Sevgilisinin evində xidmətçi işləyən qadının faciəsi

Sevgilisinin evində xidmətçi işləyən qadının faciəsi
5 noyabr 2024
# 12:20

Bu gün görkəmli ingilis yazıçı Con Faulzun anım günüdür.

Kulis.az Şəfiqə Şəfanın "Öz yazdığına özü gülən Con Faulz" yazısını təqdim edir.

XX əsrin ən maraqlı və istedadlı yazıçılarından olan Con Faulz yaradıcılığında üçüncü böyük əsəri olan "Fransız leytenantın qadını” ilə romançılıq təcrübəsinə yeni dəsti-xətt gətirib. Bu əsərdə Faulz qələmini oxucu ilə "paylaşmaqla” yazıçı qarşısına qoyulan tapşırığı kökündən dəyişdirə bilib. O, zamanı, tarixi, dövrün şərtlərini, qaydalarını təsvir etməklə, onu yaşadığı dövrlə əlaqələndirməklə sanki oxucunu "danışdırır”. Bununla da oxucunu həm öz düşüncələrinin, həm də süjetin təsiri altında saxlayır. Bundan başqa yazıçı bu əsəri ilə ədəbiyyata yeni terminlər gətirib: Məsələn simulyakr – qəhrəman haqqında yanlış təsəvvürün formalaşması. Konkret olaraq, romanda baş qəhrəmanlardan biri Sara Vudraf özünü fransız zabitin məşuqəsi kimi qələm verməklə, cəmiyyəti özünə qarşı çıxarır, onun nifrətini qazanır. Halbuki Çarlz Smitson sonrakı münasibətlərində onun bakirə olduğunu öyrənir. Və yaxud postmodernizmdə "pastiş” termini Faulza qədər mövcud olsa da ən bariz nümunəni məhz "Fransız leytenantın qadını” əsərində görürük. Özündən əvvəlkini hədəfə alıb, ironiya etmək, eyni zamanda orijinalı deformasiya etmək xarakteri daşıyır.

Romanın maraqlı cəhətlərindən biri onun zaman səyyahı olmasındadır. Yəni əsər XX əsrin ortalarında yazılsa da Viktoriyan dövründən bəhs edir. Hətta bu dövrlə bağlı yazıçı əsərin ilk fəslində konkret mənbələrə istinadən geniş tarixi məlumat verir. Buna baxmayaraq, hər fürsətdə həm özünün, həm də oxucunun hansı dövrdə yaşamasını xatırladır. Məsələn 5-ci fəsildə belə deyir: "Ernestina 1845-ci ildə doğulmuşdu. Hitler Polşanı işğal etdiyi ildə isə dünyasını dəyişdi”. İlk baxışdan oxucunu çaşdırır. Hələ mütaliəyə yeni başlamış gənc oxucular ümumiyyətlə nə baş verdiyini anlamır. Başqa sözlə, Faulz yeni başlayanlar üçün qətiyyən tövsiyə olunmur, əks təsir göstərib, ədəbiyyatı neçə-neçə potensial oxucudan məhrum edə bilər. Yazıçı rahatlıqla, bu dövrdən o dövrə atıla-atıla müqayisə aparır, müasir dünya ilə qarşılaşdırır, beləliklə oxucu qəhrəmanları və onları yaradan müəlliflə birlikdə iki fərqli zaman kəsiyində gəzişir. Həm zamanların məsxərəli müqayisəsi, həm əsərin "açıq final”ına görə rişxəndedici roman kimi də dəyərləndirmək mümkündür.

The French Lieutenant's Woman: Amazon.co.uk: Fowles, John: 9780099478331:  Books

Faulz Viktoriyan dönəminə səyahət etməklə bir növ, öz ürəyini də boşaldır. Çünki yazıçı daim humanizm prinsiplərini önə çıxaran qələm ustalarından sayılır. Britaniyada Viktoriyan epoxası isə öz sərt, puritan diktələri ilə cəmiyyəti "tətik”də saxlayan ən amansız tarixi dönəmlərdən sayılır. İnsan hissləri, fiziki təmasın, xüsusilə də qadınların bu barədə düşünməsinin həqarətlə qarşılandığı, hətta dəbin də ən qəddar şəkil aldığı (qadınlar arıq qalması, solğun görünməsi üçün kimyəvi turşular içirdilər) bir dövrü hədəf götürən yazıçı bütün eybəcərliyi ilə təsvir edir. XIX əsrin sonlarına doğru Dumanlı Albion həqiqətən də dumana bürünmüşdü, amma bu dəfəki təbii deyil, sosial duman idi – cəmiyyətin özünün yaratdığı qaydalar elə özünü də divara qısnamışdı. Həyati həzlərin, məişət sadəliyinin yasaqlandığı, insanın öz kölgəsindən, hisslərindən qorxduğu bir dövr... Yazıçı öz qəhrəmanlarının simasında o zamankı Britaniyanı bizə bütün həqiqətləri ilə göstərir: Çarlz Smitson – başını itirmiş, müasirliklə keçmiş arasında qalmış İngiltərə, Ernestina ölkənin ənənələrə sadiq, puritan, dini dəyərlərə önəm verən siması, Sara Vudraf isə ölkənin öz külündən törəmiş Simurq qəhrəmanı, şəxsiyyətini, arzularını kölgədə çıxara bilən bir qəhrəman.

Ernestina hər dəfə intim düşüncələrə qapılarkən özü-özünə qadağa qoyur. Bir qadının cismani həzz haqqında təklikdə belə düşünə bilmədiyi zamanda Saranın kiminsə məşuqəsi olması, evlənmədən bir başqasına bəkarətini pozdurması əlbəttə dəhşətli görünə bilərdi. Yazıçı yaşadığı XX əsrin 60-cı illərindən o dövrə boylananda və oxucunu da zamanla səyahət etdirəndə iki dövr arasındakı uçurum fərqini göstərir. Faulz özünəməxsus ədəbi priyomları ilə oxucunu real və mümkünsüz, bilinən və bilinməyən, doğru və yanlış arasında get-gələ saldıqca onu gerçəyin bütün acıları ilə üz-üzə qoyur. Viktoriyan dönəmini qamçılayaraq əslində, bu epoxanın fonunda bilinməz yeni dünya yaradır: hər şeyə - bütün qaydalara, tələblərə rəğmən sevgi var, insan bütün mənəvi-fiziki həzzi yaşayır. İki dövrü müqayisə etməklə həm də zamanın hökmranlığının hansı nəticələrə gətirdiyini, insanın könüllü diktəyə boyun əymə istəyinin fəlakətini göz önünə sərir.

The French Lieutenant's Woman (1981) - Turner Classic Movies

Faulz bu romanda Avropada, xüsusilə də Böyük Britaniyada qadına münasibətə də toxunur. XIX əsrin sonlarında, XX əsrin əvvəlində qadınların əvvəlki dövrlə müqayisədə ikiqat əziyyət çəkdiyini önə sürür. Çünki bu dönəmdə qadın artıq sərbəstliyə yönəlirdi. Müxtəlif idarələrdə işləyən qadınlara rast gəlinirdi. Ancaq uzun əsrlər boyunca patriarxın qanadları altında yaşayan qadın gün üzünə çıxmış ətcəbalanı xatırladırdı. Hələ də kişidən, onun maddi və mənəvi dəstəyindən asılı idi. Elə romanda da Sara çevrəyə fransız leytenantın məşuqəsi kimi tanınır. Nicatı onunla evlilikdə görür, amma vədinə xilaf çıxmış zabit geri dönməyincə xəbis sahibənin yanında xidmətçi kimi çalışır. Qarşısına çıxmış Çarlzdan da maddi yardım istəyərək bunu əvəzini "cismani xidmət”lə ödəyir. İllərlə onu axtaran Çarlz nəhayət bir rəssamın evində tapır, bu dəfə də Saranın həyatını məşuqəliklə davam etdirdiyi ehtimalı ortaya çıxır. Yəni yazıçı işarə edir ki, həmin dövrdə aşağı təbəqədən olan qadının "dayağ”ı olmadan yaşaması, həyata tutunması mümkün deyildi.

Con Faulz öz qəhrəmanlarını ideallaşdırmır. Oxucunu da həyata real gözlə baxmağa vadar edir: Çarlz varlı nişanlısı sayəsində daha da yüksəyə qalxmağa çalışan, başqasına aşiq olan kimi isə nişanlısının cəmiyyətdə necə xəcalətli qalacağını düşünmədən nişanı pozan eqoist biri kimi, Saranın isə kişi sayəsində həyata tutunan, qarşılığını bədəni ilə ödəyən bir qadın olaraq təqdim edir. Təbii ki hər iki qəhrəmanın müsbət keyfiyyətlərini də önə çıxarmağı unutmur: qəhrəmanlar bütün əziyyətlərə rəğmən öz arzularının arxasıyca gedirlər. Bir sözlə, burda da oxucunun qənaəti işə düşür, qəhrəmanları müsbət və ya mənfi dəyərləndirmək onun öz ixtiyarındadır.

Əsərin maraqlı sonluğu tənqidçiləri də üz-üzə qoyub. Əksər tənqidçilər sonluğun oxucunun ixtiyarına verilməsini saymazlıq hesab edirlər, belə deyirlər ki, bir neçə gününü müəyyən əsərə həsr edən oxucunun konkret sonluğu bilməyə haqqı var. A. Dolininə görə, Con Faulz belə bir seçimi ilə oxucunun hissləri ilə oynayır, hətta qıcıqlandırır. P. Kuper isə əksini düşünür: onun fikrincə sonluğu oxucunun öhdəsinə buraxmaq özünü əsərin qəhrəmanı yerinə qoyması üçün yaradılmış bir fürsətdir. Eynilə rəssamın portret çəkərkən üz cizgilərini göstərməməsi kimi, şəklə baxan hər bir insan o üzdə özünü təsvir etdiyi kimi belə sonluqlu əsərlərdə də bənzər təəssüratlar yaşayır. Əgər Con Faulz həqiqətən də Kuprinin iddia etdiyi kimi düşünüb "açıq final”la əsəri bitiribsə, cəsarətlə demək olar ki, artıq əziyyətdir. Çünki yaxşı yazılmış, oxucunu özünə bağlaya bilən, təsiri altında saxlayan istənilən əsər bu keyfiyyətə malikdir: oxucu özünü baş qəhrəmanların yerinə qoyur.

Book versus movie: Meryl Streep is the best thing about 'The French  Lieutenant's Woman'

Faulza görə Çarlz hiss və borc arasında var-gəl edir. Hiss – Saradır, ona olan məhəbbəti illərlə onu diyar-diyar gəzdirir. Borc – Ernestinadır, nişanlısına sədaqət, bir ömürlük xoşbəxtlik borcu var və həqiqi zadəgan olaraq bu borcunu yerinə yetirməlidir. Ona görə də finalın gözlənilən və ya gözlənilməz bitməsi sual altında qalıb. Sonluğu azərbaycansayağı düşünsək, "Onu bağışlamaq olarmı” sualı arasında çaşıb qalmış müəllif kimi. Bağışlasa qınaq, bağışlamasa təəssüf. Ən rahatı oxucunun qərarıdır, təbii müxtəlif olacaq, amma hər kəs məhkəməsini özü quracaq.

# 686 dəfə oxunub

Müəllifin son yazıları

# # #