Qan Turalıdan tənqidçiyə şəkilli cavab

Qan Turalıdan tənqidçiyə şəkilli cavab
3 may 2013
# 13:39

“Əsəd Cahangirin “Mustafa”nı “antiədəbiyyat” adlandırmasına çox təəccüblənmədim, zira onu “U” gedişləri ədəbi mühitin havasını udmuş hamıya çoxdan bəllidir”. BunuModern.az-a Kulis.Az internet jurnalının baş redaktoru, yazıçı Qan Turalı deyib.

Qeyd edək ki, Modern.az-a müsahibəsində tənqidçi Əsəd Cahangir MKM-lə bağlı suala cavab verərkən bildirib ki, “Qan Turalının “Mustafa”sı birincilik qazansa, mən buna zərrə qədər də təəccüblənməyəcəyəm. Çünki MKM ədəbiyyat yox, antiədəbiyyat mükafatıdır. Elə bil onlarla adam bir neçə ay gərgin işləyir, seçim eləyir ki, ən zəif yazanı tapıb ona pul versinlər, get xərclə, sənə halaldır, çünki yaza bilmirsən. Bu həm də başqalarına mesaj ötürməkdir ki, baxın, pis yazsanız, siz də mükafat alacaqsınız”.

Öz növbəsində Qan Turalı bu qeydlərə cavab verərkən “Mustafa” romanının təqdimatında Əsəd Cahangirin etdiyi çıxışı xatırladıb və həmin çıxışı olduğu kimi Modern.az-a təqdim edib.

Tənqidçi Əsəd Cahangir bildirib ki, “Mustafa” romanı Qan Turalının ikinci nəsr əsəridir.

”Birincisi “Çiyələkli gecənin pornoqrafiyası” əsəri idi. Bu romanda Qan Turalı həm öz yaradıcılığında, həm də Azərbaycan ədəbiyyatında bir yeniliyə imza atıb. “Mustafa” romanında Qan Turalının daxili və ruhi, eyni zamanda dil baxımından təmizlənməsini gördüm. Bu romanı bir nəfəsə oxudum. Çox oxunaqlı kitabdır”.

Ə.Cahangir deyib ki, “Mustafa”da müəllif ilk dəfə olaraq Qərb və Şərq filosofları ilə dialoqa girir:

“Adətən inqilabi ruhda yazılmış əsərlərdə məğlubiyyət etiraf olunmur. Amma etirafın özü də həqiqəti daha yaxından görmək və onunla barışmaq deməkdir. Kitabın titul səhifəsində yazılmış ön söz belə bitir: “Mübarizə mütləq, məğlubiyyət labüddür”. Bu cümlədə həm tezis, həm anti-tezis, həm də romanın bütün ideyası var. Biz məğlub olmuşuq. İlk dəfə olaraq Azərbaycan ədəbiyyatında məhz bu romanla məğlubiyyətimiz etiraf olunur”.

Qan Turalı: “İndi mən sual edirəm? Oxucu hansı Əsədə inanmalıdır?”.

# 3196 dəfə oxunub

Müəllifin son yazıları

# # #