Tüfəng səsi - “Ən yaxşı hekayəmiz”

Tüfəng səsi - <span style="color:red;">“Ən yaxşı hekayəmiz”
27 aprel 2016
# 21:00

“Beş ən yaxşı Azərbaycan hekayəsi” sorğusunda 100 hekayənin adı çəkilib. Oxucuların marağını nəzərə alaraq bu hekayələri dərgimizdə yayımlayırıq. Siyahıya əsasən Rafiq Tağı «Tüfəng səsi» hekayəsini təqdim edirik.

Uşaqlıqda ovçu tüfənglərinin meşədən gələn səsi ona təzəcə bitmiş müharibəni xatırladardı. Müharibənin yeganə əlaməti bəlkə artıq ancaq bu səs sayıla bilərdi. Həyətlərindəki ağacların meyvə bənzərli quşları qarlardakı bu partıltılardan diksinər, dörd yana səpələnərdi.

Müharibələrdə quşlar budaqlarda rahat otura bilmir.

Ürəyi ağzında çırpınan quşların bu uçmaqlığı sivilizasiyanın tüfəng adlı vəhşətinə məntiqli reaksiya idi.

***

Abdulla müəllim gör haçandı ürəyi istəyən şəkli çəkə bilmir. Lovğa-lovğa dürlü adlar da üstündə. Yeriyəndə döşündəki orden-medalı zınqırov kimi cingildəşir.

Yox, rəsm-zad artıq onluq deyil; fırça rəsmi bir sənətkarın sözünə baxmır.

Utanmayıb, indiyəcən nə veriblər alıb; qızarmır, hələ yenə alır. İmtina yoxdur. Hünəri çatmır deyə ki, mən siz deyən deyiləm.

Əlinə təzəcə qələm almış uşaq bəlkə ondan daha yaxşı rəssamdır. Bu yaşacan nə çəkib, axı. Axtarsan, düz-əməlli heç nə. Portretlərdə yaşatdığı ölüləri az qala vurub təzədən öldürmək istəyir. Çəkdikləri avara-avara şeylərdi. Onsuz baxanlar onları çoxdan unudub. Bəlkə çoxu əyilib rəsmin altından adını oxumayıb da.

Yaşlaşdıqca elə san uşaqlıq işıqlaşır; onu apaydın görürsən. Sanki hündür təpənin başındasan: ətraf ovuc içi kimidir. ...Üfüqlərə bitişik çöllərdə nəfəsləri tıncıxanacan qaçardılar. Hətta çox vaxt qaçmağa bir lüzum olmasa da. Lakin indi artıq ancaq yuxusunda qaça bilir.

Taleyin hökmüylə də “torpaqdan on mərtəbə yuxarıda” – beşotaqlı mənzilə təhkimdir. Əvvəllər – “Göydə yaşayır”, deyərdisə, təzəlikcə – “Göyə çəkilmiş bir qəbirdəyəm”, deyir. Əslində də şöhrət onu təbiətdən qoparıb, dəmir-betondan ibarət süni-sintetik bir fəzaya tullayıb. O, çoxdan vurub-çıxıb, hesablayıb: vaxt-məqam yetişir, ömrü burdaca tükənəcək. Daha kəndə dönmək əfsanədir. Dönmüş olsa belə, orda inək-camışla bacarmaz. Torpaq içalatını soyuqladar. O, torpaqda işləməyə yox, onun üstündə yalnız yeriməyə qadirdir. Yerimək deyəndə ki – səndirləyə-səndirləyə, divardan tuta-tuta irəliləmək.

Xeyli vaxt yeriyəndə valay vurmağını Yer kürəsinin fırlanmağına yozdu.
Hərdən plan qurur: mənzildəki divarları saymaq. Görən, beşotaqlı mənzildə neçə divar olar? Ola bilsin də son macal fantaziyaları üzərinə gilyotin kimi enən məhz elə bu divarlar imiş.

Divarları xəyalında heç cür saya bilmədi. Gərəkdi barmaqhesabına keçə.
Dördcə divarlı təkotaqlıların kirayənişin tələbələri ondan iti şeylər çəkər. Yox, addımbaşı qarşısına çıxan, arakəsmələrə bənzər bu divarları ya rədd etməli, ya da çalışıb ümumi sayı dördə endirmək. Bu barədə gənc rəssamları təqlid etməli.


Dörd divar rəssam fantaziyasının uçuşlarına ən az maneədir. “Divarlar azalarsa, xoşbəxtlik çoxalar”.

...Abdulla müəllimin çoxdankı arzusu budur ki, bir çöl şəkli çəkə, bu çöldə yekdanə divar ola, o da meşə. Bu divar quşların yolunu kəsməyə! Quşlar eləcə bu mifik divarın içindən keçib gedə.

Ağacları quşlarından ilhamlı meşə...

Şəklin adını “Sakitlik” qoymaq istəyir. Əcəb meşənin sancıldığı çölə, meşənin qənşərinəcə quşlar qona... Ya qoy lap baxan elə bilsin torpağa quş yağıb. Onlar uçmur, eləcə çölü dimdikləyirlər. Uçmurlar ona görə ki, onları qorxudub hürküdən bir şey yoxdur.

Tərsliyə bax, hər dəfə bunu çəkmək istəyəndə, uşaqlıqda meşədən eşitdiyi tüfəng səsi təzədən qulağını dəlir. Onda quşlar pərən-pərən düşür. Əli tamam işdən soyuyur. O, istəyir quşların heç nədən qorxmamalarını çəkə... İstəyir onlar hürkməyə. Ancaq çəkmək məqamlarında yenə tüfəng səsi gəlir. İldən-ilə də bu səs güclənir, hətta get-gedə qulaq seyvanlarını titrədir.

Abdulla müəllim günahların hamısını özündə görür: rəssam deyilmiş, di vəssalam.

12 iyul – 12 avqust 1985;
yenidən işlənib: 12-18 oktyabr 2011-ci il

C.Məmmədquluzadə "Poçt qutusu"

Y.Səmədoğlu "Bayatı-Şiraz"

Ə.Əylisli "Ürək yaman şeydir"

C.Məmmədquluzadə "Usta Zeynal"

Y.Səmədoğlu "Astana"

Ə.Haqverdiyev "Bomba"

Anar "Gürcü familiyası"

A.Məsud "Sərçələr"

M.F.Axundov "Aldanmış kəvakib"

S.S.Axundov "Qaraca qız"

Ə.Haqverdiyev "Mirzə Səfər"

Ə.Əylisli "Nənəmin tütün kisəsi"

V.Nəsib "Omaroğlunun qayıtması"

Şahmar "Köynək"

Qan Turalı "Şaxtababanın qətli"

Anar "Asılqanda işləyən qadının söhbəti"

A. Məsud "Dovşanın ölümü"

C. Məmmədquluzadə "Qurbanəli bəy"

Ş. Ağayar "Şeqlov üsulu"

İ. Hüseynov "Bir az romantika"

Ə.Məmmədxanlı "Buz heykəl"

Anar “Mən, sən, o və telefon”

Ə.Haqverdiyev “Çeşmək”

E.Əlləzoğlu “Doğum”

Y.Səmədoğlunun “İncə dərəsində yaz çağı”

Yaşar “Tabut”

Ə.Haqverdiyev “Şeyx Şəban”

Elçin “Parisdə avtomobil qəzası”

K.Abdulla “Səhvlərimizin qrammatikası”

Ş.Ağayar "Şəkil"

Elçin Qatar. Pikasso. Latur. 1968.”

A. Divanbəyoğlu “Can Yanğısı”

N.Kamal "Nana sevirdi"

E.Hüseynbəyli “Kəndə gün çıxanda qayıdacağıq…”

K.Abdulla "Adaşlar"

S.Əhmədli "Arabaçı"

Y.Səmədoğlu “Soyuq daş”

F.Uğurlu "Dərviş"

S.Baycan “Puqaçov üsyanı”

R.Əlizadə "Əncir qurusu"

R.Tağı "Qoca Məcnun"

S.Baycan “Evdən siçovul çıxaran”

A.Ayvaz "Buri"

S.Budaqlı "Firuzə qaşlı sırğa"

Ə.Haqverdiyev "Pir"

R.Məcid "10 sentyabr"

A.Məsud "Gecə"

Anar "Nisbət nəzəriyyəsi"

Ş.Ağayar "Möhüş"

R.Tağı "Tüfəng səsi"

# 1318 dəfə oxunub

Müəllifin son yazıları

# # #