Kamal Abdullaya açıq məktub

Kamal Abdullaya açıq məktub
5 sentyabr 2014
# 11:07

Çox hörmətli, Kamal Abdulla! Siz Azərbaycan elminin və ədəbiyyatının çox tanınmış simalarındansınız. Ədəbiyyat xəzinəmizi bir çox gözəl, dəyərli əsərlərinizlə zənginləşdirmisiniz. Sizin, bu gün hər bir tələbə üçün maraqlı olan yaradıcılığınızdan hələlik mən də fürsət tapıb “Yarımçıq əlyazma”“Sehrbazlar dərəsi” romanlarınızı oxuya bilmişəm. Gənc bir yazar olaraq “Sehrbazlar dərəsi” məni çox cəlb etdi. Ona görə də roman haqqında fikirlərimi sizinlə bölüşmək qərarına gəldim.

Bəri başdan deyim ki, az-çox dini təhsilin, sufilik, şamanlıq, sehrbazlıq haqqında məlumat olmadan “Sehrbazlar dərəsi”ni başa düşmək çox çətindir. Nə yaxşı ki, qismətimə dindar, mömin insanların əhatəsində yaşamaq düşüb. Elə bunun nəticəsində də əldə etdiyim biliklə bu möhtəşəm əsəri başa düşdüyüm qədər şərh etdim.

Əsərin mərkəzində duran karvanın əslində iki məqsədi var. Şahın karvanı olmaqla onun tapşırığını yerinə yetirir (sifariş etdiyi malları alıb gətirir ) və bundan istifadə edən Karvanbaşı qayıdanda yolunu Sehrbazlar dərəsindən salıb atası cəllad Məmmədqulunun ruhunu çağırmaq üçün ruhiyyət aləmindən yaxşı başı çıxan bir sehrbaz tapmaq istəyir.

Karvanbaşının atasının ruhunu çağırmaqda məqsədi ondan hər hansı bir şey ummaq deyildi (bir də ki, ölmüş bir insanın ruhundan nə umacaqdı ki), tez-tez onun yuxusuna girib onu narahat edən sorğulara son qoymaq istəyirdi. İstəyirdi ki, onu yuxularında bir daha narahat etməsinlər. Sadəcə atasının necə və kimlər tərəfindən öldürüldüyü barədə eşitdiklərini dəqiqləşdirmək istəyirdi. Bununla atasının ruhunu da rahat etmək istəyirdi. Məmmədqulunun necə öldürüldüyü barədə heç əsərdə də məlumat verilmir. Belə başa düşürəm ki, bunu oxucuların öhdəsinə buraxırsınız.

Xaraktercə daltonik olan (yəni, rəngləri bir-birindən seçə bilməyən) cəllad obrazı ədəbiyyatımızın çox az işlənmiş obrazlarındadır. Həmişə nifrətlə anılan bu obraza bir neçə əsəri istisna etsək demək olar ki, ədəbiyyatımızda rast gəlinmir. Cəllad Məmmədqulunun xarakterini Xacə İbrahimin dili ilə belə ifadə edirsiniz: “Mən ki, bunun atası haqqında eşitdiyimi eşitmişəm, uydurması həqiqətindən betər, həqiqəti uydurmasından. Bir şəxs ki, öz cəlladlıq peşəsindən bu qədərinə ləzzət ala bir beləsi heç bir zamanlarda görsənməyib”.

“Qibleyi-aləmin sevimli cəlladı” olan Məmmədqulu şahın məhkuma hansı cəzanı verəcəyini onun gözündən, qulağından və digər əzalarından oxuyurdu. Əsərdən oxuyuruq: “Gözdən-gözə, baxışdan baxışa keçirdi cəzanın sirri, keçən kimi də amansız cəllad bir əliylə artıq öz zavallı qurbanını boğazlayıb onun ayaqlarını yerdən üzüb dik qaldırırdı yuxarı, məzlumu qoltuqlayıb hüzurdan getməzdən əvvəl son dəfə qibleyi-aləmə bir də baxırdı ki, bəlkə fikri bu üç-dörd anın içində bir də dəyişdi”.

Amma görünür ki, hər bir insanda olduğu kimi cəlladlarda bir müsbət xüsusiyyət axtarmağa dəyər. Pərinisəyə rast gələnə qədər həqiqətən də bir cəllad ömrü yaşayan Məmmədqulu “Yoruldum daha” deyərək, “insan ömrü” yaşamaq arzusuna düşür. Məgər cəlladların ömrü insan ömrü sayılmırmı? Axı, onların edam etdiyi insanların bir çoxu qatı cinayətkar idi. Bunların içərisində bir gözəl gəlinə tamah salıb oğlunu öldürən sonra da bu cinayəti öldürdüyü cavanın qoca atasının üstünə atıb şərləyən kəndxuda Bayraməli və bu kimi onlarla cinayətkarlar vardı.

Pərinisə ilə tanışlıqdan sonra cəllad Məmmədqulu gələcək həyatını müəyyənləşdirdi. “Məhz bu sevgidən sonra hər ikisi anlamışdı ki, onlar üçün bura qədər nə olmuşdusa hamısı cəfəng-cəfəng işlər, bihudə söhbətlərdir. Bundan sonra hər nə vardısa, olacaqdısa bundan sonraya məxsus idi”. Vəzir Məşdəlinin himayəçiliyi ilə Şahın qulluğundan azad olmaq və üsyançıları cəzalandırmaq üçün gəldikləri (Pərinisənin əri də bu üsyançılardan biri idi və Şahın qoşunu ilə döyüşdə öldürülmüşdü, Pərinisə dul qalmışdı) şəhərdə qalmaq istəyirdi. Lakin bu barədə Şahın fərmanı vardı. Hamı, bütün qoşun əhli gəldiyi kimi də geri qayıtmalı idi.

Pərinisəyə rast gəldiyi günə qədər o, həqiqətən də bir cəllad ömrü yaşamışdı. Cəllad Məmmədqulunun həyatında müvəqqəti də olsa çox qadınlar olmuşdu. Ömrünün 50-ci illərini yaşayan və heç bir insani hissi olmayan bu cəlladı dəmiri belə əritməyə qadir olan sevgi muma döndərdi. Gördüyü işlərin müqabilində Allahdan yaxşı heç nə gözləməyən Məmmədqulu bu sevgini tanrı payı deyil, tanrı əzabı sayır.

Bəs niyə Məmmədqulu məhəbbətindən ötrü sevdiyi peşəsindən üz döndərib və bununla da Şahın qəzəbinə düçar olduğu, çox sevdiyi arvadını, yeganə oğlunun anasını, arvadı gözəl Pərinisəni qayadan atıb öldürür. Çünki, o, Şahın intiqamının ağır olacağını bilirdi. Uşaqlıqdan əziyyətlə böyütdüyü, doğma övladı qədər sevdiyi Şahverənin meyitinin onun qapısı ağzına atılması Məmmədquluya bir ismarış deyildimi? İsmarış idi. O, özünün də yaxın günlərdə şahın qatilləri tərəfindən öldürüləcəyini və bu qatillərin Pərinisəyə də rəhm etməyəcəklərini bilirdi.

Cəllad Məmmədqulu obrazı mənə rus yazıçısı Leskovun “Oyuq” hekayəsindəki cəlladı xatırlatdı. Qocalıb vəzifəsindən çıxarılandan sonra xəstə qızı ilə birgə kənddən aralı bir komada yaşayan bu cəllad hamı tərəfindən lənətlənir, heç kim onunla təmasda olmur. Öləndə də qəbiristanlıqdan kənarda dəfn olunur (tövbə etmədiyi üçün).

“Sehrbazlar dərəsi”ndə hadisələrin məkanı və zamanı bildirilməsə də bir məkan kimi Səfəvi məmləkəti, olduğu anlaşılır. Karvanbaşının atasının ruhuna dediyi “Bunun özü də biləsən, sənin vaxtındakı Şah deyil, oğludu. Sənin vaxtındakı bunun atası yara çıxardı, qarayara, o yaradan da on il əvvəl getdi. Bu sözlərlə zamanı təyin etmək olur ki, hadisələr I Şah Abbasın və onun nəvəsi Səfi Mirzənin dövründə baş vermişdir.

Bütün dinlərdə artıq çoxdan sübut olunmuşdur ki, ruh insan bədənini tərk etdikdən sonra bu ruhlara insanlarla hər hansı təmas qəti qadağandır. Və onlar insan bədənini tərk edəndən sonra bizimçün əsla bəlli olmayan bir məkana köçürlər. Yalnız bəd ruhlar-özlərinə qəsd edib beləliklə də Allahın onunçün qoyduğu missiyanı yarımçıq qoyan (yəni, Allahın əmrini pozan), bir də tövbə etmədən ölmüş insanların ruhu (belələrini heç o dünya da qəbul etmir. Qiyamət gününə qədər iki dünya arasında var-gəl edirlər. Belə ruhlar bəd, pis ruhlar sayılır. Çağırılaraq da tək-tük bu dünyaya gələn ruhlar isə ruhlar aləmində olanları unudur. Daha doğrusu bütün bunları ruhlara unutdururlar. Ona görə ki, öz ruhlar aləminin sirlərini insanlara verə bilməsinlər. İndi yarı-həqiqət, yarı-əfsanə yadplanetlilər haqqında da danışırlar ki, onlar müəyyən məqsədlər üçün apardıqları insanları yer üzünə qaytararkən yaddaşlarını silirlər.

Fikir verək, cəllad Məmmədqulunun ruhu əvvəl bəd ruh kimi gəlir, sonra mülayimləşir. Hətta oğlu Karvanbaşını intiqam almaqdan çəkindirir. Oğlunu tələsik Şahın yanına gedib əfv diləməsini məsləhət görür: “Sən özgəsinə cəza verə bilməzsən, gədə, cəzanı Allah verir. Qoy kimə nə verir qurbanı olduğum özü versin. Sən qarışma Allahın işinə, bala...İntiqam deyib yaşamaq olmaz. Gücün çatmaz yaşamağa”. Şəriətdə qəti qadağan olunan intiqama ruhlar dünyasında da nifrət edirlər. Karvanbaşını intiqama təhrik etdiyi üçün onu böyüdüb başa çatdıran qoca qarıya nifrət edir. “Burda sizinlə qalmaqdansa orda olmaq daha xoşdur. Sən mənim hansı intiqamımı alırsan, bu mənə gərəkdir?”

Əslində Məmmədqulunun da başına nə gəlmişdisə intiqam almaq hissindən gəlmişdi. Doğma anasını öldürmüşdü, ona görə də ruhlar aləmində də rahatlıq tapa bilmir. Nahaq deməyiblər ki, “öz valideyninə əl qaldıranların çırağı hər iki dünyada sönəcək”. Birinin günahından ötrü başqa birisindən qisas alınmaz.

Biz klinik ölümlər haqqında çox eşitmişik. Qəribədir ki, ölüb o dünyanı görənlər bu dünyada necə xoşbəxt həyat sürməsindən asılı olmayaraq o dünyadan qayıtmaq istəmirlər. Fikir verin; Məmmədqulu da məcburən gətirildiyi ruhlar aləminə tələsir, söhbətin bitməsini səbirsizliklə gözləyir. “Bir də məni məbadə rahatsız edəsən. Çağırmayasan məni bir də buralara, eşitdin?”-deyir.

Ruh haqqında elmdə bu günün özündə belə öz həllini tapmayan bir məsələ də ruhun bədəndən-bədənə keçməsidir. Xürrəmilərdən qalma bu fikir neçə-neçə zamanlardan keçib. Bu gün də biz oxşar ruhlar haqqında-ölmüş bir insanın ruhunun yeni doğulmuş bir uşaqda yenidən qayıtması haqqında ara-sıra eşidirik. Ağ dərvişin də ruhu cavan bir sehrbazın cismində yenidən qayıdır. Xacə İbrahim bunu gec də olsa başa düşür, anlayır. Ağ dərviş öz müəllimi Mənuçöhr ibn Sadiqdən eşitmişdi ki, “Dünyaya hələ doğulmamış, amma hökmən doğulacaq adamların ruhları da olur. Bu hələ doğulmamış adamların ruhları yəqin ki, bizim ətrafımızda gəzib dolaşır, doğulub bu dünyada artıq yaşamış adamların ruhları ilə təmasa girməyə cəhd edir”.

Ağ dərviş ruh elmini dərindən bilən bir alim idi. Onun ruhlarla təmas qurmağı bacaran 24 şagirdi vardı. (əsərə ön söz yazan Aydın Talıbzadə bu 24 şagirdi İsa Ruhullahın 12 həvarisi ilə müqayisə edir). Ağ dərviş Böyük Ruhani Birliyinin qərarlarına əməl etmədiyi üçün edam edilir. Onun 23 şagirdi buna etiraz olaraq intihar edirlər. Səyyah sehrbazı isə bu “şərəfdən məhrum edirlər”. Onu, Ağ dərvişin yerini Böyük Ruhani Birliyinə bildirməkdə suçlandırılar. Öz ustadlarından ölümdən qabaq ölməyin və ölməyin dəhşətlərini hiss etmədən ölməyin sirrini öyrənən şagirdlər dərənin dibinə yuvarlandıqları zaman artıq göydəykən ölmüşdülər.

Bu yazıda toxunmaq istədiyim məsələlərdən biri də merac məsələsidir. Hörmətli tənqidçimiz Aydın Talıbzadənin “Səma merac insanın cismindən ötrü yox, ruhundan ötrüdür” fikri ilə razılaşmaq fikrindən uzağam. Ümumiyyətlə merac məsələsi islam dinində bir çox başqa məsələlər kimi mübahisəlidir.

Peyğəmbərimizin meraca cismən və ya ruhən getməsi geniş mübahisə doğurur. Məsələn merac gecəsi Peyğəmbərimizin xanımı Ayişə peyğəmbərin öz yatağında uzandığına və onun yerinin isti olmasına şəhadət vermişdir. Deməli, O, meraca cismən yox ruhən gedibmiş. Amma əgər ruh peyğəmbərin bədənini tərk edib meraca uçubsa onda bu bədənin isti olması şübhə doğurur.

“Sizin başınıza nə gəlirsə onlar qabaqcadan sizin alnınıza yazılıb” Quran ayəsini əsas götürərək demək olar ki, insan həqiqətən də Onun qarşısında acizdir və Yaradanın onun qarşısına qoyduğu missiyanı həyata keçirməkçündür. Aydın Talıbzadə yazır: “Tale özü gedəni aparır, tərslik edənləri sürükləyir”. Və əgər bu həyatda yaşayırsansa yaxşı işlər görməyə can atmalısan. Əsərdən oxuyuruq:

“- Kimin göz yaşını silmisən bu dünyada?

- Heç kimin.

- Bu dünyada göz yaşları axmayıb deməli...”

Və yaxud:

“- Əgər hansı yolla gedəcəyini bilmirsənsə deməli yollar çoxdur

- Hansı rəngə bürünəcəyini bilmirsənsə deməli rənglər qarışıb bir-birinə”.

Əsərdə təsvir olunan Sehrbazlar dərəsinə gəldikdə isə deməliyəm ki, orta əsrlərdə Azərbaycanın çox yerində-xüsusilə də Cənubi Azərbaycanda tərki-dünya sufi dərvişlərin yığışdıqları dərələr, mağaralar vardı. Belə məkanlar adətən tacir karvanlarının, ziyarətçilərin keçəcəyi yolların üzərində qurulurdu. Dolanma mənbələri əldə etdikləri nəzir idi. Bu nəzirləri isə onlardan heç kim əsirgəmirdi. Mağara və dərələrdə hər iş öz axarınca gedirdi. Bir sıra təbiət nemətlərindən imtina edən bu tərki-dünya dərvişlərin bilməyəcəkləri heç nə yox idi. Onlardan eləsi vardı ki, sehrbazlıqla məşğul olurdu. Onların yaşadığı ölkə Çərxi-fələk ölkəsində hər şey ruhların möcüzəsi ilə idarə olunur.

Niyə Səyyah Sehrbaz öz ölkəsini Çərxi-fələk ölkəsi adlandırır? Çünki, burada hər şey Çərx-fələyin gərdişinə tabedir.Kimə pislik etsən, kimə ox atsan özünə qayıdacaq. Pislik, xəyanət, qarğış, -bir sözlə bütün pis əməllər bumeranq kimidir, kimə atsan öz üstünə qayıdacaq. Bu ölkənin cazibəsindən qurtulub özgə məmləkətlərə getmək çox az adama qismət olur.

Kamal Abdullanın təsvir etdiyi bu çərxi-fələk ölkəsi əslində ruh dünyasından kənar bir dünyadır, bizim öz dünyamızdır. Çünki, burda hər şey dairəvidir. Məgər bizim dünyamız kürə şəklində olaraq öz oxu ətrafında fırlanmır? Fırlanır.

Hər yeri qar bassa da Sehrbazlar dərəsində yazdır. Hər tərəf gül-çiçəkdir. İnsanların haqlarının tapdalanmadığı, pis işlərin baş vermədiyi bir ölkədə təbiət də mülayim olur. Qışın, qarın, boranın Sehrbazlar dərəsinə heç bir təsiri olmur. Burada hər şey yazı xatırladır. Düşünürəm ki, bu, hörmətli Kamal Abdulla sizin arzuladığınız kiçik ideal bir ölkədir. Nizamidən üzü bəri şairlərin arzuladığı romantik, ideal bir ölkə-zülmün, haqsızlığın, bərabərsizliyin, əmanətə xəyanətin olmadığı bir ölkə. Heç kəsin göz yaşı axıtmadığı elə bir ideal ölkə ki, yalnız ideal insanların gözünə görünür, başqaları üçün gözə görünməz olur. Məhz o ölkədir, işıqlı ölkə, işıqlı dünya yaşadığımız həyat isə bizə işıqlı görünsə də əslində qaranlıqdır. “Bizim dünyamız, o biri dünyadan baxarkən işıq içində olduğuna görə yox, qarınlıq içində olduğuna görə görsənir. İşıq qaranlığındır, qaranlıq işığın deyil. Əzəli olan qaranlıqdır ki, var. İşıq da onun içindən çıxıbdır”. Biz gözümüz gördüyü üçün özümüzü hər şeyi bilmiş hesab edirik. Halbuki, bəsirət gözü açıq olan bir kor həyatı, dünyanı bizdən daha yaxşı görür, duyur.

Sizin işıq fəlsəfənizə görə işıq qaranlığın arxasındadır. Deməli işığa qovuşmaq üçün qaranlığı yarıb keçmək mütləqdir. Tamamilə razıyam. O mənada ki, Allah da dünyanı əvvəl qaranlıqda yaratmışdı. O ki, qaldı işıqla qaranlığın, xeyirlə şərin mübarizəsinə, bu, bütün dinlərdə öz əksini tapıb. İslam dinində şər qüvvələrə Allaha qarşı üsyan edən İblis adlı bir mələk başçılıq edir. Allah, “onun buyruqlarını qəbul etməyən mələk” iblisə qiyamət gününə qədər möhlət vermişdir.

Gözlə dilin, ümumiyyətlə bədən əzalarının bir-birinə əlaqəsi həqiqətən də vardır və bunu dərk etmək sadəcə idrakımızın xaricindədir. Qiyamət günündə insan əzalarının dilə gəlib şəhadət verməsi qeyd olunub. Sevimli peyğəmbərimizdən bir hədisdə deyilir: “Vücudda dildən əziyyət çəkməyən əza yoxdur”.

Sehrbazlar məskunlaşdıqları dərədə gah bir yerə yığışıb söhbət edər gah da tənhalığa çəkilib “təkcənəlik vaxtına girərdilər”. “Dərədən o tərəfdəki dünya bunların vecinə deyildi. Burada, bu dərənin içində onlar dənizdə balıqlar kimiydilər”. Kim onları incidib haqlarını kəssəydi ağır bəlaya düçar olacaqdılar. Hər halda xalq arasında belə şaiyələr gəzərdi. Şah I Abbasın dövründə bu insaanlar böyük nüfuza malik idilər. Baxmayaraq sehrbazlıq islam dinində qəti qadağan idi. Şah onlardan casus kimi də istifadə edirdi. Bu sufi dərvişləri (onlara sufi istidən qorunmaq üçün suf (yun) geyindikləri üçün deyilirdi) uzun adlarından soyuqdan qorunmaq üçün istifadə edirdilər.

-“... Mənim adım Səyyahdır, Səyyah çağır məni.

- Səyyah? Ləqəbindi bu, yoxsa adındı?

- Bütöv adımı istirsən? Bütöv adım Hacı Mir Həsən ağa Səyyahdır. İndi hələ havalar bir belə soyuq deyil, Səyyah ki, dedin, yetər

- Soyuq olanda nə olur ki?

- Soyuq olanda...- Səyyah sehrbaz yüngülcə qımışdı, üzü bir anda eybəcərləşdi. O zaman bu uzun adı paltar kimi geyinirəm, üşümürəm”.

Əsərlə tanışlıq məndə belə bir qənaət yaratdı ki, “Sehrbazlar dərəsi” tələm-tələsik, bir nəfəsə yazılmışdır. Və elə ona görə də nöqsanlardan xali deyildir. Kiçik bir mükaliməyə diqqət yetirək:

- “Heç kim duyuq düşməyəcək,-pıçıldadı,-ona bir əntiq əsa bəxş edəcəyəm.Kafir elində su içində bir şəhər var, ordan özüm gətirmişəm...”

Müəllif az sonra yazır ki, əsa artıq padşahdadır.

- “Əsadan bərk yapışdı görən kimi. Yaman gözü tutdu”.

Postmodernizm ədəbi cərəyanında yazılan əsərlər artıq çoxdan bəri real həyat həqiqətlərindən və romantik xəyallardan yazılan əsərlərə öyrəşmiş Azərbaycan oxucusunun ruhunu bir o qədər oxşamır. Amma ədəbiyyatımızın zənginləşməsi, Avropa və dünya ədəbiyyatı ilə yanaşı inkişafı üçün belə əsərlərin yazılması çox gərəklidir. Bu mənada “Sehrbazlar dərəsi”ni alqışlayıram. Təkrar etməyi bir də lazım bilirəm; “Sehrbazlar dərəsi” o əsərlərdəndir ki, oxunması, başa düşülməsi üçün xüsusi hazırlıq lazımdır. Ruhlar haqqında İblis haqqında müstəqil düşüncəsi olmayan, mühakimə yürütməyi bacarmayan heç bir kəs əsəri başa düşə bilməz. İndi əsərin çap olunduğu 2006-cı ildən 8 il keçməsinə baxmayaraq etiraf etmək lazımdır ki, “Sehrbazlar dərəsi” ilə ədəbiyyatımıza uzun zamanlar yaşayacaq daha gözəl bir əsər bəxş etdiniz. Əsər oxucalara mərdlik, mübarizlik, ölümün gözünə dik baxmaq, intiqama nifrət, dövlətə, dövlətçiliyə, dövlət başçısına hörmət, ehtiram göstərməyi aşılamaq baxımından təqdirə layiq bir işdir. Məktubla tanışlıqdan sonra mülahizələrinizi mənimlə bölüşməyinizi səbirsizliklə gözləyirəm.

Yeqzar Cəfərli

[email protected]

Qafqaz Universitetinin magistrantı

# 2106 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #