Şir ata

Şir ata
3 dekabr 2013
# 13:25

Kulis.Az Sevinc Elsevərin “Şir ata” hekayəsini təqdim edir.

Atamın ehtiyatlı, həyata dörd əllə sarılan, hətta qorxaq bir adam olduğunu bilirdim. Amma ayıq olanda, içməyəndə belə idi. İçdimi, üzünü görmə. Dönüb olurdu Qoç Koroğlu, bir oturuma yeddi qoyun, yeddi qazan aş yeyirdi və bununla öyünürdü. Qabağına münasib adam çıxanla qol güləşdirirdi. Qolunu da hələm-hələm yerə vuran tapılmırdı. Uşaq vaxtı inanırdım ki, atam o adamların hamısının - qonşularımızın, dayılarımın, əmilərimin qolunu doğrudan yıxır... Böyüdükcə anladım ki, həqiqətən yıxdığı da varmış, yalandan yıxdığı da. Sadəcə qorxularından atama baş qoşmurlarmış.

Allahdan daş qaldırmaqdan atamın əzələləri çıxmışdı, hətta qollu köynək geyinəndə əzələləri adamın gözünə girirdi. Əllərinin içində fındıq boyda qabarlar vardı. Sağ əlinin içində qabarların sayı sol əlindəkindən çox idi. Bilmirəm üç idi, yoxsa dörd… Atamın əllərindəki qabarlarla oynamağı sevirdim. Sürüşkən, yumru idilər. Sağ əlinin dörd barmağına əsgərlikdə təvəllüdünü döydürmüşdü: 1960. Baş barmağının üstünə iri hərflərlə yazdırdığı yaşıl rəngli “ANA” sözü uzaqdan baxanda yarpaq şəklinə oxşayırdı. Sağ ayağının pəncəsinin üstündəki “Yuyan əllər sağ olsun” sözləri də gözümün qabağındadı…

Qapqara, şəvə kimi bığlarıyla adamda vahimə yaradırdı. Bir qız atası olaraq mənim üçün narahat olduğunu göstərməkdən xoşu gəlirdi, ən çox da içkili olanda... Dizinin üstünə oturdub öyüd verirdi: - Qızım bax, məktəbdə hansı oğlan sənə yaxınlaşıb bir söz desə, “köpəyoğlu”- de, qov getsin... Dağ kimi durmuşam arxanda, - sinəsinə vururdu, - “anan kimi maymaq olma. Anan inandı ki, coğrafiya müəllimiyəm, qoşuldu mənə, qaçdı…”

Atam peşə məktəbində traktor sürməyi öyrədirmiş. Anam işə gedib-gələndə qabağını kəsər, dil tökər, inandırmağa çalışarmış. Anam atamın üzünə də baxmazmış. Ta atam guya coğrafiya müəllimi işlədiyini ağzından qaçıranadək… Hər dəfə evimizdə bu söhbət düşəndə anamın yarasının közü qopar: “Yalançı, sənə qoşulub getdiyim gün başıma daş yağaydı!” - deyə qarğış tökərdi.

Mən böyüdüm, günlərin bir günü coğrafiya müəlliminə qoşulub qaçdım. Çətin dolanırdıq. Coğrafiya müəllimləri daha nə Sovet dövründəki kimi hörmət sahibi idilər, nə də cürbəcür səyahətlərə çıxır, arvadlarını tələbələrə qoşub özləriylə aparırdılar. Ərim müəllimliyi atıb sürücülük eləməyə başladı.

Sinifdəki bütün oğlanlara “köpəyoğlu” demişdim. Ona görə də oğlan yoldaşlarımın hamısının məndən zəhləsi gedirdi. Bir dəfə tənəffüsdə bizimlə paralel oxuyan gombul Həsəni qəsdən mənə sarı itələdilər. Gombul Həsən mənə elə dəydi ki, divara yapışdım. Onu itələyənlərdən yox, Gombul Həsənin özündən çıxdım acığımı... Gombul Həsən də bilirdi ki, mən söyüşcüləm. Əslində onu mənim üstümə buna görə itələmişdilər, əclaf uşaqları! Bilmirəm məni qana salmaq, ya Gombul Həsəni incitmək üçün bu oyunu qurmuşdular? Pişik kimi qıyya çəkdim, gözlərimdən qığılcım çıxdı. Gombul Həsən kəkələyə-kəkələyə əlləriylə, ağız-burnuyla başa salmağa çalışdı, gözləriylə yalvardı ki, amandı, atama söymə! Ha illah elədimsə, əyləcim tutmadı, bu məlum "köpəyoğlu" sözü çıxdı ağzımdan... Bəh-bəh! Gombul Həsən bir konsert çıxartdı ki... Elə ağladı, səsi məktəbi başına götürdü. Sən demə, Gombul Həsənin atası rəhmətə gedibmiş. Atasını belə söydürdüyünə görə uşağın ürəyi az qala partlayacaqdı.

İclas yığıldı, hər iki sinfin sinif rəhbərlərinin, şagirdlərinin gözü qabağında Gombul Həsəndən üzr istədim. Gombul Həsən handan-hana səsini kəsdi. Valideynlərimi məktəbə çağırdılar. Dalında dağ kimi durmuşam deyən atam bu dəfə "Əşi, atası gəlsəydi gedib söhbət eləyərdim, kişi ölüb, indi arvadla nə danışacam" deyərək məktəbə anamı göndərdi. "Sənə güvəndiyim dağlar..." deyibən içimdəki inamın qırıldığını hiss etdim...

Sonralar rus dilindən az-çox bilən atamın yad dildə baxıb başa düşmədiyim filmləri yalandan tərcümə elədiyini biləndə təəccüblənməyəcəkdim. Yanında oturub “O qız nə dedi?”, “Oğlan nə dedi?” soruşardım… Atam sən demə özündən uydurub mənə danışırmış. Demirmiş ki, bu oğlan bu qıza eşq elan eləyir. Məsələn, on iki yaşımadək mən elə bilirdim ki, Bobbi Racın əmisi qızıdı. Ataları onları çimməyə qoymur, oğlan da qızı pəncərədən oğurlayıb çimməyə aparır. Özbaşına çimməyə getdiklərinə görə az qalsın çayda batıb boğulacaqdılar. Yaxşı ki, ataları dadlarına tez çatır, onları xilas edirlər. Atalar da uşaqları çayda çimməyə qoymadıqlarına görə çox peşmandırlar. Bundan sonra onlara çimməyə icazə verəcəklər.

Atası olmayan uşaqlara məktəbdə xüsusi qayğı, diqqət göstərirdilər. Sonra yuxarı siniflərə keçdikcə hərdən bu uşaqlara nankorcasına paxıllığım da tuturdu. Nə də olmasa, müəllimlərin özlərini yalandan ürəyiyanan kimi göstərmək xasiyyəti vardı.

Atamla anam bu zəhrimara qalmış içkinin üstündə tez-tez dalaşardılar, anam deyinərdi: "Balalarımın atası yoxdu da, elə bilirəm ölüb!" Mən uşaqca düşünərdim ki, haqsızlığa bax, sən Allah, kiminsə ölü atası ona mənim diri atamdan daha çox arxa olur. Düz də fikirləşərdim, əslində. Məsələn, G adlı oğlanın atası ölmüşdü, amma G-ya nəinki atası öldüyünə, üstəlik sağlığında icra hakimiyyətində işlədiyinə görə hörmət edirdilər. Vəzifəli adamın uşağı olmaq belə şeydi... Atan öləndə də işinə yarayır, adı üstündə olur.

Heç yadımdan çıxmır. Bir dəfə sinif rəhbərimiz bilmirəm hansı məqsədləsə valideynlərimizin iş yerini bir-bir əlindəki ağ vərəqə qeyd eləyirdi. Biri qalxıb dedi, atam müəllimdi, o biri dedi, həkimdi. Mənim atam uzun zaman işsiz idi. Ayda, ildə bir dəfə kimsə onu ev tikməyə, hasar hörməyə çağırırdı. Camaat rayondakı evlərini qapı-qapı, pəncərə-pəncərə satırdı... İlin-günün bu vaxtı rayonda ev tikdirən kim idi. Şayiələr gəzirdi ki, bəlkə erməni buralaracan gəlib çıxdı. Ev tikdirən adamlar da analarının başını aldatmaq üçün Rusiyadan pul göndərən cavanlar idi. Rus qızını alıb iki-üç uşağa sahib olduqlarını qoca analarına bilmirdilər necə başa salsınlar, "evlən, evlən" - sözünü eşitməkdən bezirdilər...

Analarının gözünün qabağında ətək-ətək pul töküb əməlli-başlı qalaça yapdırırdılar. Guya nə vaxtsa qayıdıb o evə gəlin gətirəcəkdilər. Analar o bomboş evə hər baxdığında gəlininin, nəvələrinin xəyalıyla təsəlli tapırdı. Rusiya pullarıyla tikilən o evlər bu qocaları oğullarının qayıdacağına inandırırdı. "Bəs o boyda evi niyə tikdirmişəm, o xaraba rayonda, bir gün qayıdacam" - deyə analarını, qohum-əqrəbalarını sakitləşdirirdilər. Sözün birini qoyub o birinə keçim. Müəllim zalımın qızı soruşdu ki, atan harda işləyir. Bilmədim nə deyəm. Ağlımda yalan uydurmağa çalışırdım. Rövşən adlı sinif yoldaşım - köpəyoğlu dediyim oğlanlardan biri - yerdən söz atasan ki, onun atası “Şampan” zavodunun müdiridir. Uşaqların hamısının anası evdar qadın idi. Anam onlara "hazıryeyənlər" deyirdi. Hamı bilirdi ki, anam univermaqda satıcı işləyir. Yalandan deyirdim ki, anam evdar qadındır. Uşaq ağlımla fikirləşirdim ki, evdar qadın olmaq yaxşı şey olmasa, hamının anası evdar qadın olmaz. Məni ən çox incidən şey də anamı mövsüm vaxtı iş yerindən məcburi pambıq yığmağa aparmalarıydı. Anam heç iki-üç kilo pambıq yığa bilmirdi, amma ölüb-ölümdən qayıdırdı. Günəşin altında saatlarla işləməyə dözümü yox idi. Hər dəfə pambığa gedəndə qıcolması tuturdu. Əl-ayağının damarları yığışır, dili qatlanırdı. İki adam qollarının üstündə meyitini gətirib evimizə atırdı. Anamı pambıq yığmağa aparanda mən gah pəncərədə, gah qapıda qalır, qorxu və həyəcanla gözləyirdim. Hər dəfə elə bilirdim anam öləcək, amma xata-bala sovuşurdu. Mən bilirdim ki, başqalarının evdar analarını pambıq yığmağa məcbur eləmirlər. Anam işləyirdi deyə geyinib-keçinir, bəzənib-düzənirdi. Kosmetikasız, ətir vurmamış evdən çıxmazdı. Məktəbə də kukla kimi bəzənib-düzənib gəlirdi. Sinif yoldaşlarımın anaları anama bənzəyə bilmirdilər. Saçlarını bürüb-büküb, bəlkə də heç daramadan kəlağayı altına yığan, ayaqlarına çəkələk, qaloş, əyinlərinə ev xalatı geyinən bu qadınların anama qibtə hissi ilə baxdıqlarını, içlərinin dərinliyində ona sayğı duyduqlarını görürdüm. Qadınlar bir-bir anamı yanlayıb vurduğu ətrin adını, əynindəki paltarı hansı dərziyə tikdirdiyini, saçlarını hansı saç ustasına kəsdirdiyini, ayaqlarındakı ayaqqabıları haradan aldığını xısın-xısın soruşurdular. Sonralar univermaq özəlləşdirildi, axırda bağlandı. Univermağın binasında şadlıq evi düzəltdilər. Anam da işdən çıxdı. Anam nəinki geyinməyi, bəzənməyi tərgitdi, ətir qoxusu da vermədi. Anam qəfil qocaldı. Bu uşaqlıq əhvalatlarından ha deyirəm bəhs etməyəm, alınmır. Uşaqlığımdan danışmağı sevmirəm, amma ən çox da uşaqlığımdan danışıram.

Bəli, atam içəndə şirə, pələngə dönür. Özü də elə belə deyir: "Şir-pələng də qabağıma çıxa bilməz!" Doğrudan da heç kim onun qabağına çıxmırdı. Toylarda mikrofonu əlinə alıb azı qırx dəfə demişdi: "Duxlu oğul varsa, çıxsın qabağıma!" Heç kim çıxmamışdı, inanın. Bir dəfə içib şirə döndüyü vaxtlarda dayısı oğlunun sürdüyü “Kamaz” maşınıyla avtoşluq eləmək istəmişdi. "Duxlu oğul istəyirəm məni keçsin".

Maşın işıq dirəyinə dəymişdi. İşıq dirəyi aşmış, maşının qabaq şüşələrini qıraraq dirənmişdi atamın sinəsinə. Zorro qılıncı düşmənlərin sinəsinə dirəyib, onlarla məzələndiyi kimi hansısa gizli əl o boyda dəmir dirəyi dirəmişdi atamın ürəyinin başına... Amma aman vermişdi, öldürməmişdi. Həmin günü dəhşətlə xatırlayardım. Yadımda qandan, irindən çox, başqa incə məqam da qalıb. Atam çox içəndə qusardı, qusmasa da özünü qusdurardı ki, zəhərlənməsin. Anamın ən iyrəndiyi şey idi bu. Çox deyinər, danışardı, hər şeyi qoca nənəmə, bir də mənə təmizlətdirərdi. Atamın yaralı dayısı oğlunu da bizə gətirdilər. Atam iki daş arasında şirə, pələngə dönüb ağıl eləmişdi, xəstəxanaya getməmişdi. Maşının ətrafına yığılan adamları da polisi, təcili yardımı çağırmağa qoymamışdı. “Həkimə getsəm, iş böyüyəcək” - demişdi... Yaralılar evə çatar-çatmaz atamın dayısı gəlini də qapımızdan girdi. Atam qusduqca anam deyinir, qarğış edirdi. Atamın dayısı oğlu qusduqca arvadı elə "can" deyirdi, biri də ağzından yerə düşürdü. Mən həmin vaxt düşündüm ki, anam atamı zərrə qədər də sevmir, ona nifrət eləyir, amma atamın dayısı oğlunun arvadının ərindən ötrü canı çıxır, qusmağından da iyrənmir. Nə təhər olur, elə atamın dayısı oğlu da atam kimi adamdı, onun qusmağı bəyəm fərqli-zaddı, nə yaxşı onu arvadı sevir, amma mənim anam atamı sevmir.

Bu xətrimə dəyirdi. Bir gün atamın qohumunun arvadı onu atacaq, yad, evli bir kişiyə qoşulub rayondan gedəcəkdi. “Maşın alsam, içməyəcəm!” – atam söz verdi. Bankdan anamın adına kredit götürüb Bakıya maşın almağa getdi. Həmin gün evə gec qayıtdı. Yerimə girib, təzəcə yuxulayırdım, birdən həyətdə səs-küy qopdu. Atam maşın alıb gəlmişdi, di gəl, anam maşını həyətə buraxmırdı: “Mən səni “Zapı” almağa göndərmişdim?! Apardığın pula başqa maşın tapmadın o boyda şəhərdə?”

Atam şəhərə çatan kimi bibimgilə gedib. Bibimgil həyət evində yaşayırdılar. On ildi ev almışdılar, hamamları yox idi. Ümumi hamamda çimməyə gedirdilər. Atam hamam tikməsi üçün pulun çoxunu yeznəsinə borc vermişdi. Qalan pula da “Zaporojes” alıb düzəlmişdi yola. “Demişdim maşın alacam, aldım. Sənə nə var, mən sürəcəm!” – atam maşının başına dolanan anamın dalınca hərlənirdi. “Məni öldür, bu maşına minməyəcəm!” – anam dəli kimi çımxırdı. Mən başa düşmürdüm ki, bu maşına nə olub? Qıpqırmızı, təptəzə maşın idi. “Ata, maşın niyə pisdi ki?” – yazıq-yazıq soruşdum. “Heç nə, a bala, gül kimi maşındı… Təkcə ürəyi arxasındadı…”

Sonra atam maşının arxasına keçdi, kapotu açdı və mən orda bir yığın dəmir-dümür gördüm. “Hə, bir də iki qapısı çatışmır.” Maşının ikiqapılı olduğuna bundan sonra fikir verdim. “Anan mənimlə iki qapının söhbətini eləyir, bala” - atam köks ötürdü. Atam təzə maşınıyla məni məktəbə aparırdı. Anamın sözləri mənə də təsir eləmişdi, utanırdım. Amma dünya dağıla sürdüyü maşına görə utandığımı atama deməzdim. Qonşumuz Şamil müəllimin uşaqları Fuadla Gülər “Atan zapı sürür!” deyə ələ salsalar da, qardaşımı “Zapı, Zapı” çağırsalar da atamın maşınına həvəslə minirdik. Bu uşaqlar çox murdar uşaqlar idilər. Anadan hiyləgər doğulmuşdular. Adama yuxarıdan aşağı baxır, bizimlə oynamırdılar. Şamil raykomda işləyirdi, arvadı, uşaqları da lovğalıqdan yerə-göyə sığmırdılar. Mən bu uşaqlara heç vaxt onlara baş qoşmurdum. Amma qardaşlarım başa düşmürdülər bunu. Fuad qardaşımla oxuyurdu. Bir dəfə məktəbdən qayıdanda uşaqların içində qardaşımı pərt eləmək üçün çantasını qəfil çəkib səkinin qırağındakı palçıqlı kanala atdı. Uşaqlar gülüşdülər. Oğlanlar ayrı, qızlar ayrı qayıdırdı məktəbdən. Qızlardan ayrılıb Fuada yaxınlaşdım, əlimlə sinəsindən itələyib həmin kanalın içinə saldım. Bilirdim, qardaşım ona barmağının ucuyla toxunsa, səhər müəllimlərinə şikayət eləyib döydürəcək. Axşam Şamil müəllim arvadıyla bizə təşrif gətirdi. Nənəmin uzaq qohumu idi Şamil. Nənəmdən çəkinirdi. Özü də mənasız bir səbəbə görə. Nənəm deyirdi ki, burnunun fırtığıyla ocağımın başında böyüyüb, acından ölürdülər, dədənin köhnə paltarlarını verirdim geyinirdi. Getdi Bakıda oxuyub gəldi, adam oldu. Şamil qorxurdu ki, nənəm bir vaxtlar kasıb olduğunu yenə onun başına qaxar. Böyüklər dil tapdılar, Şamilin uşaqları ilə barışdıq. Amma soyuq müharibə ömürlük davam elədi.

Atamın bəxti gətirdi. Günlərin bir günü anam öz ayağıyla gəlib atamın maşınına mindi. Bir gün İranda zəlzələ oldu. Təsirini biz də hiss elədik. Həmin gün heç yadımdan çıxmaz. Gecənin bir aləmi olur həmişə bu xain zəlzələlər. Yuxudan səsə ayıldım. Anam qardaşlarımın hərəsini bir qoltuğuna almış, gecə köynəyiylə hamıdan qabaq bayıra qaçmışdı. Atam nənəmlə yatdığım otağa girəndə əvvəlcə bilmədim bu anamdı, ya atamdı. Atam anamın pələng dərisi rəngindəki xalatını əyninə keçirmişdi. Onu belə təlaş içində görməsəm gülməkdən uğunardım. Nənəm dikəlib yerinin içində oturmuşdu. Atam məni qucağına götürüb özünü evdən çölə atdı. Pilləkəndə anam məni atamın qucağından aldı. “Arvadı çağır!” – anam əsə-əsə dedi. Artıq yer titrəməsi dayanmışdı. Atam nənəmin qoluna girib aynabəndə çıxaranda zəlzələ yox idi artıq. Atam içəri qaçıb stul gətirdi, nənəm oturub adyala büründü. Qonum-qonşu hamısı həyətə axışmışdı. Gündüz heç bu qədər səs-küy olmurdu. Anam üçümüzü də atamın “Zaporojes”inə təpmişdi. Özü də maşının arxa oturacağında bizimlə oturub tir-tir titrəyirdi. Evə girməkdən çəkinməyən bircə atam idi. Girir-çıxır, bizə paltar, adyal daşıyırdı. Geyinirdik. Hələ də anamın xalatı əynində idi. Təhlükədən uzaqdıq deyə atama gülürdük. Anam da gülürdü. Maşının içində təzədən yerin silkələndiyini hiss etdik. Anam qışqırmağa başladı. Biz də ona qoşulduq. Sakitlik yarananda nənəm birtəhər ayağa qalxıb, evə getmək istədi. Anama dedi ki, zəlzələ getdi, qayıtdı, daha evə girmək olar, uşaqları yığ gəl evə, soyuqlayarsız. Anam dedi, öldür məni, maşından çıxmaram. Səhərə qədər burda qalacam, evə girməyə qorxuram. Nənəmlə atam rahat və isti yataqlarında yatmağa getdilər. Biz anamla gecəni maşında keçirtdik. Səhər atam anamı lağa qoyurdu. Bundan sonra anam “Zapı”ya minməyə bilərdi?!

***

Nənəm də yaman maraqlı qadın idi. Atam bu dünyada bircə nənəmdən çəkinirdi. Onu “Kraliça” çağırırdı, indi çağırmasın. Nənəm söyüşcül arvad idi, amma qarğış eləməzdi. Qarğış tökən arvadları görməyə gözü yox idi. İllah da anamın anasını. “Astra” siqareti çəkirdi. Əmilərimdən hansı nənəmə dəyməyə gəlirdi bir cibindən bir paçka siqaret, o biri cibindən bir dənə limon çıxarırdı. Sonralar başa düşdüm ki, cavanlığında əxlaqında zərrəcə qüsur olmadığından nənəm qocalanda özünə söyüş söyməyə, siqaret çəkməyə icazə veribmiş. Nəslin yaşlıları hamısı qırılıb qurtarandan sonra nənəm həm ağsaqqal idi, həm ağbirçək. Təkcə bir xasiyyətini sevmirdim. Yaman adam döyən idi! Mən itaətkar uşaq idim, qorxurdum, özümü elə də döydürmürdüm. Amma qardaşlarıma qan uddururdu. Səhər obaşdan atamla anam hərəsi öz işinin dalınca gedirdi. Nənəm bizi qorxu və hökmlə idarə eləyirdi. Qoca arvad dəcəl qardaşlarımın dalınca qaça bilmirdi. Səhər tezdən ata-anam evdən çıxan kimi qardaşlarımın əllərini elə öz kalqotkalarıyla dəmir çarpayının barmaqlıqlarına bağlayırdı. Zalım uşaqları gün axşamadək torpaqla, daşla oynamaqdan o qədər yorulurdular ki, günortaya qədər yatırdılar. Top atsan xəbərləri olmurdu. Bu mənim çox çətinliklə tab gətirə bildiyim səhnə idi. Mən də qorxumdan qardaşlarımın əllərini açmazdım. Nənəm məni öldürərdi, onlardan yığdığını mənim üstümə tökərdi. Qardaşlarıma cüzi yaxşılıq eləyə bilirdim. Onların üzlərinə qonan milçəkləri qovurdum. Uşaqlar daha öyrəşmişdilər. O qədər oyanıb özlərini əlləri bağlı, nənəmi də əlində nar çubuğu başlarının üstündə duran görmüşdülər, təəccüblənmirdilər. Hər dəfə yalvarır, qışqırır, tövbə eləyir, nənəmin sözündən çıxmayacaqlarına söz verirdilər.

***

Atam içib şirə, pələngə döndüyü günlərdən birində dedi: “Qarabağa gedirəm!” Nənəm ayağına düşdü, anam rişxənd elədi, uşaqlar ağlaşdı, xeyri olmadı. Atam şirə-pələngə dönüb əməlli-başlı Qarabağa – ermənilərin üstünə getdi... Atamın ayağı düşərli oldu, o gedər-getməz atəşkəs imzalandı.

Atamın xasiyyətinə rayonda hamı bələd idi. Kimisi onu dəli, kimisi sərxoş adlandırır, amma hamı ondan qorxurdu. Çünki bilirdilər, əgər atam ayıq vaxtı kimdənsə yığdısa, gedib bir butulka içəcək, şirə-pələngə dönüb gələcək. Günlərin birində atam içəndən sonra nərə çəkə-çəkə həyətin ortasında qonşuların qarasına danışdı, söydü. Birini hasarını get-gedə bizim həyətə sürüşdürməkdə günahlandırdı. O, birinin hasarımıza bitişik tualetinin zir-zibili bizim həyətə axırdı. Üçüncüsünün hamamının kalonkası qaynayanda pıqqapıq daşan su bizim həyətə - hasara bitişik gavalı ağacının üstünə tökülürdü.

Gavalı ağacı atamın atasından qalmışdı. Babam atam on yaşında olanda rəhmətə getmişdi. Şəkillərdən tanıyırdım onu, bir də bu gavalı ağacından. Dördüncü qonşunun bir günahı olmasa da, atam onu da qalanlarının gözünə qatdı. Birdən qoca İsfəndiyar kişinin arvadı evinin pəncərəsini açıb qıya çəkdi ki, kişini infarkt vurdu. Şirə-pələngə dönmüş atam qəfil cücə kimi büzüşdü, “Yox a!!!” -deyib həyətin ortasında yerə çökdü... O vaxtdan atamı İsfəndiyar kişinin qatili hesab edirəm, bunu onun üzünə də deyirəm.

Deməli, bu məsələyə iki cür münasibəti var. Ayıq olanda başını bulayıb deyir, hayıf, doğrudan yazıq kişi qorxudan getdi. Yəni, özünün günahını qismən də olsa boynuna alır. İçkili olanda şir kimi nərə çəkir: “İsfəndiyar elə ölməli adam idi! Camaata murdar ət satmaqdan başqa nə bilirdi?!” “Ölənin babalını Yuma!” - bunu da anam deyirdi. “Özüm neçə dəfə Səftərlə aparıb ona dayımın murdar olmuş heyvanlarını satmışam, hamısını da donuz kimi alıb, nətər olur!” - atam beli üstə düşmürdü. "Sən də onun kimi ermənisən, ölməlisən elə sən də!" - qayıdıb anam deyirdi... "Ağzından küləklər alıb aparsın!" - bunu da qoca nənəm dedi. Deməli, bu yaxınlarda atam yenə içib, şirə-pələngə dönüb, qonşuları qatıb qarışdırıb bir-birinə. Bir sürü arvad-kişi hücum çəkib atamın üstünə. Beli əlinə alıb, kimin harasına gəldi döşəyib, veriblər polisə... Hələ şər də atıblar ki, guya əlində bıçaq varmış. Atam da içkili olduğundan heç nəyi xatırlamır.

Qonşuları da qınamıram, beziblər əlindən. Adam həftədə bir dəfə şirə dönür. Qalan vaxtları fağır, dilsiz-ağızsız adamdı deyə bu vaxtacan dözüblər. İndi atamı tutub içəri salıblar. Anama deyirəm, bəs içki yoxdu orda, ürəyi partlayacaq.... Anam qayıdasan ki, atan bəyəm alkaşdı, içməsə ölsün? Hirsimdən partlayıram: "Alkaş döyüldü, niyə içib bizi el içində biabır eləyirdi?" "Daşla, sementlə, qumla işləyən adamların hamısı içir, canlarının ağrısından içirlər. Görmürsən, atanla işləyənlərin hamısı içir".

Arvadın sözündə məntiq var, deməli, fiziki işdən sonra bədənlərinin ağrılarını, yorğunluqlarını keyitmək məqsədilə içirlərmiş. Necə ki, Kefli İsgəndər beynini keyitmək, içinin yorğunluğunu yatırtmaq üçün içirdi. Hərdən anam deyinəndə atam özünü Kefli İsgəndər də adlandırırdı. Atamın içməyinin səbəbini hamıdan yaxşı anam bilirmiş. Anamın deyinə-deyinə atamla otuz iki il bir yerdə yaşamasına və günü bu gün, o tutulandan sonra da onu atmamasına səbəb bu imiş: anam atamı yaxşı tanıyır, başa düşür, hətta, mən deyərdim ki, sevirmiş. Həftədə bir dəfə anam qəfəsə salınmış şirin - atamın yanına gedir, çörək, siqaret, toyuq qızartması aparır. Balaca kağız parçasında yazdığı məktubu azı qırx dəfə oxuyub, yeddi obaya yayıb. "Arvad, heç ürəyini sıxma, dalımca da özüm çağırandan-çağırana gələrsən. Allahdan belə məsləhətmiş. Namaz qılıram".

Mən deyirəm: “O, namaz qılan deyil, çıxandan sonra qılmayacaq. Səməd babamdan da molla olduğuna görə acığı gəlmirdi?” Anam deyir: “Allah var, rəhmi var. Səməd babanın atandan acığı gəlirdi deyə atanın da ondan acığı gəlirdi. Yoxsa onnan nə işi vardı?” Mən anamın yadına salıram ki, atam üç dəfə pirə, bir dəfə məscidə gedib, babalarının cəddinə and içib, otuz doqquz gün dözüb, qırxıncı gün yenə içib”. "Yooo, bu dəfə başı daşdan daşa dəydi, içməz bundan sonra". Görürəm, yazıq anam sevinir atamın tutulmağına. Bunu Allahdan gələn işarə, möcüzə kimi qəbul edir. "Qoy bir az içəridə qalsın, içməsin, qanı təmizlənsin" - deyir.

Mən axmaq da atamın tutulduğunu eşidən kimi tanıdığım, bildiyim adamların hamısına ağız açmış, kömək istəmişdim ki, bəlkə bir xeyri dəyə. Bunlar ikisi də ər-arvad sevinirlərmiş ki... Hələ gör atam özü müstəntiqə nə deyibmiş: " … mən sizdən bir qram da incik deyiləm. Məni saxlamaq istəyirsiz, saxlayın, etiraz eləmirəm. İki gecədi vaxtlı-vaxtında yatıram. Səhər saat altıda yuxudan dururdum, bir tikə zəhərlənməmiş qaçırdım işə. On dəqiqə gec çatırsan xozeyin it başını alır ağzına. İşləməsən olmur, el-oba, arvad-uşaq nə deyər? Daş qaldırmaqdan, suvaq vurmaqdan qollarım qırılıb düşmüşdü yanıma. Aldığım qəpik-quruş da heç nə. Gözünü açıb-yumurdun, görürdün yoxdu. Siz məni tutub bura gətirəndən canımdakı ağrılar-acılar azalıb. Özüm yel xəstəliyindən əziyyət çəkirəm, bədənimdə duzlaşma gedir. Bununla belə ağır işdə işləyirəm, ayrı iş yoxdu, neyniyim? İki oğlum var, birini oxutmuşam, iş tapa bilmirəm. Balacası heç oxumayıb. O da işləmir. Qız ərdədi, özünü güclə dolandırır. Bir qəpik pulum da yoxdu sizə verməyə. Bir arvaddı, bir mənəm işləyən. Bircə o arvada yazığım gəlir, dalımca əsir qalacaq".

Atamın "Bircə o arvada yazığım gəlir" cümləsi anamı darmadağın eləmişdi. İçəndə əlbəttə girəvəyə salıb anamı döyən atamın sən demə anama yazığı gəlirmiş. Təkcə bunu bilmək, bunu eşitmək anamı havalandırıb, otuz iki il əvvəlki sevgilərini təzədən oyadıb. İndi anam atama qahmar çıxır. Ağzımızı açıb, qarasına danışmağa qoymur. Deyirəm, yaxşı ki, kişi ölməyib. Yoxsa, anam ondan əməlli-başlı qəhrəman düzəldərdi.

Atam tutulandan sonra mənim həyatımda elə bir dəyişiklik baş verməyib. Bu fikri başımdan qovmağa çalışıram. “Onsuz da üzünü ildə bir dəfə görürdüm” - deyirəm öz-özümə. O, rayonda, mən Bakıda. Çörək yeyəndən-yeyənə yadıma düşür. Təzə kirayələdiyimiz evdə girəcəkdə ayaqqabı dolabının düz yanında, yalan olmasın, az qala piano ağırlığında, gibsdən düzəldilmiş şir heykəli var. Ağzını geniş açaraq dişlərini göstərir, ayağının da altında bala ceyran ölüsü çarəsizcə sərilib. Adamın ürəyini dağlayır. Uşaqlar gedib-gəlib şirin belinə dırmaşır, gah at kimi çapır, gah belində oturduqları yerdən əyilib şirin üzündən öpürlər. Başını, dişlərini tumarlayırlar. Şirin qabaqdakı kəsici dişlərindən ikisi qopmuşdu, oğlum getdi-gəldi ətəyimdən dartdı, axırı şirin qopuq dişlərini yerinə yapışdırmağa məcbur etdi.

Bu evə köçəndən hər gecə yuxuma şir girir. Canlı, dip-diri şir. Gah məni qorxudur, gah dara düşürəm, şir gəlib xilas edir. Xülasə, şir gah xeyirxahdı, gah zalım. Gah yaxşıdı, gah pis. Arada öz-özümə fikirləşirəm, bu şirin yuxuma girməsi dəhlizdəki şirə görədi. Onu götürüb gözümün görmədiyi bir yerə qoysaydılar, yaxşı olardı. Amma tək adamın gücü çatan iş deyil. Heç dörd kişinin də gücü çatmaz. Üstəlik, elə bir yer yoxdu ki, o şiri çəkib ora qoyasan. Bəlkə atam şirə dönəndə o şiri təkəlli götürüb hara gəldi vızıldadardı... Həm də deyinə-deyinə: "Köpəyoğlunun şiri, sənə kim ixtiyar verib qızımın yuxusuna girirsən?! Sən bilirsən o, kimin qızıdı?!”

# 2532 dəfə oxunub

Müəllifin son yazıları

# # #