Onlar hamıdan çox layiq idilər, amma Nobelsiz qaldılar- SİYAHI

Onlar hamıdan çox layiq idilər, amma Nobelsiz qaldılar- <span style="color:red;">SİYAHI
14 oktyabr 2016
# 12:17

Kulis.az Nobel mükafatı almayan məşhur yazıçıların siyahısını təqdim edir.

1. Lev Tolstoy

Lev Tolstoyun namizədliyi hələ 1901-ci ildə mükafat ilk dəfə təqdim olunduğu zaman irəli sürülüb. Amma onun yerinə ilk Nobel Rene Sülli-Prüdoma verilib. 42 nəfər İsveç yazıçı və incəsənət adamı Tolstoya məktub yazaraq Akademiyanın qərarına etiraz etdiklərini bildiriblər. Tolstoy isə onlara belə cavab verib: “Mənə görə hər cür pul yalnız şər törədə bilər.”

2. Mark Tven

Nobel komitəsinin diqqətini cəlb etmək üçün Mark Tvenin doqquz dəfə şansı olub. Belə ki, Amerika Ədəbiyyatının mogikanı XX əsrdə doqquz Nobel mükafatını görməyə imkan tapıb. Yazıçı 1910-cu ildə vəfat edib. Komitə isə Amerika ədəbiyyatının inkişafına olduqca böyük təsir göstərmiş yazıçıya heç vaxt nəzər yetirməyib. Nəticədə Nobel ekspertlərinin ABŞ ədəbiyyatına qarşı önyarqıları lətifəyə çevrilib.

3. Henrix İbsen

Avropa “yeni dramı”nın əsasını qoyan, XX əsr dramaturgiyası və teatrına böyük təsir göstərmiş dramaturq da bir çoxları kimi intizarda qaldı. Mükafatın mövcud olduğu ilk illərdə komitə Alfred Nobelin vəsiyyətində yer alan cümləni hərfi şəkildə qəbul etmişdi. İsveç kimyaçısı istəyirdi ki, mükafat “insan ideallarını əks etdirən” yazıçılara verilsin. Amma komitənin üzvləri hesab ediblər ki, ədəbi ənənələrlə “ideal” uyğunluq da önəmlidir. İbsen isə bildiyimiz kimi modernist yazıçı idi.

4. Marsel Prust

Nobel komitəsinin mühafizəkar akademikləri yəqin ki, Prustun “İtirilmiş zamanın axtarışında” əsərini o dövr üçün olduqca avanqard hesab ediblər.

5. Anton Çexov

1904-cü ildə vəfat edən Anton Pavloviçin çox güman ki, 1901-ci ildən verilməyə başlayan mükafatı almağa ömrü vəfa etməyib. Çexov öləndə Rusiyada tanınsa da Qərbdə hələ məşhur deyildi. Bundan başqa o, Qərbdə daha çox dramaturq kimi tanınırdı. Nobel komitəsi isə dramaturqlara qarşı soyuq davranırdı.

6. Ceyms Coys

Hətta XX əsr üçün belə ifrat avanqard olan yazıçının namizədliyini irəli sürmək heç vaxt heç kimin ağlına gəlməyib. Modernist yazıçının “şüur axını” texnikasında yazılmış əsərlərinin ümumiyyətlə heç bir şansı yox idi. Ulisis romanı isə XX əsrin ən möhtəşəm romanlarından biri sayılır.

7. Virciniya Vulf

Ədəbiyyat üzrə Nobel mükafatının mövcud olduğu 114 il ərzində cəmi 14 qadın buna sahib olub. Və XX əsrin birinci yarısında modernizmin ədəbiyyatının ən aparıcı fiqurlarından olan Vulf isə bu mükafatı almayıb. Amma Vulfun ədəbiyyat tarixindəki yeri çox möhkəmdir.

8. Frans Kafka

Kafka öləndən sonra məşhurlaşıb. O da vəsiyyətə əməl etməyib əsərləri yandırmayan dostu Maks Brodun sayəsində. Nobel komitəsi isə ölülərə mükafat vermir. Hərçənd Kafka daim diridir.

9. Xorxe Luis Borxes

Belə güman olunur ki, Borxesə mükafatı Pinoçet, Franko, Videl kimi diktatorların ona olan simpatiyasına görə verməyiblər. Komitə ona Nobel mükafatı verməyə hazırlaşdığı ərəfədə Pinoçet Borxesə orden təqdim edib. Hətta bu barədə yazıçını xəbərdar edənlər də olub ki, ordeni almağı Nobel komitəsini hiddətləndirə bilər. Buna baxmayaraq inadkar Borxes ordeni alır və Nobeldən məhrum olur. Bu barədə argentinalı yazıçının əla zarafatı da vardı: “Mənə Nobel mükafatı verməmək milli Skandinaviya ənənəsinə çevrilib.” Yazıçı 1993-cü ilə qədər yaşasa da bu mküfafata layiq görülmədi. Amma əvəzində xeyli yerlisi, yəni Latın Amerika yazıçısı bu mükafatı ald.

10. Vladimir Nabokov

Nabokov 1974-cü ildə mükafata təqdim olunsa da iki İsveç yazıçısına məğlub olub. İndi onları heç kəs tanımır. Həmin isveçlilər Nobel komitəsinin üzvləri idilər. İsveçlilər indiyə qədər 7 dəfə mükafatı alıblar.

İngilis və rusdilli ədəbiyyatda möcüzələr yaratdığı üçün Nabokov mükafata iki dəfə layiq olub. İki bir-birinə bənzəməyən ədəbi ənənələrə malik dildə xariqələr yaratmaq özü elə ədəbi qəhrəmanlıqdır. Bir Amerika tənqidçisi Nabokovun mükafat almamasına belə münasibət bildirib: “Ona görə yox ki, Nabokov Nobelə layiq deyildi, ona görə ki, Nobel özü Nabokova layiq deyildi.”

Bir ehtimal da var ki, yazıçıya mükafat qalmaqallı “Lolita” romanına görə verilməyib.

11. Cerom Devid Selincer

Selincer hazırda Amerika ədəbiyyatının sonuncu klassiki hesab olunur. Ona isə bu adı yeganə romanı 1951-ci ildə çap olunmuş “Çovdarlıqda uçurumdan qoruyan” qazandırıb. Selincer 1960-ı ildən ölən günə qədər heç çap olunmadı. Hərçənd o bu mükafata çoxdan layiq idi. Amma görünür, Nobel mükafatı yazıçının mükafatdan imtibna edəcəyini düşünüb ona mükafat vermədi. Haqlı sayıla bilərdilər. Çünki Selincer ədəbiyyatdan imtina etmişdi. Bir Nobel nə idi ki?!

12. Nazım Hikmət

Bütün parametrlər üzrə Nazım Hikmət bu mükafata layiq idi. Amma almadı. Burda yazıçının erkən sayıla biləcək ölümü də rol oynanmamış deyil. Və əlbəttə ki, başqa siyasi meyarlar...

13. Corc Oruell

Nobel alsa da, almasa da Oruell dünya ədəbiyyatının məhək daşlarından biridir. Yazıçının “1984” romanı elə Nobel mükafatı qədər məşhurdur. Az qala hər gün dünyanın hər yerində bu əsər yada salınır. Oruell həmyerlisi Haksli ilə birlikdə antiutopiya janrını yaratmışdı ki, bu janr bu günün ən çox müraciət edilən janrlarından biridir. Üstəlik, yazıçının vətəni İngiltərə ən çox Nobel alan iki ölkədən biridir. Amma Oruell... Bəlkə də əcəl aman vermədi. Oruell bu dünyada cəmi 47 il yaşamışdı...

14. Umberto Eko

O uzun və bərəkətli bir ömür yaşadı. Onlarla kitab yazdı. Dünyanın ən böyük yazıçılarından biri sayıldı. Orxan Pamuk “Türkiyənin Ekosu” yarlığı ilə Nobel aldı, Eko yox. Bunun səbəbləri haqqında çox danışmaq olar. Amma yumşaq desək yazıçın həyat amalı, düşüncə tərzi ilə isveçli akademiklərin dünyaya baxışı çox uyuşmurdu. Və Eko Nobeldən də ucaydı. Həm dilçilikdə, həm ədəbiyyatda böyük bir məktəb yaratmış yazıçı postmodernizmin atalarından sayılırdı.

15. Erix Remark Remark

Remarkın “Qərb cəbhəsində təbəddülat yoxdur” romanı XX əsri ifadə edən ən yaxşı romanlardan sayılır. Milyonlarla oxucunu müharibənin dəhşətlərini onun romanlarında tanımışdı. Amma... Yazıçı Nobelsiz qaldı. Halbuki bu gün də dünyanın ən çox oxunan yazıçılarından biridir. Və Remark dünya müharibələri qədər əbədidir. Ən əsası... Yazıçı özünə Zəfər tağı kimi bir abidə qoymuşdur zatən.

Remarkı düşünüb Svetlana Alekseyeviçi kədərlə xatırlayırıq J

16. Çingiz Aytmatov

Sovet ədəbiyyatının ən görkəmli yazıçısı Qərbdə də çox sevilirdi. “Cəmilə” povestinə Luis Araqon ön söz yazmışdı. Əsərləri böyük tirajla çap olunurdu, sevilirdi. Lakin görünür, yazıçının daim hakimiyyətə qarşı olan yumşaq desək nəzakətli mövqeyi ona bu mükafatı almağa mane oldu. Avropa prizmasından səfir yazıçı xeyli dərəcədə oriyental görünürdü. Amma Aytmatovun əsərlərində qaldırdığı problemləri XX əsrin fəlsəfəsi, zamanın ruhu baxımından son dərəcə aktual sayılırdı. Qismət...

# 2137 dəfə oxunub

Müəllifin son yazıları

# # #