Komandirimiz dedi: “Təpik döy, amma oxuma”

Komandirimiz dedi: “Təpik döy, amma oxuma”
7 avqust 2014
# 11:40

Kulis.az yazıçı Aslan Quliyevin “Gitara” hekayəsini təqdim edir.

Orta məktəbdə oxuyanda rus dili müəllimimiz bizə təkcə rus ədəbiyyatını yox, ümumiyyətlə ədəbiyyatı sevdirdi. Onun sayəsində öyrəndik ki, Süleyman Rüstəm «Sus, tar, sus, tar, istəmir proletar, səndə çalınsın qatar» şeirini yazıb. Müşfiq də buna etiraz eləyərək: «Oxu, tar, oxu, tar, səni kim unudar!» şeirini yazıb və buna görə də gənc şairi güllələyiblər. Uşaq qəlblərimiz Süleyman Rüstəmə qarşı qəzəb, nifrət, Müşfiqə qarşı sevgiylə dolub-daşırdı. Müşfiqi, cavan yaşında onun ölümünə səbəb olan tarı nə qədər sevirdiksə, Süleyman Rüstəmə bir o qədər nifrət eləyirdik.

Mən bir dəfə müəllimdən soruşdum: «Bəlkə Süleyman Rüstəm tarda təkcə qatar çalınmasını istəmirmiş, segah, dəşti çalınmasını istəyirmiş?» «Bəlkə də istəyirmiş, - müəllim çiyinlərini çəkdi, - amma bu haqda heç nə yazmayıb». İkilikdə qalanda isə pıçıltı ilə dedi: «Tarda qatar çalınmasını proletar yox, Süleyman Rüstəm özü istəmirmiş. Amma sən bu haqda heç kimə heç nə demə. Yoxsa məni də Müşfiqin yanına göndərərlər».

Sonra mən özüm də müəllim oldum. Elə həmən məktəbdə gündüzlər dərs deyər, gecələr isə oturub Moskva fabriklərində buraxılan 96 vərəqlik çox keyfiyyətli dəftərlərdə çox keyfiyyətsiz diyircəkli qələmlə romanlarımı yazardım. Qələmi sıxmaqdan barmaqlarımın arası qabar olardı. Tez-tez də «zapast»ı qurtarardı. «Zapast»ı beş qəpiyə qonşu kənddəki orta məktəbdə bizə tarktorçuluğu öyrədən müəllimimizdən alardıq. O daha çox rəngli zapastlar satardı və buna görə də yazım ala-bəzək olar, dəftərin səhifələri yaşıl, qırmızı, göy rənglərə bürünərdi. Bu mənim karıma da gələrdi, romanlarıma ad tapa bilməyəndə yazının rənginə uyğun olaraq adlarını, “Qırmızı roman”, “Mavi roman” və s. qoyardım.

Müşfiqə olan sevgimiz isə əvvəlki tək davam eləyirdi, amma bu sözləri tar haqda demək olmazdı. İlk öncə kəndə ayaq açan plastik vallar tar sevgimizə kölgə saldı. Bu vallarda Məmmədbağır Bağırzadə, Sabir Əliyev gitaranın müşayiəti ilə radiolarda, televizorlarda verilməyən mahnılar oxuyurdular. Sonra toylara da gitara ayaq açdı və tarı büsbütün kölgədə qoydu. Əsl gitara bumu yaşanırdı. Bu qəribə, sirli alətdə nə çalınırdısa, canımıza, qanımıza hopurdu.

Bunun yalnız bir səbəbi vardı. Nəyi qadağa eləyirdilərsə, televizorda, radioda az görünürdüsə, onu daha çox sevirdik. Sovet təbliğat maşını gecə-gündüz Lenini təbliğ eləyirdi, az qala o tərəflərə yola düşmək üçün sayılı saatları qalan qarılar da «Lenin baba yolunda» mahnısını xüsusi şövqlə oxuyurdular. Bəzən ürəkləri xüsusi şövqə dözmür, mahnını bitirə bilməyib o tərəflərə yola düşürdülər. Di gəl, adamların qəlbində Leninə zərrəcə də rəğbət, sevgi yox idi, hamı, xüsusi ilə də yaşlı nəsil Stalini daha çox sevirdilər. Onun «Əsgəri generala dəyişmərəm!» sitatı isə dillər əzbəri idi. Ədalət naminə deyək ki, burda Leninin bəxti əvvəldən gətirməmişdi. Yəni onun oğlu olmamışdı, olmadığına görə də ağqvardiyaçı generala əsir düşməmişdi və Lenin də: «Əsgəri generala dəyişmərəm!» deyə bilməmişdi. Düzdür, Leninin oğlu olardısa və ağqvardiyaçı generala əsir düşərdisə, belə deyərdimi, deməzdimi, orasını bilmirəm, bildiyim odur ki, ana təbiət özü Lenini bu şansdan məhrum eləmişdi.

Brejnev də səhərdən-axşama qədər ekranlardan düşmürdü, amma xalq demək olar görünməyən, yalnız foto şəkilləri ekranda, mətbuatda yer alan Andropova daha çox rəğbət bəsləyirdi. Adam az danışdı, Amerikaya, qərbə barmaq silkələdi, hələ dünyanın bir çox istiqamətlərinə də barmaq silkələmək istəyirdi, amma zalım fələk imkan vermədi. Eynəkli, zəhmli baş katib digər istiqamətlərə də barmaq silkələmək istəyəndə aldı başının üstünü. Hər halda xalqın sevimlisi oldu.

Bir sözlə adamların gitaranı da sevməsinin əsas səbəbi onun qadağan olunması, ekranlarda, radioda az görünməsi idi.

Birdən qərara aldım, gitarada çalmağı öyrənəcəyəm. Bəri başdan deyim, mənim musiqi istedadım, daha doğrusu qabiliyyətim yoxdur. Yerli-dibli. Musiqini duyuram, amma taktları tuta bilmirəm. Bircə mahnını belə fərli-başlı oxuya bilmirəm.

Əsgərilikdə şeypur sədaları altda: «Ağlama qız, iki bahardan, iki qışdan sonra qayıdacağam» mahnısını oxuyub təpik döyəndə komandirimiz mənə dedi: «Təpik döy, amma oxuma. Bütün vzvodun əməyini yerə vurursan!» Mən də təpik döyür, amma oxumurdum.

İllər sonrası Tehranda musiqiçilər oxuyur, biz də taktı tutur, əl çalırdıq. Dayım oğlu əyilib qulağıma pıçıldadı: «Sən əl çalma». Düzü, pərt oldum. «Niyə?» - soruşdum. «Çala bilmirsən, ona görə, - dayım oğlu dedi, - musiqiçiləri də çaşdırırsan». Soyuq Rusiyanı və soyuq beton döşəmədə təpik döyərkən komandirimizin dediklərini xatırlayıb soruşdum: «Əməklərini yerə vururam?» «Yox, - dayım oğlu başını yırğaladı, - özlərini yerə vurursan».

Bunca acı təcrübəm vardı, musiqidə istedadsızlığım da öz yerində. Di gəl, mən başıma gələn hansısa ideyadan asanlıqla əl çəkən deyiləm. Əvvəlcə ala-babat bir gitara aldım. Çox dınqıldatdım, evdəkilərin baş-beynini apardım, həyətə, bağa çəkildim, orda da qonşuların şikayəti gəlməyə başladı. Özlərinə bunca əzab verirdim, dözürdülər, amma qonşulara əzab verməyimə atam dözmədi. «Bir də şikayət gəlsə, gitaranı sındırıb təndirə atacağam!» Mənsə gitaranın sındırılmağını istəmirdim, təndirdə yandırılmağı isə heç istəmirdim.

Bəs onda necə olsun? Bunu harda çala bilərdim? Meşəyə getmək olardı, amma meşə uzaqdı. Çölə getdim, amma may ayı idi, çöldə al günün altında gitaranı yarımca saat dınqıldadandan sonra qan-tərə batır, evə qayıdıb azından bir vedrə su içirdim. Bunca əziyyət çəkirdim, amma zərrəcə də irəliləyiş yox idi. Heç bir havanı, mahnını çala bilmirdim. Necə dınqıldadırdımsa, eləcə də dınqıldadırdım.

Beləcə günlər keçirdi. Çöldə ot yetişir, külək yetişən otun qoxusunu kəndə yaydıqca da adamlar dəryazlarını itiləyir, ot çalımına hazırlıq görürdülər. Mən də gündüzlər dərs deyir, axşamçağılar çölə gedir, gitara çalırdım. Axşamlar isə oturub keyfiyyətli dəftərlərə keyfiyyətsiz qələmlərlə romanlarımı yazırdım.

Kəndimizdə bir sürücü var idi, «ordan kruq vurdum», «burdan kruq vurdum» deyə «kruq» sözünü o qədər işlətmişdi, adı qalmışdı “Kruq”. Kəndə Qobustan dağlarından ağ daş daşıyırdı. Kruq yaxşı da gitara çalırdı, ondan gitarada çalmağı mənə də öyrətməsini xahiş elədim. Razılıq verdi, amma şərtini də dedi:

- Sən də gərək mənə riyaziyyatı öyrədəsən.

- Riyaziyyat sənin nəyinə lazımdır? – heyrətlə soruşdum.

- Bəs gitara çalmaq sənin nəyinə lazımdır?

Tutulub qaldım, hər halda gitara çalmağı öyrənib toylara gedəcəyimi deyə bilməzdim. Kruq isə dedi ki, keçən il instituta imtahan verəndə riyaziyyatdan kəsildim. Bu il də sənədlərimi vermək istəyirəm, amma riyaziyyatım bərbaddır. Tak şto, sən mənə riyaziyyatı, mən də sənə gitaranı. Yoxsa hər kəs öz yoluna.

Razılaşdım. Bir saat mən Kruqa riyaziyyatdan dərs deyirdim, bir saat da Kruq gitaradan mənə. Zalım balası əsl kötükdü, nə deyirdimsə götürmürdü. Əlliyə yaxın şagirdim var idi, amma hamısı bir yerdə məni Kruq qədər incitmirdilər. Gitara sevgisi olmasaydı bu kütbeyini çoxdan qovardım.

O da nə deyirdi mən götürmürdüm. Əvvəlcə «Sudan gələn sürməli qız»ı öyrənməyə başladıq. Neylədimsə, olmadı, barmaqlarım simlərə yatmırdı. Mən ona dedim: «Bilirsən, mən sudan gələn sürməli qıza girişə bilmədim. Alınmadı məndə. Bəlkə Yeganə, ay qız, Yeganəyə girişək?» «Yeganəyə girişə biləcəyinə əminsən?» – bu da qüssəsli gözlərini üzümə dikib soruşdu.

Əmin deyildim, amma işə başladıq, yəni girişdik Yeganəyə. Kruq bir əliylə gitara çalır, o biri əlini başı üzərinə qaldırıb musiqinin taktları altında çırtma çalır və astadan oxuyurdu: «Yeganə, ay qız, Yeganə, oldum divanə!» Mən də əlimi başımın üzərinə qaldırır, mahnını oxuyur və çırtma çalırdım, amma çırtma çalmaqdan o tərəfə keçə bilmədim.

Bu dəfə də Kruq özü təşəbbüs göstərdi, sən Yeganəyə də girişə bilmədin, heç həndəvərinə də yaxın düşə bilmədin. Bəlkə hellyozanı sınayaq? Mən hellyozanın nə oluğunu soruşdum, Kruq əvvəlcə gitaranı dilləndirdi, sonra bir əlini də başının üzərinə qaldırıb çırtma çalaraq oxumağa başladı: «Hel, hel, hellyoza! Hel, hel, hellyoza!» Mən çırtma çalmadım, mahnını isə heç oxumadım. «Yum! – soyuq tərzdə dedim. – Atam bu mahnını eşitsə, gitaranı yox, mənim özümü təndirdə yandırar».

Kruq incidi, amma yumdu. Gitaranı astadan dınqıldadır, deyirdi. Yaxşı, bəs sən nəyə girişə bilərsən? Biz bunu axtarıb tapmalıyıq. Bəlkə Rənaya girişəsən? «Yandırdın qəlbimi, aman, Rəna!» Yox, bu da səndə alınmayacaq. Bəlkə Dilbərimə girişək. İki yandan, köməkləşək. Məncə alınacaq. «Dilbərim, dilbərim, öz gülüm dilbər. Söylə, vəfan hanı?»

Dilbərə girişdik, amma nəticə yox idi. Riyaziyyatda da həmçinin. Kruq mənə dedi, mən törəməyə girişə bilmədim, bəlkə inteqrala girişək? Hirsləndim: “Bu sənin üçün KAMAZ deyil, oturub fitilləyəsən. Ya da gitara deyil, Yeganədə alınmayanda, Dilbərə keçəsən. Bu riyaziyyatdır, burda bir bölməni öyrənməsən, o birisinə keçə bilməzsən!”

Beləcə ot yetişdi. Dəryazçılar otu biçirdilər, tozlu yollara səpələnən otlar, küləşlər qızılı rəngə çalırdı. Dərslər də qurtarmışdı. Mən gündüzlər Kruqa riyaziyyatı öyrədirdim, o da mənə gitaranı. Amma heç nə alınmırdı. O riyaziyyatdan heç nə öyrənə bilmirdi, mən də gitaradan.

Axır dözmədim. Əlimi yazı stolunun taxtasına döydüm:

- Bu nədir? – Kruqdan soruşdum.

- Taxta, - gözlərini döyərək cavab verdi.

- Bu taxta nə vaxtsa riyaziyyatı öyrənə bilər. Sənsə heç vaxt.

Kruqun gözləri yerindən çıxmışdı, mənə heyrətlə baxır, başını silkələyirdi. Gitaranı yığışdırıb ayağa qalxdı. Birdən barmaqlarını taxtaya döydü:

- Bu nədir? – soruşdu.

- Taxta, - bir şey başa düşməyərək dedim.

- Bu taxta nə vaxtsa gitara çala bilər. Sənsə heç vaxt.

O vaxtlar müəllim kəndin ən nüfuzlu adamı hesab olunurdu. Adicə bir sürücü gələ, özcə evində sənə taxta deyə, daha doğrusu, taxtanın səndən üstün olduğunu bəyan eləyə?! Kruqu evdən qovdum, daha doğrusu ənginə də bir-ikisini ilişdirmək istəyirdim, vaxtında aradan çıxdı. Arxasınca atdıqlarımın da heç biri hədəfə dəymədi.

Beləcə bu işə son qoyuldu. Mən gitaranı öyrənə bilmədim, o da riyaziyyatı. Yenə də instituta sənəd verdi və yenə də riyaziyyatdan kəsildi. Çıxıb getdi şəhərə, eşitdiyimə görə indi də Qobustan dağlarından iri şəhərlərə ağ daş daşıyırdı.

Kruqun riyaziyyat sevdası bitdi, mənimsə gitara sevdam bitmədi və qonşu Züvüç kəndində gitaraçı Bünyadla tanış olana kimi davam elədi. Bünyad yaraşıqlı, gülər üz, boylu-buxunlu cavan oğlan idi. Gözəl dost, gözəl insan idi, gitaranı da gözəl çalırdı. Nə ona qədər, nə də ondan sonra bir kimsənin gitaranı elə yanğıyla, elə həsrətlə, elə şirin çalmasının şahidi olmadım. Ona qulaq asandan sonra gitara çalmaq sevdasına son qoydum, başa düşdüm ki, neyləsəm də, heç vaxt gitarada onun kimi çala bilməyəcəyəm.

Toyumu da Bünyad elədi. Düzdü, bir az anlaşılmazlıq oldu. Mən demişdim, yağsa gəlməzsiniz. Axşam yağdı, səhər gün çıxdı. Musiqiçilər də gəlmədilər. Onda cib telefonu yox idi, toyun əsas təşkilatçısı olan böyük qardaşım Züvüçə gedib xəbər verib gələnə kimi, gəlini evdən musiqi məktəbində oxuyan əmim uşaqları, nağarada, qarmonda çalaraq çıxartmışdılar.

Həyat bu. Sonra ölkə qarışdı. Qarabağ savaşı başladı. Bünyad da, toyuma Mingəçevirdən gələn tələbə dostum Azər də savaşa könüllü olaraq ilk gedənlərdən oldular. Hər ikisi də şəhid oldu…

Kruqla da illər sonrası Bakı toylarının birində rastlaşdıq. Elə yaxşı oldu, onda riyaziyyatı öyrənə bilmədim, sevinclə dedi, evim, eşiyim, maşınım, bağım. Öyrənsəydim, indi hansısa kənd məktəbində müəllim işləyib qəpik-quruş maaş alırdım.

Mənsə: «elə yaxşı oldu onda gitaranı öyrənmədim” deyə bilmədim. Gitaranı öyrənə bilməməyim mənə heç nə verməmişdi.

# 1735 dəfə oxunub

Müəllifin son yazıları

# # #