur. Amma bəzi şərtlər də var ki…

- Nə gibi?

- Bəzi şərtlər var ki, onları demək istəyirəm. Əvvəla bilməlisən ki, bən çox mehriban bir anayam. Qızımın yanımdan bir dəqiqə ayrı olmasını istəmərəm. Buna görə özgə evə getməsinə də razı deyiləm. Sən dəxi bənim oğlum olacaqsan, deyilmi? O vaxt buraya gəlməlisən…

- Əgər qəbul eyləsən…

- Danışıqsızdır. Hacı Gulamın kantorunda yazıcılıq edib də ayda altmış manat almağını da eşitmişəm. Lakin orada da dayanmayırsan!

- Kim dedi?

- Onu söyləmək lazım deyil. Ancaq sənin işində davam etməməyin, gələcəkdə öz işini xarab edər. Bu xarablığa qızımın da şərik olmağı lazım gələcək. Bunu bən qəbul etmərəm.

- Çox yaxşı, bundan sonra işimdə davam etməyə söz verirəm.

- Oğlum, bilirsən ki, hər gecə evə gəlməmək pis işdir. Xüsusən keyfə aludə olmaq… Bu gibi dirilik məsələlərində zəhərdən daha qorxuludur. Bayırda keyfə aludə olmayacağına və hər gecə külfətinin yanında olacağına and içərsənmi?

- Səməd xəfif güldükdən sonra kəmali ehtiram ilə:

- Necə istəyirsən hazıram. Namusuma da and içirəm. Fəqət məvhum [əsli əsası olmayan] bir şey üçün and içməyin nə əhəmiyyəti?

Fatma qalxdı. Pəncərədəki Quran-ı şərifi gətirdi. Səmədə uzadıb dedi:

- Al, öp və and iç ki, bənim dediklərimə əməl edəcəksən.

Bir həftə sonra bu evə damad olub gələcək olan Səməd, məsruranə [sevincək] qayıdarkən Fatma xala qulağına tərəf əyildi. Arvadın xələcanının [ürək döyüntülərünün] əksiylə titrəyən həzin səsi, Səmədim beyni içində zingildədi:

- Bunu da bil ki, qızımı səndən çox istəyəcəyəm…

O gün axşamüstü Nurcahan, o vaxta qədər görünməyən bir zövqlə bağçada gəzişir, dolaşır… Anası da pəncərə qabağında dayanmış, gələcək səadətini təşkil edən bu məhsuli həyata fikirli bir nəzərlə tamaşa etməkdəydi.

Nurcahan gəlin oldu. Səmədə olan meyli, bu izdivacın vüquu [baş tutması] ilə böyük bir məhəbbətə təhəvvül etdi [çevrildi]. Bütün ümidlərini, bütün səadətlərini “o gözlərin” içində oxuyurdu. Zatən tazə damad da Nurcahana artıq hörmət və nəhayətsiz məhəbbət göstərməkdə qüsur etməyirdi.

Beləliklə, üç-dörd ay keçdi. Bir gecə Səməd evə qayıtdıqda Nurcahan, ərindən gözlənilməyən içki qoxusu hiss etdi. Heç danışmadı. O qədər böyük məhəbbətə qarşı, bu qədər kiçik qüsurlar nöqsan yetirə bilərdimi?

İkinci gecə Səməd, oxumaq adəti olmadığı halda- otağında var səsiylə oxumağa başladı. Nurcahan bundan bir az təəccübləndisə də, o kiçik nəğmələri belə qəlbinə əks edən bu oxumaqdan artıq xoşladı.

Fatma xala o qoxunu duymuş, o oxumağı eşitmiş olduğu halda səs çıxarmamağı məsləhət görmüşdü. O, gələcəyi gözləyirdi. Lakin Səmədin bir gecə evə heç gəlməməsi, Fatma xalada bir hiddət, Nurcahanda böyük bir kədər hasil etdi. Gecənin sükutu ətrafı əhatə etdiyi halda, Səməd hənüz gəlməmişdi. Yemək məhzunanə [hüzünlü bir şəkildə] yeyildi. Ana- bala otaqlarına getdilər. Fatma xala çox fikirliydi. Bir çox andlardan sonra böylə vaqelərin meydana çıxması onu bərk qorxudurdu. Nurcahan sandal üstündə oturmuş, həm bir kitabın vərəqlərini çevirir, həm də ərini düşünürdü. Əcəba nə olmuşdu? İçki çox içmiş, bir yerə yıxılıb qalmışdımı? Yaxud, hiddətlənib bir cinayətmi işləmişdi? Yatmaq zamanı gəlmişdi. Bir nev yata bilməyirdi. Bayırda bir səs eşitcək pəncərəyə yüyürür, intizarının boşa çıxdığını gördükdə məyus, mükəddər dönüb yerində qərar tuturdu. Bu arada bədənini bir vecə tutdu. Uzun kipriklərini, ürəyinin sızıltılarıyla qarışan iki damcı göz yaşı islatdı. Çöhrəsi sarardı. Saqın sevdiyi olmasın! Şübhə! Bu şübhə onu əzir, məhv edirdi. Lakin mümkünmüydü, ona qarşı o qədər gözəl təbəssümlər edən, o qədər rəhimanə dolanan ərindən böylə bir xəta, ümid edilə bilirdimi? Hələ özü nə qədər sevirdi… Bir sevdiyi olsa ərinin ona da iltifat etməsinə razı olacaq, fəqət özünün tərk olunmasını istəməyəcəkdi. Ah! Bu böyük sevgi! Günəşin işığı, otağı işıqlara qərq etdiyi halda hələ düşünürdü. Ayıb deyil ha, sevir… Əri onu öldürəcək olsa da, sevəcək…

Axşama yaxın Səməd gəldi. Onu pilləkan başında qabaqlayan Nurcahan, mükəddər bir çöhrə ilə gecə harada qaldığını soruşdu. Səməd güldü. Bu gülüş, çıxışıyla bir qar parçasını əridə bilməz günəşə oxşadı. Nurcahanın bütün qəmlərini şadlığa çevirdi. Otağa gəldikləri vaxt Nurcahan ərinə ağuşı məhəbbətini açıb dedi:

- Bilirsən, nə qədər fikir eləmişəm? Gecə sabaha qədər yata bilməmişəm. Sən Allah de görüm, harada idin?

- Yoldaşlarımdan biri, bu gecə evinə getməkliyimi rica eylədi. Bən qəbul etmək istəmədim. Amma o, çox üz saldı. Buraya xəbər göndərmək üçün bir adam axtardımsa da, tapa bilmədim.

- Yalan deyirsən…

- Yalan danışmağa nə məcburiyyətim var, canım?!

- İndi inanım?

- Vallah.

- And içmə, bən səndən əminəm.

O axşam yemək, sükut içində yeyildi. Yeməkdən sonra çay içilirkən o vaxta qədər fikirli duran Fatma xala, damadına dedi:

- Dünən gecə harada idin?

- Yoldaşımın yanında idim.

- Yoldaşının adı yoxmu?

- Var…

- Nədir?

- Əhməd.

- Çox yaxşı, oğlum, bizim üçün bir xəbər göndərə bilməzmiydin? Nurcahan bəndən artıq istəyirdi.

- Qızına da söylədim ki, göndərmək üçün bir adam tapa bilmədim.

