Dayanmadan yaza bilmək üçün nə etmək lazımdır?

Dayanmadan yaza bilmək üçün nə etmək lazımdır?
1 fevral 2017
# 13:19

Dünyaca məşhur amerikalı fantast-yazıçı Isaac Asimov bir sözlə xarakterizə etmək lazım gələrsə onu “məhsuldar” adlandıra bilərik. Asimovun bütün həyatı boyu yazdığı povest, məktub, esse və başqa mətnləri bir yerə toplasaq 25 ilin hər iki həftəsinə bir böyük həcmli povest sığışdırmaq olar. Bəs görəsən normal yazıçıların həyatları boyu 1-2 yaxşı əsər yaza bildiyi halda Isaac Asimov bu qədər çox maraqlı əsəri necə ərsəyə gətirə bilmişdi. Bu suala cavab tapmaq üçün onun avtobioqrafiyasına baxmalıyıq.

Əslində Asimov heç də həftənin 7 günü, gündə 8 saat mətn yazmayıb. O hər səhifə başı dayanır, ruhdan düşür və mütəmadi başına bədbəxt hadisələr gəlirdi. Ancaq yazıçı ideyalarının tükənməməsi üçün həyatını taktika və strategiyalara bölmüşdü. Gəlin yazıçının texnikası ilə tanış olaq.

1. Heç zaman öyrənməyi dayandırmayın.

Asimov təkcə elmi fantastik əsərlərin müəllifi deyildi, o həm də Kolumbiya universitetində kimya üzrə doktorluq dissertasiyası müdafiə etmişdi. O fizika, qədim dünya tarixi, hətta İncil haqda kitablar yazmışdı. Bəs yazıçı peşəkarların belə öz sahəsində yetərsiz olduğu dövrdə necə bu hərtərəfli elmi səviyyəyə yüksəlmişdi? Onun sirri doktorluq dərəcəsi aldıqdan sonra belə həyatı boyu öyrənməyi dayandırmamaqda idi. Özü bu haqda deyirdi:

“Təkcə məktəb təhsilimlə belə cürbəcür mövzularda kitablar yaza bilməzdim. Daim özünütəhsillə məşğul olmuşam. Hər gün kitabxanamdakı kitabların sayı artmış və mən bilmədiyim mövzularda yazmamaq üçün onlara qapılmışdım”.

Yaxşı ideyalar istehsal etmək üçün, gərək yaxşı ideyalar mənimsəyəsən. Diplomla iş bitmir, əksinə hələ yeni başlayır. Isaac Asimov yeniyetməlik dövründə əlinə keçən hər şeyi oxuyurdu.

“İstiqamətimi hələ müəyyənləşdirə bilmədiyim üçün oxuduğum cürbəcür kitablar üzərimdə izlər qoyub. Mənim iyirmi fərqli sahəyə marağım olub və beləcə də qalıb. Beləliklə mən mifologiya, İncil, Şekspir, tarix, elm və s. haqda kitablar yazmışam”

Cürbəcür kitablar oxuyun, marağa qapılın, dayanmadan özünüzə investisiya qoyun.

2. Dalanlardan qorxmayın

Həyatın baxdıqda Asimovun tez-tez yazıçı tıxanıqlığı yaşayırmış.

“Adətən elmi-fantastik romanlar üzərində işləyərkən tıxandığımı və bircə söz də yaza bilmədiyimi aşkarlayırdım” – deyə yazıçı avtobioqrafik əsərində deyir.

Tıxanmaq normaldır. Peşəkarın həvəskardan fərqi odur ki, o tıxandıqdan sonra özünə gəlib işini yarımçıq qoyduğu yerdən davam edə bilir. Asimov belə halların onu dayandırmasına imkan vermir və illər boyu çalışaraq özü üçün strategiya yaratmışdı.

“Oturub gözümü boş səhifələrə zilləmirəm. Gecə və gündüzlər boyu ideyasız başla gəzinmirəm. Sadəcə romanı bir kənara atıb yarımçıq qoyduğum onlarca işin birinin qulpundan yapışıram. Dərgilər üçün məqalələr, esselər, hekayələr yazıram, sənədli ədəbiyyat üzərində işləyirəm. Onlardan yorulana qədər düşüncəm işləməyə hazır olur və bu minvalla təxəyyülüm yenidən dolub-daşır. Yenidən romanın üzərinə qayıdıram və görürəm ki, yenə də asanlıqla yazmağa davam edə bilirəm. ”

Yazıçı bu sözləri ilə yazıçı peşəkarlığının irəliləyən pillələrində qarşılaşılan bir vəziyyəti izah edir. Onun fikrinə görə insan beyni üzərində işləməkdən yorulduğu mövzudan ayrılıb başqa işlərə yönələndə, şüuraltında yeni ideyalar üçün məkan açılır.

3. Müqavimətdən çəkinin.

Bütün yaradıcı adamlara – alimlərə, yazarlara, rəssamlara ideya yaratmaq qorxusu tanışdır. İnsan yeni bir düşüncəni dünyaya gətirənəcən, minlərlə tənqidçi və dağıdıcı güc onu inkar etmək üçün sırada hazır gözləyir. Bəzən yazar bir məqaləni çap etdirdikdən sonra qorxudan ona verilən şərhlərdən qaçır. Bu qorxu yaradıcılığın ən böyük düşmənlərindəndir Steve Pressfield “Sənət müharibəsi” kitabında bu qorxunu müqavimət adlandırır. Isaac Asimovda tez-tez bu qorxudan bəhs edirdi.

“Adi yazıçılar adətən iş zamanı öz yazdıqlarından şübhəyə düşürlər. Məsəlçün, elə indicə yazdıqları cümlə bir məna daşıyırmı? Bəlkə onu dəyişib daha yaxşı formaya salmaq olar? Adi yazıçılar daim mətni yenidən gözdən keçirir, bəyənmir və düzəlişlər edir, daim başqa özünüifadə yolu axtarır və heç vaxt axıra kimi razı qalmır”. – o deyirdi.

Asimov fikirlərin başqaları tərəfindən qəbul olunmama sindromunun insanı “mükəmməlçiliyə” doğru apardığını düşünürdü. Bəli bu müdafiə hissi yaradır, ancaq yalançı müdafiə. Yazıçı çətin vaxtlarda onun arxasında gizlənir, ancaq digər yandan ideyalar inkişaf etməyə fürsət tapmamış məhv olub gedir. Asimovla bizim fərqimiz burdadır o ideyalarını ifadə etməkdən çəkinmir, bunun üçün hətta yazıçı tıxanıqlığına da razı olurdu.

4. Standartları aşağı endirin

Isaac Asimov ideallara can atmağa həmişə mənfi yanaşırdı. Onun sözlərinə görə birinci dəfədən hər şeyi ideal etməyə çalışmaq böyük səhvdir. Bunun yerinə əsas detallara fikir vermək lazımdır.

O deyirdi ki, özünüzü yeni bir əsər yaratmağa hazırlaşan rəssam kimi təsəvvür edin. O əvvəlcə kompozisiyanı beynində canlandırır, sonra rəng ahəngini, balansı və s. düşünməyə başlayır. Bunu edərkən xırdalıqlarda diqqətli olmağa çalışır.

Heç bir rəssam ilk dəfədən Mona Lizanı yarada bilməz, ona görə də standartları endirmək məsləhətdir. Əvvəlcə sınaq məhsulu, müvəqqəti cizgiləri, kobud qaralamanı yaradın. Ancaq yazıçı bütün bunları edərkən özündən əmin olmalıdır:

“Yazıçı oturub yazdığının keyfiyyətindən narazılıq etməməlidir. O işini sevməlidir. Mən şəxsən işimi sevirəm”.

5. Daha çox yazın

Isaac Asimov mükəmməlçilik bəlasından xilas olmaq üçün daha çox əsər yaratmağı məsləhət görür.

“Müəyyən kitabın çapa hazırlanıb ardıyca yenisini yazmaq məcburiyyəti olanda yazıçının “kitabı necə qarşılayacaqlar, necə satılacaq kimi” narahatçılıqları sovuşub gedir. Çünki o artıq bir neçə başqa kitabı satışa verib və indi də bir neçəsi üzərində işləyir. Bunun sayəsində onun həyatında sülh və əminamanlıq hökm sürür.”

Asimovun fikrincə əgər hər bir neçə həftədə yazıçının yeni əsəri ortaya çıxırsa onun uğursuzluq haqda düşünməyə vaxtı olmayacaq. Ona görə də yazıçı hər həftə yeni nələrsə yazmağa çalışmalıdır, beləliklə o “ideal”dan qurtula bilər.

6. Sirli üsul

Isaac Asimovun yazıçı dostlarından biri ideya yoxsulluğundan əziyyət çəkir və bir dəfə yazıçıdan soruşur: “Sən bu qədər ideyanı hardan tapa bilirsən?” Asimov cavab verir: “Mən düşünürəm, düşünürəm, düşünürəm, özümü öldürmək həddinə qədər düşünürəm. Bəs nə bilmişdin, yaxşı ideya asan başa gəlmir?...”

Asimov yazır ki, gecələr boyu otağında təkbaşına oturub ideyalar düşünürmüş.

“Keçən gecə yuxum gəlmirdi, uzanıb yazmalı olduğum şeylər haqda düşünürdüm və düşünüb, düşünüb ən kədərli yerdə ağlamağa başladım. Bu mənimçün gözəl bir gecə oldu”. Asimov deyirdi ki, əgər ideyaları düşünüb tapmaq asan olsaydı, heç kim bu işlə məşğul olmazdı.

(Məqalədə Isaac Asimovun avrobioqrafik kitabı "It's Been a Good Life"dən istifadə olunub)

oxuzali.az

# 1052 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #