"Tutdum yıxılmağa qorxduğum yerdən..." - Salam Sarvanın şeirləri

"Tutdum yıxılmağa qorxduğum yerdən..." - Salam Sarvanın şeirləri
12 avqust 2025
# 16:45

Bu günlərdə Azərbaycanın sevilən şairi Salam Sarvan doğum gününü qeyd edib, şairin 59 yaşı tamam olub.

Kulis.az bu münasibətlə Salam Sarvanı təbrik edir və onun şeirlərini təqdim edir.


MƏN GƏLƏR OLMADIM, YOLU QARŞILA

Alın yazısında imza yeri boş –
edam fərmanıdı, qollamaq olmur.
Nifrət elədiyin ayağını da
bir addımdan uzaq tullamaq olmur.

Dayan bir dəqiqə bir «yox» de mənə,
hər gecə yuxuma girib yatan qız.
Adamı arxadan gəlib ötərlər,
ay məni qarşıdan gəlib ötən qız.

İndi bu qış ömrü sürüşmək gərək…
Bizi qar ötürər, dolu qarşılar.
Bu da ki sonuncu teleqramım:
mən gələr olmadım, yolu qarşıla.


HÖRÜYÜN ƏLİMDƏ TƏSBEH ƏVƏZİ

Hörüyün əlimdə təsbeh əvəzi…
üstündə duamı oxudum, ayıl.
Sənin məhəbbətin mənim gözümdə
tərsinə yozulmuş yuxudu, ayıl.

İndi sən mənimçin heç nə deyilsən,
indi nə dərdimsən, nə nəşəm, qadın!
Mən səni sevmirəm, sənin qoynuna
səndən gizlənməyə girmişəm, qadın…

Hələ gizli-gizli ovuram səni,
gah daş daşıyıram, gah qum atıram .
Mən səni atmıram, səndən qaçmağa
ömrüm uzunluqda lağım atıram.


BAĞIŞLA, OTAĞIM TÖR-TOKÜNTÜDÜ

Yuvam dimdiyimdə gəzirəm hələ…
Sənsiz yer də yoxdu, dərbədər mənə
Gəl e, gəl qırılıb qırağa düşmüş
o qol budağımdan meyvə dər mənə.

Bilmirəm keçirim hansı halını –
Oynayım toyuna, batım yasına?..
Hər gün neçə məktub yazıb cırıram,
cırıb tullayıram… poçt qutusuna.

Gözləməkdən gözüm çuxura düşüb,
gör heç soruşursan, nə çöküntüdü?
Sənli xatirələr dağılıb evə –
bağışla, otağım tör-toküntüdü.


SƏN DƏ GƏL GET CƏZANI AL

Üç-üçün neçə eyləyər?...
Nəsə səndə düz eləmir.
Durub deyirsən, ay Allah,
bə niyə doqquz eləmir?

Sən də gəl get cəzanı al –
sən də qoşul hamımıza:
Tanrı ölüm hökmü kəsib
doğulmaq günahımıza.

Ha çalsan qəmgin havalar
qəmi oynatmaz, ay uşaq.
Adam göz yaşı içində
gəmi oynatmaz, ay uşaq.


DEYİRƏM QÜRBƏTDƏNƏM

Noolsun bu vətəndənəm,
noolsun bu kənddənəm.
Soruşurlar haralısan,
deyirəm Qürbətdənəm.

Bu ruh bu cannan əlbirdi,
bu sümük bu dəriynən…
Gedən ömrə əl eləyir
saat öz kəfkiriynən.

Bir ağır qəzaya düşdük
bir gündə, bir saatda –
Kimi maşın altda qaldı,
kimi Allahın altda.


BU GÜN VAXTIM YOXDU, BU GÜN ÖLÜRƏM

Yaranın üstü tək açıldı gözün -
indi bu yaradan axan qandı su.
Dərdin doquzuncu mərtəbəsində
bizim gözümüzdə saatnandı su.

Səni necə atım, necə, bilmirəm -
bir zərsən düşmürsən heç üzü üstə.
Şəklini asdığım mıx qalıb ancaq
sinə divarımın iç üzü üstə.

İki tərəfin var – gözlərin, dilin:
bu işıq gələndi, o da it hürən…
Gələ bilməyəcəm sənnən görüşə,
bu gün vaxtım yoxdu, bu gün ölürəm.


AY NARAHAT, DARIXMA

Sən mənim yolayrıcımdın,
səndən yüz yana döndüm.
Gah sağa döndüm, gah sola
və bir gün sona döndüm.

Ağla göz yaşlarınla yu –
sifətini ağ saxla…
Məni dilinin ucunda
dişindən uzaq saxla.

Ay mənsiz dözə bilməyən,
ay narahat, darıxma.
Səhər-axşam başına döy –
başını qat, darıxma.


SƏNİ VURMAĞA DA QALXMAZ ƏLLƏRİM

Buludlar tozdurmu belə qopular
yağışın yol keçib axdığı yerdən?...
İlahi, indicə bir gül çıxacaq
dag öz ürəyini sıxdığı yerdən.

Səni vurmağa da qalxmaz əllərim
atılsa üzünə ləçək tellərin…
səndən vəfalıymış sənin yolların –
hələ də keçirlər baxdığım yerdən.

Əh… birin bilirsən sən də, birin yox –
daha yıxılıram, heç xəbərin yox…
Gördüm ki tutmağa özgə yerim yox,
tutdum yıxılmağa qorxduğum yerdən.


GÜNDÜZDÜ, QARANLIQ İÇİNDƏN KEÇİR

Hər gün ad günüdü dünyada bəlkə –
hər gün bu dünyada il tamam olur.
Gündüzdü qaranlıq içindən keçir,
yalandı deyirlər ki, axşam olur.

Gecə ki yuxuda axşam görürsən,
səhər gündüz olur – yuxun çin çıxır…
Yatırsan ayılıb xoş gün görəsən,
ayılıb görürsən yenə gün çıxıb.

Baxdım, nə qapısı, nə bacası var,
baxdım çöl-bayırı görməyən evə:
Bəs axşam haradan girir qaranlıq
gündüz gün işığı girməyən evə?


GƏL GEDƏK OTURUB SAATA BAXAQ

Neynirdim bu boyda ömrü ilahi,
bu boyda yırtıq yox bu yamaq üçün…
Bir göz qırpımınca ömür verəydin –
o da ki gözümü qapamaq üçün.

Mən ki günün gecə gözətçisiydim,
niyə basdı yuxu, nooldu yatdım?..
Bir uzaq yol gəldi bu baxt mənəcən,
o da gələn kimi yoruldu yatdı.

Söndür ekranları, ta bundan belə
nə filmə, nə də ki həyata baxaq.
Deyirlər saatda yaxşı vaxt gedir –
gəl gedək oturub saata baxaq.


BİR QIZ ÜSTÜMDƏ SAÇ YOLUR

Bizə dərd gələndə bu it
hürmür, ilahi, hürmür.

Keçib korlamaq istəmir,
qıymır ömür yoluna –
bir adam sən verən ömrü
sürmür, ilahi, sürmür.

Mən də qəbir qapısını
döyürəm nəfəs ilən.
Bir qız üstümdə saç yolur
hörmür, ilahi, hörmür.


SAC ÜSTDƏ QOVRULAN QAR DƏNƏSİYƏM

Ad günüm… bir il də ötdü noolsun?!..
Bir azca təzəyəm, bir azca qədim.
Ax, yığdım telefon nömrəsi kimi
otuzbir yaşı da, «ora düşmədim».

Sac üstə qovrulan qar dənəsiyəm,
Bilmirəm yaydımı, ya qışmı indi.
Allah, mən içimi yedim qutardım,
bu dəri süfrəni yığışdır indi.

Atsana bu ağır çəkiylə məni,
yarı ruh - yarı can bölüb atsana.
Bu yer kürəsini çəkməmin altdan
bir lopa palçıq tək silib atsana.


BİR QURTUM SU VERİN

Yazmaq - qələm kimi yonulmaqdı da,
yonulub kağızdan yuxa çıxıram…
Qara günlər çıxır kir kimi məndən,
yuyunub beş arşın ağa çıxıram.

Nə yanğı söndürmək, nə içmək üçün –
bir qurtum su verin tüpürmək üçün…
Sənin ad gününə gül dərmək üçün
sinəmə çəkdiyin dağa çıxıram…

Öz üstümə qoşun göndərən şaham…
Yellər də qoşuldu mən çəkən aha…
Səni axtarmağa gedirəm daha –
ta mən də bu gündən yoxa çıxıram.


GƏZİRİK BİR ATIN ÜSTDƏ PİYADƏ

Bu əyri dünyanın xəritəsini
yapışdır bəzək tək düz divarına…
Qələmi mıx kimi çalıb durmuşam,
asmağa şey yoxdu söz divarına.

Saqi, bu quyudu, yoxsa ki badə?..
Gəzirik bir atın üstdə piyadə…
Buğda dırmaşdırır min ildi Adəm
Həvvanın uçulmuş qız divarına.

Bir böyük ölüm ver, qoy bəsim olsun…
Çörək - daşdan çıxan nəfəsim olsun…
Hər evin xatirə lövhəsi olsun -
hər kəs mismarlansın öz divarına.


MƏN AĞI DEMƏYİN BOŞBOĞAZIYAM

İlahi, ağzımın dadımı qaçıb –
yağışın duzludu, qarın şit düşür?!..
Bir açar da düşməz aça qapını,
amma bağlamağa hər kilid düşür.

Elə nazilmişəm, quş boğazıyam…
Büstün qəhər tutmuş daş boğazıyam..
Mən ağı deməyin boşboğazıyam,
çənəmin altına yüz meyid düşüb.

Dil öyrən vəsiyyət deməyə, qağa…
Götür qulluğuna məni «ağ» ağam…
Gedirəm çürüyüb sümük olmağa,
gör ha, dalımca da bir ac it düşüb.


ÖLƏSƏN BİR DÜŞMƏN SEVİNDİRƏSƏN

Ölüb yıxılasan yıxılanda da…
Salxım buzlar kimi sınıb gedəsən…
Deyirlər torpağın altı soyuqdu,
nola, qəbrinə də yanıb gedəsən.

Gözlərin tavana dəyib - qayıda,
ürəyin atlanıb çöllərə düşə…
Salıb itirəsən xatirələri,
ancaq etibarlı əllərə düşə.

Öləsən bir düşmən sevindirəsən,
ardınca barı bir «sağ ol»un ola …
Gözünü qapaya bir qız əlləri –
bu, sənin ilk qadın sığalın ola!


QOLLARIM GÖYLƏRDƏ KOR AĞACIDI

Ya ovçu əlindən, ya quş başından -
kim deyər hansından tələ dartılır?..
Onunçun düşmür ki yerinə heç nə,
hər şey bu dünyada belə dartılır.

Ax, bu qara baxtın o ağ saçları
göründü altında qızıl tacların…
Yel əyə bilməzdi bu ağacları,
yarpaqlar özləri yelə dartılır.

Öldüm sevdasından bar ağacının…
Qollarım göylərdə kor ağacıdı…
Kəndiri rezinmiş dar ağacımın -
bəxtəvər başıma, hələ dartılır!..


YAŞ YORĞUN GÖZLƏRİN TƏRİDİ…

Yuxu dərmanıymış içimdə qəhər -
udub bu günü də yatdım bir təhər…
Gün döydü, qapı tək açıldı səhər,
gördüm gecə çıxır işıq içindən.

Üzü dönük baxtın üzü bəridi…
Yaş – yorğun gözlərin axan təridi…
Dünya – altı sümük üstü dəridi,
biz də bu bədənin boşuq içində.

Qələm – barmaqların altında tətik…
Ömrün daxılında hər gün bir qəpik…
Torpaq yeyir bizi bişdik - bişmədik,
gedirik bir taxta qaşıq içində.

# 216 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər