Müəllimlər günü şeiri: ...boş cibimiz küsən kimi 

Müəllimlər günü şeiri: ...boş cibimiz küsən kimi 
5 oktyabr 2015
# 13:34

Oktyabr

(müəllimlər gününə)

Bu gün yerə bulud-bulud qəm töküldü,
Körpə kimi yanıq-yanıq, qığıldadı.
İldırımlar arvad kimi öz ərinə
Hey deyindi, dayanmadan dığıldadı.

Günəş küsdü, boş cibimiz küsən kimi
Yer üzündən, göy üzünə döndü sifət.
Külək əsdi, körpəmizin sözləritək
"Ata mənə nə almısan ", gülə-gülə
əllərimin boşluğunda söndü sifət.

Çətir açdım, bir ər kimi dırhadırdan
qaça-qaça ,
xəcalətə düşə-düşə.
Vicdanımla söhbətləşdim masalarda
Gecə-gündüz,
qədəh-qədəh,
şüşə-şüşə.

Xəzan gözlüm yarpaq-yarpaq sızıldadı,
Ömür boyu heç vaxt belə solmamışdı.
Çox payızlar hönkür-hönkür doldu, getdi
Heç vaxt belə oktyabr olmamışdı.

Müəllimin qazancıtək əldən düşsəm
Lal olaram,
danışmaram oktyabr.
Fevral gəlsin, xəzan gözlüm gəl deməsə
Mən səninlə
barışmaram oktyabr.

# 1502 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #