Kafkanın qatili

Kafkanın qatili
13 oktyabr 2016
# 17:42

Kulis.Az gənc yazar Tural İsmayılovun “Kafkanın qatili” hekayəsini təqdim edir.

Yenə şimşək buludları aralayırdı elə bil. Otaqda uzanıb yata bilməməyin əzabından qurtulmaq üçün vasitələr axtarırdım.

Atam öləndən bu yana anam aldığı təqaüdlə bizə baxmağa çalışırdı. Dayım da heç vaxt evlənmədiyi üçün uzun müddət anası ilə yaşadı, anası öldükdən sonra da ata yurdlarını satıb, evin pulunu içkiyə və kef məclislərinə xərcləyirdi. Pulu bitdikdən sonra anamla mənim kirayədə qaldığımız evdə məskunlaşdı o da. Dayım günortalar el arasında “qul bazarı” deyilən yerə gedir, günlərlə pulsuz qalır, arada iş olanda da fəhləlikdən qazandığı pulunu içkiyə xərcləyirdi. Anam müəllim təqaüdü ilə həm evin kommunal xərclərini ödəyir, həm kirayə pulunu verirdi, çünki atam da kasıb olmuşdu və meyvə-tərəvəz satmaqla ev alacaq pulu heç vaxt yığa bilmədi. Mən jurnalistikanı bitirəndən bu yana doğru-dürüst bir iş tapmırdım, 28 yaşım var və hələ də xırda-para qəzetlərə köşə yazısı yazmaqla aldığım kiçik qonorarın ümidinə yaşayırdım. Bütün gün evdən çölə çıxmırdım. Anam demək olar ki, hər gün doğru-dürüst bir iş tapmağım üçün evdə dava salsa da, mən cəmiyyətdən o qədər iyrənirdim ki, nəinki işə, heç çölə çıxmağa da həvəsim yox idi.

Bəzən günlərlə telefonuma da baxmır, ancaq evdə kitablar oxuyurdum, aldığım qonorar da kitablara gedirdi. Bütün yeni nəşr olunan kitabları almağa çalışırdım. Qaldığımız kiçik məhəllə Keşlədə bizim kimi bir çox kasıb ailənin sığınacağı idi. Burda hamı kasıb, aztəminatlı və ümidsiz idi.

Dostoyevskini oxuduğun vaxt qonşu Zərnişan xala əri Vahid əmini vaxtında ailəsinə bir gün ağlamadığına görə danlayırdı. Yaxud Tomas Moru yenicə oxumağa başlayırdın ki, üzbəüz həyətdəki dülgər Nicat yenə içkili evə gəlib, valideynləri ilə dalaşırdı və səs-küy aləmi bürüyürdü. Bir də məhəllədə oğrular və cibgirlər də çoxalmışdı. Anam çoxdandır başqa bir yerə köçmək istəyirdi. Dayım hər gün yorulurdu, mənim isə heç heyim olmurdu ki, çıxım yeni ev axtarım. Həm də məhəllənin narahatlığına səbəb olan burada kasıblıq üzündən gündən-günə vüsət alan səfalət və cibgirlərin çoxalması deyildi, son günlər 60 ailəlik bu xırda ərazidə qəribə hadisələr baş verirdi.

Ötən həftə pinəçi Bəxtiyar kişini bıçaqlamışdılar məhəllənin girişində, iki gün reanimasiya da saxlasalar da, o, sağala bilmədi. Polislər bir həftədir məhlədə get-gəldədilər. Hələ ki qatilin kimliyinə dair heç bir dəlil yoxdur ortada. Bəxtiyar kişi sakit adam idi, sadəcə ağlımda bir obrazına görə həmişə neqativ sima kimi qalırdı. Bir dəfə kitab almaq üçün pul istəyən oğlunu döyürdü. Mən də cips və pivə almaq üçün küçəyə çıxmışdım. Elə bu hadisə olanda Maks Frişin “Homo Faber” romanını bitirmək üzrə idim. Hər kitabı oxuduqca cəmiyyətlə aramda dərin uçurumlar yaranırdı, belə baxanda mən özüm nəinki toplum üçün, öz ailəm üçün də bir heçdən ibarət idim. Uşağın atasından kitab almağa pul istəməsindən sonra qulağının dibinə gələn şillə beynimi dağıtmışdı elə bil. Pinəçi isə doqquzuncu sinifdə kitab almağa pul istəyən bu nadir uşağı elə hey danlayırdı ki, qazandıqlarımı kitaba verdiyindən, get bir peşə öyrən, sabah ac qalacaqsan yoxsa. Uşağı kişinin əlindən alanda onun qolunu sıxdım, səhəri gün bütün ailəliklə qapımıza gəlib, anamın əsəblərini korlamış, ardınca da anam balası ölən yalquzaq kimi bütün hirsini mənə tökmüşdü. Hər dəfə də anam anlam verə bilmirdi ki, mən niyə insanlara ikrahla yanışıram və məhlədəki bütün qonşuların məni savadlı, amma özündən razı, yekəxana biri kimi görməyinin səbəbi nədir?

Bir ay əvvəl idi. Son günlər qəribə hiss edirdim özümü. Hər gün başım ağrıyırdı, əvvəl elə bilirdim ki, nəsə pis bir xəstəliyə yaxalanmışam və başımda nəsə şiş var. Amma bir təhər qonorarı toplayıb həkimə getdim və sadəcə yuxusuzluq və əsəbdən doğan bir narahatlıq keçirdiyimi qeyd etdilər. Amma hiss edirdim ki, mən nələrsə edirəm və xatırlamıram.

Üç gün əvvəl səhər oyandım ki, anam qışqırır üstümə:

- Oğul, atadır, yaxşı edir övladına şillə vurur. Sənin nəyinə gərək? O dəfə Bəxtiyar kişinin söhbətinə qarışandan sonra səni yaman qaralayıb, hər yerdə deyir ki, oxumaqdan dəli olmusan.

- Mənim problemim deyil. Onsuz da çox miskin və kasıb bir həyat yaşayırıq, heç olmasa oxuyub bu real dünya çirkabından əsərlərə diqqət yönəldən bir uşaq varsa, ona da sahib çıxmaq lazımdır. Əlbəttə atası onu çox istəyir, amma bu, o demək deyil ki, sən uşağı kitab almağa pul istəyir deyə elə vurasan.

- Amma indi məhlədə şayiə yayır ki, sənin psixoloji problemlərin var və çox oxuyan boş-bekar avaradan başqa bir şey deyilsən.

- Pul qazanmaq üçün kitab oxumamaq lazımdır? Ya da bu məhlədə kitab oxumayan 99 faiz guya ciddi maddi qaynağa malikdir? Oxuyanı dəli çıxartdıqları üçün bu gün insanlar belə qeybətlərlərlə və kiçik dünyalarındakı qaranlıq həyatla kifayətlənirlər.

- Onsuz da qohum-əqrəbaya qarışmırsan, hamıdan qaçırsan. Məhlədə isə hər gün bu insanlarla qarşılaşırıq, barı yalandan da olsa salam ver.

- Kimi görsəm, salam verməyə çalışıram, ünsiyyətdən qaçmaq kimi bir problemim olmayıb axı. Sadəcə beynimdə oxuduqlarımı düşünür və tez-tez əsərlərlə yaşayışımın müqayisəsini aparıram. Təbiidir ki, axırda kimisə görməyim və salam verməyim. Məncə, sən də fikir vermə onlara, ana. Bax, dayıma da o gün bərbər deyib ki, sənin bacın oğlu ziyalı oğlandır, amma qaynayıb-qarışmır. Mən üzə gülüb, sonra qeybət edə bilmərəm, yaxud saxta təbəssümlər mənlik deyil.

Elə əl-üzümü yuyub Nabokovu mütaliə etməyə başlayırdım ki, eşitdim məhlədə yenə nəsə səs-küy qopub. Polislər ötən il mobil telefon oğurladığı üçün sutkalıq həbs alan Mahirin evinə gəlmişdilər. Bəxtiyar kişinin ölümü ilə bağlı heç bir fakt tapılmırdı. Kişi axşam elə məhlədəcə bıçaqlandı, nə qatili gördüm deyən var, nə də hadisə haqqında nəsə təsəvvür edən. Nə qədər Mahiri sıxışdırsalar da, axırda onun cinayətdə əlinin olmağına dair heç bir fakt tapılmadı. Beləcə məsələ olduğu kimi qaldı.

İyirmi gün öncə təsadüfən eşitdim ki, pinəçinin övladı internetdə haqqında məlumat topladığı və oxumaq istədiyi kitabı alıb, sonra evə gələn atası kitabı cırıb, uşağı lap betər günə salıb. Sanki bu uşaq nəsə pis bir iş görmüşdü ya da hansısa bir tərbiyəsizlik etmişdi.

Mənə maraq güc gəldi və öyrəndim ki, Kafkanın “Milenaya Məktublar”ını oxumaq istədiyi üçün bir uşaq mübarizə aparır. Dəhşətli bir qıcıq yarandı məndə. Ümumiyyətlə, hansısa bir yazıçının adını bilməyən adamların sonra o yazıçını ironiya obyektinə çevirməsi, dünyadan əli üzülənlərə yeni bir dünya bəxş edən yazarların pislənməsi mənim ən çox əsəbləşdiyim şeylər idi. Bütün bunlardan əlavə, həm də nəsə edirdim, bu, yuxuda gəzmək idi bəlkə də, amma mən sonra heç nə xatırlaya bilmirdim.

Bir gün pinəçinin oğlunu gördüm və Kafkanın kitabı üçün apardığı mübarizə əzmini alqışladığımı dedim, onun cavabı isə mənim onsuz da xaosda olan zehnimi darmadağın elədi: “Artıq heç nə oxumaq istəmirəm, Kafka kasıblığın, pulsuzluğun, işə ehtiyacı olmağın cavabı deyil”.

Bəxtiyar kişi Kafkanın qatili oldu, onun timsalında bütün çoxluq sanki məhlənin həşəratı kimi gəldi mənə.

İndi həbsdəki bir ilimin tamamında o hadisələr bir fraqment kimi gözümün önündən keçir. Mənim psixoloji xəstəliyim var idi, əsəb anıında ən ağlasığmaz şeyləri edib, sonra xatırlamaya bilirdim. Və etmişdim, Kafkanın qatilinin qatili olmuşdum. Bir qatil həbsxanada, minlərlə ədəbiyyat qatili isə küçələrdədir...

# 1099 dəfə oxunub

Müəllifin son yazıları

# # #