Çəmənzəminlinin 130 illiyi qeyd olunub

Çəmənzəminlinin 130 illiyi qeyd olunub
27 oktyabr 2017
# 17:15

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Səbail rayon MKS-nin Mərkəzi Kitabxanasında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı Yusif Vəzir Çəmənzəminlinin anadan olmasının 130 illiyi qeyd olunub.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirdə XX əsr Azərbaycan ictimai-siyasi fikir tarixinin ən parlaq nümayəndələrindən olan Yusif Vəzir Çəmənzəminlinin həyat və yaradıcılıq yoluna nəzər salınıb. Bildirilib ki, yazıçının yaradıcılığının ana xəttini Azərbaycanın istiqlaliyyəti, milli dövlət quruculuğu, millətin oyanışı və tərəqqisi, tariximizin və mədəni irsimizin düzgün tədqiqi və dərki problemləri təşkil edib. Onun qələmindən çıxmış ictimai-siyasi, tarixi məzmunlu əsərlər siyasi düşüncə tariximizin sanballı səhifələrindən sayılır.

Qeyd olunub ki, özündən sonra çox zəngin ədəbi irs qoyub getmiş Yusif Vəzir Çəmənzəminlinin əsərləri tədqiq və təbliğə layiq bir xəzinədir. Onun Azərbaycan folkloruna, ədəbiyyat tarixinə dair dərin elmi fikirləri və nəzəri tədqiqatları bu gün də böyük əhəmiyyətə malikdir.

Y.V.Çəmənzəminlinin nəvələri- Azərbaycan Dövlət Pedaqoji Universitetinin rus dili kafedrasının müdiri, dosent Leyla Vəzirova və Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı-publisist Yusif Vəzirov çıxış edərək öz xatirələrini bölüşüblər və tədbirin təşkilatçılarına təşəkkürlərini bildiriblər.

Tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllim və tələbələrinin ifasında Y.V.Çəmənzəminlinin roman və hekayələri əsasında hazırlanmış bədii qiraət təqdim olunub, musiqi nömrələri səsləndirilib, yazıçının həyat və yaradıcılığını əks etdirən videoçarx və kitab sərgisi nümayiş olunub.

# 796 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #