Borxes: “Özümü azmış kimi hiss edirəm”

Borxes: “Özümü azmış kimi hiss edirəm”
7 aprel 2014
# 10:49

Dünya ədəbiyyatının Nobelə layiq yazarlarından olsa da, onun taleyinə bu mükafata sahib olmaq düşmədi. Corc Fransisko İsidoro Luis Borxes doğma Buenos-Ayresin adını dünyanın dörd bir yanında yaşayan şeirsevərlərin xəyal aləminə aparan, onlara doğma bir yer kimi təqdim edən, Yeni Dünyanın ən çox oxunan, sevilən şairlərindən idi. Borxes ədəbi tənqidçi, yazar, publisist kimi daha çox fəaliyyət göstərmiş olsa da, dünya ədəbiyyatında şair kimi özünə unudulmaz bir yer qazanıb. Xose Luis Borxes ilə 1984-cü il Buenos-Aires Universiteti fəlsəfə professorları və psixologiya fakültəsində təhsil alan tələbələrin görüşündə səslənən suallar və yazarın cavablarını təqdim edirik.


- Başlayırıq. Nə deyə bilərsiniz?

- Başlanğıcda, b’reshit bara elohim, demirlər?

- “B’reshit bara elohim et hashamayin ve et ha’aretz” – yəni Tanrı başlanğıcda, ulduzları və yer üzünü yaratdı.

- Xeyr, “Tanrılar” yaratdı.

- Ah, əlbəttə, “Tanrılar”. Borxes daha yaxşı bilər. (Gülür) Bu gün, fəlsəfəni müzakirə etmək üçün bir şairi qonaq edirik. Aramızda bir şair var...

- Guya ki, şairdir...

- Onda bu “guya ki, şair”-ə fəlsəfə və şeir arasındakı əlaqə haqqında sual verə bilərik.

- Bir müddət əvvəl fəlsəfənin işləmək üçün mükəmməl bir sektor olduğunu demişdim, belə düşünürdüm. Amma bununla fəlsəfənin iddiaları əleyhinə çıxan bir şeyi nəzərdə tutmamışam. Fəlsəfə də şeir kimi, iki fərqli mənadan gələnləri birləşdirib, söz düzümünü, fikir tamlığını təmin etməkdir. Şeir bəlkə də bir çox xüsusiyyəti ilə fəlsəfə və estetika arasında bir yerdə durmağa layiqdir. Fəlsəfəyə fantastik ədəbiyyat olaraq baxsanız, filosofların şairlərdən daha həvəsli olduğunu görərsiniz. Məsələn, hansı şeir Spinozanın yaratdığı Tanrı qədər təəccübləndirici ola bilər? Hər fəlsəfi düşüncə öz qanunları olan bir dünya yaradır. Bu modellər fantastik də ola bilər, real da. Bunun elə əhəmiyyəti yoxdur. Mən şeirlə maraqlanmağı seçdim, çünki roman sevən deyiləm. Çox az roman oxumuşam. Məncə, ən ciddi roman müəllifi Cozef Konraddır. Heç roman yazmağa meyl etməmişəm. Ömrümü hər şeydən çox qiraətə həsr etmişəm. Və qiraətlə fərqinə vardım ki, fəlsəfi mətnlər oxumaq heç də ədəbi nümunələr oxumaqdan daha az əyləndirmir, daha az zövq vermir. Hətta aralarında elə də bir ciddi fərq belə yoxdur. Atam mənə kitabxanasını göstərəndə kitabxana mənə sonsuzmuş kimi görsənmişdi. Nəyi oxumaq istəsəm, oxuya biləcəyimi dedi, yəni sərbəst idim. Ancaq onu da dedi ki, nə oxuduqca mənə sıxıcı gələrsə, onu dərhal yerinə qoymalıyam. Yəni bu qiraət məsələsi məcburi oxumaqdan uzaq bir iş idi. Oxumaq bir fəaliyyət kimi, iş kimi insanı əyləndirməlidir. Fəlsəfə də. O da insanı xoşbəxt etməlidir. Kvinsey problemin nə olduğunu kəşf etməyin, onu həll etmək qədər vacib olduğunu deyib. Həll yolu tapıldımı, bunu bilmirəm, amma bir çox problemin kəşf edilmiş olduğu dəqiqdir. Amma problem nə olur-olsun, dünya əsrarəngiz, daha maraqlı və daha ovsunlayıcıdır, belə də qalacaq. Bir az əvvəl həyatımı oxumağa və yazmağa həsr etdiyimi dedim. Mənə görə bunların ikisi də inanılmaz dərəcədə əyləncəli işlərdir. Yazarlar yazmağın bir işgəncə olduğunu deyəndə mən etiraf edim ki, nə demək istədiklərini anlamıram. Yazmaq mənə görə lazımdır, yəni bu vaciblikdir. Əgər Robinson Kruzo olsaydım, öz tənha adam da belə yaza bilərdim. Balaca olanda elə bilirdim ki, hərbçi babalarım kimi qəhrəmanlıq dünyasında yaşayacam. Zəngin və özümə aid bir həyatım olacaq... Bir oxucunun, qiraətlə məşğul olan birinin həyatı mərhəmət oyandıracaq qədər səfil görünürdü gözümə. Amma indi buna təbii ki, inanmıram. Sıradan bir oxucunun da həyatı digərlərininki kimi zəngin ola bilər.

Kitabxanasından ya da Servantesin təbirincə desək, kitablığından heç ayrılmayan Alonso Kuijanonu gözünüzün qabağına gətirin. Onun qiraət dünyası hələ Don Kixota çevrilmədən əvvəl də ən az Don Kixotdan sonrakı məşhurluq qədər rəngli idi. Mənim yaşımda birinin müasiri olmur, hamısı ölür. Səksən beş yaşıma girmək üzrəyəm, amma içimdə kədərə aid heç nə yoxdur. Arxada macəralar və kitablardan ibarət xatirələrlə dolu bir həyat var. Keçmiş həyatımı düşünəndə hərdən dostluqlarım, sevgilərim təbii ki, yadıma düşür, amma ən çox düşündüyüm şey kitablardır – bunu mən məqsədsiz bir şəkildə xatırlayıram, mexanikidir. Yaddaşım bir neçə dildən olan şeirlər, təsvirlər, səhnələrlə doludur. Fəlsəfə ilə bağlı məsələyə qayıtmalı olsam, məncə, fəlsəfənin təklif etdiyi həll yolları bizi zənginləşdirmir, çünki o həll yolları, konkret deyil, mövcud situasiya və duyğular da sabit deyil. Fəlsəfə bizi dünyanın düşündüyümüzdən daha əsrarəngiz bir yer olduğunu göstərərək, zənginləşdirir. Fəlsəfənin bizə təqdim etdiyi bir sistem deyil. Biri sanki dəqiq və şəffaf bir elmi faktı açırmış kimi deyil bu. Daha çox bir sürü şübhədən ibarətdir bu həll üsulları və fəlsəfənin əyləncəli tərəfi də məhz buradadır – şübhələr üzərində işləməkdə. Bir sözlə, başda verilən mövzudan çox uzaqlaşmadan, məqsədə qayıtsaq, fəlsəfə ilə şeir arasında bir fərq olduğunu düşünmürəm. İndi digər suallarınıza cavab verək, ümid edirəm, onları mövzudan uzaqlaşmadan konkret cavablaya bilirəm. Amma onu deyim ki, nəsə qəribə bir şəkildə həyəcanlıyam. Deyəsən, bir az da qorxuram. Qorxaqlıq yaralı yerimdir, bununla bağlı çox təcrübəm var. Cavan vaxtlarımda çəkingən idim, indi səksən beş yaşım var, deyəsən, sözün əsl mənasında özümü nəsə dəhşətli bir hadisənin içində hiss edirəm.

- Cənab Borxes, fəlsəfə ilə bağlı çox vacib bir məsələyə toxundunuz. Fəlsəfənin əsrarəngiz xarakteri. Onun bu xüsusiyyəti vacib digər gizli xüsusiyyətləri arasında...

- Məncə, “Başqası yoxdur!”...

- Bu əsrarəngizlik içində bir şey də var – ölümün əsrarəngizliyi.

- Məncə, ölüm bir ümiddir. Yox olmağın, mövcud olmamağın beynin dərk etmədiyi mütləqliyidir. Silinmək və unudulmaqdır. Özümü nəsə hüznlü, kədərli hiss edəndə dərhal belə bir şey gəlir ağlıma – İyirminci əsrdə yaşamış Cənubi amerikalı bir yazara nə olduğunun nə mənası, nə önəmi var? Bunları biləndə nə əldə etmək olar ki? İndi mənə nə olduğu, həyatımda nə baş verdiyi ilə maraqlanırsınız, amma sabah ölsəm, onda necə? Tamamilə unudulacağımı ümid edirəm. Ya da belə deyim, sadəcə unudulmağın ölüm olduğuna inanıram. Amma dəqiq də bilmirəm, ola bilər ki, yanılıram. Bəlkə də başqa bir planetdə yaşamağa davam edəcəyik, fərqli bir həyatda yaşayacağıq. İndiki həyatımızdan heç də darıxdırıcı olmayacaq, amma bu həyatı qəbul etdiyim kimi onu da qəbul edəcəyəm. Ancaq doğurdan elə bir həyat olacaqsa, o həyata gənclik illərimdən başlamaq və buradakı həyatımı tamamilə unutmaq istəyərdim.


- Həyatın sizə verdiklərini qəbul etdiyinizi və nəsə istəməkdən boyun qaçırdığınızı deyirsiniz? Ancaq bu davranışlarınızla həyatı özünüz qurmaq iddiasına girdiyinizi düşünmürsünüzmü?

- Azad iradəyə inanmıram. Əgər siz sərbəst iradəyə inanırsınızsa, bilin ki, bu məfhum lazımlıdır, amma illüziyadır. Ancaq əgər söhbət mənim dünənim, yaşadığım həyatdan gedirsə, etdiyim hər şeyin dünya tarixinə bağlı və ondan asılı olduğunu qəbul edə bilərəm. Amma indi desələr ki, mən bir fərd kimi azad deyiləm, özümü ordan uzaqlaşdıraram. İstəyirəm bir də belə bir fakta nəzər salaq, məsələn, keçmişdə nəsə səhv bir hərəkət etdiyimi düşünün, bundan peşman olmağa bir səbəbim yoxdur, çünki mən o hərəkəti şüurlu şəkildə qərar verərək etmişəm. Hər şey əvvəlcədən planlaşdırıldığı üçün yaşanılan şeylərin cəza və ya mükafatla qiymətləndirilməsi yanlışdır. Bunlar azad iradənin yox, azad düşüncənin, şüurun işidir. Ona görə də hər şey müəyyən şərtlərlə icra edilir. Ancaq təbii ki, hər bir situasiya fərdin xarakterinə görə dəyişə də bilir. Bəlkə də, siz gənclər özünüzü daha azad hiss edə bilərsiniz, amma mən, mənim üçün buna inanmaq çətindir.

- Zamanın vacib mövzulardan biri olduğunu düşünürsünüz. Buna niyə inanırsınız, nəyə əsasən, onun bu qədər vacib olduğu qənaətindəsiniz?

- Bunun məcburiyyət olduğunu anladım. Məsələn, dünyanı kosmos olmadan da təsəvvür edə bilərsiniz. Çünki qalaktika toxuna və görə biləcəyiniz bir məkandır. Ancaq fərz edin ki, toxunaraq və ya görərək yox, sadəcə düşünərək qavrayırıq. Onda yalnız musiqi və boşluğun yaratdığı hiss yolu ilə də bunu qavramaq olar. Amma zaman olmadan dünyanı təsəvvür etmək, məncə, mümkünsüzdür.

- Əgər öz əsərlərinizi tənqid etsəydiniz, labirintlər və aynalar kimi məlum simvolları necə açıqlayardınız?

- Mövzu labirintdirsə, yəni söhbət labirintdən gedirsə, cavab çox sadədir. Labirint əqli qarışıqlığın simvoludur. Mən özümü itmiş, azmış kimi hiss edirəm, labirint də azmağın, qarışıq yollarda itməyin, itirməyin simvoludur. Ancaq ayna məsələsi o qədər də sadə deyil. Kimdəsə “mən” olmaq düşüncəsi sonradan üçüncü şəxs düşüncəsi ilə əvəzlənə bilər. Yəni insan özünə yadmış kimi hiss edir, bu vəziyyət insana aynanı xatırladır. Bu mövzuları isə mən seçmədim, mövzular məni seçdi. Yazarların mövzu axtarmalı olduqları fikri mənə yaddır. Mövzuların yazıçıları axtarıb tapması daha uyğundur. Hekayədə isə başlanğıc və son hissələr mənə hər zaman özlərini göstərir, beynimdə bir qəlibə düşürlər. Başlanğıcla son arasındakı hissə isə qeyri-müəyyəndir. Bu şəkildə işləmədiklərini deyən yazıçılar da var. Onlar üçün vacib olan yaxşı bir başlanğıcdır. Sonra isə mükəmməl bir son axtarırlar. Amma nəsə mən başlanğıcı və sonu bilirəm, axtarmalı, düzüb-qoşmalı olduğum yer o iki hissə arasındakı yerdir. Burada hərdən yanıla bilirəm, hiss edəndə ki nəsə yolunda getmir, hər şeyə yenidən başlayıram, lakin başlanğıc və sonu dəyişmədən. Bütün bu zaman ərzində əsl məqsəd aydınlaşmalıdır, yoxsa hər şey sıxıcı və mənasız olar. Mənim müasirlərimin hamısı köçüb bu dünyadan, ömrümün əhəmiyyətli sayılacaq qədər uzun bir hissəsini yalnız yaşadım, amma bundan bir şikayətim də yoxdur. Zamanımı, hansısa bir anda mütləq sonu gələcək bir gələcəklə bağlı planlarla rəngləyir, uzadır, çoxaldıram. Özümdən yaşda gənc dostlarım var təbii ki, amma onlardan zamanlarını mənə vermələrini istəyə bilmərəm.


- Karlos Fuantes dedi ki, Buenos Aires duyğuların kəlmələrə tökülməsi üçün insana ilham verən hər şeyə sahib olan bir şəhərdir və bu şəhərdə bu macəranı ən mükəmməl şəkildə gerçəkləşdirə bilən sizsiniz. Özünüzü bir Buenos Aires şairi hesab edirsinizmi?

- Əvvəlcə onu deyim ki, bilmirəm, o adam həqiqətənmi mənəm, ya yox, amma yenə də Karlosa minnətdaram. Mən Buenos Airesliyəm, necə deyirlər, lap göbəyində doğulmuşam. Bu şəhəri çox yaxşı tanıyıram, amma o vaxtlar tamam başqaydı. Esmeralda ilə Suipachanın arasında yerləşən Maipuda doğulmuşam. Blokdakı bütün evlər alçaq idi, küçəyə açılan qapılarda nə zəng, nə də qapı toxmağı olurdu. Buenos Aires çox fərqliydi. Əslində heç bilmədiyim, tanımadığım yerləri də var. Məsələn, Teatro Colona həyatımda ilk dəfə keçən il getdim. Çoxdur belə yerlər.

- Hər yazarın bir şah əsəri vardır. Sizinki hansıdır?

- Bəzi işlərin şah əsər kimi fərqləndirilməsi mənə nədənsə heç vaxt düzgün bir şeymiş kimi gəlməyib. Hər əsər şah əsər kimidir yazar üçün, elə hamı üçün də elə ola bilər. Bunun hansı əsərin və ya hansı yazarın çox oxunması ilə əlaqəli olduğunu düşünürəm. Və ya belə düşünək, əgər bir memuar oxuyursunuzsa, onu istəmədən də olsa, unutmaq üçün oxuyursunuz, amma bir əsər oxuyursunuzsa, yenə də istəmədən də olsa, onu xatırlamaq üçün oxuyursunuz. Əgər oxuduğunuz yazıçı məşhurdursa, özünüzdən asılı olmadan ona daha çox hörmət edirsiniz. Halbuki oxuduğunuz mətn eyni keyfiyyətdədir. Əskiksiz bir əsər olduğuna, qüsursuz bir kitab yazıldığına, hazırlandığına inanmıram. Bundan başqa, bəlkə də hər nəslin köhnə gözəl kitabları öz danışıq dilinə, dünyagörüşünə uyğunlaşdırması cəhdi var. Digər tərəfdən hər bir kitab yeni bir oxucu nəsli ilə zənginləşir. Məsələn, əmin ola bilərsiniz ki, “Alonso Quijano” indi Servantesin xəyal etdiyindən çox daha mükəmməl, daha kompleks vəziyyətdədir. Şübhəniz olmasın ki, “Hamlet” indiki vəziyyətində Şekspirin yazdığı orijinal versiyasından daha qarışıq, amma daha maraqlı, daha zəngindir, çünki o Koleric, Bradley, Göte və digər yazarlar tərəfindən zənginləşdirilib. Deməli, kitablar müəllifinin ölümündən sonra da yaşamağa davam edir. Hər dəfə oxunanda, yenidən nəşr olunanda, tərcümə olunanda bir az dəyişir. Hər dəfə oxuyanda kitabda orijinal variantında müəllifi tərəfindən dəyərləndirilməmiş bir çox detalı, əsəri zənginləşdirən təsvirləri görürük. Nədənsə mükəmməl hesab edilən hər bir kitabın dəyişdirilmiş, formalaşdırılmış olduğu, müxtəlif mədəniyyətlərin tarixi ilə zənginləşdirildikləri qənaətindəyəm. Amma öz kitablarım haqqında danışa bilmərəm. Mən onları yazdım və unutmağa çalışdım. Mən bir dəfə yazıram, amma oxucu dəfələrlə oxuyur. Elə deyil? Yox. Yazdıqlarım haqqında düşünməməyə çalışıram, keçmiş haqqında düşünmək heç də sağlam məntiqin işi deyil.


- Həyatın sizə yaşatdığı xoşbəxtliklər qədər, verdiyi ağrılar, kədərlər üçün minnətdar olduğunuzu deyirsiniz, üstəlik korluğun dezavantajları ilə də barışmısınız. Kədər və korluq üçün niyə minnətdarlıq edirsiniz?

- Çünki mən bir yazar olmaq istəyirdim, bir yazar üçün yer üzündə baş verən hər şey bir səbəbdir, ilham mənbəyidir, bir xammaldır. Bəzən bu vəziyyət olduqca ağır bir vəziyyət ola bilər. Xoşbəxtlik üçün çox şey lazım deyil əslində, insanın öz içində gəldiyi bir nəticə formasıdır bu. Bədbəxtlik isə adətən başqa bir şeyə, başqa bir insana çevrilmək hissi kimidir. Yazar üçün vəziyyət tamam başqadır, o başına nə gəlirsə, gəlsin, onu qəlibə salıb, onun sahibi ola bilməlidir. Kədərin də, sevincin də.

Kaspi” qəzeti

# 1870 dəfə oxunub

Müəllifin son yazıları

# # #