Gənc musiqiçilərimizin Gürcüstan qalibiyyəti

Gənc musiqiçilərimizin Gürcüstan qalibiyyəti
9 aprel 2018
# 14:09

Azərbaycanlı gənc musiqiçilər Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən Yevgeni Mikeladze adına Orkestr alətləri üzrə Gənc Musiqi İfaçılarının III Beynəlxalq Müsabiqəsində qalib olublar. Kulis.azın verdiyi məlumata görə Gürcüstanın Mədəniyyət və İdman Nazirliyinin dəstəyi ilə keçirilir, təşkilatçı “Harmoniya” Gürcü Folkloru və Klassik Musiqisinin İnkişafı Birliyinin sədri Sisino Biçikaşvilidir.

Müsabiqədə Azərbaycanı Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi, L. və M. Rostropoviçlər adına 21 saylı 11 illik Musiqi Məktəbi və 24 saylı 11 illik Musiqi Məktəbinin şagirdləri təmsil ediblər.

Simli alətlər üzrə nominasiyada məktəbi violin ixtisası üzrə müəllim Hökümə Əliyevanın sinfində təhsil alan Zərrin Əliyeva, Ülvi Tahirov və Nuray Seyid təmsil ediblər. Onlardan Zərrin Əliyeva simli alətlər üzrə “Qran Pri” mükafatına, Ülvi Tahirov I yerə, Nuray Seyid isə II yerə layiq görülüblər.


Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdləri müsabiqənin ikinci mərhələsində də yüksək bacarıq və ustalıq nümayiş etdiriblər. Nəticədə nəfəs alətləri nominasiyasında Mərkəzi İncəsənət Məktəbində qoboy ixtisası üzrə müəllim Elşən Məmmədovun sinfində təhsil alan Zakir Allahverdili “Qran Pri” mükafatına, truba ixtisası üzrə müəllim Vladislav Kuznetsovun sinfində təhsil alan Əlipaşa Şahgəldiyev isə I yerə layiq görülüblər.

Münsiflər heyətində Respublikanın əməkdar artisti Əziz Qarayusifli təmsil olunub. Tələbələrimizi pianoçu Arzu Sərxanlı müşayət edib.


Müsabiqənin sonuncu günündə Tbilisi Dövlət Konservatoriyasının Kiçik Zalında mükafatlandırılma baş verib və qaliblərin Qala Konserti keçirilib. Konsertin fəxri qonaqları sırasında Zərrin Əliyevanın və Nuray Seyidin müsabiqə proqramının şərtlərinə əsasən ifa etdikləri gürcü əsərinin müəllifi bəstəkar Vazha Azaraşvili də iştirak edib. O, şagirdlərimizin onun əsərlərini ifa etdiklərindən məmnun qaldığını bildirdi.

# 1198 dəfə oxunub

Müəllifin son yazıları

# # #