"Səməd Vurğun bu sözü bilib, sadəcə..." - Şərif Ağayardan Ağalar Quta cavab

"Səməd Vurğun bu sözü bilib, sadəcə..." - Şərif Ağayardan Ağalar Quta cavab
1 oktyabr 2025
# 13:42

Ağalar Qutun Kulis.az-da dərc olunan yazısı müzakirələrə səbəb olub.

Saytımız yazıçı Şərif Ağayarın sözügedən yazı ilə bağlı açıqlamasını təqdim edir.

Şərif Ağayar bildirib ki, “səyrimək” sözünü bilirəm və özüm də dəfələrlə işlətmişəm. Lakin bu sözün “səyrişmək” şəklini xatırlamıram: "Hörmətli Ağalar Qut misal çəkib, mənbələr göstərib, əsaslandırıb. Ola bilsin, “səyrişmək” mənim də rastıma çıxıb, amma yadımda qalmayıb. Əminəm, bir çox ədəbiyyat adamları üçün tanış söz deyil. Qulağa yad gəlir. Mən bu sözü “sayrışmaq” şəklində Səməd Vurğunda görmüşəm:

Bakının sayrışan ulduzlarından...

Və ədəbi kuluarlarda hamı bu sözün Səməd Vurğun tərəfindən yaradıldığını deyib. Özünün dediyini eşitməmiş və oxumamışam. Mütəxəssislərə istinadən bu fikri səsləndirmişəm.

Ağalar bəylə razılaşmamaq mümkün deyil. Çünki, qeyd etdiyim kimi, arqumentləri güclü və inandırıcıdır. Ehtimalı da məntiqlidir: Səməd Vurğun bu sözü bilib, sadəcə estetik alınması üçün “sayrışmaq” şəklində yazıb.

Səmədin incə saitləri qalın yazıb estetik səciyyə yaratmaq şakəri var:

Odur ki, bağlıyam sana...

Amma gəlin etiraf edək, “səyrişmək” sözü olsa belə, onu ən gözəl Səməd Vurğun işlədib və ümumişlək dilimizə gəlməsində əvəzsiz rol oynayıb. Bu da elə yaratmağa bərabərdir.

Yeri gəlmişkən, deyim, bir çox sözləri böyük ədəbiyyat adamları işlətməsəydi indi lüğət tərkibimizdə olmazdı. Xeyli misallar çəkə bilərəm.

Ədəbiyyat istər köhnə, istərsə də alınma sözlərə ən çox vətəndaşlıq verən yaradıcılıq sahəsidir. Jurnalistika işlədir, yada salır, müvəqqəti arayış verir, lakin söz şəxsiyyət vəsiqəsini ədəbiyyatdan alır. Necə deyərlər, ilhamın və ruhun qazanında bişib dilin bir hissəciyinə çevrilir".

# 281 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər