Bu gecə itləri güllələdilər - ŞEİR

Bu gecə itləri güllələdilər - ŞEİR
21 oktyabr 2016
# 11:08

Kulis.Az Qəşəm Nəcəfzadənin “Bu gecə itləri güllələdilər” şeirini təqdim edir.

Başçı küçədəki itlərə baxıb,

Yanında durana nə isə dedi.

Hər şeyi birinci duyan alabaş,

Bu gizli qorxunu hiss eləmədi.

Üç qorxaq balaydı, biri anaydı,

Üçü dümağ idi, biri qaraydı.

Götürdü küçəni hay- harayları,

Qaldı küçələrdə çörək payları,

Suları ağlaya - ağlaya qaldı.

Küçəni süpürən qoca qadın da

Balaca üzünü ovcuna aldı-

Bu gecə itləri güllələdilər.

Səsləri pəncərə şüşəsi kimi,

Asfalt döşəməyə səpələnirdi.

Uşaqlar yuxudan oyanırdılar,

Elə bil adamlar güllələnirdi.

Itin boğazından kəsilən çörək,

Asfaltın üstündə can verən ürək,

Allahı çağırdı, Allah baxırdı...

Allah eşidirdi, Allah bilirdi...

Çöldə taxılımız göyərməyirdi...

Itlərin səsləri göyə çıxırdı,

Ruzumuz, suyumuz yoxa çıxırdı.

Balaca ayaqlar, dümağ ayaqlar,

Sevdiyi torpaqdan qopa bilimirdi.

O yana - bu yana qaçırdı itlər,

Bir insan oğlunu tapa bilmirdi.

Bu gecə itləri güllələdilər,

Torpaq innən belə qan bitirəcək.

Ayağımız altda qalan çörəyi,

Görəsən küçədən kim götürəcək?!

# 1236 dəfə oxunub

Müəllifin son yazıları

# # #