Qadınlar nədən xəyanət edir?

Qadınlar nədən xəyanət edir?
17 dekabr 2014
# 12:20

Kişi-qadın bərabərliyinin ailə tərbiyəsindəki izləri

Təbii ki, insan bir sosial varlıqdır. Onun əqli, emosional və ruhani inkişafı sosiallaşma prosesi daxilində baş verir. Bu elə bir geniş və mürəkkəb prosesdir ki, şəxsiyyətin bütün həyatı boyu verdiyi qərarlara öz təsirini göstərir. Uşaq yaşca nə qədər balacadırsa, onun problemləri onundur, böyüdükcə onun problemləri valideynlərin olur, yəni valideynlər və digər ailə üzvləri uşağa “problem yaradırlar.”

Uşaq çox erkən, bəlkə 5-6 yaşına qədər özünü oxşatma, ya nümunə götürmə ilə özünü formalaşdırdığından onun ətrafındakı insanların davranışı fövqəladə əhəmiyyət daşıyır. Bu mənada sosiallaşmanın müxtəlif mərhələlərində adaptasiya prosesinin uğurlu olması həmin fərdin o bənzətmə və ya nümunə götürmə prosesini, psixoloji cəhətdən şəxsiyyətin strukturunun formalaşmasını necə keçməsindən asılıdır. Bu deyilənlərin kontekstində ailədə qadına münasibət də oğlan uşaqlarının münasibətlərini formalaşdırır, qızlar isə onlara göstərilən münasibəti “normal” qəbul edirlər. Çünki onlar “belə görüblər.”

Qadın və kişilərin bərabərliyi onların funksional fərqlərini danmır, əksinə, onların evdə və cəmiyyətdəki bir-birlərinin tamamlayıcı rollarını təsdiq edir. Bu mövzuda danışarkən, biz ilk öncə ailə daxilində qız və oğlanlara olan münasibətlərdən başlamalıyıq. Çünki bu cür bərabərlik danılanda dünya əhalisinin və yaxud da ölkə əhalisinin təxminən yarısına qarşı ədalətsizlik edilir. Bu, kişilərdə zərərli münasibət və vərdişlərin inkişafına səbəb olur. Bu münasibətlər isə ailədən iş yerinə, siyasi sferaya və son nəticədə beynəlxalq müstəviyə daşınır.

Ailə modeli daha çox patriarxal olduqda, bu bərabərlik çətin olur. Belə gözəl bir deyim var ki, “qadın və kişi quşun iki qanadıdırlar, əgər bir qanad zəif olarsa, quş uça bilməz.” Doğrudan da, bir insanın öz potensialını açması üçün, obrazlı desək, həyat quşunun ən yüksək zirvələri fəth edə bilməsi üçün onun hər iki qanadı güclü olmalıdır. Bərabərliyin əleyhdarları belə bir fikir irəli sürə bilərlər ki, bu bərabərlik ailədaxili münaqişələrə gətirib çıxara bilər, sonda isə sosial qeyri-stabillik yaradar. Feminizmi buna misal gətirə bilərlər. Dərhal deyək ki, söhbət ifratlardan getmir, feminizmin özü bu münasibətlərdə bir ifratçılıqdır ki, o da çıxış yolu deyil, amma anlamaq lazımdır ki, bu da qadınlara edilən tarixi zülmün nəticəsidir.

Ya da deyərlər ki, bu bərabərlik ailənin təbii “quruluşuna” ziddir, bu qadınların asanlıqla ailəni dağıtmaqlarına səbəb olacaq, hələ tutarlı bir spekulyasiya “dəlili” də gətirəcəklər ki, belə halda uşaqlar hansı mühitdə böyüyəcəklər. Mən bu fikri dəfələrlə bizim ziyalılarımızdan eşitmişəm.

Bu insanlar sadə bir həqiqəti anlamaq istəmirlər ki, qadın özünün bütün təfəkkürü, psixologiyası, intellektual qabiliyyəti, emosional gücü ilə istənilən sosial problemin öhdəsindən gələ bilər. Bu güclərə malik bir varlığa öz potensialını açmaqda necə mane olmaq olar? Daha dərindən düşünəndə, sosial problemlərin, psixiki pozğunluqların və xəstəliklərin, xəyanət və cinayətlərin kökündə, müəyyən dərəcədə, onlara bu haqqın verilməməsi durur. Zatən, kişilər indinin özündə belə bunu nə qədər etiraf etməsələr də, “hakimiyyətlərinin”” zahirdə də əldən getdiyini anlayırlar. Qadınlar isə bəzən müxtəlif səbəblərdən - bu adi insan ətaləti, laqeydliyi, şüursuzluğu və ya qadın mənfəətpərəstliyi (merkantilliyi) də ola bilər - bu vəziyyəti qəbul edir və barışırlar. Qısası ikiüzlülük edirlər.

