Kulis.Az Laçının işğalının 24-cü ildönümü ilə bağlı şair İlham Qəhrəmanın bu mövzuda yazdığı şeirləri təqdim edir.
Alt üzdə yazı
1
Əldə silah yurdunu geridə qoyub
Daşburundan bəri gəlir...
Bu kimdi – Məmməddi,
Bu kimdi – Əhməddi.
Alın isladan söhbətdi...
Əldə silah
torpaqdan qaçan oğulun
qazandığı “qaçqın” adının
alt üzündəki yazı “töhmət”di!
2
Əldə silah yurddan qaçan oğulun
yurd həsrəti, yurd sevgisi
Canda soyuqdəymə kimidi -
can sıxılar, tıncıxar.
Qaçanın yurd sevgisi
soyuqdəymə kimi
Puçur-puçur alın suyuynan
axıb candan çıxar.
...Daşburundan bəri gəlir,
Bu kimdi – Məmməddi,
Bu kimdi – Əhməddi,
Ölüb yerə girməli söhbətdi
15.03.15
Bizə salam düşmür
Div dedilər cırtdan çıxdıq,
Bizə salam düşmür, oğul!
Nə sifətdə yurddan çıxdıq?!
Bizə salam düşmür, oğul!
Viranələr qorxumuzcan,
Dəhnəmiz can, arxımız can.
Torpaq ağlar arxamızcan
Bizə salam düşmür, oğul!
Bu küçə küçən olmadı,
Canından keçən olmadı
Yüzüm bir çeçen olmadı,
Bizə salam düşmür, oğul!
Heç gördünmü mərd yarıdı?!
Çaqqal-çuqqal, qurd yarıdı.
Döyüşsəydik dərd yarıdı
Bizə salam düşmür, oğul!
Biz qisası canda boğduq,
Qılıncları qında boğduq,
Sizi borc altında boğduq,
Bizə salam düşmür, oğul!
Bəy olmuşuq, xan çıxmışıq,
Götürüb canı çıxmışıq
Sağ ikən canıçıxmışıq,
Bizə salam düşmür, oğul!
Kim bu şeirdən bezikdi
Şairdən ağzıbüzükdü.
Boynumuz qıldan nazikdi,
Bizə salam düşmür, oğul!
17.03.2016
Silah görəndə
Eymənirəm, ürpənirəm
Silah görəndə,
ya hərbi keçiddə,
ya bir törəndə.
Onun zəhmi basdı
itirdik totorpaqları.
Onun zəhmindən oldu
iman möhtaclığımız,
qeyrət quraqlığımız.
Onun zəhmindən oldu
babaların mirasına
keşikçi maymaqlığımız.
21.03.2016
***
Ağ suyu boyamış rəngtək canımda
Dostum, itirilmiş yurd əzabım var.
Deyirlər Laçını dəyişəcəklər
Qarmağa taxılmış qurd əzabım var.
19.04.2016
Laçın ağısı
Əlim qulağımda qalıb,
Mənəm eyyy, səni çağıran.
Bir gör yadına düşürəm? –
Fəhlə Umudun oğluyam,
Ay elim, heyyy,
Ay obam, hey...
Dilimdən düşməz deyərəm –
Bir axşam, bir səhər səni.
Dərdləri çinə vurmuşam,
Üstündən qoymuşam səni.
Sənin dağında, dərəndə
Görən məndən nəyim qalıb?!
Mən sənsiz dəliyəm, bircə -
Çöllərə düşməyim qalıb.
O dağların dalındadı
Dədəm evi, dədəm evi.
Azərbaycan azad oldu,
Ağlaya-ağlaya sevin.
Ay elim, heyyy,
Ay obam, hey...
Kim ki ağrıdan yazacaq,
Özünü oda salacaq.
Ac qılınca çapan yerdə
Səni kim yada salacaq?!
Ay elim, heyyy,
Ay obam, hey...
Bu şəhərdə dustaq mənəm,
Haram var, hara gedərəm.
Dostlar kənddən danışanda
Mən ölüb yerə girərəm.
Sən qara geyinən gündən
Bir geyinib bəzənmədim.
Sağam... ruhum canımdadı –
O dağlarda gəzən nədi?!
Necə yarasan bilmirəm,
Göynəyir duz basmasan da.
Sicim, ələk, sac var idi
Dəhlizin hər asmasında.
Dırmığımız, kərəntimiz
Ağacda sallaşa qaldı.
Xalamgilin oğlaqları
Mələşə-mələşə qaldı.
Cücəli toyuğumuzun,
Cücəsi öldü, ölmədi?!
Nənəm xəmir yoğurmuşdu,-
Xəmiri gəldi, gəlmədi?!
Ay elim, heyyy,
Ay obam, hey...
Bağında gül əkilən ev,
On beş ilə tikilən ev,
Gözlərimiz dikilən ev,
Dədəm evi, dədəm evi.
Allah vardı, kərim vardı,
Ölüm vardı, dirim vardı,
Bir vaxt güvənc yerim vardı,-
Dədəm evi, dədəm evi.
Ətirli iydə bilirdim...
Minnətsiz gedə bilirdim,
Dədəmə Dədə bilirdim,
Dədəm evi, dədəm evi.
Əlim qulağımda qalıb,
Mənəm eyyy, səni çağıran.
Bir gör yadına düşürəm? –
Fəhlə Umudun oğluyam,
Ay elim, heyyy,
Ay obam, hey...
May-iyun, 1998