Zavallı ana, üzünü pəncərəyə döndərib öz- özünə “Deyəsən verdiyin sözlər üstündə durmayacaqsan” dedi. Əhvalı bərk qarışmışdı. Hətta Səmədin: “- Xala, sənə öyrətmək lazım gəlir ki, bən buraya damad olmaq üçün gəlmişəm, əsir olmaq üçün gəlməmişəm!” deyə söyləməsi, Fatma xalanın dodaqlarında, yanaqlarında bir titrətmə törətmişdi. İndi bu arvad damadına cavab verəcək, onun pisliyini anlatacaqdı. Sandal üstündə oturan qızı Nurcahan sakit, dərin bir nəzərlə baxırdı. Bu nəzərin ifadə ətdiyi məna “yenə Səmədi çox sevirəm”dən ibarətdi.

Fatma qalxdı. Damadının oturduğu yerə qədər gəldi. Gözlərini Səmədin üzünə dikdi.

- Bağışla, bilməyirdim -dedi. Qapıdan bayıra çıxarkən bu cavabı aldı:

- İndiyə qədər bilməyiniz lazım gəlirdi.

Fatma dala baxdı, qızının gözlərindəki nəzər hənüz dəyişməmişdi. Səbr etdi. Otağına getdi.

Sabahı gecə Səməd saat üçdə gəldi. Hər pilləni çıxarkən dayanırdı. Otağına girdiyi vaxt Nurcahanın müntəzir durduğunu gördü. Nurcahan lətif bir gülüşlə ərini qabaqladı. Səməd, içkini o qədər içmişdi ki, çöhrəsi qıpqırmızı qızarmış, gözləri şişmiş, dodaqları büzüşmüşdü. İnsanlar arasında “sərxoş” gibi mühəqqər [həqarətə məruz qalmış] bir xitabədən başqa bir şeyə nail ola bilməyən bu səfil, özünü sandal üstünə yıxdı. Arvadının: “Yenə harada qalmışdın?”- sualına sərxoşlara məxsus bir tövrlə cavab verdi:

- Bu… Bax arvad! Sorğu-sualdan açığım gəlir. Harada, harada isəm oradayam. Vəssəlam. Dünən axşam, anandır, nədir, ona da söylədim. Bən əsir deyiləm, böylə deyilmi? O qanmaz da nə qədər anlamaz. Bən böylə şeyləri sevmərəm. Ananı çox istəyirsənsə, yaallah, get yanına. Bir daha sorğu-sual eyləmə, çünki bənim yumruğum var…

Nurcahan indiyə qədər kimsədən eşitmədiyi bu sözləri eşitdi. Ürəyinin ən nazik bir nöqtəsinə bir xəncər soxulduğunu, ruhunun alov içində qaldığını hiss etdi. Bununla bərabər ərinin bu acı təhqirlərində böyük bir ləzzət, qəribə budur ki, fövqəladə bir məhəbbət görürdü. Sevmək, bu anlaşılmaz bir sirri həyatdır.

- Anladın mı?

- Anladım, canım!

- Doğru deyilmi?

- Doğrudur, doğru. Yatarsanmı?

- Nə? Bən sərxoşmuyam? Qələt edirsən!

- Onun üçün demədim. Yuxun gəlmişdir, deyirəm.

- Yox, gəlməmiş.

- Öylə isə oturaq.

Səhər, Səməd evdən çox tez çıxdı. Nurcahanın mövqeyi xeyli müşkil idi. Şəfqətli anasını sevir, layiq olmadığı halda əri üçün də dərin bir məhəbbət bəsləyirdi. İkisinin də biri birini sevməsini istəyirdi. Anasının gözündə bir gilə yaş, ərinin üzündə bir nişanəyi kədər görmək, bu biçarəyə çox ağır gəlirdi. Anası çağırdı. Nurcahan getdi. Anası çarşafını örtmüş, boxçasını hazırlamış, ayaq üstündə qızını gözləyirdi. Nurcahana, otur, dedi. Sonra əlavə etdi:

- Gözəl qızım, hamısını eşitdim.

Nurcahan titrək bir səslə, “nəyi?” dedi. Fatma cavab verdi:

- Bana qulaq ver. Səndə Məcnunanə bir sevda var. Ərini çox istəyirsən, pis deyil. Bən, səni on o qədər sevirəm, fəqət qızım, o adam sənin gibi bir mələyin məhəbbətinə layiq olmadığını gösərir.

- Lakin o…

- Sözümü kəsmə, hamısını eşitdim. O bənim burada olmağımı istəməyir. Bənim burada olduğumu artıq görür. Bən sənin yaşamaqlığını istəyirəm. Bənsiz də rahat olmayacağını bilirəm, ancaq qızım, yenə sənin rahat olmağın üçün bir neçə günlüyə bibingilə gedəcəyəm. Bəlkə o vaxt ərin əxlaqını dəyişdirə. Ara bir gəlib səni görərəm.

Nurcahanın gözəl gözləri qızardı. Yanağı üzərinə iki damcı yaş düşdü. Ürəyinin xələcanı [döyüntüləri], o gözəl sinəni təhrik edirdi. O göz yaşları içində uzun kipriklərinin arasında Səmədin gülüşlü bir xəyalı keçdi. Ürəyində olan anasının məhəbbətiylə bərabər, ərini də bir növ yadından çıxara bilməyib dedi:

- Bu axşam, anacığım, bir az içmişdi…

- Xeyr, qızım, bənim təcrübəm pis deyil, bən böylə etmək istəyirəm.

Fatma xala, pillələri hıçqıra-hıçqıra endi. Nurcahan başını balışa dayayıb bütün fəlakətləri, bütün talesizliyi üçün hönkür-hönkür ağlamağa başladı. Bir az sonra başını qalxızıb tutqun bir səslə: “Anacığım, hardasan?” dedi. Saat, tıkırtısıyla cavab verdi. Mütəakibən [davamında] bülbül ötdü. Ah, anacığı yoxdu. Budur, o pəncərənin qabağındakı döşək boş…

Axşam üstü Səməd gəldiyi vaxt, gözləri yaşlı olan Nurcahana dedi ki:

- Məgər bilmirsən ki, bənim ağlamaqdan açığım gəlir, nə var?

- Anam getdi.

- Haraya?

- Evdən çıxdı.

- Yaxşı iş etmişdir.

- Ancaq…

- Çox fikir eyləmə, istəyirsən, sən də get.

Nurcahan üzünü örtdü.

O gecə yenə sərxoş olan Səməd, yatağında bərk sayıqlayırdı. O cümlədən deyirdi ki: “Mariya, Nurcahan sənə qurban olsun!” Nurcahan yavaş-yavaş başını qalxızdı, ərinin üzünə dərin bir nəzərlə baxdı. Sonra başı yastığa düşdü. İxtiyarsız bir ah çəkdi.

Nurcahanın bir gecə içində giriftar olduğu iztirab, həyatında böyük bir təbəddül hasil etdi. İştəhası birdən- birə küsdü, gözlərində həzin, sönük bir baxış vardı, çöhrəsi solurdu, səhərlər yatağından qalxarkən bədənini nazik bir tər bürüyürdü. Onun dalınca quru bir öskürək o gözəl dodaqları aralayırdı. Təbiətində dəxi böyük bir dəyişik hüsula [meydana] gəlmişdi. Böylə ki, saat səslənəndə acıqlanır, bülbül bir az çox şaqqıldayanda artıq hiddətlənirdi.

Beləliklə, bir ay keçdi. Bu bir ay zərfində Fatma, qızının yanına neçə dəfə gəlmiş, qızının həyatındakı təbəddülü [dəyişikliyi] seçmiş, yalnız, yalnız əcəldən qorxmağa başlamışdı. Səməd köhnə adətini tərk etməyir, gecələr gec gəlməsinə, içki içməsinə fasilə vermirdi. Bir axşam şiddətli bir titrətmə, Nurcahanı yatağa saldı. Sabahı gün yerindən çox erkən qalxdı. Paltarını geyən Səmədə üz çevirib dərmansız bir səslə: “Azarlamışam” dedi. Səməd laqeydanə başını çevirdi, soruşdu:

- Nəyindir?

- Sümüklərim bərk ağrıyır.

- Havalar çox pisdir, ondandır.

- Bir həkim gətirtsən yaxşı olar.

- Lazım deyil. İstərsən, çağıraram.

Həkim gəlmiş, Nurcahanı müayinə etməyə başlamışdı. Gedərkən Səmədə xəlvətcə dedi: - Bəzi qorxulu şeylər var ki, diqqət və etina oluna qabağını almaq olar. Bu gibi şeyləri də sənin gibi külfət sahiblərinə məlum etmək, hər həkimin borcudur. Sənin övrətin “dakka” [vərəm] naxoşluğuna mübtəla olmuşdur, diqqət elə!

Dəvalar tərtib olundu. Bir neçə saatlıq Səmədin ürəyində arvadı üçün mərhəmət hissi oyandı. Lakin çox keçmədi. “Nə zaman olsa, topraq olacaq bir bədənə neçin acımalı?” O rəhmsizin fəlsəfəsi ancaq bundan ibarətdir. Nurcahan, Səmədin əlində şişəni görcək yerinin içində düzəlib dedi:

- Fincanla içəcəyim su, odur mu?

- Bəli.

- Sən öz əlinlə versən, lap tez sağalaram.

Səməd, dərmanı fincana töküb avradına verdi. Nurcahan fincanı aldıqda, ərinin üzünə diqqətlə baxdı. Səməd soruşdu:

- Nə baxırsan?

- Heç…

Dərmanı axırıncı damcısına qədər içdi. Sabahı günü qızının azarlamasını Fatma eşitdi. Evə gəldikdə, otağın qapısı qabağında qızının öskürəklərini eşitdi, titrədi. Öskürəklərin səsi zavallı ananın ürəyinin tellərini qırdı. Mətanətini əldən buraxmayıb üzügülər içəri daxil oldu. Ağappaq içinə gömülmüş Nurcahan, zəif qollarını açaraq: - Anacan! Azarlamışam, öləcəyəm, dedi. Hər ikisi qucaqlaşıb ağladılar.

On beş gün keçdi. Şəfqətli Fatmanın sayəsində hər gün bu evə beş həkim yığışıb müzakirə edirdilər, fəqət Nurcahanın azarı, get-gedə şiddət kəsb edirdi. Bir gecə Nurcahan, şiddətli bir titrəmə ilə anasına dedi ki: - Ana, içərimdə bir yanqınlıq əmələ gəlmiş…

Yenə bir gecə yatdığı halda nagəhani bir lərzə ilə oyandı. - Ana! deyə çağırdı. Əri cavab verdi:

- Nə deyirsən?

- Anam harada?

- Yatmağa getdi. Nə deyəcəkdin?

- Yuxuda atamı görürdüm.

Yenə bir gecə öskürək Nurcahanın sinəsini parçalayırdı. Yatağının içində bir az oturmaq istədi. Arxasına yastıq söykəməklə məşğul olan anasına dedi:

- Anacan, bu gecə yanımda yatarsan.

- Yaxşı, qızım!

Meyxanadan qayıdıb da paltarını soyunmaqda olan Səməd, avradına təəccüblə baxıb dedi:

- Nə dedin?

İstəsən öz otağında yatarsan, lakin azarlıların axırıncı arzularını əmələ gətirənlərə Allah əvəz verir.

Fatma o gecə qızının yanında qaldı. Nurcahan səhər, damağı çağ, yuxudan oyandı. Gecə yuxusunda mələklər gördüyünü danışdı. Sonra bayıra çıxmağa hazırlanan ərinin paltosunu tutmaq üçün yerindən qalxmaq istədisə də, qüdrəti olmadı. Səməd gedərkən avradına:

- Bir şey istərsənmi?

- Bəli.

- Nə?

- Bir dəfə də səni görməyi.

- Sən Allah Nurcahan, belə sözlərlə özünü üzmə. Bax, bu sözə anan da təəssüf edər. İndi gələr, bari onun yanında söyləmə!

- Daha bir şey istəyirəm.

- De görüm, nədir?

Nurcahanın gözləri böyüdü. Öskürək nəfəsini tutdu. Bir dəqiqə sonra:

- Mariya kimdir?

Səməd işi duydu. Özünü anlamamazlığa qoydu. “İndi gəlirəm”- deyib bayıra çıxdı. İslamiyyətin böyüklüyünü, həşmətini ərş sakinlərinə elan edəcəkmiş kimi göylərə mütəvəccih [üz tutmuş] olan minarələrdə vəhdaniyyəti ilahiyyəni söyləyən əzançı, axşam əzanını oxuyarkən, anasıyla Səmədin gec gəlməsinə dair danışan Nurcahan: - Bən nədən böylə oldum? dedi. Fatma: - Nədir?, deyə soruşdu. Cavab almadı. Nurcahan özündən getmişdi. Fatma bir nalə qopardı. Sonra dərin bir sükuta getdi. Yavaş-yavaş masaya tərəf gəldi. Qoltuğundan çıxartdığı şişədəki qırmızı suyu fincana tökdü. Bir müddət o suya baxdı. Bir səs eşitdi ki, deyirdi: - Ev nə qaranlıqdır?! Ana lampanı yandır.

Nurcahan ayılmışdı. Çaşıb qalmış Fatma, sakinanə lampaları yandırdı. Nurcahanın solmuş çöhrəsini tənvir etdi [işıqlandırdı]. Masa üstündəki fincanı görcək:

- Ana, o sudan bana verərsənmi, dedi.

- Yox, o yaxşı deyil. Axşamdan qalandır. İstəyirsən, təzəsini hazırlayım.

- Yox, istəmirəm.

Nurcahan sükut etdi. Sükutdan ayıldıqdan sonra zəif barmaqlarını qapıya uzadıb dedi:

- Ana!

- Can!

- Orada oturan neçin danışmayır?

- Kim?

- Atamı görməyirsən?

Başı dala düşdü. Öskürək gəldi. Nəfəsi təngləşdi. Bunu bir xırıltı təqib etdi. Anası yaxınlaşdı. Qızının üzünə baxdı. Dodaqlarının arasından qanlı bir köpük axırdı. Ağlını itirmiş, əyilib o qanlı dodaqlardan öpdü. Gözündən neçə damcı yaş düşdü. Qızının üzünü bir dəstmal ilə örtdü.

Nurcahan gecə, saat birdə vəfat etdi. Acı, müdhiş həqiqət! Zavallı ana oturub ağlayır, qızını oxşayırdı. Bu əsnada qapı açıldı. Sərxoşluqdan qan beyninə hücum etmiş olan Səməd içəri girdi. Nurcahan haradadır, necədir, dedi. Fatma canxıraş bir fəryad qopardı. Qızının üzünü açdı. Yanaqlarının rəngi uçmuş, qanlı dodaqlarının arasında iki cərgə ağ dişləri görünürdü. Gözləri yarım örtülmüşdü. Səməd soruşdu:

- Huşdan getmişmi?

- (həzin bir səslə) Yox, vəfat etdi…

- Nə deyirsən?

Sonra oturub müstərihi məxsus [özünə məxsus rahat] hərəkətlərlə söyləşirdi. Fatma fəryad etdi. Əllərini yuxarı qalxızıb iki ruhun birləşməsi üçün dua etdi. Tez qızının yanına girdi, Nurcahanı qucaqladı. Bir saat sonra iki ruh birləşmişdi. İndi onlar yaşıl ağaçların qara kölgələrində uyuyurlar.

Çapa hazırladı: Abid Tahirli, Mehdi Gəncəli

# 1709 dəfə oxunub

Müəllifin son yazıları

# # #