Yenə qayıdaq ailədə qızlara və oğlanlara olan münasibətə. Bizim ailələrimizdə sanki oğlanlar qızlarla ayrı-ayrı adalarda yaşayırlar. Qardaşlar bacılarının mənəvi, intellektual araşdırmalarına, istək və arzularına, dünyaya baxışlarına nə qədər bələddirlər? Kiçik yaşlarında onlar bir yerdə oynayırlar. Ancaq böyüdükcə onlar bir-birlərindən getdikcə ayrılırlar. Bu mənada onların arasında keçilməz bir divar var. Valideynlərin tərbiyə verməkdə güclərinin çatmamasından və öz qabiliyyətsizlikləri qarşısındakı qorxudan onları sanki “ayırırlar.” Yenə də əmr və hökmlər, qadağalar işə düşür, hökmranlıq və aqressiv münasibət qorunub saxlanır, anlatmaq və anlamaq isə yada düşmür.

Amma hər yaş dövrünə aid biliklə silahlanmış valideyn, özü də yaxşı tərbiyə almış valideyn üçün bu bir təhdid deyil. Oğlan və qızları, daha doğrusu qardaş və bacıları ailə daxilində bir-birləri ilə emosional və qohumluq hisslərindən başqa az hallarda sosial məsələlər birləşdirir. Bu açıqca görünür ki, oğlanların və kişilərin inkişafı qızların və qadınların inkişafına bağlıdır. Sadəcə “başımızı ətəyimizə salıb, adət-ənənələrin süzülmüş yorğanına bürünərək” yaşayırıq, fəsadlar isə günü-gündən çoxalır.

Qoy o patriarxal ailə modelinin mübarizləri deməsinlər ki, onlar qızlarının təhsil alması üçün əllərindən gələni edirlər. Bir az dürüst olaq! Bunun motivi nədir? Kiçik bir kəsimin yaxşı təhsil alması qurtuluş deyil. Onlar da sadəcə təhsil alır, yalnız təhsil, peşə öyrənirlər, amma ümumi dünyagörüşü, sosial münasibətlər, təlim-tərbiyə məsələləri bu yanaşmada yoxdur ya da az yer alır. Bir də dediyim kimi, bunun bir tərəfində həm də bir rəqabət var. Bu isə insanın humanist yaxud insani təbiəti ilə ziddiyyət təşkil edir. Çünki humanistlik əgər başqasının potensialını açmasına kömək etmirsə, yaxud ləyaqətini alçaldırsa, bu da humanistlik deyil, hərçənd indi humanistliyin başqa anlamı qalmayıb.

Təəssüf ki, sonradan qazanılan bilik və dünyagörüşü bu münasibəti nə qədər yaxşılaşdırmağa çalışsa da, (əgər, ümumiyyətlə, bunu edirsə!) müəyyən çərçivələri aşa bilmir. Aşmağa çalışsalar da, qaçılmaz olaraq konfliktlərlə üzləşirlər. Konflikt isə son nəticədə sosial fəsad, psixoloji pozğunluq, müxtəlif xəstəliklər və keyfiyyətsiz bir həyat deməkdir. Bu halda bu konfliktləri və fəsadları aradan qaldırmaqda mütəxəssis olaraq ən çox psixoloqlar insanın “bio-psixo-sosio-mənəvi” yapısına əsaslanan metodlarla yardıma gəlməlidirlər. Təəssüf ki, müasir təlim-tərbiyə sistemi və onun fəlsəfəsi və metodları insanlarda nəinki bu konfliktləri həll etmək qabiliyyəti yetişdirmir, əksinə, bu konflikt və təzadları daha da dərinləşdirir. Bunun sadə bir misalı rəqabətin bütün müstəvilərdə daim təbliğ olunmasıdır. Məsələyə təməlli yanaşma hətta ümumi qəbul edilmiş bir çox prinsip və yanaşmaları da sual altına qoyur.

Geniş spektrli sosial münasibətlərə toxunmadan ancaq kişi və qadın münasibətlərini götürsək, bu, qadınların bir insan olaraq ikincilik kimliklərinə görə fərqlərinin təbii qəbul edilməli olmasında bizə kömək edər. Təbii ki, kişi və qadının birinci kimlikləri onların insan olmasıdır, onların ruh nöqteyi-nəzərindən heç bir fərqləri yoxdur. Bu onların əsas kimliyidir. Lakin ikincilik kimliyi qadının və ya kişinin fizioloji yapısından və daşıdıqları funksiyalardan qaynaqlanır ki, bu da onların psixoloji strukturundakı proseslərdə fərqli xüsusiyyətləri meydana çıxarır.

Məsələnin daha da dərinliyinə varmadan, qadın və kişi arasında müasir epoxanın ruhuna uyğun münasibətlərin necə inkişaf etməli olması və burada hansı konsepsiyaların əsas götürülməsi məsələsinə növbəti yazılarda nəzər salacağıq.

Epoxanın ruhu nədir? Nə qədər qəribə görünsə də və ilk baxışda qəbullanmaq nə qədər zor olsa da, bu, birmənalı olaraq, qadın və kişini sosial cəhətdən bütün mənalarda bərabər tutan bir baxışdır. Təbii ki, bu bərabərlik “şüurlu heyvan” kontekstində deyil, “yaradılmışların ən şərəflisi” kontekstində başa düşülür. Elə yerindəcə deyək ki, bir çox populyar psixoloji məktəblər fraqmentar baxışlarına görə yanaşma və metodlarında bu cəhəti, onun dinamikasını və sosial münasibətlərə təsirini təməlli olaraq görmürlər. Ev mühiti, ən azından Azərbaycan ailəsində, qadın və uşaqların istismarı ilə xarakterizə olunur. Burada hətta qadınlara edilən zülm də söhbət mövzusudur və bu zülm özünü kobud formalardan tutmuş ən incə formalara qədər təzahür etdirir.

Gerçəkliyin və ya hadisə və faktların konstatasiyasına arxalansaq, qlobal səviyyədə epoxanın ruhunun tam bir dezinteqrasiya prosesi olduğunu görə bilərik: “dini dözümsüzlüyün, irqi düşmənçiliyin və patriotik xudbinliyin dəfələrlə artması; məncilliyin, şübhənin, qorxu və yalanın artan əlamətləri; terrorizmin, qanunsuzluğun, sərxoşluğun və cinayətin artması, dünyəvi şöhrət, var-dövlət və ləzzət üçün sönmək bilməyən tamah və onların arxasınca qaçmaq; ailə bağlarının zəifləməsi; valideyn nəzarətinin azalması; ifrat zənginlikdən qudurğanlıq; nikaha qarşı məsuliyyətsiz münasibət və nəticə olaraq boşanmaların çoxalması; incəsənət və musiqinin tənəzzülü, ədəbiyyatın bayağılaşması, mətbuatın simasızlığı; nikahdankənar birgə yaşayışı müdafiə edən, nudizm və təhrif olunmuş seksual münasibət fəlsəfəsini təbliğ edən, təvazökarlığı əqli uydurma adlandıran, nikahın əsas məqsədinin uşaq dünyaya gətirmək və şəxsiyyətin inkişafı üçün normal şərait yaratmaq olmasını inkar edən baxışların təsirlərinin və fəaliyyətlərinin artması və s.

Lakin əslində bu dezinteqrasiya prosesi son nəticədə birləşdirici prosesləri doğurmalıdır və bu baxış yenə də epoxanın ruhunu təşkil edir. Ailə institutunun möhkəmləndirilməsi bu birləşdirici proseslərin təməlində dayanır. Çünki sosiallaşmanın dayaq nöqtəsi buradır. Fərd ailədən ayrıldıqdan da sonra sosiallaşma dayağını yenə də ailədə axtarır və bunda haqlıdır. Ailənin möhkəmləndirilməsi isə qadınların layiq olduqları yeri tutmaları üçün şərait yaradılmayınca mümkün deyil, çünki bir ədalət məsələsidir, ədalət olmayınca isə ailədə heç bir birlikdən söhbət gedə bilməz. Birlik olmayınca da digər yüksək məqsədlər naminə qoyulan səylər Sizif əməyindən başqa bir şey olmur.

Birlik və ədalətlə yanaşı, epoxanın ruhunu xarakterizə edən digər konsepsiyalar qarşılıqlılıq, şəxsi inkişafın cəmiyyətə xidmətdən kənarda mümkün olmaması kimi anlayışlardır ki, biz onları daha geniş bir müstəvidə gələcək yazılarda təsvir etməyə çalışacağıq.

Lakin hələlik kişi və qadın münasibətlərinin təməlində Spinozanın sağ qalma konsepsiyasının və Freydin libidosunun fövqünə qalxmaq səylərinin olmasını etiraf etməyincə, bu sahədə əsaslı bir dönüş gözləmək çətindir deyərkən biz son yüz ildə qəhrəman ruhlu maarifçilərin əməyi nəticəsində insanın şüur səviyyəsinin yüksəldilməsində əldə edilmiş uğurları da danmırıq.

Hər bir halda, bütün sosial məsələlərdə olduğu kimi, qadın və kişi bərabərliyi və onların arasındakı sosial, seksual, mənəvi və digər münasibətlərin qiymətləndirilməsi və təhlil edilməsi insanlığın indi keçməkdə olduğu proseslərdən kənarda mümkün deyil. Çünki qlobal proseslərin ən incə sosial münasibətlərə sirayət etməsi danılmaz faktdır. Bugünkü sosial münasibətləri tarixdəki heç bir epoxa və ya dövrlə müqayisə etmək mümkün deyil. Bəşərin tarixində misilsiz bir epoxa başlamışdır. Lakin bizim özümüzün özümüzü qiymətləndirməyimiz o qədər aşağı düşüb ki, hələ sağ qalmaq, qalib gəlmək kimi cəngəllik prinsiplərindən çıxış etməyə məcburuq və bu epoxanın ruhunu duya bilmirik.

Ramazan Əsgərli

Psixoterapevt

# 2151 dəfə oxunub

Müəllifin son yazıları

# # #