Qadınlar üsyan edir: “Biz də yazıçıyıq, şairik” - SORĞU

Qadınlar üsyan edir: “Biz də yazıçıyıq, şairik” - <span style="color:red;">SORĞU
28 sentyabr 2016
# 12:00

Ədəbi-tənqidi məqalələrdə, publisist yazılarda, mətbuatda tez-tez “qadın yazıçı”, “qadın şair” ifadələrinə rast gəlirik. Lakin bu ifadələr birmənalı qarşılanmır.

Kulis.Az bu haqda keçirdiyi sorğunu təqdim edir.

İradə Tuncay

- Bunun əsaslı səbəbləri var. Həm də birmənalı cavabı yoxdur. Min illər boyu qadının ictimailəşməsi çox amillərdən asılı olaraq ancaq istisnalarla mövcuddur. Baxmayaraq ki, antik ədəbiyyatda Sapfo təctübəsi var. Yapon ədəbiyyatının baniləri min əvvəl qadınlar olub. Amma ona da qadın ədəbiyyatı deyirik. Bəlkə də burda mistik, metafizik əsaslar da var - kişi yaradılışda yek, vahid varlıqdı, qadın ondan əmələ gəlib deyirlər. Və ilkin olaraq vahid, tam varlıq hər ikisinin düşüncəsini özündə ehtiva edir. Yəni kişi ağlı qadın psixologiyasına nüfuz edə bilir. Hər ikisinin əvəzinə yarada bilir. Qadın köməkçi vasitədir və hər zaman etalon kişi düşüncəsidir. Dəyər verəndə "filankəsin üslubu sərt kişi üslubudu" deyirlər. Artıq elə bu müqayisədə gender dediyimiz araya girir. Qadının yaratdığına ikinci sort bir şey kimi yanaşılır, ədəbiyyatın bir qolu kimi baxılır. Buna isə ancaq ədəbiyyatın daxil olduğu çərçivələrdə baxmaq mümkün deyil. Cəmiyyət, onun inkişaf prosesləri, sosium, mətnləri yeni oxunuşda qavramaq... Daim təkamüldə olan hadisələr... Ədəbiyyatın bir çox məşhur isimləri kişi imzası ilə yazmağa məcbur olub. Sadalamayım... Onlar bunun nə qədər ağır bir iş olduğunu dərk edirdilər. Stereotiplərin, fundamentalizmin, yanaşmanın qorxusu vadar edib buna. Yəni, əksər hallarda yaradılan mətn yox - yaradanın cinsiyyəti söz konusu olub, müzakirə mövzusu olub. Qadınlara icraçı kimi baxırlar, yaradıcı kimi yox. Məntiqi yoxdu, emosionaldı, sözçülüyü var və sairə... Hətta nitqləri də bu keyfiyyətlərlə fərqlənir araşdırmalara görə. Və bu araşdırmalar belə sıralama sxemi göstərir:

Kişi - rasional, mənəvi, ilahi, mədəni

Qadın - hissiyyat , instinkt əsaslı, günaha meylli, təbii

Mübahisəli və bitməyən mövzudur. Amma belə faktlar da var axı - Marqaret Mitçell "Küləklə sovrulanlar" əsərinə görə Pulitser mukafatını ta Folknerin əlindən qoparmışdı...

Nərmin Kamal

- Gəlin belə edək. Götürün arxivinizdən hər hansı bir məqaləni, orada bütün kişi yazıçı və şairlərin adlarının qarşısına kişi yazın. Kişi yazıçı Stephen King, kişi yazıçı Şərif Ağayar, kişi yazıçı Qan Turalı. Görün nə hiss edirsiz? Qadınların qarşısına qadın yazıçı Zadie Smith, qadın yazıçı Iris Murdoch yazdığınız kimi, niyə öz adlarınızın da qarşısına kişi yazıçı Orxan Pamuk, kişi şair Nazim Hikmət yazmırsınız? Buna bir səbəbiniz varmı, ya elə təhtəlşüur edirsiniz bunu? Yaxşı deyil belə yazmaq, düzgün deyil. O vaxt şiddətli irqçilik vaxtı Amerikada avtobusa minənlərə sərnişinlər və qara sərnişinlər deyilməsi kimi bir şeydi.

Rəbiqə Nazimqızı

- Bu suala belə cavab verim: ümumiyyətlə, öz zövqümə qalsa, həmişə unisex geyimlərə, bəzək əşyalarına üstünlük verirəm. Yəni, o şeylərə ki, onlardan eyni dərəcədə həm kişilər, həm də qadınlar istifadə edirlər. O ki qaldı "qadın yazıçı", "qadın şairə" ifadələrinə, əlbəttə ki, xoşlamıram. Məsələn, bundan sonra mən də "kişi yazıçı", "kişi şair" ifadələrini dəbə salmağı düşünürəm - etiraz əlaməti olaraq. Mənim qadınlığımın hansısa mətndə özünü göstərə bilər, məsələn, kişi normalda heç vaxt deyə bilməz: "Mən boyasız, tərtəmiz sənin olmalıydım". Amma "Çörək paylayıram sərçələrə" şeirimin altından imzanı çıxarsan ədəbiyyat üçün fərqi olmayacaq bunu qadın yazıb, ya kişi... Odur ki, axmaq təsnifatdır... Hərçənd, bəzən özümüz də bizə sırınan bu təsnifatdan - vərdiş sayəsində - istifadə edirik. Etməyək!

Könül Arif (Həsənqulu)

- Aktual problemə toxunmusunuz. Mən fikirləşirəm ki, dilimizdəki peşə və ixtisas adlarının hamısı qadın və kişi cinsinə bölünmədiyi halda, yerdə qalan digər azsaylı peşə və ixtisas adlarının sonunda "-ə" şəkilçisinin işlədilməsi doğru deyil. Müəyyən dillərdə, deyək ki, rus dilində bütün peşə və ixtisas adları cinsiyyətə görə ayrılır, məsələn, "учитель", "учительница"; "художник", "художница"; "поэт", "поэтесса"; "скульптор", "скульпторша" və s. Azərbaycan danışıq dilində isə bu adlar gah yazılı qayda üzrə deyilir, gah da cins kateqoriyasına ayrılır. Əgər biz qadın rəssama "rəssamə", qadın heykəltəraşa "heykəltəraşə", uzağa da getməyək, qadın yazıçıya "yazıçıə" demiriksə, bu zaman çox xoş olardı ki, qadın şairə də "şairə" deyil, "şair" deyilsin. Mənim ilk peşəm müəllim olub. Əmək kitabçamda "müəllim" yazılıb, amma həmişə "müəllimə" deyiblər mənə. Nədənsə bu xitab xoşuma gəlirdi, amma "şairə" deyiləndə heç vaxt xoşuma gəlməyib, buna görə də dərhal, "şairə deyil, şair" deyə korrekt edirəm.

Narıngül

Ədəbiyyatda kişi və qadın qütbləşməsi zaman-zaman davam edib və həmişə də mübahisə obyekti olaraq qalıb. Qadın yazarların hadisələrə real baxışı, qlobal düşüncəyə sahib olması, təfəkkür genişliyi çox vaxt şübhəylə qarşılanıb. Bu günki ədəbi –tənqidi yazılarda tez-tez “qadın şairə”, “qadın yazıçı” ifadələrinə rast gəlinir. Bəzən belə ifadələrdən qadın yazarların yaradıcılığının müqayisə arenasını təyin etmək üçün istifadə edirlər. Yəni hansısa qadın yazarın yaradıcılığna qiymət verərkən “qadınlar arasında fərqlənən yazardır”, “ən yaxşı qadın yazarı” kimi ifadələr işlədilir ki, bu da bir növ ətrafa gizlincə “kişi yazarlarla müqayisəyə gəlməz” siqnalını ötürür. Zaman –zaman ədəbiyyatda sanki bir kişi hökmranlığı mövcud olub. Tənqidçilər qadın ədəbiyyatı dedikdə bir qədər sentimental, zəif, kövrək ədəbiyyatı nəzərdə tutublar. Yəni ikinci dərəcəli ədəbiyyat. Təbii ki, qadın hissi, qadın düşüncəsi kişidən fərqlənir. Lakin bunun ifadə forması, bədiiləşməsi, oxucuya necə ötürülməsi artıq yaradıcılıq işidir. Yaradıcılığın isə cinsi olmur. Qadın yaradıcılığının özünəməxsus spesifik xüsusiyyətləri olmasına baxmayaraq, ədəbiyyatda “kişi” və “qadın” söhbətlərinin əleyhinəyəm. İstərəm ki, ədəbiyyata, həm də bir sənət olaraq, yalnız böyük və müstəqil ədəbi meyarlar aspektindən qiymət verilsin. Müəllifin kişi, yaxud qadın olmasından asılı olmayaraq hər kəs “Böyük ədəbiyyat” üçün iddialıdır.

Aysel Əlizadə

Bu vurğunun psixoloji əsası var. "Kişi aşpaz" kimi. Kulinariya da böyük bir sənətdir, yer üzünün bütün insanlarını yedirir. Ancaq kişilər arasında yayğın olmadığı üçün aşpaz kişi olanda bu mütləq vurğulanır. "Qadın yazar" çoxluq içində azlıq, özəllikdir. Kütləvi olmayan, tarixi izahı olan faktın dilə hopmasıdır. Heç vaxt indiki kimi dünyada qadın yazar çox olmayıb. Yazarlıq özü kütləvi sənət deyil. Onsuz da kiminsə yazıçı olması onu başqalarından fərqləndirir. Gör ki bu yazıçı tarixən tamam ayrı təyinatları olan qadındırsa... Mənə görə sənət əsərinin cinsini təkcə müəllif yox, oxucu da təyin edir. O seçir nə oxuyacağını. Bizim öz təqdimatımızla bağlı narahatlığımız onu qayğılandırmır. Bəyənirsə oxuyur. Feministləri "qadın yazar" deyimi qıcıqlandırır. Cinsi ayrı-seçkilik kimi qəbul edirlər. Sondan başlayanda bu refleksi anlamaq olar. Amma səbəbi əvvəldən çözməyə başlayanda belə təqdimin qara niyyətli və təhlükəli olmadığını görürsən. Üstəlik, situasiyaya bağlıdır. Heç bir sayt "Bu gün qadın yazar Aysel Əlizadənin imza günüdür" şəklində xəbər vermir. Müsahibədə mütləq mənada bu cür sual səslənir: qadın yazar olmaq çətin deyil? Görünür, insanlar həm qadın, həm yazar kimi yaşamağın çətin, nəsə fərqli bir durum, ayrı cür ruh halı olduğunu düşünürlər. Şəxsən özümə gəldikdə, bir varlıqda iki cinsin harmoniyasını hiss etməkdən zövq alıram. Ancaq təbiətdə var olan nəsnələrə, bəşəriyyətin parçalarına baxanda bəzən onları cinslərə ayırıram və bunda pis heç nə görmürəm. Məsələn, Nil çayına baxanda onun qadın olduğunu düşünmüşəm. Cinslərin yalnız özlərinə aid özəlliyi var. Bu onların yaratdığı hər şeydə ifadə olunur. Yox, əgər kimsə yazarlığı qadının bacarmadığı bir iş, bir aşağılama kimi göstərməyə çalışırsa, o zaman Brontenin, Sandın, Vulfun, Şafakın kitablarını Folknerin təbirincə desək, dördüncü dəfə oxusun. Mən də bu məsələdə iddialıyam və kişilərdən heç bir halda zəif yazıçı olduğumu düşünmürəm.

Günel Natiq

- “Qadın yazar” “şairə” ifadələrinin kökü yəqin ki, qadının kişinin sümüyündən yaradıldığını deyən ilk dini görüşlərdən qaynaqlanır. Xüsusilə Şərq düşüncəsində qadın “geriqafalıdır”, “dayaz düşüncəlidir” və s. Qadına “Tükəzban”, “Fatmanisə” deyən adam onun yazarlığını təbii ki, ciddi qəbul edə bilməz və onun yaradıcılığını ən azından ayrıca təsnifata daxil etmək “zorundadır”. Xatırlayıram ki, illər öncə Afaq Məsud bu ifadələrə qarşı çıxırdı və ədəbiyyatda kişi-qadın ayrı-seçkiliyini qınayırdı. Xatırladım ki, Afaq Məsud Azərbaycan ədəbiyyatının ən maraqlı yazıçılarındandır.

Amandina Avrora Lüsil Düpen - Jorj Sand ilk qadın yazıçı hesab olunur. O kişi kimi geyinir, kişi kimi davranırdı. Məsələ burasındadır ki, Avrora Düpen o dövrdə cəmiyyətdə qadın yazarın ciddi qəbul edilməyəcəyindən ehtiyat edərək özünə kişi adı seçmişdi. Maraqlıdır ki, həmin önyarğılı münasibət 21-ci əsrdə də aktualdır. Kişi yazarlar qadınların intellektinin ya çox dayaz olduğunu düşünürlər, ya da yarızarafat, yarıgerçək deyirlər ki, qadının intellekti elə dərinlərdədir ki, adi duyumla hiss etmək mümkün deyil. Bunu qadının təbiətində görənlər də var. Aristotelin bu fikri nə yazıq ki, bir çoxlarının ümumi düşüncəsini əks etdirir: “Biz qadın xarakterinə təbiətən qüsurdan əziyyət çəkən bir şey kimi baxmalıyıq”.

Marina Svetayeva şeirlərinin birində deyir: “Məni qınama, tanrım, axı sən heç vaxt qadın olmamısan”. Qadınların duyumunu, hisslərini onun özü qədər heç kim ifadə edə bilməz. Əgər Anna Axmatova olmasaydı, rus poeziyası onun simasında yalnız bir şairi deyil, həm də bir çox görkəmli şairlərin yaradıcılığına böyük təsiri olmuş müdrik bir ədəbiyyat adamını itirərdi.

“Qadın yazar” Svetlana Alekseyiviçin Nobel alması da birmənalı qarşılanmadı. Mənə elə gəlir, onun qadın olduğu faktı daha ağır basdı. Bu fakt ədəbi aləmi silkələdi və hətta deyərdim ki, qıcıqlandırdı. Bu gerçəkliklə razı olmayanlar belə bir fikri əsas gətirirdilər ki, onun əsərləri ilə tanış deyilik. Halbuki, elə bunun özü önyarğılı münasibətdən irəli gəlmirmi?

Həmin önyarğılı münasibət bizim ədəbi mühitdə daha çox qabarıqdır. Ciddi müzakirələrdə qadınlara demək olar ki, rast gəlmirik, sanballı bədii əsərlərin seçimində qadın yazarların nümunələri bir kənarda qalır. Uzaqbaşı “qadın yazar” deyə ayrıca təsnifatda yer alır. Məncə bu münasibət “qadın yazarlar”da kompleks yaradır və onlar həqiqətən ortaya sanballı əsər qoya bilməyəcəklərini düşünməyə başlayırlar. Onların özləri haqqında heç də yüksək olmayan fikrini kişi yazarlarımız alqışlayır və təqdir edirlər.

Ədəbiyyat tarixinə nadir nümunələr vermiş qadınların xidmətləri isə yenə unudulur...

Səhər Əhməd

- Bu ifadəyə qıcıq oluram, dəfələrlə də yazmışam bunu. Bir də görürsən guya hansısa yazımı tərifləyirlər: “Bu fikri qadın yox, kişi yazsaydı, o dahi sayılardı”. Və yaxud da belə: “Belə ironiya ancaq kişidə ola bilər”, “Təsvir əladı, yəqin qadın olduğunuz üçün belə alınıb”. Anlamıram, indi neyləyək, adımızı Jorj Sand kimi dəyişib kişi imzası ilə yazaq? Təfəkkürün, istedadın da cinsi olurmu, bir fikri hansı cinsin deməsinin nə fərqi var? Əksəriyyəti sual cümlələri oldu, amma olsun.

Şəbnəm Karslı

- Seksist düşüncə tərzinin nəticəsidir. Bu təkcə ədəbiyyatda deyil, qadın sürücü, qadın iş adamı və s. Kimi bütün sahələrdə işlədilir. Adət etmişəm artıq, ona görə, görməzdən gəlirəm. Xalq olaraq seksist düşüncə nə qədər davam edir, ifadələrlə qarşılaşacağıq

Sevinc Elsevər

- Qadın idmançılar, qadın futbolçular, voleybolçular var. Onlar qadın komandalarında oynayırlar. İdmanda qadın və kişi idmançıları ayırmaq mümkündür. Çünki bu onların fiziki keyfiyyətləri ilə əlaqəlidir. Orta məktəblərdə belə qızlar ayrı, oğlanlar ayrı keçir idman dərsini. Amma yazıçılıqda fiziki güc də, əqli əmək də qadınla kişinin arasında bərabər olduğundan onlar arasında xüsusi fərq qoyulmamalıdır. Amma tənqidçilər tez-tez şairə, qadın yazıçı ifadəsini işlədirlər. Məncə burda məqsədləri o deyil ki, qadınların kişilərdən geri qaldığını vurğulasınlar. Əsrlərlə bizdə kişi yazarlar çox olub. Qadın yazarlar çox az olub. Olanda da təəccüblə qarşılanıb. Bu, kimdəsə hiddət və ya sevinc doğurub. Bu ordan gəlir. Demək olar, bu ifadə dildə qalıb. Əvvəllər bir çox məqalələrdə adım çəkilirdi qadın yazarlar arasında. İndi azalıb, məncə. Elə ayrımçılıq yoxdur. Abituriyentləri də ayırırlar. Məsələn, deyirlər bu il filan qədər abituriyent universitetə qəbul olub. Onlardan filan qədəri qızdı, filan qədəri oğlan. Qızların sayı çox olanda cəmiyyətdə sevinc müşahidə etmişəm. Elə mən də sevinirəm. Nə yaxşı oxuyan qızlarımızın sayı azalmır, artır deyə. Bu, yenə deyirəm, uzaq zamanlardan gələn bir şeydir. Biz də bu gün yazan qızlar o qədər çoxdur ki, cəmiyyət üçün qadının yazıçılığı elə də qeyri-adi bir şey deyil. Məncə, tənqidçilər də qadın yazıçı deyəndə o məşhur lətifədəki kimi "Görürsünüz, bundan bizdə də var" demək istəyirlər. İndi doğrudan da çoxuq. Keyfiyyət məsələsini zaman göstərəcək. Əsas odur ki, gündən-günə çoxalırıq. Sovet dövründə dövlətin siyasəti nəticəsində süni şəkildə aparılırdı qadın azadlığının təbliğatı. İndi nə irəliləyiş varsa, özümüzünküdür. Özümüz qazanırıq, süni deyil. Zaman alacaq, amma düzələcək! Mən nikbin olmağa çalışıram bu mövzuda.

Samirə Əşrəf

Mən xarici mətbuatda heç vaxt belə ifadələrə rast gəlməmişəm. Ola bilsin, nə zamansa səslənib, amma mən eşitməmişəm. Mənə belə gəlir ki, yaradıcılıq qadına da, kişiyə də eyni dərəcədə aiddir. Çünki, insan olaraq hamımız eyni ağrıları, eyni duyğuları yaşayırıq. Bu səbəbdən yazıçıya yazıçı, şairə şair demək lazımdır. Heç bir qadın, kişi ayrı-seçkiliyi etmədən.

Hədiyyə Şəfaqət

"Bəzi hallarda bu adi ayrı-seçkilikdir. Maraqlıdır ki, bəzən qadınlar da işlədir həmin ifadəni. Nə ehtiyac var, bilmirəm. Yadıma "süranə", "yazarə" söz-söhbəti düşdü. Heç eşitmisiniz ki, "kişi yazarlar arasında", "kişi şairlərin içindən" ifadəsi işlənsin? Çox az hallarda və təsadüfi adamlar tərəfindən.

Bir də etalon kimi qəbul edilmiş deyim var: "Qadın yazar kişi yazara çata bilməz". Vəssalam, qərar qətidir... Tamam, doğrudur, çata bilməz, amma kişi bunu deyib özünü təsdiqəmi çalışır? Həqiqətin buna nə ehtiyacı var?

Lakin ikinci tərəfdən mənim üçün adların əhəmiyyəti yoxdur, olur ki, hətta bir şey oxuyuram, marağımı çəkibsə o zaman baxıram ki, bunu kim yazıb? Çox zaman heç buna ehtiyac qalmır, mətn barmağını müəllifə tuşlayır. Təbii ki, qadın duyğularının, kişi duyğularının mətnə gətirilməsi zamanı onların saflığı, qurama olmaması gözəldir. Bir də görürsən ki, qadın mətnində kişi kimi, kişi isə qadın kimi görünmək istəyir. Alınan iş deyil, hərənin mətnindən öz iyi gəlməlidir. Kişi şeirində "gül kimi soldum saraldım" deyirsə, mən buna gülərəm... Eyniylə qadın da, məsələn sevgi məsələsində kişinin nə duyduğunu yaza biləcəyini düşünürsə... Qadın niyə "kişilər nə istəyir?" və kişi niyə "qadınlar nə istəyir" sualıyla başını yorur ki? Mən heç özümün nə istədiyini düşünmürəm, deyəsən nəsə istəməyi də tərgitmişəm...

# 1701 dəfə oxunub

Müəllifin son yazıları

# # #