Alov insanları əyləndirir...

Alov insanları əyləndirir...
17 mart 2014
# 12:22

Bu günlərdə Rey Bredberinin “Faranhey 451” romanı Azərbaycan dilində nəşr edilib. Kulis.Az “Başla Kitab” nəşriyyatının kitab barədə resenziyasını təqdim edir

Rey Duqlas Bredberi (Ray Douglas Bradbury - 22 Avqust, 1920 - 5 İyun, 2012) - fantastika və qorxu tərzlərində yazan amerikalı yazardır. Onun ən yaxşı distopiya romanı “Faranheytlə 451 dərəcə”dir (1953) və elmi-fantastik və qorxu janrında yazdığı “Mars xronikaları” (1950) və “Şəkilli kitabdakı adam” (1951) romanları vardır. Bredberi 20-ci əsrin ən məşhur amerikalı yazarlarındandır.

“Faranhey 451”

Bu, onun ən yaxşı romanlarından hesab edilir. Bu roman gələcək Amerika cəmiyyəti haqqındadır. Orada kitablar qadağan edilmişdir və tapıldıqları yerdə yandırılır. Romanın adı vərəqin öz-özünə alışdığı temperatura işarədir. Bredberi bir radio müsahibəsində söyləyir ki, bu kitabı Birləşmiş Ştatlarda olan senzura və kitabların yandırılmasına etiraz olaraq yazmağa başlayıb. Daha sonra isə o, kitabı ümumi müddəalar üzrə yazmağa davam etmişdir. Bu roman bir çox mükafatlara layiq görülmüşdür. 1954-cü ildə bu kitab “American Academy of Arts, Letters Award in Literature və The Commonwealth Club of California Gold Medal” mükafatları ilə təltif olunmuşdur. Roman 1976-cı ildəki audio-kitab versiyasına görə “Grammy” nominasiyasına layiq görülmüşdü. Bu roman müxtəlif proyektlərdə istifadə olunmuşdur. Fransua Trüfo 1976-cı ildə romanın əsasında ssenari yazmış və filmə uyğunlaşdırmışdır. Bu daha sonra BBC radiosu tərəfindən səsləndirilmişdir. Bredberi daha sonra bu romanın səhnə versiyasını yazmış və kompüter oyununun yaradılmasına kömək etmişdir.

Müəllifin ölümündən 2 il öncə, 2010-cu ildə Bredberinin dostları tərəfindən onun seçilmiş əsərləri "Pleasure to Burn" başlığı altında dərc edilmişdir. Bredberinin kitablarla olan macərası gənc yaşlarından başlamışdır. 1920-1930-cu illərdə getdiyi yerli kitabxanalarda kitabların azlığı, xüsusilə H.G.Uellsin fantastika janrında olan kitablarının olmaması onu narahat edirdi. Buna səbəb o idi ki, o dövrdə ədəbiyyata ciddi fikir vermirdilər. Xüsusilə də İsgəndəriyyə kitabxanasının məhv edilməsini öyrənəndə gənc Bredberidə belə təəssürat yaranmışdı ki, o dövrlərdə kitablara ciddi senzura qoyulur və onlar məhv edilir. Daha sonra nasistlərin kitab yandırmalarını, Stalin tərəfindən yazarların sürgün edilməsini eşidən Bredberi dəhşətə gəlir.

"Faranhey 451" Azərbaycan dilində

"Faranhey 451" Rey Bredberinin dilimizə tərcümə edilən ilk kitabıdır. Ülviyyə Mütəllimovanın tərcümə etdiyi roman “Başla Kitab” tərəfindən nəşr edilib. Əsərdə müharibə vəziyyətində olan, homogen və futuristik bir Amerika təsvir olunur. Orada kitablar illeqaldır, intellektuallığa xor baxılır, bütün cəmiyyət quru həzz içində və bir-birlərindən təcrid olunmuş vəziyyətdə yaşayır.

Qay Monteq - baş qəhrəman, peşəsinə qarşı çox məsuliyyətli bir yanğın törədəndir. Onun vəzifəsi kitabları yandırmaqdır, çünki kitab asayişi pozur və təxribat xarakterlidir.

Monteq çoxlu suallar verən bir qızla tanış olandan sonra öz əməllərini sorğulamağa başlayır və hətta yandırdığı bir evdən gizlincə kitab götürür. O, getdikcə öz həyatının səfalətlə dolu olduğunu başa düşüb konformist üsulla idarə edilən cəmiyyətə qarşı hərəkətə keçməyə qərar verir. Sabiq bir ingilis dili müəllimi sayəsində öyrənir ki, kitablar insanın özünü sorğulamasına və sərbəst düşünməsinə imkan yaradır.

Alov kontrabandanı dağıtmaqla yanaşı, həmçinin, insanları əyləndirir və onlara zövq verir. Monteq qeyd edir ki, gecələr hər şey daha gözəl görünür və demək olar ki, hər şey gecələr yanır. Nəticədə, Monteq alovu təkcə dağıtma və ya əyləncə vasitəsi kimi yox, eyni zamanda yaşatmaq üçün bir vasitə olaraq görür.

Bredberi bildirir ki, cəmiyyət onu narahat edən həqiqətlərə və vəziyyətə biganə qaldığı üçün öz-özünü senzuraya məruz qoyur. O deyir ki, kitab oxumaq insanları faydalı bir şəkildə özünü sorğulamağa təşviq edir, yalançı təriflər isə onları yalnız kor-koranə, səthi xoşbəxtliyə aparır.

# 1375 dəfə oxunub

Müəllifin son yazıları

# # #