Sufilər Səməd Vurğunu niyə öldürmək istəyirdi?

Sufilər Səməd Vurğunu niyə öldürmək istəyirdi?
31 mart 2014
# 12:00

Kulis.az xalq şairi Səməd Vurğunun yaxın dostu, uzun müddət Azərbaycan SSR kənd təsərrüfatı naziri işləmiş Möhsün Poladovun 1965-ci ildə qələmə aldığı “Xatirələrimdən səhifələr” kitabından bir parçanı təqdim edir.

Səməd Vurğun qadın rollarında

Məktəbdə (Qori Seminariyasının Azərbaycan bölməsi) ən fəal və görkəmli ictimai iş tələbələrin təşkil etdiyi dram dərnəyi idi. Bu dərnəyə müəllimlərdən və şəhərin ziyalılarından Teymur bəy Şadlinski, onun zövcəsi Dilşad xanım Şadlinskaya, Məhəd bəy Vəkilov zövcəsi Olqa xanım Vəkilova (Azərbaycanın məşhur balerinası Leyla Vəkilovanın anası və atası), Məmmədəli Rəsulov darülmüəllimliyinin şərqi müəllimi Alyona Mustafayeva və qeyriləri rəhbərlik edirdilər. Səməd bu dərnəyin təşkilatçısı olmaqdan başqa da ən aktiv üzvlərindən biri idi, o, müxtəlif rollarda çıxış edirdi, həm də bütün tamaşaya qoyulan pyeslərin musiqi hissəsini skripkada ifa edirdi. O vaxtı qızları valideynləri səhnəyə çıxmağa buraxmırdılar. Ona görə də qız rollarını həmişə Səməd ilə başqa yoldaşımız Əhməd Qayıbov ifa edirdilər. Səmədin sifəti qarayanız olduğuna görə qız rolunu ifa edərkən üzünə nə qədər pudra yaxardısa da üzü dəyirmandan çıxmış adamın üzü kimi ağ-qara çalardı, biz ona baxıb çoxlu gülüşərdik. Dram dərnəyimiz çox qüvvəli idi. Biz sistematik olaraq həm Qazax şəhərində, Taus və Ağstafa qəsəbələrində və çox vaxt kəndlərdə “Al bayraq”, “Bahadır və Sona”, “O, olmasın, bu olsun” , “Evliykən subay”, “Dursunalı və Ballıbadı”, “Arşın mal alan” və qeyrilərini tamaşaya qoyurduq və tamaşalar pulsuz olurdu.

Mövhumatla mübarizə

Yadımdadır, 1921-ci ildə dərnəyimiz qış tətili vaxtı Qazax komsomol komitəsinin tapşırığı ilə kəndlərə tamaşa vermək üçün çıxmışdıq. Əlbəttə, burada Səməd Vurğun da vardı. Birinci tamaşanı Daş Salahlı kəndinə verdik. Səməd “Arşın mal alan”da Gülçöhrə rolunu, “Dursunalı və Ballıbadı”da nökər rolunu, “Al bayraq”da Nüsrət rolunu ifa edirdi. Biz kəndlərdə tamaşa verməkdən başqa, kəndlilər xüsusilə gənclər arasında siyasi təbliğat işi də aparırdıq. Bu işlərin məzmununa əsasən dini mövhumat və savadsızlıqla mübarizə uşaqları, xüsusilə qız uşaqlarını məktəbə cəlb etmək məsələlərinə toxunurduq. Səfərimizin ikinci günündə, gündüz Qaymaqlı, Aslanbəyli kəndində tamaşa verdik. Bu kənddə Hacı Əfəndinin otağı adlanan bir türbə (ibadətxana) vardı, buna Hacı Əfəndinin otağı deyirdilər. Bu türbə demək olar ki, bütün Zaqafqaziya müsəlmanları arasında məşhur bir ibadətxana idi. Türbənin ətrafında Hacı Əfəndinin və onun qohumlarının evləri, uzaq yerlərdən ibadətə gələn şəxsləri və onların atlarını, qonşu heyvanlarını yerləşdirmək üçün karvansaraya bənzəyən evlər, böyük tövlələr var idi. Bu ibadətxanada qulluq etmək üçün xüsusi adamlar var idi ki, bunlara mürid deyirdilər. Müridlər əsas etibarilə qara xəttə saqqal buraxmış (malakan saqqalı kimi) sağlam-cavan adamlar idi. Bunlar kənddə başqa heç bir işlə məşğul olmurdular, əsas işləri ibadətə gələnləri qarşılamaq, yerləşdirməkdən... ibarət idi.

Sufi məclislərində

Uzaq yerlərdən ibadətə gələnlər qadınları həmin binalara toplayıb, onları axşamlar mürid havalarına oynadırdılar. Buraya ziyarət üçün əsas etibarı ilə uşağı olmayan cavan qadınlar gəlirdilər. Müridlər əllərinə bir mis sini alaraq onu dəf kimi çalırdılar, ziyarətə gələnlərin ayaq üstə qaldırıb bir dəf vurardılar və oxuyardılar:

Can ay baba, can ay baba

Samovarın qaynar coşar

Stəkanda pokkul daşar... və s.

Bu havanı oxuyarkən ziyarətə gələnlər müridlər ilə bərabər bir neçə saat ağızlarından köpük gəlincəyə qədər, başları gicəllənənə qədər fırlanırdılar, sonra isə yarımcan ağac taxtların üstünə uzanırdılar. Bir neçə gün bu minvalla ziyarət etdikdən sonra evlərinə qayıdardılar.

Ziyarətə gələnlər türbəyə çoxlu və qiymətli nəzirlər gətirirdilər. Ziyarətgahın çoxlu malı, qoyunu, torpağı var idi. Bunlara Hacı Əfəndinin qohumları nəvələri və qeyri varisləri sahiblik edirdilər.

Qazaxda inqilabın birinci günlərində kəndlilər mülkədarların əmlakını zəbt edəndə Hacı Əfəndinin dövlətini də əlindən almışdılar. Buna baxmayaraq türbədə hələ də mövhumat işləri davam etdirilirdi. Gündüz kənd məktəbinin binasında “Al bayraq” pyesini tamaşaya qoyduq, axşam Səməd dedi, ay uşaqlar, gəlin Hacı Əfəndinin ziyarətgahına gedək, orada oturaq, ziyarətə gələnlərlə söhbət edək, bəlkə bunlar yavaş-yavaş mövhumatdan uzaqlaşalar.

Biz Səmədlə razılaşdıq. Səməd, mən, yoldaşlarımızdan Əmraslan Hacıyev, İmamverdi Nağıyev, qəza komsomol komitəsinin təlimatçısı Məhəmməd Babayev gəlib ziyarətxananın binalarının birində təxtin üstündə cərgə ilə əyləşdik. Müridlər bir-bir gəlib bizə çox acıqlı bir nəzər salıb seyr edərək çıxırdılar. Bir az keçəndən sonra bizə çay gətirdilər, bunlar elə bilirdilər ki, biz çayımızı içib çıxıb gedəcəyik, ancaq biz hələ üzümüzə salıb oturduq. Buna görə də müridlərin axşam məşğələsi gecikirdi. Uzaq yerlərdən ziyarətə gələnlər bir-bir içəri daxil oldular, qabaqca bizi seyr edərək təxtin üstündə cərgə ilə oturdular. Nəhayət müridlərin rəhbəri topa saqqalı bir mürid başlamağı o biri müridlərə işarə etdi. “Can ay baba” prosesi başlandı. Müridlərin səsindən, fısıltısından, nərəsindən qulaq tutulurdu, bu proses o qədər uzun və dəhşətli keçdi ki, biz sakit oturmağımıza baxmayaraq, başımız gicəllənməyə başladı, gecədən xeyli keçmişdi. Ziyarətçilərin və müridlərin bir-bir ayaqları yerdən üzülür. Təxtin üstündən yıxılırdılar.

Kənddən qaçırıq

Müridlərin başçısı çıraqları keçirməyə başladı. Biz qorxumuzdan bayıra çıxdıq. Qoca mürid də bizim dalımızca çıxıb bizə gecə yatmağa yer təklif etdi. Biz ona razılıq edib ayrılarkən Səməd üzünü ona tutub bu sözləri dedi: “Ay əmi, bir gün gələcək, tutduğunuz əməllərinizdən utanacaqsınız”.

Qoca mürid çox acıqlı bir səslə: “Rədd ol buradan, sənin ağzından hələ süd iyi gəlir”– deyə qışqırdı. Biz bir-birimizi basa-basa qaranlıq küçə ilə gedib məktəbin binasında bizim üçün hazırladıqları binada yatdıq.

Səhər tezdən kənd sovetinin sədri Çopur Məhəmməd yanımıza gəlib dedi: “Uşaqlar, tez durun, sizə araba qoşdurmuşam, minin gedin, siz bu gecə müridləri qəzəbləndirmisiniz. Sizə sui-qəsd hazırlayırlar”. Biz çox tələsik paltarımızı geyinib arabaya dolduq və Şıxlı kəndinə tərəf yola düşdük. Çopur Məhəmməd və onun yanındakı milisioner atlarına minib bizi yola saldılar. Müridlərin evlərinin yanından keçərkən itlərini açıb bizə tərəf buraxdılar. İtlər bizi xeyli müşayiət etdikdən sonra əl çəkdilər. Səməd skripkasını çıxardıb döşünə basdı, aşıq havası çalaraq - əl çəkək köhnə dünyadan biz, sildirək torpağın təmiz - sözlərini aşıq havası ilə hündür səslə oxudu.

Aslanbəyli ilə Şıxlı kəndləri arasındakı bu susuz və boz dağları keçərkən Səməd skripka çalıb gözəl mahnılar oxuyurdu. Bir neçə saatdan sonra Şıxlı kəndindəki məktəbə çatdıq və axşam burada “Dursunalı və Ballıbadı” pyesini tamaşaya qoyduq.

Qeyd: Yarımbaşlıqlar yazı hazırlanarkən seçilib.

Hazırladı: Cəlil Cavanşir

# 3878 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #