"Əgər istəmədən hansısa dindar qardaş və bacıların heysiyyətinə toxunmuşuqsa, bundan təəssüf hissi keçirdiyimizi bildirir və bizi üzrlü hesab etmələrini xahiş edirik!"
Bu fikirləri rejissor, aktyor Əlixan Rəcəbov "Sonuncu şam yeməyi" filmi haqqında səslənən iradlara cavab olaraq "Facebook" hesabından paylaşdığı statusda qeyd edib.
Kulis.az rejissorun fikirlərini tam olaraq təqdim edir.
Arzulayıram ki heç bir müəllif sonra öz filmini izah etməyə məcbur olmasın.
"Sonuncu şam yeməyi" filmimiz bir qism həmvətənlərimizin xətrinə dəyib təssüf ki. Onlar məni və filmdə olan başqa insanları dinə lağ etməkdə ittiham edirlər.
Əvvəla film din haqqında yox, xürafat haqqındadır, həm də insan ölümünün dəyərsizliyini göstərir və ya həyatının. Əslində bizim ilkin məqsədimiz elə məhz bu idi. İnanclı insanların da görməkdən yorulduğu, lakin hər zaman dilə gətirilməyən, xürafatın, mövhumatın, saxtakarlığın din adı ilə təqdim olunmasını, hətta bizə sırınmasını tənqid etmək istəyirdik. Hər şeydən əvvəl isə bu sənədli yox, bədii filmdir. Bədii filmdə isə janrlar olur. Bu film absurd komediya janrındadır. Personajların əksəriyyəti qrotesk (1910-1920 ci illərdə yazılmış İtalyan dramaturqların tez-tez absurd görünən qeyritəbii prekursorları məktəbinə aiddir) personajlardır. Normal insanın verdiyi reaksiyaları vermirlər. O ki qaldı filmdə olan bəzi məqamlara:
1. Molla obrazı və ya Quran'i Kərimin yanlış oxunması.
Hamımızın bildiyi kimi indi hal-hazırda da qəbiristanlıqlarda kifayət qədər Quran'i Kərimi filmdə göstərilən personajdan da yanlış oxuyan "mollalar"var. Düşünürəm ki az bir hissəmiz onlara gedib etirazımızı bildiririk. Yaradıcı adam olaraq mən də bu cür etirazımı bildirdim.
2. Ölünü üç dəfə qaldırıb qoymaq.
Biz filmdə yas prosesini bütövlüklə göstərməli olduğumuza görə şəriətin bizə buyurduğu adətləri də göstərməli idik. Bunu göstərməyimiz qəbul etməməyimizə dəlalət etmir. Ümumiyyətlə məsələ şəriətin bizə buyurduqlarının hal-hazırda necə icra olunmasından gedir. Biz yalnış icra edənləri göstərib qınayırıq!
3. Mürdəşirin 150 manata ölü yuması.
Filmdə göstərilən məbləği şəxsən özüm bu hal ilə rastlaşanda ödəmişəm. Hələ qəbirstanlıqda torpaq almaq və qəbir qazdırmağı demirəm. Bu ki İslam dininin buyurduğu deyil?!
4. İçki süfrəsi.
Başa düşürəm ki, etiraz edənlərin əksəriyyəti içki məclislərində iştirak etmədiyindən məsələdən bixəbər ola bilərlər. Ancaq izləyicilərin əksəriyyəti spirtli içkilərlə "Allah xoşbəxt eləsin", "Amin" və bu kimi cümlələrin həmin məclislərdə istifadə olunmasını və əlbəttə ki, bunun doğru olmadığını bilirlər. Yəni bu hal da zəmanəmizdə baş verən bir haldır, uydurma deyil.
5.Meyxana.
Əvvəldə bildirdiyim kimi film absurd komediya janrındadır və meyxanaya yer verilməsi də janrla bağlıdır. İslam dinində bunun olmaması yəqin ki hamıya aydındır. Bundan əlavə bəzi bölgələrimizdə hətta zurna balaban ilə də ölünü son mənzilə yola salanlar var. Əlbəttəki heç biri doğru deyil!
Bu cür məqamlar çoxdur. Əsas məsələ odur ki, bizim problemimiz dinlə yox, dini ayinləri səhv icra edənlərlədir. Qüsuru onlarda axtarıb tapdıq. Hər dəfə başqa başqa sahələrdən çəkib göstərirdik, bu dəfə də bu haqda çəkdik. Ümumilikdə əlbəttə ki, hər kəsin inancına hörmətlə yanaşırıq. Hər zaman komandamızda müxtəlif inanclı insanlar olub. Lakin bu gördüyümüz işə heç bir təsir göstərməyib.
Bütün yuxarıda yazılanlara baxmayaraq əgər istəmədən hansısa dindar qardaş və bacıların heysiyyətinə toxunmuşuqsa, bundan təəssüf hissi keçirdiyimizi bildirir və bizi üzrlü hesab etmələrini xahiş edirik!
Məsələ ilə bağlı İlahiyyatçı Hacı Şahin Həsənli ilə də görüşümüz oldu. Yuxarıda qeyd olunan məsələləri onunla da müzakirə etdik. O, da din xadimi kimi bəzi iradlarını bildirdi və bu kimi məsələlərdə daha diqqətli olmağımızı tövsiyyə etdi. Əsil niyyətimizin nə olduğunu anladığını bildirdi. Hacıya da bizi qəbul etdiyinə görə təşəkkür etdik və gələcək işlərimizdə bu cür həssas mövzularda daha diqqətli olacağımızı bildirdik.
Filmim haqda fikir bildirdiyiniz üçün isə (fərq etməz mənfi və ya müsbət) hər birinizə minnətdaram. Məhz sizin fikirləriniz əsasında biz özümüzü təkmilləşdiririk. Hər birinizə hörmətlə, sizin Əlixan və “Sonuncu Şam Yeməyi” filminin yaradıcı heyəti.