Allahsız dindarlara qarşı

Allahsız dindarlara qarşı
22 aprel 2015
# 12:22

Kulis Vahid Qazinin “Aşılası aşılmazlar” yazısını təqdim edir.

Ağalar Məmmədovun “Aşma” kitabı haqda bir neçə kəlmə

Fikir adamlarını tanımaq, duymaq üçün görüşməyə, yaxınlıq, dostluq eləməyə, sən deyən, elə də ehtiyac yoxdu. Hərçənd beləsiylə dost olmağı demirəm heç, bir zamanda yaşamağın özü böyük şansdı.

Eləcə uzaqdan-uzağa da tanıya bilirsən, görmədən, eşitmədən. Səni onun özüylə dostluqdan çox fikirləriylə tanışlıq maraqlandırır. Bu minvalla lap tarixin o üzündəki, məsələn, Platonla, Nitşeylə, canım sənə desin, Buddanın özüylə də dost ola bilərsən. Nə olsun, bu “dostluq” birtərəflidir?!

Filosof Ağalar Məmmədovu isə görmüşəm, səhv etmirəmsə, cəmi bir dəfə görüşmüşük, “Toplum” jurnalı üçün xahiş elədiyim yazını gətirmişdi. Bakının indi qeybə çəkilən çayxanalarının birində oturub söhbət eləmişdik. Söhbəti də yazıları kimi cəzbediciydi. Yazılarında göründüyü kimiydi.

Məqalələrindən bir kitab bağladığını eşidəndə yazıb mənə də bir nüsxə göndərməsini xahiş elədim. “Aşma” mənim Ağalar Məmmədovun fikirləriylə ilk hərtərəfli tanışlığım oldu. Kitabı oxudum və yəqin elədim ki, bu, bir dəfəyə oxuyub rəfə qoyulası kitablardan deyil. Həmin gün feysbukda belə bir status paylaşdım: “Müasir fəlsəfi fikrimizin öncülü Ağalar Məmmədovun “Aşma”sı Ramiz Rövşənin “Nəfəs”i kimidir. Stol üstündə, ələyaxın saxlanası kitabdır. Günün istənilən saatında, ovqatın hər halında oxunası kitabdır. Oxuduqca səni özünə indiyəcən görmədiyin bucaqdan göstərən kitabdır. Səni sənə tanıdan kitabdır. Son illərdə aldığım ən dəyərli hədiyyələrdən biridir. Göndərən də, çatdıran da sağ olsun!”

***

Kitabda müəllifin müxtəlif mövzuları əhatə edən yazıları cəmlənib. O, fəlsəfə, mədəniyyət, milli xarakter, dil, din, əxlaq, adət-ənənə, azadlıq, insan haqqı, cəmiyyət, dövlət, siyasət və daha neçə-neçə sözün arxa qapılarını öz açarıyla açır. Onlara çoxunun görmədiyi bucaqdan işıq tutur. Bu esse, hekayə, məqalə və müsahibələr bir şəklin puzzle parçaları deyil, hər birinin öz mənzərəsi var. Bununla belə, həm də bütöv mozaikanın müxtəlif naxışlarıdı. Bu hissələri toplayanda – puzzle hazır olanda – qarşında bir filosofun “zaman” və “insan” rənglərindən çəkdiyi tablonu görürsən.

Ağalar Məmmədovun fərqliliyi ondadır ki, o, sovet fəlsəfi məktəbinin ideolojisinə yoluxmayıb. Bu onun düşüncə və analiz tərzindən görünür. Düşüncələri ideologiyasızdır, azaddır, komplekssizdir.

İstər sovet dönəmində, istərsə də sonra Axundov, Zərdabi kimi fikir adamlarımız haqda nə qədər monoqrafiyalar, publisistik məqalələr yazılıb. Amma “Aşma”da onlara fərqli baxış görürük. A.Məmmədov Axundov və Zərdabiyə Qərb rasionallığının Azərbaycan kültürünə daxil edilməsinin cığıraçanları kimi baxır. Bu missiyanı “Azərbaycanı ərəb-fars islami kultura məkanından çıxarmaq layihəsi” adlandırır. Özünü bu missiyanın davamçısı sayan Ağalar bəy, öz “genişləndirilmiş Axundov layihəsini” təklif edir.

Ağalar Məmmədov oxucusunu qəliz suallarla baş-başa qoyub getmir, onu idrak söhbətinə çəkir: mətnlərini sual-düşüncə-cavab trayektoriyası üzrə qurur.

Kitabda oturuşmuş adət, əsrlərlə formalaşan ənənə, milli kod və hətta məşhur insan tipləri haqda diaqnostik arayışlar var. İlkin maarifçilərimizdən üzü bəri bu günün tənqidçi-maarifçi yazarlarına qədər milli xarakterimiz haqda xeyli belə rəylər oxumuşuq. Ağalar Məmmədovu hamıdan fərqləndirən onun problemin daha dərin qatlarına baxmağa cəhd eləməsidir. Tibb diliylə desək, o, xalqın mental özəlliklərinə Qərbin və Uzaq Şərqin müasir texnoloji aparatları (əxlaq fəlsəfəsi) ilə baxır, analiz edir, rəy yazır.

İnsanı daim daxili gərginlikdə saxlayan bu günün qaçhaqaçlı, qovhaqovlu ölüm-dirim marafonundan çıxarıb, kütləvi psixoz duruma, anomaliyaya kənardan baxmaq şansı verməsi filosofun insana nəfəs dərmək, sakitləşmək üçün təklif etdiyi məqamdı: “Mən birinci ikinciyəm. İkinciliyi seçməklə mən mübarizəsizliyimi elan edirəm. Mən öz qələbəmi belə qazanıram, özümü əsas yerə rəqib saymadan. Məndən birinci olmaq istəyənə, birinci elə mən özüm qalxıb istədiyi yeri ona verirəm.”

“Aşma” suallarla doludur, məsələn, “Aydınlığın səbəbi günəşdir, bəs Qaranlığınkı nədir?” sualı kimi. Amma müəllif sual verib qaçmır, oxucunu fikir xaosunda tək qoymur. Sualın cavabını da verir: “Qaranlığın günəş kimi bir səbəbkarı olmadığı üçün, aydınlıq qalıcı, Qaranlıq ötəri hal sayılıb. Əslində isə günəş dünyanı işıqlandırır, dünya özü Qaranlıqdır”.

Uzun zamandı davam edən “sivilizasiyaların toqquşması” mübahisə-müzakirəsinə onun baxışı da maraqlıdır. Sentimental Şərq və intellektual Qərb bölgüsü düşündürücüdür: “Şərq əxlaqda Allahı, azadlıqda iblis nəfsini gördüyü halda, Qərb birincidə zərurəti, ikincidə insan idrakını görüb. Şərq inanmağı və inandırmağı xoşlayır, Qərb anlamağı və əsaslandırmağı”.

Ağalar Məmmədovu dini aspektdən qınayanları bəlkə də anlamaq olar. Amma belə səmimi möminlərə onu deyim ki, mən “Aşma”da “dinsiz” Ağalar Məmmədov görsəm də “allahsız” Ağalar Məmmədov görmədim. Allahsız dindarları isə başa düşmək həqiqətən çətindir.

Niyə müsəlman ölkələrində aclıq, səfalət, müharibə, ədalətsizlik hökm sürür? Bunun qaynağı nədir? Kitabda belə bir çətin və ağır suala cavab tapmağa cəsarətli və fikrimcə uğurlu cəhdlər var.

Müasir Azərbaycan fəlsəfi fikrinin ən öndəgedər nümayəndələrindən biri, bəlkə də birincisi (ictimai şüura təsirini nəzərə alaraq bu qənaətə gəlirəm) olan Ağalar Məmmədovun boynuna düşən yük daha ağırdı. “Rus Əhməd” maarifçiliyinin hələ də bitmədiyi, əksinə, yenidən ciddi ehtiyaca çevrildiyi bir zamanda onun kimi “tək”lərin görəcəyi iş QHT birlikləri, partiya koalisiyalarının görəcəyi işdən daha zəruri, taleyüklü və təsirlidir. Bu yol nə qədər “düzxətli” yox, “dolayı” olub uzansa da gedilməlidir.

Filosofların taleyi belədi – sağlığında kütlə onları tanımaz, tanıyan sosial-siyasi institutlarsa sevməzlər. Şərq mentallı bizlər isə bizimlə olmayanacan nəinki sevmərik, hətta daş-qalaq edərik. Ağalar Məmmədovu iqtidar da, müxalifət də elə “bizimlə deyil”ə görə sevmir. Çünki o, onların görünməyən yerlərini görür və göstərir, ayıbını göstərirmiş kimi. Onun hələ beş il əvvəl müxalifətə yönəlik çağırışlarını oxuyuram və belə başa düşürəm ki, o çağırışlar havadadı, hələ də gedib ünvanına çatmayıb.

Ağalar Məmmədov Bakının ən böyük universitet auditoriyalarında tələbələrdən gələcəyin zəka sahiblərini yetişdirə bilərdi. Hər xalqın ən dəyərli neməti onun zəkalı adamları deyilmi?

Nisşenin üstinsan təlimiylə deyəsi olsaq, o, ölkənin üç-beş üstmüəllimindən biriydi. Müəllimini ölkədən qovan cəmiyyət cəhalət dumanına məhkumdur!

Kitabda sonuncu dərsini dinmədən, susaraq deyən Buddadan nümunə gətirilir: “Ən sonuncu həqiqəti dillə demək olmur”. Düşünürəm ki, Ağalar Məmmədovun öz həqiqətini “susma”sına hələ xeyli zamanı var. Bu gün o, köşə yazısı, qəzet məqaləsi üçün yaşının nə qədər “qoca” vaxtındadırsa, böyük fəlsəfi traktatlar yazmaq üçün də yaşının o qədər oğlan çağındadır.

Axundovdan başlayan Azərbaycan fəlsəfi fikrini davam etdirmək və ötürmək – aşılmaz görünən aşılasılarımızın çoxluğuna, ona olanlara və olacaqlara rəğmən – Ağalar Məmmədovun missiyasıdır! “Aşma”dan anladım ki, o, bunu bilir!

Aprel 2015, İsveç

# 1777 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #